525.Az

Göz yaşının çəkisi - Rəşad Məcidin "Bir də gəlməyəcək..." şeirlər kitabı üzərinə


 

Göz yaşının çəkisi - <b style="color:red">Rəşad Məcidin "Bir də gəlməyəcək..." şeirlər kitabı üzərinə</b>

Artıq xeyli vaxtdır ki, ədəbi prosesdə (həm də ictimai mühitdə!) bir Rəşad Məcid faktoru dolaşır; mən yalnız onun Yazıçılar Birliyindəki gənclərlə bağlı işini, "525-ci qəzet"in redaktoru kimi ədəbi mühitdəki çoxşaxəli fəaliyyətini, yaxud bir ziyalı olaraq cəmiyyətdə getdikcə daha çox formalaşan vətəndaş mövqeyini nəzərdə tutmuram, həm də nəsr, poeziya, publisistika sahəsindəki ədəbi mühiti məşğul edən orijinal hekayələrini, şeirlərini, publisistik məqalələrini nəzərdə tuturam.

Yüzilliyin əvvəllərində "10 sentyabr" hekayəsilə diqqəti bütünlüklə öz üzərinə yönəldən Rəşad Məcid bu dəfə "Bir də gəlməyəcək..." (Bakı, "Təhsil", 2015, 512 s.) şeirlər kitabıyla poeziyadakı yolunu və rolunu bəlirlədi. İndi o, apardığı funksional işi, yazıları, əsərləri, şəxsiyyətilə cəmiyyəti daha çox məşğul edir; oxucuları həyata, hadisələrə onun gözü ilə baxır, obrazları ilə yaşayır, düşüncələrini paylaşır, bir sözlə daxili aləminə nüfuz edir.  İndi ədəbi proses Rəşad Məcid və onun əsərləri haqqında daha artıq danışır, yazır, hətta mən deyərdim ki, onun yaradıcılığı akademik tədqiqat orbitinin daimi sakininə çevrilməkdədir.

Akademik İsa Həbibbəylinin "Bütün yönləri ilə yaradıcı" monoqrafik tədqiqatından  sonra isə onun haqqında artıq ədəbiyyatşünaslıq ciddi şəkildə (və çox haqlı olaraq!) məşğul olmaya başlayıb, bu isə şairin, yazıçının, publisistin təkamül yolunun yeni bir mərhələyə çatmasından xəbər verir. "Bir də gəlməyəcək..." poetik toplusunun akademik İsa Həbibbəylinin məlum tədqiqat-monoqrafiyası ilə başlamasının özünün də yəqin ki, müəyyən simvolik mənası vardır. Bu məna ondan ibarətdir ki: "Rəşad Məcidin çoxcəhətli yaradıcılıq fəaliyyəti dərin, əsaslı və geniş tədqiqatlar üçün zəngin material verir. Xüsusən onun demək olar ki, ədəbiyyatşünaslıq elminin diqqətindən kənarda qalmış lirikası bir şair olaraq Rəşad Məcidin şeir yaradıcılığı haqqında konkret, sistemli və ümumiləşmiş elmi söz demək üçün meydan açır. Nəhayət, Rəşad Məcidin şeir yaradıcılığı müstəqillik ərəfəsinin və yeni dövrün Azərbaycan poeziyasındakı inkişaf proseslərini izləmək, təhlil etmək, nəticələr çıxarmaq baxımından da əhəmiyyətlidir". 
 
Rəşad Məcid poeziyasının əhəmiyyətliliyi, hər şeydən əvvəl, onun özümlülüyündədir; olsun ki, bəzən bunu gəlişigözəl söz kimi işlədirlər, ancaq bu epitet hər hansı bir yaradıcının əsərlərilə ilə bağlı işlənərkən onun yaradıcılığının mahiyyətini ifadə edir. Bu elə bir xüsusiyyətdir ki, ondan qaçmaq olmaz, o şairin özüdür, varlığıdır, üslubudur. Yaradıcılığını səciyyəvi edən cəhət isə onu poetik məkanda tanıdan, yaradıcılığını irəli aparan orijinal üslubunun, poetik kimliyinin, şair dünyasının olmasıdır, bu dünyanın zənginliyidir, daxili aləminin bütün dərinliyinə qədər açılması, heç kimə bənzəməyən fərdi koloritinin formalaşmasıdır, poetik düşüncəsini hay-küysüz, sakit, səssiz-səmirsiz (şairin öz təbiəti kimi!) ifadə etməsidir. Onun şeirlərində ənənəvi poeziyada olduğu kimi, qüdrətli fikir, qanadlı təsvir və ifadə vasitələrinə rast gəlmək olmaz, sadə, səmimi poetik mətnlərdə fikir və məzmun bir-birini tamamlayır, bəlkə də onu çağdaşlarından fərqləndirən də elə budur. Şair qələmə aldığı hadisəyə, poetik detala çoxunun görmədiyi tamamilə yeni yöndən (və yenilikçi pəncərədən!) baxır, onu son dərəcə sadəliklə, aydınlıqla təsvir etməyə çalışır. Bu orijinal və poetik yanaşma şairin şeirlərini bir qədər də canlı edir, ona yeni ruh və qan verir. Yəqin ki, bayrağımıza yazılan şeirlərin sayı-hesabı yoxdur, ancaq bayrağın əzəmətini, bizim hər birimiz üçün hansı mahiyyət daşıdığını təsvir edən, o duyğunu yaşadan şeirlər o qədər də çox deyil. R.Məcidin "Bayrağım" şeirində onu hər şeydən uca tutan, uğrunda hər şeyə getməyə hazır olan bir təşnə, vətəndaş ürəyi və cəsarəti var; şair bu duyğuları elə bayrağın dalğalanma ahəngi ilə verərək obrazını yaradır. "Ən çətin günlərində" qoruyan, "beyninə həkk" edib, "ürəyinə sarıyan", "Aya baxıb" xatırlayan, "ulduzunu sevən", "üç rənginə" öyrənən şair məni "bir gün başının üstünə qaldırdığı" bu bayrağı gələcəyə aparacağını əminliklə ifadə edir:

Sənə təşnəyəm, acam-
əlim-qolum yorulsa,
dişimlə saxlayacam.
Gücü çatmaz
daha nəsə tərpədə,
           kimsə əyə...
Dalğalan,
əs,
açıl yelkən kimi
gedək gələcəyə!


R.Məcidin "Bir də gəlməyəcək..." kitabında yaradıcılığının ilk mərhələsindən bugünə qədərki şeirləri müxtəlif adlar altında toplanıb. Kitabda şairin yaradıcılığının bütün mərhələləri əhatə olunub. Belədə şairin yaradıcılıq yolunu izləmək, poetik inkişaf dinamikasını təhlil etmək asan olur. Adətən dünəndən bugünə gələn poetik inkişaf yolunu topluda bugündən dünənə istiqamətində izləməli oluruq. Kitabdakı başqa bir orijnallıq şeirlərin "Tanrının bəxşişi", "Yenə də bahar qayıdır", "Martın biri", "Babalarım torpaq olub", "Mən əlini buraxmazdım" kimi qruplara bölünməsi və bu bölümlərin roman, dastan, hekayə adlanmasıdır. Lakin bu terminlər heç də özünün müstəqim mənasında səslənmir, şairin yaradıcılıq dünyasını açmaq üçün orijinal bir vasitə olur.  Rəşad Məcidin şeirlərində hər şey (mövzu, üslub, ritm, obraz, ifadə vasitələri və s.) yenidir; deyilən fikirləri, hissləri, düşüncələri sanki ilk dəfə dinləyirsən, bunlar səni yeni bir aləmə aparır. Bu aləm R.Məcidin yaratdığı (və yaşadığı!) dünyadır, ancaq elə bir həyatdır ki, oxucunu da maraqlandırır, məşğul edir. Fikrini ifadə edərkən şair üçün hansı forma, biçim əsas deyil, əsas odur ki, şair forma ilə fikri bir-birinə çox yaxşı bağlaya bilir, forma fikir və ideya ilə birgə oxucunu da özü ilə aparır. Bu zaman şair bədii vasitələrdən sənətkarlıqla istifadə edir. "Kimsən?" şeirində olduğu kimi:

Sən kimsən, hardan gəlmisən,
İblismisən, mələkmisən?
Dediyin nə, etdiyin nə,
Doğrumusan, kələkmisən?

... Kim sənə şübhə eləyər,
Kim sənə yanakı baxar?
Bu duruluq, bu saflığa,
Kim səhv edib qara yaxar?


Rəşad Məcidin poetik məkanının bütün sakinləri (obrazları, düşüncələri, poetik dili, ifadə tərzi, hisslərin təsviri və s.) son dərəcə yenidir, orijinaldır. Onun şeirləri qısadır, gərəksiz yerə uzadılmır, burada yad cisimlər olmadığı kimi, su qarışığı da yoxdur, hər şey sanki bir anda başlayıb bitir. Burada heç nə oxucu üçün qaranlıq qalmır, çünki fikir və hissiyyat aydın dillə izah edilir. Bu şeirlərdə rasionallıqla, tərcrübəylə hisslərin bədii ifadəsi birgə çıxış edir. Bir qədər də dəqiqləşdirsək, Rəşad Məcidin sevgi şeirlərində həyatiliklə yanaşı romantik ideal bir-birinə qarışır. Şair oxucusunu sanki hisslərin oyununa, labirintinə salır, indiyədək lirik qəhrəman üçün məlum olmayan  sevgi oyununa. Lakin şair bu hisslərin oyunundan məhz hissiyyatın dili ilə çıxmağı bacarır. Ümumiyyətlə, Rəşad Məcidin şeirlərində bir hissiyyat dili qullanılır, o hissiyyatın dilini yaxşı bildiyi kimi, onunla necə rəftar etməyi də bacarır:
 
Əllərim, barmaqlarım
uzanır, uzanır,
girir torpağın altına.
Mən sənsiz darıxanda
Min il əvvəlki
sümüklərim sızıldayır. 
 
Rəşad Məcidin poeziyası safdır, təmizdir ("aydan arı, sudan duru" ifadəsi sanki onun üçün deyilib!), burada qaranlıq, tutqun heç nə yoxdur, fikrini çox rahat ifadə edir: "Yaddaşımda nə qalıb ki, Sirli küləkdən savayı.
 
Sinəmin altında nə var, Təşnə ürəkdən savayı"-deyərkən fikirlə, hisslə ritm bir-birini tamamlayır. O, şeirlərinə sehr, ovsun qatmağa çalışmır, onun şeirlərindəki poetik düşüncənin özü oxucunu ovsunlayır, onu öz etkisi altında saxlayır. Onda fikir və hiss xalis poeziyanın malına çevrilə bilir. Onun şeirlərində bir ovqat da var, lakin buna  ovqat poeziyası da demək olmaz. Yaşadığı duyğuların nəbzinin döyüntüsünü dərinliklərdən çıxararaq külçə şəklində oxucuya təqdim edir. "Qalın qarı tapdalamaq..." şeirində həm ovqat, həm sevən bir ürəyin nəbzinin döyüntüsünün həyat hekayəsini bütün realizmi ilə görmək mümkündür. Uzaq bir məsafədə sevgisi (və sevgilisi!) üçün darıxdığını ifadə edən şair saf məhəbbətinə qarşı təmizdir, safdır, şairin lirik məni Vaşinqtonda Onun üçün darıxır, lakin "nəfəsinə dolan", "ürəyinə çökən" soyuq havanın onu düşdüyü çətin durumdan çıxarması romantik əhvali-ruhiyyənin realizmlə əvəz olunmasına imkan verir:

Sənlə yazışmadan sonra
Vaşinqtonda gecə 4-də
Qəfil yağan qalın qarı tapdalamaq
Beş siqaret əvəzidi!
Hirsim sakitcə xışıldayır
ayaqqabımın altında,
Qəzəbim sürüşüb yumşaq
                qar çalasına düşür,
Ehtirasımı üzümdən
                         lopa-lopa qar yuyub aparır,
Soyuq hava nəfəsimə dolub
                  ürəyimə çəkür-
                  Darıxmağım keçir.

Çağdaş şairlərin çoxu göyüzündən yazdığı (və göyüzündə dolaşdığı!) halda, R.Məcid yer üzündə gəzir. Onun şeirlərinin məkanı yer üzü, yer üzünün insanları, hadisələridir; ancaq bu hadisələr və insan düşüncələri bizə yeni kimi təqdim olunur, sanki bu insanlarla, onların yaşadıqları ilə ilk dəfə qarşılaşırıq. Şairin təsvir etdiyi obrazların da məkanı yer üzüdür, bu insanların daxili, ruhu aləmi poetik yaddaşımızda daimi məskən salır. O, "Göz yaşı" şeirində dərdə, kədərə görə axan göz yaşının obrazını yaradır, göz yaşının anatomiyasını kəşf edir.  "Hər itkinin, hər dərdin, Hər adamın, hər yaxının çəkisinə uyğun göz yaşı var bədəndə!" deyərkən sanki göz yaşının fiziki çəkisini, ağırlığını ölçməyə çalışır. Bir qədər sonra isə itkidən "iki damla yaşla", "bir hönkürtüylə", "bir saat", "bir gün" çıxanları deməklə onun məkana, yerə görə çeşidlərini bəlirləyir. Elə itkilər də olur ki, "bir həftə ağlayasan sərasər" poetik qənaətləri hər hansı bir fikrin nəzəri başlanğıcı kimi qəbul etmək olur. Məlum olur ki, şair (lirik mən) 90-da gənc dostunun ölümünə bir gün, 91-də Aydının ölümünə bir saat, 92-də doğma şəhərinin itkisinə üç gün ağlayıb, elə itkilər olub heç ağlamayıb, elə itkilər də olub ki, heç gözünü qırpmayıb. Şairin məqsədi heç də həyatındakı (və həyatımızdakı) ən ağır günlərin, anların kədərilə oxucunu yükləmək deyil, bu itkilər zamanı yaşadığımız poetik duyğularını ifadə etməkdir, göz yaşının çəkisini təsvir etməkdir:
 
Bəs, bu nə dərddi, ilahi,
40 gündü ki, sellənən göz yaşım
hüceyrələrimdən, iliklərimdən
qopqrq bilməyib,
bir qətrəsini, bir tikəsini də.
Bu nə sirdi, ilahi? 


Orijinallıq, yenilik Rəşad Məcidin poeziyasında yalnız duyğuların yeni ifadəsində, bədii təsvir və ifadə vasitələrində deyil, həm də şeirlərinin formasındadır. "Bir də gəlməyəcək..." kitabına toplanan şeirlərin hər biri özünün forması, poetik biçimi ilə seçilir, bir-birini təkrarlamır. Belə demək mümkünsə, heç şairin özü də öz şeirlərinin formasından istifadə etməyə çalışmır, istehsalatdakı təkrar emal sanki poeziyada da öz effektivliyini itirmiş olur. Bu mənada Rəşad Məcidin şeirləri həm şeirin forması, həm də daxili, akustik ritmilə bir-birindən olduqca fərqlənir. Belə yerdə bəzən onun şeirlərinin hansı biçimdə yazıldığını müəyyənləşdirmək də çətin olur. Bizə elə gəlir ki, R.Məcidin şeirlərində forma və biçimlər bir-birinin içinə girmişdir, hətta mən deyərdim, bu şeirlər poeziyamızda yeni formanın, ritmin yaranmasına gətirib çıxarır. O, şeirlərində qoşma və gəraylılara yeni bir həyat qazandırır, fikir və ideya formanın içində itib batmır, heca ilə sərbəstin qarışığında çox rahatlıqla gəzib dolaşır: 

İlahi, mən nələr yazmışam, nələr,
İlahi, mən gedib hara çıxmışam?
Adlayıb yarğanlar, keçib meşələr,
Gedib meşələrdən yerə baxmışam.

Susuz səhralardan piyada keçib,
Halsız sürünmüşəm hey dizin-dizin.
Neçə gün ağlayıb, qanımı içib,
Səthində qalmışam dibsiz dənizin.

Məni bu dəhşətdən kim adladıb, kim,
Mən onun quluyam, həm köləsiyəm.
Məni əzablardan qurtaran sevgim,
Mən sənin uğrunda döyüşəsiyəm.


Şeirin forması, strukturu nə qədər yenidirsə, məzmununda da o qədər yenilikçi düşüncə, həyat var, bu həyatda həqiqət var, yaşanmış, lakin hələ indiyə qədər deyilməmiş hisslər, duyğular, fikirlər var. Həyatı təsvirində poetik yalan yoxdur, yəni həyatı bəzəmir, bəzəksiz-düzəksiz təsvir edir, şeirlərinin çoxunun məzmununda insanın həyatla, zamanla, anla təmasları dayanır. Hər bir şairin yaradıcılıq fəlsəfəsi vardır; R.Məcid şeirlərinin fəlsəfəsində isə həyat durur. R.Məcid həyata və həqiqətə heyrətamiz dərəcədə sadiqdir. İndi poeziyada bu keyfiyyət əl-əl axtarılır, çox çətin tapılır. Rəşad Məcidin poeziyası isə başdan-başa həyatla bağlıdır; ona görə də bu şeirləri həyatın adilikləri haqqında qeyri-adi poetik hisslər, fikirlər, düşüncələr seli adlandırmaq daha doğru olar. Bu düşüncələr seli zaman-zaman öz oxucusunun qəlbinə yol tapacaq, burada həmişəlik yuva qurub poetik dünyasına hakim olacaq...

"Ədəbiyyat qəzeti"
16.04.2016

 





18.04.2016    çap et  çap et