525.Az

Xalqa və dövlətə sədaqətli xidmət örnəyi


 

DAXİLİ İŞLƏR ORQANLARI İCTİMAİ-SİYASİ SABİTLİYİN KEŞİYİNDƏ HƏR ZAMAN LAYİQİNCƏ DAYANIRLAR

Xalqa və dövlətə sədaqətli xidmət örnəyi<b style="color:red"></b>

Amil NOVRUZOV

2012-ci il Azərbaycan üçün növbəti uğurlu il kimi tarixiləşdi: diplomatik, hərbi və siyasi baxımdan regionun lider dövləti statusunda çıxış edən respublikamız iqtisadi cəhətdən daha da möhkəmləndi. Sosial-iqtisadi modernləşmənin yeni keyfiyyət mərhələsinə transformasiya edən Azərbaycanın əldə etdiyi bu nailiyyətlər, ilk növbədə, vətəndaş həmrəyliyinə əsaslanan ictimai-siyasi sabitlik amili ilə şərtlənir. Məhz bu sabitlik nəticəsində formalaşmış milli iqtisadi inkişaf modeli özünəməxsus cəhətləri ilə əlverişli coğrafi və geoiqtisadi məkanda yerləşən respublikamızı yeni iqtisadi fenomenə çevirərək davamlı, sabit inkişaf yoluna çıxarmışdır.

Ötən 21 ildə Azərbaycanda insanların dinc və təhlükəsiz, əmin-amanlıq şəraitində yaşaması, öz dövlətinə, onun güc strukturlarına güvənməsi, ümumilikdə, cəmiyyətin normal inkişaf harmoniyasını təmin edir. Bu mənada, hələ ulu öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş sabitlik müstəqil dövlətimizin ötən əsrin sonlarına doğru qazandığı ən ciddi nailiyyətlərdən biri kimi respublikamızın bugünkü yüksəlişinə yol açmış, davamlı inkişafın, sosial-iqtisadi tərəqqinin mühüm amilinə çevrilmişdir. Azərbaycan kimi əlverişli olduğu qədər də mürəkkəb geostrateji mövqeyə malik dövlətlərdə xarici və daxili təhdidlərin qarşısının alınması, fövqəldövlətlərin burada çarpazlaşan maraqlarından irəli gələ biləcək təhlükələrin dəf edilməsi, vətəndaş sülhünün, sabitliyin, əmin-amanlığın bərqərar olması kifayət qədər çətin prosesdir. Xatırlatmaq lazımdır ki, Heydər Əliyevin dövlət rəhbərliyinə qayıdışına qədər bir-birini əvəz edən müvəqqəti hakimiyyətlərin bu çətinlik qarşısındakı acizliyi səbəbindən 90-cı illərin əvvəllərində Azərbaycanda etnik separatizm meyilləri baş qaldırmış, ölkə silahlı kriminal qruplaşmaların fəaliyyət meydanına çevrilmişdi. Cinayətkarların əksər hallarda tam cəzasız qalması vətəndaşların dövlətə inamını sarsıtmış, xaos, özbaşınalıq, anarxiya respublikamızda adi həyat normasına çevrilmişdi. Ayrı-ayrı qruplar arasındakı siyasi mübarizəyə cəlb edilib bu mübarizədə alət kimi istifadə olunan, az qala dövlətdən kənar müstəqil siyasi təsisata çevrilən polis isə bu kimi hallara qarşı nəinki mübarizə aparır, əksinə, bir sıra məqamlarda özü cinayətkar meyilləri stimullaşdıraraq vətəndaşların həyat və fəaliyyətinə böyük təhlükə doğururdu. Kriminal qruplara himayədarlıq, hədə-qorxu ilə vətəndaşların var-yoxunun əlindən alınması və digər qanunsuz hərəkətlər Azərbaycanın dövlətçilik əsaslarını sarsıdır, ölkədə kriminogen vəziyyət gündən-günə daha da gərgin xarakter alır, silahlı qarşıdurmalar kəskinləşirdi.

Yalnız ümummilli liderin hakimiyyətə qayıdışı zaman keçdikcə daha geniş miqyasda təzühur edən bu cür mənfi meyillər qarşısına sipər çəkdi. Dəmir iradəyə malik ulu öndərin böyük qətiyyətlə həyata keçirdiyi siyasət, dövlət rəhbərinin  cinayətkar ünsürlərə qarşı sərt addımları qısa müddət ərzində real nəticələrə gətirdi. Ölkəmizdə ictimai-siyasi asayiş, vətəndaşların  təhlükəsizliyi təmin olundu. Azərbaycanın tədricən regionun ən sabit respublikası kimi dünyanın diqqətini özünə cəlb etməsi, burada normal fəaliyyət üçün yaradılmış münbit şərait respublikamızın iqtisadi həyatının   ayrı-ayrı sferalarına doğru xarici sərmayə axınına təkan vermiş oldu.

Ulu öndərin Azərbaycanda ictimai-siyasi sabitliyin təminatına hesablanmış müdrik qərarlarını əzmlə yerinə yetirən digər güc strukturları ilə bir sırada Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi də zaman-zaman bu istiqamətdə nümayiş etdirdirdiyi fədakarlıq nümunəsi ilə çağdaş Azərbaycan tarixində şanlı bir səhifə açdı. Elə bu səbəbdən də dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanın əldə etdiyi nailiyyətlərin təhlili zamanı dövlətçiliyimizin möhkəmlənməsi, respublikamızın müstəqilliyinin əbədiliyinə təminat yaradan əsasların formalaşdırılmasında daxili işlər orqanlarının əməyi daim xüsusi vurğulanır. Azərbaycanda kriminogen durumu tam nəzarətdə saxlayan, 90-cı illərin əvvəllərinin cinayətkarlığın artım tempinə görə öncül ölkəsini cəmi bir neçə il ərzində ümumən postsovet məkanında ictimai asayişin ən yaxşı təmin olunduğu örnəyə çevirən Azərbaycan polisinin fəaliyyət prinsipi dövlətçiliyə, dövlət rəhbərinə sədaqət, xalqa bağlılıq, cinayətkarlığa qarşı mübarizədə qətiyyətlilik, mətinlikdir.

Cəmiyyətimizin digər sahələrində əldə edilmiş uğurlar kimi Azərbaycan polisinin də bu illər boyu fəaliyyətində qazandığı müvəffəqiyyətlər  xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. 1994-cü ilin aprelində xüsusi müşavirə keçirərək bu qurumda özünü göstərən mənfi təzahürləri rəhbər şəxslərin səriştəsiz fəaliyyəti, onların işində şəxsi maraqların vəzifə məsuliyyətindən önə keçməsi ilə əsaslandıran ulu öndər vəziyyətin qaydaya salınması məqsədilə DİN rəhbərliyində əsaslı kadr dəyişiklikləri aparmışdır. Azərbaycan dövləti qarşısında içdiyi sədaqət andına, əqidəsinə, məsləkinə, zabit şərəfinə sadiqliyi, peşəkarlığı, prinsipiallığı ilə ümummilli liderin yüksək etimadını qazanmış Ramil Usubovun Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilməsi ilə bu orqanın fəaliyyətində yeni mərhələ yaranmışdır.

Ulu öndərin yüksək etimadını doğrultmaq üçün bütün imkanlarını səfərbər edən Ramil Usubovun 1994-cü ildən bəri keçən müddət ərzində buna nə dərəcədə nail olduğunu müəyyən etmək üçün real faktlar ən etibarlı göstəricidir. Onun rəhbərliyi ilə ölkəmizin daxili işlər orqanlarında sağlam ab-havanın təmin edilməsi, Azərbaycan polisinin siyasi proseslərdən kənarlaşaraq bütün qüvvəsini ölkədə ictimai-siyasi sabitliyin təminatına yönəltməsi, daxili işlər orqanlarının şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılması, DİN-in maddi-texniki bazasının təkmilləşdirilməsi, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, ən əsası, polisin fəaliyyətində dövlətə, Azərbaycan xalqına sədaqət meyarının önə keçməsi hesabına ölkəmizdə cinayətlərin açılması göstəricisi xeyli yüksəlmişdir.

Beynəlxalq terrorizm, narkotik və silah qaçaqmalçılığı, insan alveri, qanunsuz miqrasiya, eləcə də transmilli cinayətlərin qloballaşan dünya üçün ciddi problemlərə çevrildiyi indiki günlərdə Azərbaycan daxili işlər orqanlarının bu istiqamətdə göstərdiyi fəaliyyət, əldə etdiyi real nəticələr son dərəcə təqdirəlayiqdir. Bu cür qlobal xarakterli cinayət əməllərinə qarşı mübarizədə qazanılmış uğurlar yalnız vətəndaşlarımızın təhlükəsizliyi, ölkədə asayişin təminatı ilə məhdudlaşmadan həm də Azərbaycanın beynəlxalq nüfüzünün artması, xarici dövlətlərin, əməkdaşlıq əlaqələrimizin gündən-günə gücləndiyi beynəlxalq təşkilatların nəzərində ölkəmizin etibarlı tərəfdaş imicinin yüksəlməsinə yönələn ciddi bir amil kimi diqqəti cəlb edir.

Daxili İşlər Nazirliyində və onun yerli orqanlarında təşkilati-kadr və struktur islahatları son dövrlərdə davamlı xarakter daşıyır. Burada məqsəd xidməti fəaliyyətin daha da təkmilləşdirilməsi, ölkədə kriminogen durumun təhlil edilib adekvat planların hazırlanıb həyata keçirilməsi, yaranmış yeni vəziyyətdə çevik idarəçilik qərarlarının qəbul olunmasını təmin etməkdir. İstər şəhər, rayon polis orqanları səviyyəsində, istərsə də daha yüksək instansiyalarda bu yeniləşmə, müasirləşmə, operativ idarəçilik mexanizmlərinin işə salınması, daha professional hazırlıqlı, enerjili əməkdaşların rəhbər vəzifələrə irəli çəkilməsi prosesi davam edir. Bu dəyişikliklərin, islahatların məqsədi isə daxili işlər orqanlarının qarşısında qanunla qoyulmuş mühüm və çox məsuliyyətli vəzifələri layiqincə həyata keçirməkdir.

Bir çox ölkələrdə cinayətkarlığın səviyyəsinin ildən-ilə artması şəraitində hüquq-mühafizə orqanları qarşıya qoyulmuş vəzifələrin icrası sahəsində ciddi çətinliklərlə üzləşirlər. Bundan başqa, vətəndaşların etiraz aksiyalarının qarşısının alınması zamanı zərurət həddini aşan güc tətbiq edilməsi hallarına geniş rast gəlinir. Avropa ölkələrində iqtisadi-maliyyə böhranı ilə bağlı insanların etirazlarını yatırmaq üçün tətbiq olunan metodların qeyri-humanist səciyyə daşıması bunu bir daha təsdiqləyir. Müstəqil Azərbaycanda polis vətəndaşlarla münasibətdə ilk növbədə, humanizm və insan hüquqlarının aliliyini önə çəkir.

Azərbaycan cinayətkarlıqla mübarizənin nəticələrinə görə 2012-ci ildə də MDB və Şərqi Avropa məkanında tutduğu öncül mövqeyi qoruyub saxlamış, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı azalaraq 266-dan 236-ya enmişdir. Hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə qeydə alınmış 21.897 cinayətin 94 faizi və ya 20.675-i daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olmuşdur. Onların 88 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 12 faizini ağır və xüsusilə ağır növlər təşkil etmişdir.

Ötən ilin ilk günlərindən başlayaraq planlı şəkildə həyata keçirilmiş təşkilati-praktiki tədbirlər, o cümlədən profilaktik işin gücləndirilməsi, cinayət və hadisələr barədə məlumatlara vaxtında və çevik reaksiya verilməsi cinayətkarlığın dinamikasında müsbət dəyişiklikləri şərtləndirmişdir. Peşəkarlıqla həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətlərin açılması 3,2 faiz yaxşılaşaraq 86,2 faiz təşkil etmişdir.

Cinayətlərin profilaktikasında, hüquqazidd əməllərə məruz qalmış şəxslərin həyat və sağlamlığının müdafiəsində, bu sahədə operativ tədbirlərin görülməsində müasir texniki vasitələrin və informasiya texnologiyalarının da böyük rolu olmuşdur. Təkcə “102” xidmətinə daxil olan məlumatlar əsasında 8502 hüquqazidd əməlin qarşısı alınmış, 2051 cinayət işi başlanmışdır.

Təqsirləndirilən şəxslərin axtarışı işinin nəticələri də yaxşılaşmaqla istintaqdan və məhkəmələrdən yayınan 2148 nəfər tutulmuşdur. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 71 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 27 şəxsin yeri müəyyən olunmuşdur. Bütövlükdə axtarışa elan edilmiş şəxslərin 67,4 faizi tutulmuşdur.

Mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə də sistemli xarakter daşımışdır. Həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri ilə 649 ağır və xüsusilə ağır cinayət, o cümlədən 15 qəsdən adam öldürmə, 61 quldurluq və 56 soyğunçuluq törətmiş 564 nəfərdən ibarət 200 cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdir. Əllərdə saxlanılan 713 odlu silah və 35 minə yaxın patron götürülmüş, qanunsuz olaraq odlu silah saxlama və daşıma cinayətlərinə görə 100 nəfər məsuliyyətə cəlb olunmuşdur.

Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə və insan alverinə qarşı mübarizədə həyata keçirilən tədbirlər də məqsədyönlü olmuşdur. Narkotiklərlə əlaqədar 2453 cinayət, o cümlədən satışı ilə bağlı 713 fakt aşkarlanmış, 126 nəfərdən ibarət 51 cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdir. Qanunsuz dövriyyədən 596 kiloqram narkotik vasitə və 50 kq prekursor çıxarılmış, 54,9 kq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınmışdır. Tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının və yabanı halda yayılmasının profilaktikası yönümündə xüsusi əməliyyat planı üzrə keçirilmiş tədbirlərlə ümumi çəkisi 313 ton olan çətənə və xaş-xaş kolu aşkarlanaraq yaşıl kütlə halında məhv edilmişdir.

İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında həyata keçirilən əməliyyat tədbirləri ilə 29 faiz çox, yəni 89 cinayət faktı müəyyən olunaraq 22 nəfər məsuliyyətə cəlb edilmiş, 8 cinayətkar qrup zərərsizləşdirilmişdir. Bu əməllərin qurbanı olmuş 53 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilmişdir.

Cinayətlərin açılmasında, vətəndaşların qanunun aliliyinə inamının möhkəmləndirilməsində başlıca rol oynayan istintaq və təhqiqat qurumları əməkdaşlarının fəaliyyəti də qənaətbəxş olmuşdur. 2011-ci illə müqayisədə müstəntiqlərin istintaqını apardığı cinayət işlərinin sayı 4 faiz artaraq 21.330 təşkil etmişdir. Məhkəmələr tərəfindən əlavə araşdırmaya qaytarılan cinayət işlərinin sayı 22 faiz, təqsirləndirilən şəxs müəyyən olunmadığından icraatı dayandırılmış cinayət işlərinin sayı 17 faiz azalmışdır.

Bu gün polis sistemində kadr hazırlığı da müasir dövrün tələblərinə uyğun aparılır. Bu baxımdan DİNİ-in Polis Akademiyasının fəaliyyətindəki müasirlik və dinamizm, yüksək peşəkarlıq ilk baxışdan diqqət çəkir. Akademiyanın giriş qapısından ən sonuncu korpusuna qədər hər bir məkanda təmizlik, səliqə-sahman, müasir zövqlə təmir və tərtibat göz oxşayır. Bir ali təhsil ocağı üçün gərəkli olan bütün infrastruktur vasitələri burada mövcuddur. Son illərdə yenidən qurulmuş Polis Akademiyasında inzibati binalar, auditoriyalar müasir tələblərə cavab verən səviyyədə yeniləşdirilmiş, hərəsi 7 mərtəbəli 2 tədris və inzibati korpuslar, 1000 nəfərlik yeməkxana, idman kompleksi, 5 mərtəbəli yataqxana binası və s. tikilib istifadəyə verilmişdir. Bütün bunlar isə polis orqanlarının kifayət qədər yüksək ixtisaslı gənc kadrlarla təminatına imkan yaradır.

Ümumilikdə, daxili işlər orqanlarının şəxsi heyəti ölkədə aparılan quruculuq prosesində fəal iştirak edərək, dövlətin, hüquqi, fiziki şəxslərin qanuni mənafelərinin, mülkiyyətinin hüquqazidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır. Bu gün hər bir vətəndaş əmin ola bilər ki, Azərbaycan polisi onun həyat və sağlamlığının, hüquq və azadlıqlarının, qanuni mənafelərinin, ictimai asayişinin keşiyindədir. Azərbaycan polisi hər zaman dövlətimizin diqqət və etimadını hiss edir, fəaliyyətinə verilən yüksək qiyməti böyük minnətdarlıqla qarşılayır, habelə xalqımıza ən müxtəlif sahələrdə xidmət göstərməkdən böyük qürur duyur.

 





09.02.2013    çap et  çap et