525.Az

Kamil insan, görkəmli alim


 

ARXAYA BAXMAĞA DƏYƏR, FİRUDİN MÜƏLLİM!

Kamil insan, görkəmli alim<b style="color:red"></b>

Bu qaçhaqaç, qovhaqov, vurhavur, al və ver dünyasında hər kəs ona verilən ömür payını başa vurmaq üçün yeriyir-yüyürür, qaçır, yıxılır, qalxır.

Təbii olaraq bir mənzildən sonra dönüb geriyə baxır. Kimi nəsə görür, kimi nəsə görməyə çalışır, kimi də nə qədər cəhd edib gözünü zilləsə də boşluqdan savayı bir şey görmür ki, görmür. Elələri də var ki, bir ömür yolunda o qədər  irili-xırdalı əbədiyaşar abidələr ucaldır, silinməz izlər qoyur, elmi-mənəvi elə bir irs qoyub gedirlər ki, özlərindən sonra gələn bir neçə nəslin ömründə yaşayır, həmişə də şükran və rəhmətlə anılırlar. Belələri kamil insanlar, ölkəsi, milləti naminə canyanğısı, bütün varlığı ilə xidmət edən əsl vətəndaşlar, şəxsiyyətlər və əlbəttə ki, nadir məziyyət sahibləridir. Məhz o insanların ömür yolu nəsillərə örnək olur. Həmin yolla getmək istəyənlər çox olur. Lakin zaman -zaman sıraları seyrəlsə də, mənzil başına çatanlar kifayət qədər boy göstərirlər. O yol xeyirli-bərəkətli, işıqlı, nurludur. Amma çətindir, enişli-yoxuşlu, məşəqqətlidir. Sanballı tarixi, elm-ürfan sahəsində xalqa verdiyi töhfələri ilə daim seçilən, həmişə görkəmli alim və ictimai xadimlərin çalışdığı BDU-nun Cinayət Hüququ kafedrasının müdiri, universitetin ziyalı simasını müəyyənləşdirən görkəmli alimlər sırasında özünəməxsus yer tutan, müasir Azərbaycan hüquq elminin tanınan, barmaqla göstərilən isimlərindən biri, professor Firudin Səməndərovun ömür yolu kimi.

Professor Firudin Səməndərovun ömür yolunu düz 12 il öncə vərəqləmək imkanım oldu - bir müsahibinin sərhədləri çərçivəsində, bacardığım qədər. Daha sonra isə ölkənin tanınmış hüquqşünaslarının, ictimai xadimlərin, universitet müəllimlərinin, sanballı alimlərin, tələbələrin, həm də sadə adamların bu nəcib insan, şəxsiyyət haqqındakı fikirləri ilə də tanış oldum. O, belə xarakterizə olunur: Firudin müəllim kamil insan, hüquq elmində xüsusi ənənəsi olan məktəb yaradan alim, müəllimlərin müəllimi, böyük mənəviyyat sahibi, ona pislik edənlərə də yaxşılıq etməyi bacaran kişi.

Firudin müəllim kənardan, bəlkə də, qaradinməz adam, jurnalistlər üçün isə “əti acı müsahib” təsiri bağışlaya bilər. Ancaq onunla bircə dəfə cani-könüldən söhbət etmək yetər ki, insanın içinə bir sərinlik dolsun, ruhuna rahatlıq gəlsin. Əlbəttə ki, əgər niyyətin və əməlin təmiz olsa. Bir qələm dostumun dediyi kimi: elə insanlarla söhbətdən sonra adam özünü adam kimi təhlil edir, adam kimi düşünür. Firudin müəllimin ədalət tərəzisinə boylananda isə yəqin ki, çoxları “yük”ünü pərsəngin gözünə qoymaqdan vaz keçirlər. Bu, təbiidir. Çünki hamı Firudin Səməndərov meyarlarına uyğun gələ bilməz ki... Bu əsl el-oba adamının, vətən oğlunun özü də, sözü də, elmi də, mərifəti də, şəxsiyyəti də, vətən sevgisi də həmişə bir örnək olub. Örnək olmaq, cığırı yola çevirmək, salınan izlə addımlayanların çoxluğunu qürurla, təmkinlə seyr etmək, səpilən toxumların əksəriyyətinin boy göstərdiyini görmək isə hər kişinin, nə də hər alimin işidir.

İndi qeyd edəcəyim bənzərsiz faktdır. BDU-nun professor-müəllim heyəti, tələbələr, hətta hüquq fakultəsində təhsil almayanlar ona “mənim müəllimim” deməkdən zövq alır, şərəf, qürur duyurlar. Özü də dəxli yoxdur professor həmin tələbəyə dərs deyib, ya yox?! Məsələ ondadır ki, hər kəs Firudin müəllimin elm-ürfan, əxlaq və mədəniyyət süfrəsindən özünə kiçicik də olsa bir pay götürmək istəyir: onun adının şərəfinin saçdığı işığın altında görünmək istəyir. Ona görə də şübhə yoxdur ki, hələ uzun illər bu böyük alimin rəhbərliyində neçə-neçə ünlü elm adamları yetişəcək, ancaq heç kim  Firudin Səməndərovu inkar etməyəcək, o iddiada belə bulunmayacaq. Hüquq elminin ustadlarından biri elə  ustad yüksəkliyində də qalacaqdır.

Firudin Səməndərovu yaxından tanıyanlar yaxşı bilirlər ki, o, təpədən dırnağadək kökünə-soyuna, vətəninə, xalqına bağlı insandır. Bu keyfiyyətlər anasının südü ilə damarlarındakı qana hopub. Əslində o elə belə də doğulub. Onun üçün keçici hisslər tamamilə yaddır. Professor üçün ardıcıllıq, millilik, milli-mənəvi dəyərlərə bağlılıq, millətin azadlığı, ölkəsinin müstəqilliyi əsasdır. Ona görədir ki, hələ sovet dönəmində müəyyən vəzifə tutmuş adamların ana dilində danışmağa ehtiyat etdikləri zamanlarda Firudin müəllim hüquq sahəsinə milli dil gətirdi. Hüquq elminə dair yazı və çıxışlarını istisnasız olaraq doğma Azərbaycan dilində, özü də  hiss edilən dərəcədə nümayiş etdirdi, məhz nümayiş etdirdi.

Azərbaycanda Milli Azadlıq Hərəkatı başlayıb kükrəyən zaman- nəhəng sovet imperiyasını silkələyən vaxtlarda Firudun Səməndərov prinsipial, qorxmaz, cəsarətli, kütlənin önündə gedib onu düzgün istiqamətləndirməyi bacaran liderlərindən biri olub. Ona görə idi ki, 1989-cu ildə Azadlıq Meydanında etdiyi “millətçi çıxışlar”ına görə SSRİ DTK-sı onu həbs etmək istəyib. Firudin Səməndərov haqqında toplanmış bütün “dəlil-sübutlar”  o vaxt Bakıda lövbər salan SSRİ Baş Prokurorluğu İstintaq İdarəsinin rəis müavini Katuşevə təqdim olunub və sanksiyanı imzalanması istənilib. Yalnız Azərbaycanın Baş prokuroru  Murad Babayevin təsadüfən orada olması və ciddi müdaxiləsi Firudin Səməndərovu dəmir barmaqlıqlar arasına düşməkdən xilas edib. Bu haqda onun özünə məlumat verilib, həyatına olan real təhlükə barədə dönə-dönə deyilsə də, Səməndərov Milli Azadlıq Hərəkatı sıralarını tərk etməyib. Əksinə, onu doğru yola, düzgün istiqamətə aparmaq üçün nüfuzunu və şəxsiyyətinin gücünü sonadək sərf edib. O, millət, dövlət, xalq, vətən mənafelərini həmişə şəxsi mənafelərindən üstün tutub. Onları müqayisə etmək belə yersiz olar.

Firudin Səməndərov həmişə realist olub. O, görkəmli alim, milli və vətəndaş mövqeyi olan insan olmaqla bərabər, cəsarətli və qorxmazdır. Bu kamil insan vətən, xalq, millət yolunda nəyi varsa həmişə qurban verməyə hazır olub. Dəfələrlə cəbhənin ən qaynar nöqtələrində olub. Ona ehtiyatlı olmağı məsləhət görənlərə isə “mən gecə-gündüz düşmənlə üz-üzə dayana, ölümün gözünə dik baxan cavanlardan, tələbələrimdən artıq deyiləm ki?”-deyə cavab verib. 1992-ci ildə Qarabağ cəbhəsindəki vəziyyəti, hakimiyyətdaxili çəkişmələri, idarəetmə sisteminin yaramazlığını görüb prezident Əbülfəz Elçibəyə açıq məktub yazaraq və fikrini belə yekunlaşdırıb: “Belə işləmək olmaz, səhvlər edirsiniz, hakimiyyəti bu cür saxlamaq olmaz”. Onda Firudin Səməndərov BDU-nun rektoru idi. Belə sərt mövqe ortaya qoymaqla o, ən azı, vəzifəsini itirə bilərdi. Ancaq bu onun əsla umrunda deyildi. Çünki hələ sovet dönəmində “Hüquq dünyasının prokuroru”, “Hüquq dünyasının hakimi, məhkəməsi” kimi titulları qazanan Firudin müəllim çoxdan nəfsini ayaqları altına ataraq tapdamağı bacarmışdı.

Professorun ölkənin gələcəyi, müstəqilliyi və suverenliyi ilə bağlı həmişə aydın mövqeyi olub. Ümummilli lider Heydər Əliyev xalq  tərəfindən hakimiyyətə dəvət olunanda da Firudin müəllim AXC Rəyasət Heyətinin üzvü olmasına baxmayaraq universitetdəki çıxışında belə deyib: “Xalq bizi seçmişdi, lakin bacarmadıq. İndi xalq Heydər Əliyevi hakimiyyətə dəvət edib və bizim borcumuzdur ki, ona kömək edək”. Budur vətəndaş və əsl alim mövqeyi. Budur ictimai mənafeyi şəxsi mənafedən üstün tutmaq nümunəsi sərgiləmək.


Firudin müəllimin həyat yoluna dərindən nəzər salanda ağrı-acıların daha çox yaşandığını aydınca görmək olar. Özü belə deyir: “Mənim uşaqlığım olmayıb. Ağlım söz kəsəndən  bildim ki, müharibədir. Ağrılı, faciəli illər idi. Gözlərimin qarşısında elə dəhşətlər baş verib ki, hələ də onları unuda bilmirəm. Uşaqkən elə tükürpədici fəryadlar eşitmişəm ki, onlar indi də qulaqlarımda səslənir. Görmədiyim uşaqlığım, yaşamadığım yeniyetməlik  illərim indi də göynədir məni.

Bəs 20 Yanvar faciəsində verdiyimiz qurbanlar? İmperiyanın son nəfəsində Azərbaycana vurduğu dəhşətli ağır zərbələr? Qarabağ savaşında itirdiyimiz vətən, torpaq, namus, şərəf uğrunda canlarını  qurban verən şəhidlər? Bir millətin nə qədər düşməni olar, ilahi?!” Onu yaxından tanıyanlar deyirlər ki, millətin problemləri və yaşadığı ağır faciələr Firudin müəllimin kövrək ürəyində daim yaşatdığı bir dərddir.

Firudin Səməndərov o rektorlardan olub ki, bir ayağı cəbhədə, o biri universitetdə olub.

Vətən uğrunda döyüşən tələbələrlə nəfəs-nəfəsə dayanmaq onun üçün müqəddəs bir amal olub. Professorun ağrılı-acılı xatirələrindən: “Ağdərə ətrafında döyüşən ordunun tərkibində universitetin könüllüləri çox idi. Əyani şöbədə oxuya-oxuya cəbhəyə getmişdilər. Hər dəfə növbəti dəstəni yola salanda ağlamaqdan özümü saxlaya bilmirdim. Bilirdim ki, onlardan kimsə şəhid, yaxud ömürlük şikəst olacaq, bəlkə də itkin düşəcək.

1993-cü ilin qışında, yeni ildən sonra özümlə birlikdə xeyli  sovqat götürüb yenidən cəbhəyə getdim. Qar, palçıq, soyuq hava, ərzaq və silah çatışmazlığı. Vəziyyəti görəndə dəhşətə gəldim. Lakin tələbələrimdə ruh düşkünlüyü görmədim. Onlardan biri dedi ki, Firudin müəllim, biz könüllülərik və vətəni qorumaq üçün burdayıq. O tüstü çıxan yeri görürsünüzmü? Baxın, ora Xankəndidir. Biz mart ayında, inşallah, Azərbaycan bayrağını Xankəndində dalğalandıracağıq. Bu, Azərbaycan gəncinin, dərs dediyim tələbələrin kəskin döyüş ruhu idi. Lakin... Bir vaxtlar yata bilmirdim. O igid, qəhrəman tələbələrin hər birinin çöhrəsi gəlib dururdu gözlərimin önündə. Elə indi də, sanki, şəhid tələbələrimin  ruhları mənimlə birlikdə universitetin auditoriyalarını dolaşır.

Bu qeydləri Azərbaycan ordusunun aprelin 1-dən 4-dək keçirdiyi uğurlu əməliyyatlardan sonra etdiyimdən Firudin müəllimin cəbhə bölgəsindən gələn xəbərlərin təsiri altında hansı hisslərlə oturub-durduğunu təsəvvür etməyə çalışıram. Məncə, alimin ruhu da, qəlbi də cəbhə havası ilə dolur-boşalır, döyünür. “Vətən üçün doğulanlar, vətənçün də ömürlərini şam kimi əridirlətr”-deyiblər. Onun  ruhuna yaxından bələd olanlar professoru məhz o sırada dayanan şəxsiyyətlərdən hesab edirlər.

 Sıravi müəllimdən universitetin dekanı, kafedra müdiri və rektoru vəzifəsinə qədər yüksələn Firudin Səməndərov böyük ürək sahibidir. Onun üçün vəzifə pillələri həmişə məsuliyyət hissinin artması ilə müşayiət olunub. Bu mənada BDU-nun rektoru, akademik Abel Məhərrəmov belə deyib: “Firudin müəllim o vaxt Elmi Şuradakı çıxışında dedi ki, mən rektor vəzifəsinin icrasına böyük həyəcan və təlaş hissi ilə başlayıram. Anlayıram ki, vəzifə məsuliyyəti onun şan-şöhrətindən qat-qat artıqdır. Bu, onun etibar olunmuş vəzifəyə, həmişə olduğu kimi sədaqətlə xidmət edəcəyindən, şəxsi keyfiyyətlərindən irəli gəlirdi. Professor Səməndərov böyük mənəviyyat sahibidir. O, bunu rektor estafetini ötürərkən  özünü xoşməramlı, mərd, ləyaqətli aparması, Elmi Şurada etdiyi dərin məzmunlu çıxışı ilə bir daha sübut etdi və sonda dedi: “Sevinirəm ki, mənim əvəzimə müəllimim rektor təyin olundu”.

50 illik universitet həyatında Firudin müəllim həmişə yeniliyin, demokratikləşmənin, düzlük və ədalətin tərəfdarı olub. Ali məktəblərimizin bayraqdarı olan BDU ilə Azərbaycanın qabaqcıl ictimai fikrinin qovuşmasına xidmət göstərib. O, əsl ziyalı ömrü yaşayıb. Firudin Səməndərovun həyat və fəaliyyəti hər cür reklamı həmişə inkar edib. Bu kamil insan Allahın ona verdiyi ömür payını, təzadlar və təlatümlərlə dolu, obrazlı dillə desək, fırtınalı dənizdə gəminin yelkənini cilovlamağı bacaran dəyanətli və qüdrətli bir kapitan ömrü yaşayıb.

Bu qeydlərdə mən Firudin  Səməndərovun elmi fəaliyyəti ilə bağlı məsələyə toxunmadım. Çünki professorun hüquq sahəsindəki xidmətləri o  qədər böyükdür ki, bu barədə Firudin müəllimin yetirmələri, elmin dolanbac yollarında əllərindən tutub aydın yola çıxardığı peşəkarlar yazsalar, əlbəttə ki, daha doğru olar.

Və sonda. Mənə elə gəlir ki, bütün həyatın universitetə qırılmaz tellərlə bağlayan Firudin müəllim indi səmanın ənginliklərində uçub yorulandan sonra özünün doğma yuvasına sığınmış və şahin nəzərləri ilə ətrafı sakit-sakit süzən görkəmdədir. Lakin bu ilk baxışda belə görünür. Qoca qartal hər an səma padşahı olduğunu sübut edə biləcək iradə və gücə sahibidir. Ömrün uzun, iradən sınmaz, gücün həmişəki kimi yenilməz olsun, Firudin müəllim! Bu yazını da məndən ad günü təbriki kimi qəbul edin. 12 aprel sizin doğum gününüzdür. Mübarək  olsun! 100 yaşayın Firudin müəllim! Layiqli və ləyaqətli insanların ömrü yüzə yetməlidir.

Geriyə baxın, Firudin müəllim! Qürur və şərəf dolu nə qədər həyat səhifəsi yazmısınız. Hələ nə qədər də yazacaqsınız. O səhifələri oxumaq istəyən milyonlarla oxucunuz var. Onlardan biri də mənəm. Böyük kişilərin həyat yolu bir kitaba sığmır ki! Siz isə ömür kitabının hələlik birinci hissəsini yazmısınız, Firudin müəllim. İkinci hissəni oxumaq ümidi ilə.

 





11.04.2016    çap et  çap et