525.Az

Əlilləri cəmiyyətə necə adaptasiya etməli?


 

SOSİOLOQ LALƏ MEHRALI: “ÖZ ZÖVQÜNÜ BAŞQALARININ HƏYATINDAN ÜSTÜN TUTAN CƏMİYYƏT ƏLİLLƏRƏ HƏYATINI YAŞAMAĞA İMKAN VERMİR”

Əlilləri cəmiyyətə necə adaptasiya etməli?<b style="color:red"></b>

Bəlkə də hər şey başqa cür ola bilərdi. Tamam fərqli, başqa bir aləm. Nağıllarda olduğu kimi.. Ancaq bir həqiqət var ki, nağıllar da həqiqi həyat axtarışında olanların bir uydurması, gerçək olmayan xəyallarıdır. Həyat gözəl olduğu qədər də sərtdir. Elə insanlar var ki, müəyyən səbəblərdən əngəlli olaraq yaşamlarını davam etdirmək zorunda qalırlar. Və bəzən belə vəziyyətdə insan daxilində, əngəl tanımayan ürəklərdə bir hiss, düşüncə hakim kəsilir: “Artıq mənim üçün bu həyatın nə anlamı var?” Ancaq o da həqiqətdir ki, yaşamaq bəşər övladına yazılan yazıdır. Bəzən mənfi düşüncələri öz beyinlərinə hakim kəsən əlillər həyatda tutulacaq bir arxa, dayaq tapmaqda xeyli əziyyət çəkirlər. Belə insanlar vaxt keçdikcə, yaş ötdükcə ailə himayəsindən də məhrum olurlar. Nəticədə isə əmək fəaliyyətindən uzaq düşmüş əlillərə yardım edəcək bir qüvvə tapmaq da müşkülə dönür. Amma unutmayaq ki, yol kənarında, gediş-gəlişin çox olduğu yerdə, bir əli havadan asılı, ötüb-keçənlərin insafına ümidli olan bu əngəlli insanlar öz vətəndaşlarımızdır və qarşımızda onları cəmiyyətə qazandırmaq borcu var.

Bu məsələdə daha çox etnopsixoloji faktorların önə çıxarılması vacibliyini vurğulayan psixoloq Elnur Rüstəmova görə, burada ilk növbədə əlilliyə yanaşma tərzinə diqqət yetirmək lazım gəlir: “Əlillər konkret hansısa fiziki işlə məşğul olmamalı, yaxud da daha çox kimlərinsə himayəsində olmalıdı kimi fikirlər tamamilə yanlışdır. Öncə bu fikirləri başımızdan çıxarmalıyıq. Hər bir insan özlüyündə bir potensialdır. Sadəcə, bunu ortaya qoymaq lazımdır. Fiziki qüsuru olan insanın bacara biləcəyi çox işlər var. Düşünürəm ki, burada əsas proses ailədən başlanmalıdır. Valideyn övladının qüsurunu biləndən sonra onun nə edə biləcəyi haqqında düşünməlidir. Bizdə isə vəziyyət bir qədər fərqlidir. Belə anlarda biz onların fəaliyyətini məhdudlaşdıran, işləməyə imkan verməyən hallar üzərində düşünürük”.

Əlil vətəndaşlarımızın cəmiyyətə adaptasiya olunması prosesində dövlət dəstəyinin birmənalı şəkildə vacib olduğunu bildirən E.Rüstəmova görə, onu da nəzərə almaq lazımdır ki, dövlət də fərdlərdən təşkil olunub: “Hər bir fərd bu işdə aktiv olmalıdır. Söhbət burada psixoloji maariflənmə və onların cəmiyyətə adaptasiyasından gedir. Fiziki qüsuru olan insanların dilənməsi çox pis bir presedentdir. Onlara müvafiq iş şəraiti qurulmalı və işlə təmin olunmalıdılar. Bunun üçün onların qeydiyyatının aparılması və psixoloji durumlarının mütəmadi yoxlanılması vacibdir. Müasir dövr psixoloji sağlamlığı fiziki sağlamlıqdan öndə tutur. Fiziki cəhətdən sağlam insanlar var ki, onların psixoloji durumu fiziki qüsuru olan insanlardan qat-qat aşağıdır. Fiziki qüsuru olan insanları birmənalı şəkildə əməyə alışdırmaq lazımdır”.

“Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı hesab edir ki, bu gün bizim cəmiyyət əlillərə öz həyatını yaşamağa imkan vermir: “Təsəvvür edin, bir fiziki qüsurlu adam görən kimi hamı qulağını çəkib yerə tüpürür, “Allah uzaq eləsin” deyir və üstəlik bu davranışını o əlil insan görür. Halbuki fiziki qüsurlu insanların mərhəmətə yox, ilıq bir təbəssümə, sevgiyə, anlayışa ehtiyacı var. Bu cür neqativ münasibətlərə görə onlar evdən bayıra çıxmırlar. Çünki bayıra çıxan kimi onu barmaqla göstərirlər. Özüm şahidi olmuşam, əlil övladını funikulyora minməyə gətirən gənc bir anaya ətrafdakı qadınlar elə baxırdılar ki. O qadınların əksəriyyəti qulaqlarını çəkib kənara tüpürürdü, bir yandan da deyinirdilər: “Allah uzaq eləsin”. Bu dediklərini də o ana eşidirdi. Elə analar da var ki, fiziki qüsuru olan uşağını bayıra çıxarmağa utanır, özünə ayıb bilir. Bu tək o ananın günahı deyil, burada cəmiyyətin də günahı var – onları görəndə üzünü çevirən, qulağını çəkən, yerə tüpürən cəmiyyətin. Kim belə bir şeydən sığortalanıb? Hər birimizin ailəsində qüsurlu uşaq doğula bilər”.

Sosioloq L.Mehralı deyir ki, bizim cəmiyyət öz zövqünü başqalarının həyatından üstün tutur – biri bayırda əlil insan görmək istəmirsə, o əlil evə qapanmalı, həyatını 4 divar arasında keçirməli, bəzən intihar etməli olur. Niyə? Çünki onun doğulduğu cəmiyyət hələ ibtidai düşüncədən ayrılmayıb. İnsanlar bilmirlər ki, onların qınağı, stiqması üzündən bir yox, yüzlərlə fiziki qüsurlu xəstə ev həbsinə məhkum olur. Çünki onu barmaqla göstərənlərin qara qəlbi o insanlara evdən çıxmağa imkan vermir.

Digər bir problemin də onların bayırda rahat hərəkətinin tənzimlənməməsi olduğunu qeyd edən L.Mehralı bildirir ki, əlil arabaların keçidi üçün xüsusi baridorlar çox azdır: “Əgər fiziki qüsuru olan adam bir ticarət mərkəzinə, bir instituta, bir internetkluba girmək istəsə, bunu tək bacarmayacaq, çünki keçid üçün yer qoymayıblar. Səkilər işğal edilərək alver dükanlarına çevrilib, piyadaların keçməsi üçün nəzərdə tutulan keçidlərə isə düşmək iki ayağı olan üçün də çətindir, o ki qaldı fiziki problemi olan insan ola”.

Əlillərin adaptasiyası üçün xüsusi reabilitasiya mərkəzlərinin mövcud olduğunu qeyd edən millət vəkili Fazil Mustafa isə hesab edir ki, bu mərkəzlərdə şərtlər müasir standartlara yaxın görünsə də, yüksək peşəkarlıqdan danışmaq mümkün deyil: “Digər tərəfdən əlillərin müxtəlif sanatoriyalara göndəriləsi ilə bağlı tədbirlər planı da gerçəkləşdirilir. Qanunvericiliyin bu istiqamətdə Avropa Konvensiyalarına uyğunlaşdırılması demək olar ki, yekunlaşdırılıb”. Millət vəkili qeyd edir ki, əlillərin maddi təminatı yetərli səviyyədə deyil: “Xüsusilə də müalicə xərclərinin və əlil avadanlıqlarının, dərmanların qiymətlərinin baha olması, çox zaman, nəzərdə tutulduğu kimi, pulsuz əldə etmə imkanlarının olmaması kimi problemlər bu gün qalmaqdadır. Üstəlik yüzlərlə insan real əlil olduğu halda bürokratik əngəllərə görə bu statusu illərdir ala bilmirlər. Çəkilən yollarda, avtomobillərin parketmə yerlərində əlillər üçün gediş-gəliş və avtomobili saxlama yerləri yoxdur. İctimai nəqliyyatdan istifadə zamanı əlillər xeyli çətinliklərlə üzləşirlər. Əlilliyə görə işə götürməmə halı artıq kütləvi xarakter almağa başlayıb. Bütün hallarda əlillərin həyat şəraitinin və müalicə imkanlarının yaxşılaşdırılması üçün dövlət səviyyəsində ciddi işlər görülməlidir”.

İlk mərhələdə əlillər üçün ayrıca ticarət mərkəzlərinin yaradılmasını təklif edən millət vəkili əlillərin iş tapmaq üçün başqalarından daha çox əziyyət çəkdiklərini sözlərinə əlavə edib. Bu istiqamətdə dövlətin özəl sektora təsir göstərməsi mühüm sayila bilər: “Qanunvericiliyə görə, əlilin müxtəlif bəhanələrlə işə götürülməməsi ciddi şəkildə cəzalandırılır və insan haqlarına zidd sayılır”.

Ceyhun ABASOV

 





08.02.2013    çap et  çap et