525.Az

Ağsaqqallıq səlahiyyəti


 

Ağsaqqallıq səlahiyyəti<b style="color:red"></b>

Nüsrət Rza oğlu Sadıqov 1936-cı ildə Qarabağın qədim oymaqlarından sayılan Cəbrayılda anadan olub.

Özünün dediyinə görə, doğulduğu ildə atasını itirdiyi üçün uşaqlığı çətinlik içərisində keçib. Lakin son dərəcə tələbkar və qayğıkeş insan olan anası Tulu xanımın himayəsində yüksək tərbiyə alıb, böyüyüb boya-başa çatıb. O, bu səbəbdən də yaşıdlarından fərqlənib, məktəbdə nümunəvi şagird kimi tanınıb.

N.Sadıqov orta məktəbi müvəffəqiyyətlə başa vurduqdan sonra əmək fəaliyyətinə başlayıb. Bir müddət rayonda sıravi işlərdə çalışıb, ailəsinə köməklik göstərib. Ancaq ali təhsil almaq istəyi onu rahat buraxmayıb. Bu istəklə də 1959-1965-ci illərdə Azərbaycan Dövlət Universisetinin Jurnalistika fakültəsində təhsil alıb.

İstedadlı gənc 1954-cü ildən 1976-cı ilədək Cəbrayıl rayon komsomol və partiya komitələrində təlimatçı, şöbə müdiri və katib vəzifələrində çalışıb.

O, 1965-1967-ci illərdə Bakı Ali Partiya Məktəbini də bitirib. Sonralar adıçəkilən bölgənin təsərrüfat və dövlət orqanlarında rəhbər vəzifələrə irəli çəkilib, sovxoz direktoru, kolxoz sədri, idarə rəisi, baş mütəxəssis kimi fəaliyyət göstərib.

N.Sadıqov həmin illərdə özünü bacarıqlı səriştəli rəhbər, mütəxəssis kimi təsdiqləyib, Cəbrayıl rayonunun iqtisadiyyatının, sosial həyatının inkişafında layiqincə iştirak edib. Bu səbəbdən də əhali arasında dərin hörmət və nüfuz sahibi kimi sayılıb- seçilib. Onun əməyi dövlət tərəfindən daim yüksək dəyərləndirilib.

Nüsrət müəllim  iki övlad böyüdüb, boya-başa çatdırıb, ali təhsil verib, ev-eşik sahibi edib. Övladları atalarının adını bu gün layiqincə doğruldurlar.

Cəbrayıl rayonu 1993-cü ildə erməni işğalına məruz qalanda Nüsrət müəllim doğma yurdundan didərgin düşüb. Həmin il ailəsi ilə birlikdə Ağcabədi rayonuna pənah gətirib.Nüsrət müəllim burada yerli əhali tərəfindən qayğı ilə əhatə olunub, mənzil və işlə tımin edilib. Odur ki, həmişə ağcabədililərdən razılıq edir. O, əvvəlcə adıçəkilən rayon suvarma sistemləri idarəsində mühəndis, sonralar isə Ağcabədi Pedaqoji Kollecində müəllim işləyib.

N.Sadıqov Ağcabədidə də bacarıq və qabiliyyət nümayiş etdirib, layiqli insan, ziyalı,ağsaqqal kimi tanınıb. O yaş həddi ilə əlaqədar 2005-ci ildən təqaüdə çıxıb. Hazırda 80 yaşlı əmək və partiya veteranı sözügedən rayonda yeni salınmış "Beşmərtəbələr" adlı köçkün qəsəbəsində yaşayır. Qəsəbə sakinləri nüfuz və bacarığını nəzərə alaraq onu özlərinə ağsaqqal seçiblər. Nüsrət müəllim sözügedən qəsəbədə ağsaqqallar şurasının sədri kimi geniş ictimai iş aparır. Yaşının çox olmasına baxmayaraq, yorulmaq bilmir, sakinlərin, xüsusilə gənclərin problemləri ilə maraqlanır, onların həllinə dəstək verir.

Təsadüfi deyil ki, Nüsrət müəllimi tez-tez el şənliklərində, bayram tədbirlərində,yığıncaqlarda, xeyir-şər məclislərində görmək olar. Ağsaqqal idman etməyi də unutmur, uşaqlıqdan vərdiş etdiyi idman təmrinlərini müntəzəm yerinə yetirir. Dövlətə, dövlətçiliyə sədaqətli olan N.Sadıqov ölkə başçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti ürəkdən bəyənir və dəstəkləyir. O, son illər respublikamızda aparılan abadlıq və quruculuq işlərindən böyük qürur və fərəh hissi ilə danışır. Nüfuzlu ağsaqqal ölkə vətəndaşlarına, məcburi köçkünlərə göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm prezidentə öz minnətdarlığını və təşəkkürünü bildirir. N.Sadıqov Miilli Ordumuzun son qələbələrindən ruhlanıb, böyük iftixar hissi  keçirir. O, möhkəm əmindir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni işğalında olan digər torpaqlarımız da tezliklə azad ediləcək, bütün köçkünlər kimi cəbrayıllılar da doğma el-obalarına geri dönəcəklər.

 





14.04.2016    çap et  çap et