525.Az

İnqilablar şüurlardan başlayır


 

İnqilablar şüurlardan başlayır<b style="color:red"></b> Şərqşünas Seyid Camal Əzimbəyli

Ölkəmizdə milli və dini tolerantlıq ən yüksək səviyyədədir. İstər Azərbaycan dövlətinin, istərsə də xalqımızın bu təqdir olunası dözümlülükdə ayrıca xidmətləri var. Lakin təəssüflər olsun ki, milli mənafeyimizin, dövlətçilik irsimizin zədələnməsinə səbəb ola biləcək müəyyən təhlükələr mövcuddur.
 
Mən əsrlər boyu ümummilli maraqlarımızın təəssübkeşi olmuş bir soyun-Qarabağ Seyid Ocaqlarının nümayəndəsi kimi bu məsələ ilə bağlı susmağı özümə bir ayıb, dövlətimə, millətimə və inancını daşıdığım İslam mənəviyyatına isə bağışlanılmaz bir xəyanət kimi dəyərləndirməkdəyəm. Belə ki, müəyyən dövlət qurumları, qeyri-hökümət təşkilatları və şəxslər tərəfindən ört-basdır edilmək istənilən acı həqiqətləri Azərbaycan ictimaiyyəti ilə bölüşmək istəyirəm. Gələcək yaxın illərdə ölkəmizdə təriqətlər arası münasibətlərin qızışdırılmasına, din qardaşları olan ölkənin inanclı müsəlmanları arasında nifaq salınmasına səbəb olacaq xeyli sayda  xeyriyyə, təhsil, mətbəə nəşrləri adları altında gizlənmiş zərərli və təhlükəli təşkilatlar bəzi məmurların, milli maraqlarımızı çox ucuz qiymətə satmış deputatların dəstəyi ilə açıq fəaliyyət göstərirlər. Azərbaycanın  mövcud hakimiyyətinin ölkədə yaşayan fərqli din və millət mənsublarını bərabər hüquqlar ilə təmin etməsi olduqca sevindiricidir. 

Ancaq bu mövcud münbit şəraitdən məkrli qüvvələrin sui istifadə etməsi kifayət qədər narahat edici və təhlükəli bir faktdır. Son aylar ölkənin dini mühitində müəyyən boşluqlar hiss olunur. Beləliklə,  ölkədə dini kimliyi ilə bərabər milli azərbaycanlı kimliyi bəlli olan gərçək mənəviyyat adamlarının dini mühitdən kənarda qalması dini alət edənlərin, inanc dəyərlərini məkrli siyasətlərinin oyuncağına çevirənlərin meydanda at oynatmaqlarına səbəb olmuşdur. Digər müsəlman ölkələrinin  din emsarlarının ölkəmizdə açıq fəaliyyət göstərməsi isə dövlətçiliyimizin zədələnməsinə imkan yaratmışdır. Bu şəxslər və qruplar ölkəmizi məzhəb poliqonuna dönüşdürmək istəyirlər. Şərait yetişdikdə isə ölkənin siyasi hakimiyyətini mənimsəmək niyyəti ilə fəaliyyətdədirlər. İqtidar-müxalifət konfliktlərindən uğurla istifadə edən bu insanlar şüurlarda inqilab hazırlayırlar. Tarix isə sübut etmişdir ki, inqilablar, həqiqətən də elə şüurlardan başlayır. Aidiyyəti olan dövlət qurumlarını, ölkə ziyalılarını, siyasi mənsubiyyətindən asılı olmayaraq Azərbaycan dövlətini sevən və onun bütövlüyünü düşünən bütün güc mərkəzlərini bu həsas taleh yüklü məmləkət məsələsində ayıq olmağa çağırıram.

http://yeniufuq.az/
 





09.02.2013    çap et  çap et