525.Az

Etiraf poeziyası, yaxud Rəşad Məcidin lirik qəhrəmanı


 

Etiraf poeziyası, <b style="color:red">yaxud Rəşad Məcidin lirik qəhrəmanı</b>

Rəşad Məcid ədəbi-ictimai həyatda yaxşı tanınan simalardan biridir. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru kimi geniş fəaliyyət imkanlarına malikdir.
 
Onun bədii sözün keşiyində dayanmaq məsuliyyəti, ədəbi aləmdə öz sözü ilə fərqlənmək keyfiyyəti ilə səciyyələnən şairliyi də var.

Rəşad Məcid günümüzün şairidir. O, birmənalı şəkildə gördüyü, müşahidə etdiyi, təsəvvüründə canlandırdığı hadisələri poeziyaya gətirir. Öz şeirlərində tez-tez rastlaşdığı, həmsöhbət olduğu, dərd-sərini bölüşdüyü insanların obrazını yaradır. Rəşad Məcidin şeirləri saxta duyğuların, yarımçıq fikirlərin, ötəri münasibətin  meydanı deyil. Onun poeziyası oxucu ilə danışmağı, oxucunu özünə cəlb etməyi, oxucunu öz ardıca aparmağı bacaran poeziyadır.

R.Məcidin qəlbində Azərbaycan bayrağına əsl vətəndaşlıq duyğusundan doğulan bir sevgi var. Bu sevgi XX əsrin əvvəllərində “Azərbaycan bayrağına”, “Sevdiyim” şeirlərinin müəllifi olan Cəfər Cabbarlının sevgisinə bənzəyir. Hər ikisi hərarətli, hər ikisi coşqu ilə yoğrulan bir sevgidir. Onlar zaman baxımından bir-birlərindən nə qədər uzaq olsalar da, bir-birindən aralı məsafələrdə yaşasalar da, yazdıqları şeirlər müstəqilliyimizi ifadə edən bayrağın dalğalandığı zamanların təcəssümüdür.

Rəşad Məcidin “Bayrağım” şeirində sevgi ilə qüdrət bir – biri ilə qovuşur. Bu sevginin nəticəsidir ki, şair bayrağı ürəyinə sarıyır, onu mahnının, nəğmənin sədaları altında gizlədir. Həmin qüdrətin nəticəsidir ki, şair bayrağı həmişə uca tutur, əyilməyə qoymur, lazım gələrsə, dişiylə belə saxlamağa hazır olduğunu etiraf edir və oxucunu bu inama yönəldir:
   
Sənə təşnəyəm, acam-
əlim-qolum yorulsa,
dişimlə saxlayacam.
Gücü çatmaz
Daha nəsə tərpədə,
kimsə əyə...
Dalğalan,
əs,
açıl yelkən kimi
gedək gələcəyə.

R.Məcid “Bilsəydim, yazmazdım bu şeirləri” söyləyir, amma əslinə qalsa, şeirə könül verməyinin, şeir yazmağının sirrini açır. Şairin hər təzə misrası ağrılı – acılı duyğularının  ifadəsidir. Şair öz ilhamının səmtini sanki bilə-bilə daşlı-kəsəkli yollara döndərib. Təzadlı cəhət odur ki, ürəkdən gələn misralar müəllifin köhnə dərdlərini unutdurmaq əvəzinə yaralarının qaysağını qaparıb. Hətta bir şeirində səmimi etiraf kimi “Üzürəm içində neçə dərd -sərin” misrası var. Şair qələmini işlətməyəndə, yazmayanda özünü narahat hiss edir, onun həyatı, yaşayışı  əlinə qələm götürüb yazmağındadır. Söz, misra, yazı - Rəşad Məcidin həyat eşqidir.  Bir gün belə yazı ilə üz-üzə qalmayanda, hətta sevgilisi ona mesaj yazmayanda həm yazıya, həm də böyük hərflərlə yazılan insana görə özünü dünyanın ən narahat adamı sanır.
R.Məcid “Yaza – yaza” şeirində özünün şeirlə münasibətlərini aydınlaşdırır. O, əzabın, sitəmin içində azmağından, daxili savaşlarından, əliylə daşıdığı baş daşlarından danışır. Bunları yaşamaq da, bunlardan yazmaq da çətindir. Amma yazmamaq daha məşəqqətlidir və həyatı acıya, zəhərə döndərmək deməkdir. Bəlkə, hamı belə düşünür, amma Rəşad Məciddə bu, poetik qanunauyğunluğa çevrilir. 
Rəşad Məcidin şeir yazmaq kompleksi yoxdur. Misralarının birində “hər mühiti, şəhəri” ifadəsi var. Yəni başqa şair üçün “mühit” sözü poetik dildə ağırlıq yaradan bir ifadə təsəvvürü yarada bilər. Əslində onu dəyişib “hər kəndi, hər şəhəri” formasında da öz yerinə qoymaq olar.  Hətta R.Məcidin özü bundan daha yaxşısını, daha əlasını da tapmaq qüdrətindədir. Amma bütün bunlara baxmayaraq,  “mühit” sözünü redaktə edib dəyişdirmir. Əvvəlcə necədirsə, necə yazılıbsa, elə o cür də qoruyub saxlayır.
Yaxud “Dizin - dizin” şeirindəki “Səthində qalmışam dibsiz dənizin” misrasını “Üzündə qalmışam dibsiz dənizin” formasında da düşünmək olar. Amma həmin misranı da R.Məcid beyninə necə gəlibsə, eləcə də reallaşdırıb. R.Məcidin poetik prinsipi belədir ki, şeir düşüncəyə necə axıb gəlirsə, elə o cür də kağıza köçürülməlidir.
Müasir dövrün yeni terminologiyası onun şeirlərində bol-bol işlənir. “Test”, “bilgisayar”, “nootbuk”, “format” “meqabayt”, “mesaj”, “SMS” kimi sözlər son dərəcə rahat şəkildə misralara və bəndlərə daxil olur. Hətta belə demək olar ki, harada “hüceyrə” sözünün işləndiyi bir şeir eşitsəniz, bilin ki, o, Rəşad Məcidin şeiridir.
Bəlkə, xatırlatdığım sözlər bəziləri üçün poeziya sözü deyil və həmin şairlər onu qorxa – qorxa yalnız qaralamalarında işlədirlər. Amma R.Məcid tərəddüd etmədən onları bu gün çoxlarının beynində və dilində dolaşan ifadələr kimi şeirə gətirir və “şeirə gətirir” azdır, şeirin hüceyrəsinə çevirir. Məncə, üslub baxımdan tanınanmağın və seçilməyin yollarından biri də budur.
Bütövlükdə isə hansı sözü, hansı ifadəni işlətməsindən asılı olmayaraq, R.Məcid poeziyasının mayası təmizdir, nəfəsi istidir, işığı gurdur:
  Sahil ona görə gözəldir ki,
    Sən varsan...
  Sən varsan deyə
    Dəniz belə həzindi...
  Bakı ona görə belə doğmadır ki,
    Sən varsan...
  Sən varsan deyə
    Dünya belə şirindi.
Rəşad Məcidin şeirləri bəzən silsilə təşkil edir, onun yaradıcılığında bir şeirin içərisindən başqa bir şeirin doğuluşu poetik vərdişə çevrilib. Rəşad Məcid bunları bilə - bilə yaratmayıb. Bir şeirdən digərinin doğulması bədii düşüncənin, həyatın bütün tərəflərini görməyin, yaradılan poetik obrazın əhatəsini tamamlamaq istəyinin, bir məsələ barəsində ötəri deyil, ardıcıl düşünməyin, yaşamağın  nəticəsidir. Bu keyfiyyət yaradıcılıq psixologiyasının məhsuludur.
“İndi” şeirində yalan zamanla birgə doğulur: “Gözlərdən ki, Şeytan baxdı, Nə var ağ yalandı indi”. Bu şeirdə Yalan örtüyə bənzəyir, “Qalaya” adlı şeirdə də yalan ümumi səciyyə daşıyır. Amma “Yalan” şeirində “İndi” və “Qalaya” şeirlərindən fərqli olaraq, Yalanın bütöv obrazı yaradılıb. Məlum olur ki, bircə dəfə yalan danışdınsa, daha bundan sonra yalan söyləməyə vərdiş yaranacaqdır. İmkan versən ki, yalan ayaq tutsun, onda yalan ayaq tutacaq da, yeriyəcək də, yüyürəcək də. Yəni yalan bir himə bənddi, əgər dalına düşsən, tuta bilməyəcəksən. Şairin düşüncəsinə görə, yalanın törəyib artması onun qanqaltək tikana bürünməsindədir. Yalan soyuqdan, hədədən qorxmur, çiçəkləri sıxıb əzir. Yalanın kəməndi, qılıncı var, ən alınmaz qalaları ram etmək gücündədir. Amma vaxtı gələndə öz əməlinin nəticəsini də yaşamağa məhkumdur:
Bu təpədən o təpəyə
Yumalandı, dığırlandı.
Şişib – şişib, axır şartək
Partlayandı, dağılandı.
Cansız varlığa insan kimi baxılması Rəşad Məcidin poeziyasını səciyyələndirən əsas xüsusiyyətlərdəndir. Həm də bu məqamda o lirik qəhrəmanı ilə birlikdə öz cəsarətini göstərir. Siqaret haqqındakı şeir bu cəsarətin və cansız varlığa canlı kimi baxmağın nümunəsidir. Müəllifin  şeir haqqında qeydi də ortadadır: “Bu şeirin ünvanının, həqiqətən, siqaret olduğuna indinin özündən də əmin deyiləm”. Əslində də “Ən uzun öpüşlərim sənnəndir! Dırnaqlarım dayanmır, sığallayır tellərinin ucunu...”  kimi misralar qarşıdakı obyekti siqaretlikdən çıxarıb insana - həm də adicə insana yox, ən əziz sevgiliyə çevirir. Rəşad Məcidin şeirindəki siqaret deyil, qaçqın bir insandır: “Səni göydələnlərdən çıxarıb bomj kimi qapı ağzına atırlar, təyyarələrdən, otellərdən qaçaq salırlar”. Sən siqaret deyilsən, yazıq, kimsəsizin  birisən:
Üstünə yüyürdü
Qanunlar, yasalar!
Orda onun, burda bunun bəyanatı!
Birinin gur,
birinin yumşaq səsi.
Bizdə də Qənirə xanımın qanun layihəsi!
Rəşad Məcidin “Göz yaşı” şeiri ayrıca bir adam haqqında deyil, “Göz yaşı” insan haqqında elegiyadır. Şair o qədər səmimidir ki, hər hansı bir nəfərin ölümünə ağladığını da, ağlamadığını da etiraf edir. Bəs Rəşad Məcid kim üçün ağlayır? Bu sualın cavabı şeirin ictimai xarakterini daha da qüvvətləndirir və şair özü həmin suala belə cavab verir:
90 – da gənc dostumun qəfil itkisinə
bir gün ağladım.
Sonra ardınca şəhidlərə,
91- də Aydının ölümünə ağladım,
bir saat zar – zar.
Aqildən qəfil Qubada, Qəçrəşdə eşidəndə
92- də doğma şəhərimin itkisinə üç gün ağladım,
Keyləşib qaxaca döndü sol qolum.
R.Məcidin lirik qəhrəmanı  bəzən iki hissin, iki düşüncənin arasında qalır. Bu aralıq məkan onun üçün o qədər doğmadır ki, bəzən də o olmayanda lirik qəhrəman darıxmağa başlayır: “Mənim boğazıma çıxan dənizin, Ən dayaz yerində üzə bilərsən?” misralarında  bir – birindən fərqli iki düşüncə sahibinin baxışı öz əksini tapmışdır. Birinin yuxusuna gələn başına gəlib, ona Tanrıdan işıq və nur bağışlanıb, Tanrı ona təzə, cənnət qoxulu həyat yaşadıb. O birinin çəkdikləri isə dözülməzdir, onun yaddaşında “cızdağı” çıxan xatirələr var. Məntiqi olaraq  su birinin boğazına qədər çıxıb, digərinin isə heç dizinə də çatmır. Bəs bunlardan hansını yazmaq daha çətindir, daha müşgüldür?
Poetik mətndə iki hiss və iki düşüncənin bir – birini izləməsi R.Məcid şeirinin bütöv mənzərəsini yaradır:
Birdən nur içində,
                                birdən kölgətək
Görünmür gözümə
                               görkəmin sənin!
Gah işıq olursan,
                            gah qaralırsan.
Gah sevincin xoşdur,
                                               gah qəmin sənin. (“Bir də”)

“Mələyim... İblisim” şeirinin adı da birbaşa iki duyğunun üz – üzə gəlməsinin ifadəsidir. “Dünən, bu gün” şeirində, sadəcə, zaman qarşılaşmır, zamana, vaxta bağlı düşüncələr də toqquşur.

R.Məcidin lirik qəhrəmanı sevgini, məhəbbəti bütün varlığı ilə yaşayır. Sanki özünü də, ətrafını da unudur.

Elə bil sevdiyindən başqa dünya yoxdur. Lirik qəhrəmanın “qurban olum” ifadəsi də böyüyün kiçiyə, bacının qardaşa, ananın balaya dediyi söz kimi yox, sevənin sevdiyinə dediyi ifadə kimi yaddaşa köçür. Hər hansı söz, ifadə ayrılıqda bir cürdür, mövzudan asılı olaraq poetik misralar içində isə tamamilə ayrı təsir bağışlayır. Bədii sözün və ifadənin mövzudan asılılığının dərki Rəşad Məcid poeziyasını müasirlərinin yaradıcılığından fərqləndirən əsas xüsusiyyətdir.

Rəşad Məcidin “Əgər” şeiri sevgi haqqındadır. Şeirdə gözəlin təsviri yoxdur, onun şəninə söylənən “sağlıqlara” da rast gəlmək mümkün deyil. Amma şeirdə sevgi ilə bağlı bir güc, bir qüvvə var: bu güc məkana bağlı gücdür. Mahiyyəti də sadədir: lirik qəhrəman sevdiyini bircə dəfə beynindən çıxarmaq, ürəyinə bələdiyi bir ürəyi ovcunda saxlamaq istəyir. Buna imkan da var: futbola baxanda, tədbir aparanda, kitab oxuyanda, çıxış eyləyəndə bunu etmək olardı. Amma etmədi, edə bilməzdi, çünki sevginin məkanı dəyişməz olur. Lirik qəhrəman beyninin həmişə onu düşünməsini, ürəyinin həmişə onunla döyünməsini istəyər. Burada Rəşad Məcidin etirafı ilə lirik qəhrəmanın istəyi tam şəkildə uzlaşır. Rəşad Məcidin “Əgər” şeiri əsl sevgi orotoriyasıdır.

“Çıldağ” şeiri də sevgi haqqında yeni bir nəfəsdir. Şairin obrazlı düşüncəsinin və mövzu ilə bədii detal arasındakı optimal əlaqənin tapılmasının nümunəsidir. “Çıldağ” şeiri məhəbbətə həsr olunan klassik ənənənin davamı və təkrarı deyil. Müasir dövrün çıldağ hadisəsi ilə məhəbbət motivinin gözlənilməz və qeyri-adi sintezidir. Lirik qəhrəmanın sevgidən doğan dərdi, əzabı o qədər güclüdür ki, bu güc həm də bir qorxu yaradıb. Bu qorxunun hansı çıldağın götürə bilməsi barədə sualın cavabı isə naməlumdur. 

Bəzən lirik qəhrəman özünü də qınayır, özünə də sual verir, insanları sevginin qədrini bilməyə çağırır:

Bilirsənmi, qalarsan tək? –
Heç nə sənə olmaz kömək.
Bir də belə sevgi, istək,
Belə qadın olmayacaq. 


Rəşad Məcidin sevgisi patetikadan çox uzaqdır. Onun lirik qəhrəmanı birbaşa “səni sevirəm”, “səndən ötrü ölürəm” demir. Sevgiyə bağlı duyğuların incəliyi misraların ahəngi, həzinliyi ilə müşayiət olunur. Bu ahəng, bu həzinlik “Ruhum ruhuna sarmaşıq” formasında reallaşır və sevilənin ruhunu da oxşayır.  Lirik qəhrəman istəyinə elə o dəm cavab gəlməsinin də tərəfdarı deyil. İnanır ki, sevdiyi qız onu insanlar arasında olarkən yox, təyyarə yüksəkliyində olanda daha yaxşı başa düşəcək, daha yaxşı anlayacaq. Təyyarə yüksəkliyi Rəşad Məcidin poetik fantaziyası, poetik tapıntısıdır.

Başqa bir şeirdə də (“Yanaşı getmək”) lirik qəhrəman göyün onuncu qatında dua etmək arzusundadır. Şair Mələyi də lap yüksəklikdə görür, hətta ona işıq sürətini yaraşdırır. 

Rəşad Məcid seviləni dünyanın ən gözəl şeiri hesab edir, dünyanın ən gözəl şeirini sevilənin qismətinə yazır (“Sənin sirrin”). R.Məcid əsl sevgini min qoşundan, yüz karvandan güclü bilir. Yüz qapı dalı, yüz qala küncü sevgi qarşısında əriyib yox olandır.

R.Məcidin silsilə yaradan həm “Bəsdi”, həm də “Bəsdi nədir?” şeiri var. “Bəsdi” şeirində hər şey sona yetir, amma bu sonluğun içərisində sevgi də var: “Sevgidi, maraqdı, həvəsdi – bəsdi!” İkincisi - “Bəsdi nədir?” poetik nümunəsi isə sanki həmin şeirin əksinə yazılıb, “Bəsdi” şeirinə cavab kimi düşünülüb. Eşq sona yetməz, eşq qəfəs bilməz, eşqin əzabı da şirindir. Nəhayət, eşqə, sevgiyə “bəsdir” demək olmaz. Lirik qəhrəman sevgi imtahanından da üzüağ çıxır (“Çıxmışam”). R.Məcidin yaradıcılığında sevginin ucalığı təyyarə yüksəkliyidirsə, sevgi təlatümlərinin ölçüsü astronomik vahiddir - on ballıq zəlzələdir. Bu konkretliyin özü isə insani təsəvvürlərin aydınlaşmasına yönələn gedişlərdi, ölçülərdi. Bu aydınlaşma içərisində isə lirik qəhrəmanın sevgiyə xəyanəti yalnız yuxularda ola bilər : “Yuxuda xəyanət elədim sənə, Tutdum bir gözəlin ağ əllərindən”. Sevginin ucalığına inamın bundan optimal sübutunu tapmaq çox çətindir.

R.Məcid poetik düşüncəsi vüsalla yanaşı ayrılığın da obrazını yarada bilir. Bu obraz sevilə-sevilə yaranır, ən doğma, ən əziz hislərin nəticəsi olur. Təbiidir ki, o doğma hislərin içərisində bitib-tükənməyən təəssüf də var: “O ilk bahar bitdi daha, Bir də geri gəlməyəcək”. Bu ayrılıq abidəsi o qədər dalğındır ki, “ağlı başdan almaq” gücünü də itirib. R.Məcid poeziyasında ayrılığın sevilməsi, təəssüfü qalsın bir yana fəlakəti də insanın qəlbinə hakim kəsilir. Bu fikir “Heç nə qalmayacaq” şeirinin sonuncu bəndi ilə tam təsdiq olunur:

Coşmayacaq damarda qan,
Bitəcək bu hiss – həyəcan,
                                        Sən qurduğun bu qaladan
 Heyf, heç nə  qalmayacaq.

“Nə fərqi” şeiri isə ayrılığın  əvvəli, axırı deyil, elə ayrılıq anının özüdür.

R.Məcidin şeirlərində ayrılıq sevənin iztirab və kədəridir. “Bir günəş eylə” şeirində kədər və iztirabın əzəməti aydınca görünür. Şeirin əvvəlində sadə bir istək ifadə olunub və lirik qəhrəman sevgilisindən umacağını açıq bildirir və müəllifə qoşulub sevginin güc, qüvvət mənbəyi olduğunu fəxarətlə etiraf edir: 
                                    
Tanrının yerdəki əziz bəndəsi,
     Məni də mülkündə kirəkeş eylə,
Artır qüvvətimi, çoxalt gücümü,
                                      Sıfırı bir eylə, biri beş eylə.

Lirik qəhrəman  folklordan bizə tanış gələn obrazlar kimi bütün sınaqlara hazırdır. O, təpədən dırnağadək sevgi üçün köklənib və bu bütövlük lirik qəhrəmanın sədaqət və inamının bədii təzahürüdür. Amma sevdiyinin uzaqlığı onu üşüdür və elə isinməyin də əlacı sevdiyindədir: 

                                        Qolla fərmanımı,
                                        Əmrimi qolla,
       Çıxaram sınaqdan – testini yolla.
Üşüyən qəlbimə istini yolla,
Odlu baxışını gur atəş eylə.


Lirik qəhrəman sevdiyinə yaxınlığını quru sözlərlə nümayiş etdirmir. O, nə olursa-olsun sevgilisinin yanında qalmağı özünə şərəf bilir:

Durulan gölünəm, daşan selinəm,
    Kölən, cangüdənin, qulun, dəlinəm.
Ovcunda yumyumşaq plastilinəm.
Yay məni yenidən bir günəş eylə.


Lirik qəhrəman özünü sevdiyinin köləsi və qulu hesab edirsə, özünü onun yanında cangüdən kimi görürsə, bu heç də lirik qəhrəmanın özünü aşağılaması demək deyil. O həm də özünün sevdiyinin dəlisi olduğunu bildirir. Bunların hamısı bir ideyaya xidmət göstərir və sonda lirik qəhrəmanın sevgilisinin əli ilə Günəş olmaq arzusu ilə bitir. “Bir günəş eylə” şeiri Rəşad Məcidin həyatdakı və ədəbiyyatdakı arzularının vəhdətidir.
Rəşad Məcid üçün təqdim etdiyi hadisənin və yaxud da hiss və duyğunun keçmişi maraqlı deyil. Onun üçün ən gözəl tarix, ən gözəl zaman bu gündür. Rəşad Məcid xatirələri sevmir: “Bu ağrıya, bu əzaba dur dedim, Dönüb başdan başlamadım yaxşı ki”. Hətta “Dəyiş” şeirində şairin xatirəyə birbaşa açıq münasibət də var:

Yaddaşını didən, oyan,
        Qəm püskürən, əzab yayan.
Eyni sözü təkrarlayan,
Bu yarımcan valı dəyiş.

“Bu yarımcan valı dəyiş” misrası tənqidçi üçün danışmağa yer qoymayan misradır. Xatirə ilə bağlı keçmişin yaşadığımız bu günün duyğu və düşüncələri qarşısında əriyib yox olması deməkdir.

“Çevrilirsən” şeirində sevilənin yadlaşması, unudulması və nəhayət, keçmişə çevrilməsi yenə şairin keçmişə marağının olmaması ilə bağlıdır. Rəşad Məcid öz qəhrəmanını keçmişə aparmaqla, xatirələrin qoynuna atmaqla əslində onu öz maraq dairəsindən çıxarır və silir. Bəzən də “Yat” şeirindəki “keçmiş olsun yaşananlar, olanlar” misrası ilə mövqeyini açıq şəkildə ifadə edir.

R.Məcidin “Yaxın gəlmərəm” şeirində də keçmiş və xatirə şairin yaradıcılığına xas olan formasını qoruyub saxlayır. Şeirdə lirik qəhrəman ötən günlərlə bu günü müqayisə edir. Lirik qəhrəman ötən günlərin ləzzətini – sevgi titrəyişini, caduya bürünən öpüşü, odlu dodaqların hərarətini, gül qoxuyan isti nəfəsi, ipək tellərdə gəzən hərarətli barmaqları doyunca yaşayıb. Bunlar onun yaddaşının, xatirəsinin əks - sədasıdır. Amma deyilənlər nə qədər şirin, nə qədər ləzzətli olsa da, lirik qəhrəman yaddaşın – keçmişin üzərindən tərəddüd etmədən xətt çəkir:

Atdım yaddaşımı nimdaş çarıqtək,
Soyundum sevgimi boz arxalıqtək,
Çırpınıb əlindən çıxdım balıqtək
Bir də qarmağına yaxın gəlmərəm.


Rəşad Məcid poeziyasında “bir yarımcan valı” məntiqi olaraq “nimdaş çarıq” əvəz edir. Rəşad Məcidin poetik düşüncəsi yaddaşda qalan xatirəyə, keçmişə münasibətdə öz sabitliyini qoruyub saxlayır.

Bəs bunlar üçün lirik qəhrəmanın başına ağıl qoymaq olmazmı? Bir az da əsəbi lirik qəhrəmanı ittiham etmək olmazmı? Bəlkə də, lirik qəhrəmanı tənqidçi ittiham edə bilər, bəlkə də, oxucu qınaya bilər, amma şair özü lirik qəhrəmanı ittiham etməkdən, qınamaqdan çox uzaqdır, tənqidçi və oxucunun ixtiyarı isə özündədir.

R.Məcidin “Bu gün” şeirində keçmişə atılan sevginin taleyi qələmə alınıb. Lirik qəhrəman o zaman rahatlıq tapmağa başlayır ki, daha sevə bilmədiyi insanın  şəklini, gəlişini və gedişini, təbəssümünü və gülüşünü beynindən silib atır. Keçmişin hər bir xatirəsi silinib atıldıqca lirik qəhrəman yavaş-yavaş, qismən yüngülləşir. Nəhayət, bildirir ki, “Sənə aid sonuncu xatirəni siləndə yeni doğulmuş uşaq olacağam”.
Lirik qəhrəman bəzən o qədər qəzəblənir ki, keçmişi bütünlüklə  yaddan çıxarır:

Uzaqda bir adam var –
Varlığı – yoxluğu bilinmir,
Nə üzü tanış gəlir,
Nə saçları
Gözlərinə min il baxsam
Heç nə yadıma gəlməz.


Lirik qəhrəmanın əbədi zamanı yenə də bugündür və  “İndi” şeiri zamanı əks etdirmək baxımından çox səciyyəvidir. Belə düşünmək olar ki, indiyə fəlsəfi baxımdan yanaşılır, yaxud da bu günün fəlsəfəsi inikası etdirilir. Bu gün dünənlə sabahın arasındadır, ona görə də bu zaman canlı zamandır. Canlı olan bu aralıq məkan poetik sözün içində “balıq kimi sürüşkən” görünür. Deməli, bu gün həm canlıdır, həm də onun “beş dəqiqəlik canı yoxdur”. Əslində yalan da, doğru da elə bu zamanın içindədir. Şeirdə vaxtın, zamanın qədərini bilmək, həyatı mənalı yaşamaq, keçmişə təəssüflənməmək, gələcəyə tələsmək çağırışı var. Bu çağırış artıq Rəşad Məcidin öz çağırışıdır və ustalıqla lirik qəhrəmana transformasiya edilib.  

Bir tərəfdə səlis, aydın ifadələr, o biri tərəfdə publisistik-texniki terminlər; bir tərəfdə sevginin ülviliyi, o biri tərəfdə ayrılığın acısı; bir tərəfdə doğruya alqış, o biri tərəfdə yalana nifrət; bir tərəfdə bugünün canlı həyatı, o biri tərəfdə keçmişə-xatirəyə tuşlanan atəş – bütün bunlar Rəşad Məcid poeziyasının təzadları deyil. Bunları lirik qəhrəmanın ziddiyyətli baxışları da hesab etmək olmaz. Bu zəngin polifonik mənzərəni yaşadan Rəşad Məcid şeirləri yeni texnika və texnologiyaya dayanan əsrimizin dəyişənsürətli hərəkəti ilə həmahəng olan bir poeziyadır.

"Kaspi" qəzeti, 9 aprel 2016-cı il

 





12.04.2016    çap et  çap et