525.Az

Bir durnanı vurdular...


 

ƏZİZ QƏLƏM DOSTUM İMDAT AVŞARA

Bir durnanı vurdular...<b style="color:red"></b>

 

Keçən ilin payızında şairlər Vətəni Koktebeldə olarkən məşhur rus şairəsi Marina Svetayevanın həyatı və yaradıcılığı haqda çox dəyərli məlumatlar əldə etmişdim. Hələ gəncliyində Koktebeldə istirahət etdiyi zaman dostlaşdığı, dövrünün sevilən və sayılan şəxslərindən olan Maksimilian Voloşin, eləcə də onun vasitəsilə tanış olduğu Efronlar, Mandelştam və başqalarının Svetayevanın bir şairə kimi inkişaf etməsində neçə böyük rol oynamaları tarixə məlumdur.

Bu eləcə də başqa yaradıcı insanlara şamil edilə bilər.

Ümumiyyətlə, fikir vermişəm ki, hər yerdə olduğu kimi ədəbiyyat dünyasında da insan tək qala bilməz, onu mütləq dostları, qələm yoldaşları, sözü və fikri bir olan həmkarları əhatə etməlidir. Əks halda insanın istedadı nə qədər güclü olur olsun, bir şamın küləyə davam gətirə bilməyəcəyi kimi, yavaş-yavaş sönüb gedər. Şəxsiyyəti əhatə edən mühitin onun yaradıcılığına və gələcəyinə təsiri çox böyükdür. Mənim də bir şairə kimi yaradıcılığıma, şeirlərimin məzmununa və dolğunluğuna təsir edəcək insanlar az deyil. Belə insanlardan biri də, Türkiyədə yaşayan şair, yazıçı, tərcüməçi və publisist dostum İmdat Avşardır.

Bəzən iki insanın bir-birini tanımasına şərait özü, bəzən isə üçüncü bir şəxs vəsilə olur. İlk öncə gözəl bir yazar kimi adını eşitdiyim və internet səhifələrindən hekayələrini oxuduğum, sonradan isə gözəl insan və səmimi bir dost kimi qəlbimdə özünəməxsus yer alan İmdat Avşarla tanışlığım həm şəraitin, həm də sevimli şairimiz Məmməd İsmayılın vəsiləsilə olmuşdu.

İmdat Avşar! İnsanların adlarına çəkdiyi həm elmə, həm də elə topluma yaxşı məlumdur. Bu mənada uzaqdan uzağa da olsa öyrənəcəkdim ki, ruhuna ad və qanad verən “imdat” kəlməsi başdan başa İmdat bəyin xarakterinə də aiddir.

Tale deyilən güc, əlinə qələm aldığı gündən bu yana Anadolunun Azərbaycan ətri gələn bölgələrində çalışan İmdat bəyi Azərbaycan aurasına salmış və ona Anadolu azərilərinin ağrılı-acılı taleyinə tərcüman olmaq vəzifəsini yükləmişdir. Belə də olmalıydı yəqin ki! Avşar soyadını boşuna daşımırdı ki! Azərbaycan türklərinin millət kimi təşəkkülündə “Avşar” türklərinin nə qədər rol oynadığını bilməyən yoxdur.

Beləcə adından  və soyadından gələn bir  qan bağı onu Anadolu və Azərbaycan türklüyü arasında bir körpüyə çevirmişdir. Bu günə qədər Azərbaycan ədəbiyyatından Anadolu türkcəsinə axtardığı saysız-hesabsız ədəbi nümunələr dediyimizin birbaşa sübutudur. Burada bəlkə bir az da üzülərək söyləyirəm ki, Qarabağ, Xocalı dərdini ədəbiyyata bu qədər dipdiri canlandıran əsərləri Azərbaycan ədiblərinin əsərlərində elə də görmürük. Sadəcə coğrafi məkan olaraq deyil, həm də bu dərdin yaratdığı faciə dalğasının dünyaya (xüsusilə Anadoluya) yayılmış faciəsini onun qədər tükürpərdici bir anlayışla ədəbiyyata gətirən ikinci bir qələm sahibi tanımıram, nə Anadoluda, nə də Azərbaycanda!

“Qarabağ qaçqınları” hekayəsinin yanağa yox, ürəyə axan göz yaşlarıyla yazıldığına kimsədə şübhə qalmaz, bəlkə buna görə daşdan belə göz yaşı çıxaracaq bir əsərdir bu!

Ata-baba  torpaqlarından ayrılıb bir parça çörək arxasınca qardaş qürbətə sığınan təkqollu, əlacsız musiqiçi atanın, özündən neçə yaş böyüyə ərə getməyə məcburi razı olan bir qızın, qəriblik ehtiyacı ucbatından bacarmadığı işdən yapışan və bu səbəblə də faciəvi şəkildə dünyasını dəyişən bir dəliqanlının hekayəsi! “...Ayaqqabılarının biri siyah, biri qəhvə rəngindəydi, xəstəxanada fərq etdim. Boynunda siyah iplə bağlanmış bir muska vardı. Əlləri, üzü, üst-başı, kömür qarası...”(“Qarabağ qaçqınları”ndan)

İmdat bəy gözəl ürəyə və incə ruha malik bir insandır. Bunu onun yazılarından hiss etməmək mümkün deyil. İnsanların bərabərliyi, pisin yaxşıya, zalımın zəifə zülmünün, ədalətsizliyin və haqsızlığın sonsuz bir fəryadla qabarması İmdat Avşar əsərlərinin ağrılı məqamlarındandır. Onun, Türkiyənin məşhur və sevilən şairlərindən biri olan Ali Akbaşa ithaf etdiyi “Bahri usta” hekayəsində belə bir epizod var: kəndin ağası gənc aşığı onun atasının gözü qarşısında döyür, lakin kimsə buna əngəl ola bilmir. Sadəcə məzəmmətedici nəzərlər və yanıb kül olan ürəklər... Və aşıq yanıqlı bir nəğmə oxuyur və bu yanıqlı səs sanki göy üzünə yayılır:

 

“Bir yaratmış Allah tüm insanları

Ayrılık insanın sözünden olur.

Ayrı görme gel şu insanoğlunu

Her niyet kişinin özünden olur... “

 

İmdat Avşarın “Soyuq röya” hekayələr kitabınına toplanan əsərləri oxuduqca isə həqiqətən də həyati təsvirlərin gur işığında adamı soyuq tər basır. Anadolu və Azərbaycan şivələrinə hakim olması və bu şivələrin onun əsərlərində canlı bir şəkildə qovuşub vəhdət təşkil etməsi, türk dünyası ədəbiyyatında ona ayrıca, toxunulmaz bir yer ayırır. Müştərək şair dostumuz Məmməd İsmayıl demişkən: İmdat Avşarın şairliyi yazarlığına dəstək olduğundan hər cümləsi az qala ən gözəl şeir misraları kimi oxunur.

“Akşam, siyah bir fırça gibi geçti ufuktan və qurubun kızıllığını birkaç dakika içində kəndi rənginə boyayıverdi. Bağbaşı mahəlləsi hızla inən akşama boyun eğib  karanlığa təslim olurkən, Ağbayırın yamacına birer derviş gibi kurulan kerpiç evlerin yüzü də yavaş-yavaş  gölgelendi, soldu, kararmaya başladı...” (“Soyuk röya”dan)

...Bayırın boranlı, içərin isti, amma ruha dar gələn qürbət qış axşamlarının birində oxuyuram kitabın adından ad aldığı “Soyuq röya” hekayəsini! Oxuyuram və yenə də Məmməd İsmayılın bir fikrinə də şərik çıxmaq məcburiyyətində qalıram: “Soyuq röya”ya yalnızca Anadolu ədəbiyyatının deyil, həm də dünya ədəbiyyatının hekayə janrında yazılmış ən önəmli əsərlərindən biri desək, yanlış olmaz”.

Tərs kimi hekayə də təsvir olunan hadisələr də beləcə qarlı-şaxtalı bir mövsümdə baş verir. Yetim, kimsəsiz Mir Seyidi, imkanım olsaydı, o düşdüyü burulğandan nəyin bahasına olursa olsun dartıb çıxarardım. Allah insaf versin İmdat bəyə! Bu hekayəni elə gerçəkçi bir şəkildə yazıb ki, az qala zəng edib soruşmaq istəyirsən: “Əfəndim, yəni heçmi Mir Seyidə kömək etmək, düşdüyü bəlalardan çıxarmaq olmazdı? Bu, olmuş hadisədirmi, Mir Seyidin kimi kimsənəsi qalmamışmı?” Tərs kimi adı da bizim tərəflərin adlarından! Zəng etsəm, nə cavab verərdi İmdat bəy, görəsən? Onsuz da bu hekayəyə olan heyranlığımı da gizlədə bilmirəm:

“Alışacaksın Mir Seyit! Önce soğuq yataqlara  girəcək, anasız uykulara dalacak və korkulu düşler görecəksin. Bazen altını isladacaksın, vücudunun sıcaklığı ilə kurudacaksın çamaşırlarını... Yakın köylerden gelen köpek sesləri karışıyor rüzgarın sesine. Cincavat çayı, bütün sesleri köpüklü sularına katıyor, tüm sesleri sürükleyerek uzaklara doğru götürüyor....” (“Soyuq röya”dan)

Məqsədim heç də hər hekayəsi bir hadisə dəyərində olan kitabı təhlil etmək deyil. Bu yazı, olsa-olsa, İmdat bəyin yaradıcılığına heyranlığını gizləməyən bir qələm əhlinin ürək sözləridir. Amma son olaraq bir fikrimi söyləmədən də olmayacaq. Haqqında söhbət açmaq istədiyim əsər “Soyuq röya”nın son hekayəsidir.

Bir müddət öncə İmdat bəyin internet səhifələrində dağ yamancında tüfəng çiynində bir şəkli yer almışdı. O zaman içimdən keçmişdi, İmdat bəyə yazam ki, dostum, boşuna o tüfəngi çiyninə keçirib poz vermə. Çünki “Şah qartal” hekayənlə hamıya mesaj göndərmişdin ki, bu ölümsüz hekayənin yazarı ovun yox, sözün ovçusudur. Çünki bu hekayə elə bir səviyyədə yazılmışdı ki, ondan təkcə insanların yox, elə ətəyində yaşadığı Ərciyəs dağının da, Şah qartalın da və sadəcə onların deyil, elə qartala ov olacaq kəkliklərin də xəbəri vardır. Çünki bu dünyanı gözəgörünənlərdən daha çox gözəgörünməzlər idarə edir! Çünki dağların əsas ov sahibi – Şah qartalla qarşı-qarşıya gələn ovçu, ya da yazar özü ova dönüb bu etirafda bulunmuşdu:

“...Ardımda ahenkli kar sesleri ve dağların alışık olmadığı iri izler bırakarak yürümeye başladım. Kıvrıla-kıvrıla, dağın yüksek yamaçlarına kadar uzanan derin bir vadiye saldım kendimi. Ufuklar güneşin şarkısıyla şenlenince, sesler çoğaldı, ritmik kar sesi o sesler arasında kayboldu. Her şey kendi dilinden konuşuyordu, rüzgar, kayalar, ağaçlar, otlar ve kar”.

Bir yazıçının amalı, arzusu – söz  olmalıdır. Söz varlığı və həyat yoxluğu mübarizəsi hər zaman çiyin-çiyinədir. Yazıçılıq – yaradıcılıq və savaş, əbədi ədəbi ovçuluq və mübarizə – bundan başlanır və davam edir...

Dəyərli dostum İmdat bəylə mənim də bu yaxınlarda müştərək işimiz olub.  Bu – “Dostlarım, bana bahar gönderin!” adlı şeir kitabımdır. İmdat bəy mənim seçilmiş şeirlərimi Türk dilinə tərcümə etmişdir və kitab yaxın günlərdə işıq üzü görəcək, İnşaallah! Ümid edirəm, İmdat bəyin ürəyini verdiyi bütün əsərlər kimi bu kitab da oxucuların məhəbbətini qazanacaq.

İlahi sözün ovçusu olan İmdat bəy qardaşımız hələ ədəbiyyata neçə-neçə dəyərli əsərlər bəxş edəcək və bizləri – onu oxuyub sevənləri hər zaman sevindirəcək. Yolu açıq olsun!

Sözlərimi İmdat bəyin “Bir turnayı vurdular” şeirinə yazdığım cavabla bitirmək istəyirəm:

 

“Bir durnanı vurdular...

Ölümə doğru uçdu çölün vəfalı quşu”!

Ona ölüm gətirdi bu sonuncu uçuşu.

İsti-isti bilmədi köksündəki ağrını...

Qanadıyla sığadı o dəlinən bağrını.

Fəryadından baş alıb köç eylədi neçəsi...

Amansızın əlində qurğuşun

bitmədikcə

Hələ çox zavallılar bu yerlərdən köçəsi!

Bir güllə bir ürəyi al-qan etdi, dağladı,

Neçə ürək ağladı...

Vurulan – səmalarda

öz qanına bulandı,

Vuranlar hay-harayla

yerdə büsat qurdular.

Dünyadan nə getdi ki? –

Bir durnanı vurdular...

03.02.13. Moskva.

 

 





11.02.2013    çap et  çap et