525.Az

Böyük ədibin taleyindən keçən unudulmaz insan


 

MİRZƏ CƏLİL BİR MÜDDƏT HƏYAT YOLDAŞI OLMUŞ NAZLI XANIMI ÖMRÜ BOYU EHTİRAMLA YAD EDİB

Böyük ədibin taleyindən keçən unudulmaz insan<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda) 

Nazlı xanımın vəfatından dörd ay sonra bir qədər özünə gələn Mirzə Cəlilin "Şərqi-Rus" qəzetinin 1904-cü ilin 65-ci nömrəsində (həmin qəzetin 13-cü nömrəsində axırıncı yazısının dərcindən 61 nömrə sonra) "4 iyun Tiflis" və 77-ci nömrəsində (61-ci nömrədəki yazısından 11 nömrə sonra) "Diqqət etməli" adlı məqalələrinin məzmunu ilə tanışlıq isə güman etməyə əsas verir ki, bu yazılar Nazlı xanımın vəfatının onda doğurduğu acı təəssüratların təsiri altında yazılmışdır. "4 iyun Tiflis" məqaləsində müəllif müsəlman qızlarının "mamalıq məktəbxanasında təhsil etməməsi" və bu "mamasızlığın bərəkətindən" "neçə-neçə balaların vaxtsız ölməsi... cürbəcür və ölümcül mərəzlərə mübtəla olması"nın, törətdiyi faciələrdən ürək ağrısı ilə bəhs edir. Həmin vaxt Mirzə Cəlilin bu mövzuya müraciət etməsini təsadüfi hesab etmirik. Axı onun sevimli həyat yoldaşı Nazlı xanım da vaxtilə ölü uşaq doğmuşdu! Bizcə, vəfat etmiş xanımı haqqında aylarla düşünüb-daşınarkən və birgə yaşayış günlərinin acılı-şirinli günlərini xəyalında canlandırarkən Nazlının ölü uşaq doğmasını da xatırlamış və bunun həmin məqalənin yazılması üçün müəyyən təsiri olmuşdur.

"Diqqət etməli" məqaləsinin mövzusunu da Mirzə Cəlilə Nazlı xanım "vermişdir". Belə ki, hər gün Nazlının qəbrini ziyarətə gedərkən Mirzə Cəlil "Tiflis müsəlman qəbiristanlığına gedən yolda" müşahidə etdiyi "müsəlman uşaqları" və "saqqallıların" "cəm olub günlərini oynamaq, söyüşmək, çığırışmaq, savaşmaq və yoldan keçənlərə sataşmağı"nı müşahidə etmiş və onları belə "biədəbanə hərəkətlərini" məqaləsinin tənqid hədəfinə çevirmişdir.

Nazlı xanımın vəfatından sonra Mirzə Cəlilin atası oğluna yazdığı məktubunda ondan soruşur: "Yaz görək öz əhvalından, Tiflisdə qalmalısan, ya İrəvana (qayıtmalısan). Bu sualın cavabını vaxtilə Mirzə Cəlildən eşidən H.Məmmədquluzadə yazır:"Arvadının ölümündən sonra Mirzə Cəlil həmişəlik Tiflisdə qalmağı qərara almış və öləndə Nazlı xanımın yanında dəfn edilmək arzusunda olubmuş".

Mirzə Cəlil bu iki arzusundan birini həyata keçirə bildi. Uzun illər Tiflisdə yaşadı. Bu illərdə o, Azərbaycan mətbuatının şah əsəri olan "Molla Nəsrəddin" jurnalının nəşri məsələləri ilə məşğul oldu. "Öləndə Nazlı xanımın yanında dəfn olunmaq" arzusu isə çin çıxmadı. 15 iyun 1907-ci ildə Əhməd bəy Cavanşirin qızı Həmidə xanımla ailə qurdu. 4 yanvar 1932-ci ildə isə vəfat etdi və Bakıda Fəxri Xiyabanda dəfn olundu.

Mirzə Cəlil 25 ilədək Həmidə xanımla birgə yaşamış, övladları üçün qayğıkeş və diqqətli bir ata olmuşdur. Lakin onun Nazlı xanımı unutmadığı, ömrünün sonunadək xatirəsini əziz tutduğunu təsdiq edən faktlar da vardır.

1. "Xatiratım"da Nazlı xanıma xüsusi səhifələr ayırmışdır.

2. Həmidə xanımla söhbətləri zamanı vaxtaşırı Nazlı xanımla tanışlığının tarixi, onun gözəlliyi, əzəməti, qüruru, qısqanclığı, xəstəliyi, vəfatı, dəfni, ölümündən sonra özünün keçirdiyi psixoloji gərginlik haqqında ətraflı məlumat vermişdir.

3. Ömrünün sonunadək Nazlı xanımın fotoşəklini ailə albomunda əziz bir xatirə kimi saxlamışdır. Həmin fotoşəkil hazırda AMEA M.Füzuli adına Əlyazmaları İnstitutunda C.Məmmədquluzadənin şəxsi arxivində saxlanılır.

Mirzə Cəlil Nazlı xanımdan əvvəl 1895-ci ildə Nehrəmdə "evində mənzil tutduğu Nağı adlı bir yerli kəndlinin" qızı Həlimə xanımla evlənmişdi. Mənbələrin verdiyi məlumata görə, Həlimə gözləri zəif və "səhhəti möhkəm olmayan" (Ə.Şərif) bir qız imiş. İlk həyat yoldaşı olmasına baxmayaraq, indiyədək Mirzə Cəlilin nə vaxtsa şifahi, yaxud da yazılı şəkildə onu xatırlamasına dair məlumata rast gəlinməmişdir. 1897-ci ildə vəfat edən Həlimədən Mirzə Cəlilə qalan yeganə yadigar qızı Münəvvər xanımdır ki, onun haqqında da həm atasının, həm Həmidə xanımın, həm də digər şəxslərin məqalə, məktub və xatirələrindən xeyli məlumat almaq mümkündür.

Mirzə Cəlilin birinci izdivacını xatırlatmağımız təsadüfi deyil. Bu xatırlatmanın əsas səbəbi bir suala cavab axtarmaqla bağlıdır: Nə üçün Mirzə Cəlil heç bir yerdə Həlimə xanımı xatırlamamış, Nazlı xanımdan isə kifayət qədər bəhs etmişdir? Bu suala belə cavab vermək olar: Mirzə Cəlil  seminariyanı bitirdikdən sonra təyinat üzrə Nehrəmdə kənd müəllimi işləyərkən bütün həmyaşıdları kimi yerli ənənəyə uyğun olaraq evlənməli idi. Hələ yubanmışdı, yaşı 25-i keçirdi. Bu səbəbə görə o, evində mənzil tutduğu kişinin qızı Həlimə xanımla ailə qurmağa məcbur olmuşdu. Ona görə "məcbur olmuşdu" yazırıq ki, hər halda Mirzə Cəlili tanıyanlardan heç kim həmin izdivacın qarşılıqlı sevgiyə əsaslandığını dilə gətirməmişdir. Beləliklə, aydın olur ki, Nirzə Cəlilin sonralar Həlimə xanım haqqında söz açmamasının əsl səbəbi bu ailənin məhəbbət üzərində qurulmaması  idi.

Mirzə Cəlilin 1895-ci ildə evlənməsinə təkan verən bir amilin də üzərində dayanmaq istəyirik. Həmin vaxt Mirzə Cəlil Nehrəmdə qızğın pedaqoji və ictimai fəaliyyətlə, həmçinin "Danabaş kəndinin əhvalatları" kimi dəyərli bir əsər yazıb onun məzmunu ilə kəndliləri tanış etməklə yaşadığı mühitə yeni bir ab-hava gətirmək istəsə də, gerilik və cəhalətin qatılığından məqsədinə nail ola bilmirdi. İrəvan Quberniyası Xalq Məktəbləri Direktorluğuna yazdığı 1895-ci il 26 may tarixli raportunda "yerli şəraitə dair mübarizədə gücsüz olduğunu" diqqətə çatdırmaqla "başqa bir iş yeri tapmaq" üçün ona "üç ay məzuniyyət götürməyə icazə verilməsi" haqqında inspektordan xahiş etməsi faktını xatırladır. Raportdan aydın olur ki, Mirzə Cəlil "əleyhinə mübarizə aparmaqda öz gücsüzlüyünü hiss etdiyi bu zülmət və cəhalət dünyasından qaçıb qurtarmağa can atır, özü üçün başqa elə bir iş, elə bir sahə axtarırdı ki, o zamankı cəmiyyətin qara qüvvələri ilə daha səmərəli mübarizə aparmaq üçün imkan əldə etsin".

Raport İrəvan Quberniyası Xalq Məktəbləri Direktorluğunun inspektoruna təqdim olunur. O isə raportun arxasına yazdığı xülasədə Mirzə Cəlilin vəziyyətdən çıxış yolu axtararkən keçirdiyi bu təlaşı və narahatçılığı, necə deyərlər, qulaqardına vuraraq tövsiyə edir ki, "Məmmədquluyev lazım gəldikdə... asanlıqla, məsələn, həmin məktəbdəki ikinci müəllim, öz təvazökar vəzifəsinə zəhmətkeş bir münasibətlə yanaşmağı yerli şəraitə qarşı səmərəsiz mübarizədən üstün tutan Səfiyevlə (Tağı bəy Səfiyev - F.X.) əvəz edilə bilər".

Özünə qarşı belə sərt münasibətin olacağını ya əvvəlcədən eşidən, yaxud hiss edən Mirzə Cəlil güzəranının yeganə təminatçısı olan mövcud iş yerini itirməmək üçün "peşman olub" İrəvana - inspektor A.İoakimovun yanına getməli olur. Bu barədə inspektor raportun arxasındakı xülasədə yazır: "Bu günlərdə C.Məmmədquluyev İrəvana - mənim yanıma gəlib xahiş etdi ki, onu işdən çıxartmasınlar, çünki yoxsul bir adam olduğu üçün öz vəzifəsi onun üçün qiymətlidir".

Buradan belə nəticə çıxarmaq olar ki, "Danabaş kəndinin əhvalatları"nın çarəsiz qəhrəmanı Zeynəbi Xudayar bəyə ərə getmək məcburiyyətində qoyan "yumruq gücünə yaradılmış və zəhmətkeş kəndlilərə qarşı çevrilmiş qanunsuzluğun hökm sürdüyü" mühit Mirzə Cəlili də çıxılmaz bir vəziyyətə salmış, onu taleyin hökmü ilə barışmağa vadar etmişdir. Beləliklə, o, "yoxsul bir adam olduğu üçün" öz təbəqəsindən olan Həlimə ilə evlənib bəlkə də həmişəlik Nehrəmdə yaşamaq və işləmək qərarını vermişdir. ("Evində mənzil tutduğu" bir şəxsin qızı ilə evlənməsi həm də onu kirayə haqqından azad edirdi!). Lakin Həlimənin ölümü Mirzə Cəlilə həyatının Nehrəm mərhələsi ilə həmişəlik olaraq vidalaşması üçün yeni şans və əsas verir.

Həlimənin vəfatından sonra 1897-ci ilin iyun ayında Nehrəm kənd məktəbinin nəzarətçisi vəzifəsindən azad olunub Naxçıvana qayıtdığı vaxt tezliklə onu unudub Nazlı xanıma vurulması da Mirzə Cəlilin Həlimə ilə "ailə qurmaq xatirinə" ailə qurduğunu bir daha təsdiq edir.

Mirzə Cəlil Nazlı xanımdan sonra Həmidə xanımla evlənmişdir. Bu vaxt onun 38 yaşı var idi. Gənclik şövqü ilə nə sevməli, nə də dul bir xanım tərəfindən sevilməli vaxtı idi. Bu ailə Mirzə Cəlilin evlənmə təklifini Həmidə xanım qəbul edəndən sonra qarşılıqlı ehtiram, inam və gələcəyə hesablanan ölçülüb-biçilmiş arzular əsasında qurulmuşdu. Bunu həm Mirzə Cəlillə Həmidə xanımın bir-birinə yazdığı əlimizə çatan məktubları, həm də Həmidə xanımın "Xatirələrim"i açıq-aşkar şəkildə təsdiq etməkdədir. Fikrimizi əsaslandırmaq üçün Həmidə xanımın bir cümləsini xatırlatmaq yerinə düşər: "Mirzə Cəlilin ona "yoldaş və arxa" olmağım fikirləri ilə razılaşıb evlənmə təklifini qəbul etdim".

Mirzə Cəlilin bir səmimi etirafı da fikrimizin doğruluğunu təsdiq etməkdədir: "Mən burada (Tiflis nəzərdə tutulur - F.X.) bir qıza aşiq olmadım".

Deməli, Mirzə Cəlilin həyatı boyu üç evliliyinin yalnız biri - Nazlı xanımla evliliyi qarşılıqlı məhəbbətin bəhrəsi olmuşdur. Təəssüf ki, məlum səbəblərə görə Mirzə Cəlil Nazlı xanımla xoşbəxt həyat sürməyə macal tapmamışdır. Lakin onların bu izdivacının Mirzə Cəlilin gələcək ədəbi-ictimai karyerası üçün təsadüfən də olsa, çox böyük rolu və əhəmiyyəti olmuşdur. Bu təsadüf Mirzə Cəlilin xəstə arvadı Nazlını Tiflisə apardığı vaxt orada məşhur jurnalist və naşir M.Şahtaxtlı ilə rastlaşması idi. Məhz həmin "təsadüfi şansla əlaqədar C.Məmmədquluzadə vəkilliklə, hüquq idarələri ilə ömürlük vidalaşmışdır", yəni M.Şahtaxtlının təkidi ilə Tiflisdə qalıb özünün etiraf etdiyi kimi "Şərqi-Rus"da "qəzet dünyasına" daxil olmuş, burada "Molla Nəsrəddin"ə aparan yolun "baş məşqini" keçmişdir.

Vaxtilə Mirzə Cəlil Qori Seminariyasını bitirib Naxçıvana qayıdarkən burada rast gəldiyi "özündən artıq huşyar dostu" E.Sultanova 1925-ci ildə ünvanladığı bir məktubunda yazırdı: "O qədər məni özünə qulaq asdırdın ki, axırda məni doğrudan da maarif aləminə daxil etdin. Yəqin bilirəm ki, sən olmasaydın, mən də qeyri-sadəcə kənd müəllimlərinin içində yaddan çıxmışdım". Bu sözlər xoş bir təsadüf haqqında səmimi etirafın ən gözəl nümunələrindən biri sayıla bilər. Bu gün ədəbiyyatşünaslığımızda yekdilliklə qəbul edilən həqiqət budur ki, həmin təsadüf, yəni Mirzə Cəlilin o vaxt E.Sultanova rast gəlməsi, "huşyar dostunun" dilindən "rus maarifindən, Avropa əhli-qələmlərindən şirin-şirin və bəzi vaxt da odlu-odlu, yanıqlı-yanıqlı söhbətlər" eşitməsi onun dünyagörüşü və fəaliyyətinin yeni istiqamətə - "maarif aləminə" yönəlməsi üçün güclü bir təkan vermişdir.

Mirzə Cəlilin həyatında rast gəldiyi ikinci xoş (həm də həlledici) təsadüf isə 1903-cü ilin sonunda Tiflisdə M.Şahtaxtlı ilə rastlaşması idi. Qətiyyətlə demək olar ki, əgər Mirzə Cəlil Nazlı xanımı müayinə və müalicə üçün Tiflisə aparmasaydı və orada M.Şahtaxtlı ilə rastlaşmasaydı, ən yaxşı halda İrəvanda "məşqinə düşdüyü" ədliyyə idarələrində "dava vəkili və advokatlıqdan" uzağa gedə bilməyəcəkdi.

Nəhayət, buraya qədər deyilənlərdən belə qənaətə gələ bilərik ki, Mirzə Cəlilin şəxsi həyatının Nazlı xanım mərhələsində baş verənlər bir tərəfdən bu böyük şəxsiyyətin bir insan kimi ülvi duyğuları, nakam məhəbbəti, sonsuz kədəri, intəhasız təəssüfü, müəyyən hədd tanıyan dözümü və nəhayət, sarsılmaz iradəsi haqqında dolğun təsəvvür yaradırsa, digər tərəfdən onu vaxtılə təbiətinə uyğun olmayan bir işə - polis orqanlarında işləməyə vadar edən və indiyədək tədqiqatçılar tərəfindən diqqət yetirilməyən səbəblərdən biri haqqında da söz açmaq üçün əsas verir.

 





07.04.2016    çap et  çap et