525.Az

Halallıq istəyirəm


 

Halallıq istəyirəm<b style="color:red"></b>

Məsudə ƏVƏZQIZI
Əməkdar mədəniyyət işçisi

İnsan elə yaş dövrünə gəlib çatır ki, dönüb arxaya baxır, həyatında olub-keçənləri sanballayır, pisi yaxşıdan ayırmağa çalışır, keçdiyi həyat yoluna bir daha nəzər salır. Bir ömür uzunu insanlarla münasibətini çözməyə, öz qiymətini özüverməyə çalışır. Mənə də qəfildən gəldi bu həvəs. İllərlə məni düşündürən nə vardısa, hamısını xəyalən tökdüm önümə. Qalaq-qalaq xatirələrin arasında məni sevindirən də oldu, sıxan da. Ən müxtəlif insanlar boylandı onların arasından. Nə qədər tanış üzlər gördüm, tanış səslər eşitdim. Dinlədim onları bir daha... Xatirələrimin ən şirin səs yazısı kimi... Sonra özümlə haqq-hesab çəkdim. Gördüm ki, vicdanımda bir narahatlıq var, o məni sıxır, incidir. Nədir məni bu üzlər və səslər qarşısında gözükölgəli edən?! Yəqin ki, xatirələrimin hər səhifəsində rast gəldiyim bu insanlara olan mənəvi borcumdur. Bu yerdə ulu Tanrımı, müqəddəs hesab etdiyim valideynlərimi, qardaşlarımı, bacımı, müəllimlərimi unutmadım. Onlarla yanaşı, məni müstəqil həyat yoluna çıxaran Böyük bir İnsana o qədər mənəvi borcum var ki, onu heç nə ilə ödəyə bilməyəcəyimi düşündüm. Söhbət görkəmli jurnalist, məşhur poliqrafçı-naşirlərimizdən biri olan rəhmətlik İsrafil Nəzərovdan gedir. Mənə hələ təhsil alarkən, tələbəykən havadarlıq etmiş bir insandan... O zaman jurnalistika şöbəsi Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil idi. Şöbənin tələbələri vaxtaşırı respublikanın mərkəzi qəzetlərinə təcrübəyə göndərilirdi. Bizim qrup da “Kommunist” qəzetinə göndərildi. Qəzetin baş redaktoru İsrafil Nəzərov idi. Elə bu zaman eyni binada yerləşən “Azərinform”un bir əməkdaşı – korrektoru Əsma xanım xəstələndiyindən idarənin şöbə müdiri rəhmətlik Cavanşir Şirinov İsrafil müəllimdən təcrübəyə gələn tələbələrdən birini kömək üçün “Azərinform”a göndərməyini xahiş etmiş, İsrafil müəllim də oraya işləmək üçün məni göndərmişdi. “Azərinform”da altı ay korrektor işlədim. Tələbə yoldaşım, yaxın rəfiqəm Zümrüd Bağırova İsrafil müəllimin katibəsi idi. Tez-tez bir mərtəbə yuxarı, onun yanına qalxar, bu zaman qəzetin poçtunu da götürməyi unutmazdım. İsrafil müəllim özünəməxsus cəldliklə, qəflətən kabinetindən çıxıb Zümrüdə bir tapşırıq verəndə, ondan nə isə bir söz soruşanda çox vaxt məni onun yanında görərdi. Belə anlarda o, bəzən ayaq saxlayar, hal-əhval tutar, işlərimizlə maraqlanar, sonra bizə jurnalist peşəsinin çətinliyindən, məsuliyyətindən danışar, bəzi mətbuat işçiləri barədə elə baməzə, maraqlı söhbətlər edərdi ki, gülməkdən özümüzü saxlaya bilməzdik. İndi də rəfiqəm Zümrüdün şaqraq, cingiltili gülüşləri qulaqlarımdadır.

Mən İsrafil müəllimlə ilk dəfə şəxsən burada tanış olmuşdum. Bir gün, yenə də İsrafil müəllimin əhvalının xoş vaxtında, söhbətimizin gedişindən təsirlənərək mən dövri mətbuatın azlığından (o zaman jurnalistika şöbəsində ancaq qəzetçi yetişdirirdilər, ayrı-ayrı ixtisaslar üzrə bölmələr yox idi) gileylənərək dedim ki, elə məhdud peşə seçmişik ki, institutu bitirəndə iş tapmayacağıq. İsrafil Nəzərov yəqin ki, məni ruh düşkünlüyündən çıxarmaq üçün dedi: “Qızım, narahat olma, əgər peşəni ürəkdən sevsən, münasib bir iş olanda, namizədliyini irəli sürərəm”. Sözsüz ki, mən bu söhbəti o qədər də ciddi qəbul etmədim. Düşündüm ki, ötəri verilmiş təsəllidir.

İllər ötdü... Universiteti bitirdim.1964-cü il idi. Təyinat veriləndə universitetin rektoru rəhmətlik akademik Şəfaət Mehdiyev kursu fərqlənmə diplomu ilə bitirən tələbələri öz kabinetinə dəvət edi. Dörd nəfər idik. O, əvvəlcə universiteti müvəffəqiyyətlə bitirdiyimiz üçün bizi təbrik etdi, sonra dedi: “Bu il yeni yaradılmış Dövlət Mətbuat Komitəsindən cəmi iki tələbnaməmiz var. Aranızda bir nəfər qız olduğu üçün, gəlin yerin birini ona verək”. Digər yer qrup nümayəndəmiz İbrahim İbrahimova verildi. Sonralar bildim ki, təyinat bölgüsü zamanı komitənin sədri İ.Nəzərov universitetə nümayəndə göndərib. Məhz bu səbəbə təyinatın biri mənə verilibmiş.

Çox xoşbəxt idim. İsrafil Nəzərov verdiyi sözü yerinə yetirmişdi. İlk aylar komitənin arxiv kitabxanasında işlədim, sonralar əlyazmalara nəzarət üçün “Azərnəşr”in kənd təsərrüfatı redaksiyasına nəzarətçi-redaktor təyin edildim. Dörd ilə yaxın bu sahədə çalışdım.

1967-ci ildə “Gənclik” nəşriyyatı yaradıldı. Mətbuat Komitəsinin kollegiya qərarı ilə məni bu nəşriyyata redaksiya müdiri təyin etdilər. Münasibətdə olduğum insanlara çox bağlandığım, işlədiyim və yaşadığım mühiti çox çətinliklə dəyişdiyim üçün doğrusu, bu təyinat o qədər də ürəyimdən olmadı. İclasdan sonra İsrafil müəllimə yanaşıb əvvəlcə göstərdiyi etimada görə təşəkkür etdim, sonra narahatlığımı bildirdim: “Mən iş yerimdən narazı deyildim, üzüm-gözüm buradakı insanlara öyrəşib. İndi bilmirəm gedib kimlərlə işləyəcəm, orada axı heç kimi tanımıram”.

– Qızım, – dedi, – bu idarə sənin kimi cavanların yeri deyil, burada təqaüdçülər də işləyə bilər. Sənin gələcəyin var, işlə, öz üzərində çalış. Çox çətinliklə yeni nəşriyyat yaratmışıq, oranı dirçəltmək lazımdır. Uşaq ədəbiyyatına böyük ehtiyacımız var. Bu nəşriyyat, əslində “Uşaqgəncnəşr” adı ilə 1938-ci ildən fəaliyyətdə olub. Gözəl naşirlərimizin zəhməti vardı orda. Sonradan bəzi nalayiq adamlar toplaşıb oranın ab-havasını dəyişdilər... dözülməz oldu və nəticədə nəşriyyatı bağlamalı oldular. Uşaq ədəbiyyatına böyük zərbə oldu bu. Mən bütün bunların şahidi olmuşam, indi də istəmirəm ki, köhnə kadrlar toplaşıb yenə də belə mühit yaradalar. Gəncləri bu işə cəlb etmək fikrindəyəm. İndi respublikada, təxminən milyondan çox uşaq, 9800 kitabxana var. Təkcə bunları təmin etmək üçün bilirsənmi, nə qədər uşaq kitabı lazımdır? Buna görə nəşriyyat var gücü ilə işləməli, uşaqlar üçün yazan müəllifləri cəlb etməli, hər yaş dövrünə müvafiq kitablar nəşr etməlidir. Səndə o potensialı görürəm. İstəyirəm ki, bu işdə bizə kömək edəsən. Mən məsləhət bilmişəm sənin bu nəşriyyata təyinatını. Get, nə qədər ki gəncsən, enerjilisən yaradıcı işlərlə məşğul ol.

Bu sözlərin qarşılığında heç nə deyə bilmədim. Bu minvalla 1967-ci ildən, ta 1993-cü ilə qədər – düz 26 il “Gənclik” nəşriyyatında işlədim. Yüzlərlə orijinal və tərcümə olunmuş uşaq kitabının redaktoru oldum. Bir sıra uşaq kitabını rus dilindən dilimizə çevirdim. Bir çox kitabların tərtibçisi, respublikada böyük hadisəyə çevrilmiş əlli cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası” seriyasından 13 cildin redaktoru oldum. Fəxr edirəm ki, bu böyük, şərəfli işdə mənim də əməyim var.

İ.Nəzərovun mənə ayırdığı diqqət və qayğını həmişə hiss etmişəm.

Jurnalistlər ittifaqına daxil olmağım da İsrafil müəllimin tövsiyəsilə olub. 1966-cı ildə Moskvaya Beynəlxalq Əlaqələr İnstitutuna respublikadan iki nəfər təhsil almağa göndərilməli idi. Oraya da İsrafil müəllim məni məsləhət görmüşdü. Hətta o zaman KP MK-nın ideoloji şöbəsinin müdiri rəhmətlik Teymur Əliyev (Elçin) bu təyinatla əlaqədar məni və “Sovet kəndi” qəzetindən bir nəfəri söhbətə çağırmışdı. Sonra nədənsə, bu məsələ təxirə salındı.

Respublikamız çox keşməkeşli bir həyat yolu keçərək çətinliklə müstəqillik əldə etdiyi dövrdə maliyyə böhranı bütün başqa nəşriyyatlar kimi “Gənclik” nəşriyyatını da çökdürdü. Kitab çapı və satışı dayandı, nəşriyyatın fondu tükəndi. İdarəni saxlamaq üçün sifarişli ədəbiyyata üstünlük verildi. Əməkdaşlar kitabını çap etdirmək istəyən müəllif axtarışına çıxdılar. Bu da uğur gətirmədi, çünki imkanlı müəlliflərin aşağı səviyyəli kitabları satılmırdı.Beləliklə, nəşriyyatlar arasında ad-san qazanmış, gözəl ənənələri olan, bütüngöstəricilərilə (həm ad, həm say, həm də tiraji ilə) fərqlənən, dəfələrlə İttifaqdan keçici bayraqlarla mükafatlandırılmış bir nəşriyyat iflasa uğradı. İdarə böyük ixtisarlara əl atmağa məcbur oldu. Əməkdaşlar işsiz qaldı.

Belə bir zamanda Təhsil Nazirliyinin mətbəəsinin nəzdində yeni nəşriyyat – “Öyrətmən” yarandı. Bir neçə başqa nəşriyyat işçiləri ilə yanaşı məni də buraya işləməyə dəvət etdilər. Yaxşı deyilmiş kəlamdır: “Bir yandan bağlayan Allah bir yandan açar”. Yeni yaranmış nəşriyyatda bir çox çətinliklərlə, problemlərlə üzləşdim. Bu iş çox məsuliyyətli, həm də şərəfli bir iş idi. Axı respublikada ilk dəfə milli dərsliklərimiz yaranırdı. Bununla əlaqədar çox problemlərlə üzbəüz qalmışdıq. Yeni dərsliklərin yazılması, onların çapa hazırlanması və s. və ilaxır. İş nə qədər ağır olsa da, bunları təbii qəbul etdim. Çünki arxamda nəşriyyatın məsuliyyətini boynuna götürən, bu sahədəki problemləri cəsarətlə, operativ şəkildə aradan qaldırmağı bacaran çox enerjili, tələbkar, həm də nikbin əhvali-ruhiyyəli bir rəhbər, təşkilatçı direktor – Bəhruz Axundov dayanmışdı... Yenə də yeni idarə, yeni kollektiv. Yeni məkan və xarakterlər. Nəşriyyatın köhnə, çox zəif texniki təchizatlı bir mətbəəsi var idi. Ona görə də tez-tez kitablarını başqa yerlərdə çap etmək məcburiyyətində qalırdı. Demək olar ki, hər şeyi sıfırdan başlamışdıq. Həyəcan keçirirdim, buranın yetişib əsl nəşriyyat olacağına ümidim az idi. Bir yandan da hər dəfə keçmiş həmkarlarımla görüşəndə: “İş yerini nahaq dəyişdin”, – demələri məni üzürdü.

İndi aradan iyirmi il ötüb. Həyəcanlı günlər arxada qalıb. Hələ də bu nəşriyyatın əməkdaşıyam. İşlədiyim “Təhsil” nəşriyyatı indi respublikamızda ən öndə gedən, bir çox naşirlərin həsəd apardığı bir müəssisədir. Ən müasir texniki avadanlığı var. Gözəl, nəfis dərsliklər, müxtəlif növ tədris ədəbiyyatı, uşaq ədəbiyyatı, hər çeşiddən olan, müxtəlif sahələri əhatə edən kitablar nəşr edir. Onun çap məhsulları nəinki respublikamızda, hətta xarici ölkələrdə keçirilən Beynəlxalq Kitab Sərgilərində nümayiş etdirilir. Böyük mükafatlara, sertifikatlara layiq görülür.

Bu gün, belə yaşlı vaxtımda da yenə mənim xeyirxahım var. Naşirlik sənətində həmişə axtarışda olan, həssas, olduqca diqqətcil, çox sadə bir insan olan “Təhsil nəşriyyat-poliqrafiya” müəssisəsinin baş direktoru – Bəhruz Axundov. Nəşriyyatda mənə göstərilən qayğı və ehtirama görədir ki, hələ də bu kollektivdə işləyirəm. Belə insanlara həmişə özümü borclu bilmişəm.Bu elə borcdur ki, onu heç nə ilə ödəmək olmur.

Nəşriyyatın kollektivi böyükdür, burada yüzdən artıq işçi çalışır. İndiki dövrdə belə böyük kollektivin yükünü götürmək, müəssisənin bütün problemlərinin həllini tapmaq və onların öhdəsindən müvəffəqiyyətlə gəlmək, açığını deyim, hər oğulun işi deyil. Bu, ancaq bacarıqlı, işini bilən, uzaqgörən, cəsarətli bir insanın hünəridir.

Nəşriyyat sistemində işlədiyim əlli ildə üzləşdiyim bir məsələ məni düşündürür. Necə ola bilər ki, bu illər ərzində üç idarədə (Dövlət Mətbuat Komitəsi, “Gənclik” və “Təhsil”) işləyəsən və bunların hamısı da yenicə təsis edilsin. Hər dəfə sıfırdan başlamaq, hər dəfə yenidən yaratmaq və yaşamaq. Maraqlı deyilmi?! Bu yerdə taleyə, qismətə necə inanmayasan? Taleyimdən, Allahın mənə verdiyi qismətdən çox razıyam. Düşünürəm və bu qənaətə gəlirəm: “Deməli, Tanrının sevdiyi bəndələrindənəm ki, həmişə bərkə düşəndə köməyimə yetişib”. “Əmi-dayı” axtarışından məni xilas edib. Əvəzində urcahıma gözəl insanlar çıxarıb. Əsl insanlar. Gəncliyimdə məni adlı-sanlı, peşəkar jurnalist, nüfuzlu poliqrafçı, respublikanın çox məsuliyyətli ictimai-siyasi ədəbiyyat tərcüməçilərindən biri olan rəhmətlik İsrafil Nəzərov kimi xeyirxah bir insanla rastlaşdırıb. Axı, hər gəncə belə dayaq duran olmur. Olursa da, təmənna ilə, ən azı minnət-xahiş ilə və s. Mən o insanda bunların heç birini hiss etmədim. Hesab edirəm ki, bu gün də onun çörəyini yeyirəm və hər an ona rəhmət diləyirəm. Min rəhmət ona! Həmişə – bu dünyada da, haqq dünyasında da mən özümü ona mənəvi borclü hesab edəcəyəm.

 





10.02.2013    çap et  çap et