525.Az

“Azərbaycanla İndoneziya arasında birbaşa reyslərin açılması vacibdir”


 

“Azərbaycanla İndoneziya arasında birbaşa reyslərin açılması vacibdir”<b style="color:red"></b>

“İndoneziya geniş turizm imkanlarına malikdir. Bu ölkədə turistlərin istirahəti üçün bütün şərait mövcuddur”.

Bu barədə İndoneziyanın Azərbaycandakı səfirliyində bu ölkənin turizminə həsr olunmuş təqdimat zamanı səfir Husnan bay Fananie deyib.

Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (AITF-2016) sərgisi çərçivəsində baş tutan təqdimatda İndoneziyanın vitse prezidentinin turizm və iqtisadiyyat üzrə xüsusi nümayəndəsi Muhammed Zulkarnain, bu ölkənin turizm şirkətlərinin nümayəndələri iştirak ediblər.

İndoneziyanın Azərbaycandakı səfiri Husnan bay Fananie əlavə edib ki, ölkəsi bu tədbirə böyük maraq göstərir. Onun sözlərinə görə, İndoneziya prezidenti və vitse-prezidenti AİTF sərgisini dəstəklədiyi üçün Bakıya xüsusi nümayəndə heyəti göndərib. Səfir əlavə edib ki, İndoneziyada 17 min 500 ada var, bu ölkənin turistlər üçün maraq kəsb edən adası yalnız Balidən ibarət deyil: “Öz flora və faunasına, sualtı turizminə, ecazkar təbiətinə görə İndoneziya digər ölkələrdən fərqlənir. İndoneziyalılar hər bir qonağı gülərüzlə, mehribanlıqla qarşılayıb, gülərüzlə də yola salırlar. Ümid edirəm ki, iki ölkənin turizm şirkətlərinin görüşlərindən sonra birgə işlər görmək mümkün olacaq”.

İndoneziyanın vitse-prezidentinin turizm və iqtisadiyyat üzrə xüsusi nümayəndəsi Muhammed Zulkarnain isə bildirib ki, səfərlərində əsas məqsəd Azərbaycan turizmi ilə tanış olmaq, İndoneziyanın turizm potensialı barədə məlumat vermək, eyni zamanda turist axınının daha da gücləndirilməsinə nail olmaqdır: “Azərbaycandan il ərzində 480 turist İndoneziyaya səyahət edir. Bali adası azərbaycanlı turistlər arasında ən populyar istiqamətdir”. Onun sözlərinə görə, azərbaycanlı turistlər dəniz kənarında, müxtəlif əyləncəli məkanlarda istirahət etməyə üstünlük verirlər ki, İndoneziya bütün bunları təklif edə bilər. “Bizim yalnız Bali deyil, Papua, Komodo, Molukkas, Anobon kimi adalarımız var. Bütün bunları Azərbaycanda təbliğ etmək istəyirik”, deyən xüsusi nümayəndə Azərbaycanla İndoneziya arasında birbaşa reyslərin açılmasının vacibliyini vurğulayıb.

M.Zulkarnain əlavə edib ki, hazırda reyslər Dubay və Doha vasitəsilə həyata keçirilir. O, həmçinin turizm sektorunda işçilərin hazırlığı sahəsində əməkdaşlıq imkanlarına da toxunub: “Azərbaycanlılar spa prosedurlarını öyrənmək və sertifikat əldə etmək üçün İndoneziyaya gələ bilərlər. Treninqləri, həmçinin burda yerli işçilər üçün keçirmək olar. Hazırda Azərbaycanda turizm sektorunda təxminən 20 indoneziyalı çalışır. Düşünürəm ki, biz gələcəkdə spa proseduru sahəsində Azərbaycana daha çox mütəxəssis göndərə bilərik”.

PƏRVANƏ

 





09.04.2016    çap et  çap et