525.Az

Azərbaycan ordusunun yüksək döyüş ruhu


 

BELƏ ƏR İGİDLƏRİ OLAN VƏTƏN BASILMAZ

Azərbaycan ordusunun yüksək döyüş ruhu<b style="color:red"></b>

Təxminən dörd gün kifayət etdi ki, "mənəm-mənəm deyən, ipə-sapa yatmayan" işğalçı erməni ordusu haqqında onun cinayətkar başbilənlərinin yaratmaq istədikləri mif alt-üst oldu.

Yüksək səviyyədə dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, düşmən öz murdar burnunu (ifadəyə görə üzr istəyirəm - S.A) torpaqlarımıza soxmaq niyyətindən əl çəkmədi. Qocaya-cavana, körpəyə-qadına baxmadan atəş dalınca atəş açdı. Havadarlarına arxayın olanlar növbəti silahlı təxribat törətdikdən, qan tökdükdən sonra xumarlanmaq istəyirdilər ki, başlarının üstündə Azərbaycan əsgərini gördülər. Doğma torpağından, anasından, vətənindən, Ali Baş Komandanından güc alan ər igidlərin şərəf, ləyaqət, intiqam hissi od püskürdü. Alov işğalçını qarsımırdı, yandırıb kül edirdi. Döşlərini orden, medal, xaç taxaraq qürrələnən, general mundiri geyinib erməni dığaların qarşısında en  gedib-uzun gələn daşnakların özləri Azərbaycan ordusunun zərbəsi nəticəsində yanıb külə döndülər. Heyf ki, külləri müqəddəs torpaqlarımıza səpələndi. Torpaq murdarlıq götürmür, - deyiblər. Yəqin ki, yağış yağar, sel-su yuyub təmizləyər.

Azərbaycan əsgərinin bircə həmləsi kifayət etdi ki, ermənilər əsgərləri və muzdluları ilə birlikdə üz qoysunlar qaçmağa. Başqa cür də ola bilməz. Azərbaycan torpaqları bərəkətini düşmənə verməz, havası zəhər olub işğalçının boğazına tıxanar - onu hərəkətə gətirən, istiqamətləndirən zaman. Aprelin 1-4-də biz də, bütün dünya da bunun şahidi oldu. Hər kəs şahid oldu və aydın dərk etdi ki, təkbətək meydanda erməni əsgəri və onların muzdlu çiyindaşları Azərbaycan  əsgərinin ayaqları altında qalıb əzilər. Təkcə bu toqquşma bütün dünyaya sübut etdi ki, uzun illər azərbaycanlıların  döyüşə bilməməsi haqqında uydurulanlar Azərbaycanın düşmənləri üçün yalnız boş xülya imiş. Ordumuzun döyüş ruhu, qələbə ruhu, ay-ulduzlu bayrağımız kimi göylərə çəkilib düşmənin başının üstünü kəsdirdi. Bütün Azərbaycan qələbəyə kökləndi - başda Ali Baş Komandan olmaqla, hərbçilərimiz, əsgərlərimiz, hər bir vətəndaşımız! Hər bir Azərbaycan əsgərinin arxasında, böyüklü-kiçikli, ölkənin bütün vətəndaşları durdu. Hər bir Azərbaycan əsgərinin arxasında dünyanın dördbir guşəsində yaşayan azərbaycanlılar dayandı. Xalq böyük birlik, böyük güc nümayiş etdirdi. İllərdən bəri yatmış aslan sanki bir sıçrayışla, onun ərazisinə soxulmuş varlığı didib-parçaladı, qanına qəltan etdi.

Baxın evinizə-eşiyinizə! Baxın qonşularınızın həyətinə, insanların üzünə-gözünə baxın! Siz yalnız və yalnız qürur, sevinc, qələbə hisslərini, onların təbəssümünü görəcəksiniz. Təkcə dörd gün kifayət etdi ki, şərəfli Azərbaycan anası, ata və baba, bacı və qardaş - hər kəs torpaq qeyrəti sarıdan başını dik saxlasın. Bu fərəhi bizə Azərbaycan əsgəri, onun yenilməz döyüş ruhu yaşatdı. Mənə elə gəlir ki, şəhid övladlarımızın  ruhu indi sakitcə vətən torpağı üzərində dolaşır, nigaran deyil. Axı o, döyüş meydanında  düşmənin necə əzildiyini görüb.

Həmin günlər, elə indinin özündə də hər kəs cəbhə xəbərlərini acgözlüklə izləyir. Bu həm də ona görədir ki, illərlə gözlədiyimiz qələbə dadının tamarzısından azacıq da olsa xilas ola bildik. Qələbənin tamını hiss etdik. Bu tam bütün varlığımıza hakim kəsildi. Şəhidlərimizin izdihamla keçən dəfn mərasimləri ağır, ancaq şərəf və qürurla dolu mərasimlər idi. Oğlunu itirmiş bircə ata, bircə ana, bircə qardaş da olmadı ki, danışığında qeyri-səmimi nəsə sezilsin. Fəxr, qürur, şərəf hissi... Hamı qələbəyə köklənib. Böyük qələbə uzaqda deyil. İndi biz əmin olduq ki, Azərbaycan əsgəri hər an torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Belə ər igidləri olan vətən basılmaz! Torpaqları daha uzun müddət işğalda qala bilməz! Bir millət ki, bütün varlığı ilə döyüşən övladların yanında Ali Baş Komandan dayanır, o ancaq və ancaq qalib olacaq. Azərbaycan əsgərinə də elə qalibiyyət yaraşır. 

 





07.04.2016    çap et  çap et