525.Az

“Molla Nəsrəddin” - milli kimliyimizin yaddaş kitabı


 

“Molla Nəsrəddin” - <b style="color:red">milli kimliyimizin yaddaş kitabı</b>

Azərbaycan mollanəsrəddinşünaslığı XX əsr Azərbaycan ədəbiyyatşünaslığının  mühüm istiqamətlərindən  birini təşkil edir.

Təkcə milli mətbuatımızın deyil, ümumiyyətlə Şərq, türk-islam mətbuatının ən möhtəşəm dərgisi olan “Molla Nəsrəddin”  yarandığı gündən - 1906-cı ildən etibarən ədəbi-tarixi fikrin diqqət mərkəzində olmuşdur. Bunun bir neçə səbəbi var idi. Birincisi jurnalın ilk sayında yazılan “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım” bəyanatında ifadə olunmuş böyük və müqəddəs məram idi.

Xalq elə ilk gündən maraqlandı ki, “Molla Nəsrəddin” ona nə demək istəyir. Tezliklə məlum oldu ki, jurnal cümlə “müsəlman qardaşların” dərdi - sərindən yazır. Elə bu bəyanatla da o, ədəbi-tarixi fikrin diqqətini cəlb etdi. Mollanəsrəddinçi ədib  Ə.Haqverdiyev yazır: “Birinci nömrə may ayının əvvəllərində əlimizə keçdi. Bu nömrə şəhər əhalisi arasında bomba kimi partladı... Jurnalın Şuşa əhalisinə təsirini qələm təsvir etməkdə acizdir”. İkinci səbəb bu idi ki, böyük yazıçı Y.V.Çəmənzəminli demişkən, “Molla Nəsrəddin” “Böyük bir ədəbi dövr yaratdı... ədəbi dövrün başçısı” na çevrildi. Bu Molla Nəsrəddin ədəbi məktəbi idi, məhz bu məktəbin nümayəndələri - C.Məmmədquluzadə, M.Ə.Sabir, Ömər Faiq, Ə.Haqverdiyev, Əli Nazim, Əliqulu Qəmküsar və başqaları Azərbaycan ədəbiyyatında bədii metod və ədəbi cərəyan olaraq tənqidi realizmin əsasını qoyub, əsərləri ilə onun poetika və estetikasını formalaşdırdılar. Mirzə Cəlil etiraf edir ki, “Molla Nəsrəddin - tək bir nəfər müəllifin əsəri deyil. “Molla Nəsrəddin” bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam”. Bu etirafda təkcə tarixi həqiqət yox, həm də böyük bir vətəndaş ziyalının səmimiyyəti vardır.

Üçüncü səbəb bu idi ki, “Molla Nəsrəddin” Azərbaycan tarixinin  ən mühüm dövründə - dünyanı lərzəyə gətirmiş 1905-1907-ci illər xalq inqilabi dövründə yaranmışdı. Mirzə Cəlil tarixin gedişatını doğru təyin etmiş, XX əsrin önlərində başlanan milli intibahın belə bir jurnala ehtiyacı olduğunu duya  bilmişdi. Bunu da  yenə məhz Mirzə Cəlil özü hamıdan əvvəl, hamıdan dəqiq ifadə edərək yazırdı: “Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı... Onun birinci nömrəsi nəşr olunan gündən mənim bir az vaxtın müddətində nəinki tək bircə Qafqaz müsəlmanlarının içində, bəlkə Yaxın Şərqdə şöhrət tapdı”.

Milli mətbuatımızın başçısı olmaq uğrunda jurnal çətin bir mübarizə yolu keçməli oldu. Onun səhifələrində Azərbaycan haqqında ən böyük milli-tarixi həqiqətlər əks olunurdu. O, ana dili uğrunda mübarizənin başında dayandı, ana dilində yazmağın və danışmağın canlı klassik nümunəsinə çevrildi. Azərbaycanın münəvvər ziyalıları hələ ilk saylarından başlayaraq bu dərginin ədəbi-tarixi əhəmiyyətini yüksək qiymətləndirirdilər.

Azərbaycan professional ədəbiyyatşünaslığının banisi Firudin bəy Köçərli yazırdı: “Molla Nəsrəddin” jurnalı ilk  nömrələrindən başlayaraq bizim ölkənin müsəlmanları arasında canlı maraq oyatmışdır... Jurnalı bir qrup ziyalı müsəlmanların əməkdaşlığı ilə savadlı və mədəni azərbaycanlı Cəlil Məmmədquluzadə nəşr edir...

“Molla Nəsrəddin” nöqsanlara gülmək yolu ilə müsəlman cəmiyyətini islah etməkdən ibarət olan məqsədini tamamilə yerinə  yetirir”. XX əsrin Əlibəy Hüseynzadə, Üzeyir Hacıbəyli, Əhməd Ağaoğlu, Nəriman Nərimanov, Məhəmmədağa Şaxtaxtlı, M.Ə.Rəsulzadə, F.B.Köçərli kimi şəxsiyyətləri “Molla Nəsrəddin” haqqında çox dəyərli mülahizələr söyləmişlər. Lakin mollanəsrəddinşünaslığın bir elm kimi təşəkkülü  XX əsrin 30-cu illərinə aiddir. Bu illər ümumən yeni ədəbi tənqidin və ədəbiyyatşünaslığın təşəkkülü dövrü idi. Həmin illərdə “Molla Nəsrəddin” jurnalı 25 illik əzəmətli, əzablı və  şərəfli tarixi missiyasını artıq başa çatdırmışdı. Xalqın və ictimai fikrin yaddaşına “Molla Nəsrəddin” Cəlil Məmmədquluzadə ilə  vəhdətdə həkk olunmuşdu. Məhz bu dövrdən etibarən yeni proletar diktaturası dövrünün başa düşmədiyi “çığırdaş ədibi” Mirzə Cəlili ədəbi-nəzəri fikir Molla Nəsrəddin deyə təhlilin və tənqidin mərkəzinə gətirirdi. Görkəmli ədib və etnoqraf alim, bacarıqlı diplomat Y.V.Çəmənzəminli “Ədəbi dövrün başçısı” məqaləsində (“Ədəbiyyat qəzeti” 30 yanvar 1934) onun ədəbi-tarixi qiymətini  verərək yazırdı: “Böyük bir ədəbi dövr yaradan, ictimai  həyatımızda  inqilablar törədən, 25 il populyar məcmuəyə rəhbərlik edən bu böyük sima... bu gün aramızda yoxdur. Lakin əsərləri yaşayır. Həm mövzusu və tipləri, lətifələri əsərlərinin böyük bir qələmə mənsub olduğunu açıqcasına ifa edir. Molla böyük  bir orijinallıqdır”.
 
Mirzə Cəlil və “Molla Nəsrəddin” yeni quruluşun eybəcər təşkilatı olan “Mübariz Allahsızlar İttifaqı”nın orqanı olmaqdan imtina edərək, 1921-ci ildə Təbrizə getmişdi. Azərbaycan Maarif Komissarı D.Bünyadzadənin I Ümumazərbaycan şuralar qurultayındakı (1921-ci il, fevral) çıxışında deyilir: “Yəqin sizlərdən  çoxunun xatirində  qalır. Bir neçə  il bundan qabaq, hələ Nikolay vaxtında  “Molla Nəsrəddin”  jurnalı nəşr edilirdi. O jurnalın redaktoru İrandadır. Biz onun Bakıya qayıtması üçün tədbirlər görmüşük. Və az sonra Mirzə Cəlil Bakıya qayıtdı. Fəqət bu qayıdışdan sonra, necə deyərlər, onun günü qara oldu. Əgər 1933-cü ildə vəfat etməsəydi, onun mübarək adı 1937-ci il repressiya qurbanlarının siyahısında birinci yerdə dayanacaqdı...

30-cu illərdə Mirzə Cəlil haqqında ilk böyük monoqrafiyanı dövrün gənc və görkəmli tənqidçisi Əli Nəzmi yazdı. Əli Nazim 1933-cü ildə yazdığı  tərcümeyi-halında göstərir ki, o, “Molla Nəsrəddin bir sənətkar kimi” adlı 6 müəllif vərəqi həcmində  monoqrafiya planlaşdırıb. Bu ilk Sovet alimlərindən olan Ə.Naziminin namizədlik dissertasiyası idi. Bu monoqrafiya 1936-cı ildə M.Hüseynin redaktorluğu ilə bir neçə siqnal nüsxəsi olaraq çap olunur. Bu vaxt Ə.Naziminin başının üstünü 37-nin qara buludları  almışdı. Ona görə də əsərin kütləvi tirajla  çapı dayandırılır. Həmin monoqrafiyanın yeganə  nüsxəsi, AMEA-nın müxbir  üzvü, mərhum professor Abbas Zamanovun şəxsi arxivindəndir. O, “Cəlil Məmmədqluzadə (Molla Nəsrəddin)” adlanır. Bu talesiz monoqrafiya mollanəsrəddinşünaslığın əsasını qoymuşdur. Çünki bu əsərdə Mirzə Cəlil və “Molla Nəsrəddin” sinonim adlar, bütöv bir vəhdətin hissələri kimi ədəbi-tarixi düşüncəyə daxil edilir. Ə.Nazim həm də  “Molla Nəsrəddin” i - Mirzə Cəlili Azərbaycan realizminin müstəqil mərhələsi kimi tədqiqata cəlb edir. Müəllif realizmin bu mərhələsini Molla Nəsrəddinin gülüşü ilə izah edərək yazırdı: “Onun gülüşünün bir xüsusiyyəti də, bu gülüşün göz yaşları ilə yoğrulmuş acı bir gülüş olmasıdır. Bu gülüş ağlamağını  gizlətməyə  çalışanların qəhqəhələrini özündə daşıyır... Lakin  bu gülüş hər zaman belə qalmır kinə keçir, nifrətə keçir, kəskin silah olur, məhvedici güllə olur, yandırır”.

1939-cu ildə artıq Əli Nazim həbsdə olanda Azərbaycan mollanəsrəddinşünaslığının təşəkkülünü bir elmi sistem kimi tamamlayan ikinci monoqrafiya- Mirzə İbrahimovun “Böyük demokrat” əsəri çap olunur. Bu əsər artıq Sovet rejiminin istədiyi tərzdə onun ideoloji doktrinası olan marksist-leninçi metodologiya ilə yazılmışdı. Müəllif burada Mirzə Cəlilin və “Molla Nəsrəddin”in ədəbi-tarixi dəyərini Azərbaycanda demokratik-ictimai fikrin M.F.Axundzadədən vüsət alan kontekstində verməyə səy göstərir. Öz zamanı üçün qiymətli olan bu monoqrafiyanın “Molla Nəsrəddin”ə qədər Azərbaycan mətbuatı, “Molla Nəsrəddin”, “İki üslubun mübarizəsi” fəsillərində jurnalın ictimai-fəlsəfi mövqeyini əks etdirməyə çalışır. Marksist-leninçi metodologiya mövqelərində  dayanaraq kitabın “İki üslubun mübarizəsi” fəslində “Molla Nəsrəddin” və “Füyuzat”ı üz-üzə qoysa da  M.İbrahimov “Molla Nəsrəddin”in və Mirzə Cəlilin demokratizmini doğru müəyyənləşdirirdi. Monoqrafiyada oxuyuruq: “Molla Nəsrəddin” ilk nömrəsindən başlayaraq burjua-feodal həyatının yaramazlıqlarına  atəş açır. Jurnalın birinci nömrəsindən o özünə məxsus sadə xalq dili ilə yazmağa başlamışdır. Cəlil Məmmədquluzadə demokratik ideyalar təbliği üçün demokratik üsullara müraciət edirdi... Hər şeydən vacib, xalqın anlayacağı dildə başa salmaq, onun öz düşüncəsi ilə öz həyatının dözülməzliyini ona dərk etdirmək lazım idi.

“Molla Nəsrəddin” qaranlıq və  pozğun həyatı işıqlandıran, təmizləyən günəş kimi idi.

... Mollanəsrəddinçilər xalq kütlələrinin  iştirakı olmadan  milli intibah təsəvvür etmirdilər.

... “Molla Nəsrəddin” bizim inkişaf tariximizdə, xalqımızın ictimai həyatında çox mühüm və  iftixara layiq bir hadisədir”.

“Molla Nəsrəddin” və mollanəsrəddinçilik problemi Azərbaycan ədəbiyyatşünaslığında bütün XX əsr boyu diqqət mərkəzində olmuşdur. Həm mətbuat tariximizdən tədqiqatçılar, həm  nəsrşünaslar, həm ictimai fikri araşdıran filosoflar, həm də  dilçi və ədəbiyyat nəzəriyyəçiləri bu  möhtəşəm abidəyə müxtəlif yönlərdən yanaşmış, onun milli-tarixi taleyimizdəki əhəmiyyətini təsdiq etmişlər. M.S.Ordubadi, Əziz Şərif, Mir Cəlal, Abbas Zamanov, M.Cəfər, M.Arif, Əli Sultanlı, Q.Məmmədli, Əziz Mirəhmədov, K.Talıbzadə, X.Əlimirzəyev, M.Məmmədov, F.Hüseynov, Y.Qarayev kimi görkəmli  yazıçı və ədəbiyyatşünaslar XX əsrin 50-80-ci illərində “Molla Nəsrəddin” haqqında xüsusi elmi-monoqrafik araşdırmanın predmet ola biləcək dəyərli fikirlər söyləmişlər.

Akademik M.C.Cəfərov yazırdı: “Cəlil Məmmədquluzadənin və onun 1906-cı ildən başlayaraq ətrafına topladığı mollanəsrəddinçilərin kəşf edib mətbuat aləminə, döyüş meydanına çıxardığı Sabirlərin, Əli Nəzmilərin qələminin gücü ilə Azərbaycan satirik ədəbiyyatının şöhrəti ölkə sərhəddini aşaraq, bütün Şərqdə rəğbət, məhəbbət qazanmış, Şərqin müxtəlif ölkələrində qoca Mola Nəsrəddinin neçə-neçə istedadlı davamçıları, məfkurə və sənət dostları yetişmişdir”.

Azərbaycan mollanəsrəddinşünaslığında öz yeri olan ciddi tədqiqat əsərlərindən biri  mərhum professor X.Məmmədovun “Əkinçi” dən “Molla Nəsrəddin”ə qədər” (1987) monoqrafiyasıdır. Bu əsərdə Azərbaycan ədəbi-tarixi və nəzəri-estetik fikrinin az öyrənilmiş XIX əsrin son dövrü və XX əsrin əvvəlləri - iki jurnalarası mərhələ nəzərdən keçirilir, Azərbaycan mətbuatının “Molla Nəsrəddin”ə gələn maarifçilik yolu araşdırılır.

Azərbaycan mollanəsrəddinşünaslığının nəzəri-tarixi monoqrafiyanı xüsusi qeyd etməliyik: Yaşar Qarayev. “Realizm: sənət və həqiqət (Azərbaycan realizminin mərhələləri)” (1980), Əziz Mirəhmədov. “Azərbaycan Molla Nəsrəddini”(1980) və İsa Həbibbəyli “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” (1997). Y.Qarayev və Ə.Mirəhmədovun əsərləri mollanəsrəddinşünaslığının 60-80-ci illər mərhələsini, İ.Həbibbəylinin monoqrafiyası isə  ümumən XX əsr mollanəsrəddinçiliyini və cəlilşünaslığı yekunlaşdıran sanballı tədqiqatlardır.

Y.Qarayevin “Azərbaycan realizminin mərhələləri” monoqrafiyasında Mirzə Cəlilin və ümumən “Molla Nəsrəddin” ədəbi məktəbinin tənqidi realizmin mərhələ kimi formalaşmasında həlledici rolu nəzəri-fəlsəfi baxımdan əsaslandırılır. O yazır: “Mirzə Cəlil XX əsr Azərbaycan bədii fikrində yeni realizmin başçısı və böyük nümayəndəsi sayılır. Ümumən Azərbaycan realizmi Zakirdən Sabirə qədər keçdiyi yolda Mirzə Cəlildən yüksək zirvə tanımır: Bizdə tənqidi realizm Mirzə Cəlillə kamala çatır. O M.F.Axundov realizminin  sadəcə davamçısı deyildi, bu  realizmin inkişafında tam yeni mərhələnin “baneyi-kari” idi. Mirzə Fətəlidən sonra Azərbaycan nəsrində, dramaturgiyasında, ədəbi və ictimai fikrində böyük islahatlar Mirzə Cəlil yaradıcılığında baş verir”.

Ə.Mirəhmədovun “Azərbaycan Molla Nəsrəddin” monoqrafiyasında C.Məmmədquluzadənin dünyagörüşünün təşəkkülü və inkişafı, əbədi mühitə və mətbuata gəlişi, demokratizm uğrunda mübarizəsi  zəngin faktlarla araşdırılır və əsaslandırılır. Monoqrafiyanın xüsusilə “Molla Nəsrəddin” in banisi və  redaktoru adlanan dördüncü fəslində jurnalı yaratmağın fədakarlıqları ilə bərabər C.Məmmədquluzadə və mollanəsrəddinçilik problemi  xüsusi araşdırmanın predmetinə çevrilir.

Akademik İ.Həbibbəylinin fundamental monoqrafiyası tamamilə  yeni materiallar və arxiv  sənədləri əsasında yazılmış orijinal tədqiqat əsəridir. Burada Mirzə Cəlilin mühiti, uşaqlıq dövründən tutmuş ömrünün son dövrünə qədərki, ədəbi, jurnalistik və ictimai fəaliyyətinin bütün mərhələləri, şərəfli və ağrılı  tale dönümləri nəzərdən keçirilir. Molla Nəsrəddinçilik və füyuzatçılıq problemlərinin obyektiv tarixi qoyuluşu və həlli bu əsərin dəyərli cəhətlərindəndir. Müəllif ədibin təhsil illəri ilə  bərabər müasirləri haqqında geniş məlumat verir. Əsərin  son fəsli başdan-başa Mirzə Cəlilin  nəsi şəcərəsinə həsr olunur. Bu nəhəng tədqiqat əsəri yeni tapılmış zəngin materiallardan ibarət “Əlavələr”lə  tamamlanır ki, bu da  əsərə elmiliklə bərabər, həm də əyanilik gətirir. Və ən başlıcası, İ.Həbibbəyli “Molla Nəsrəddin” və “Mirzə Cəlilin” mühitini sadəcə faktların və sənədlərin tarixi sırası  kimi vermir. Burada mühit həm də  fəlsəfi-estetik problem kimi  işlənilir ki, bu da  monoqrafiyanın dəyərli elmi-nəzəri keyfiyyətlərindəndir.

Azərbaycan mollanəsrəddinşünaslığı ciddi nəzəri-metodoloji problemlərə malik bütöv elmi bir sistemdir. Yüz ildir ki, Azərbaycan tarixi-ictimai düşüncəsində “Molla Nəsrəddin” adı əbədiləşib, yüz ildir ki, mollanəsrəddinşünaslıq adlanan elm formalaşıb. Bu elmi Azərbaycan ədəbiyyatşünaslığı kontekstində monoqrafik hüdudlarda araşdırmaq bu gün aktual tarixi zərurətə çevrilib.

 





11.04.2016    çap et  çap et