525.Az

Ağacların söhbəti


 

Ağacların söhbəti<b style="color:red"></b>

Bəsti İSMAYILOVA

Tərtər şəhər 2 saylı məktəb-liseyin

ədəbiyyat müəllimi

 

Məncə, Yer üzündə bəşər övladı olmayanda dünya başdan-başa bir ağaclıq, meşəlik imiş. Bir ağac dünyası yaradıbmış Tanrı. Hər ağaca da bir görəv veribmiş... və Tanrı onlara baxıb sevinirmiş, qəhərlənirmiş...

Xəyal dünyamda bir də dünyanın tərsinə dönməyi var... Dünya tərsinə dönür... və Yer üzündə, ağaclarla yanaşı adamlar da “bitir”... İndi də Tanrı adamları görəvləndirir...

Ağaclara baxmağı, onlarla “danışmağı” sevirəm. Bəlkə də, uşaqlığım ağacların altında keçdiyindən, ya da budaqlarında meyvələrindən yeyə-yeyə budaq-budaq böyüdüyümdəndir bu...

Çox zaman qardaş-bacımla hərəmiz bir ağaca çıxardıq, bir-birimizə səslənərdik, suallar verərdik, ağaclara mahnı oxuyardıq... ağaclar da yarpaqlarını xışıldadıb bizə “əl çalardılar”:

 

Alma, palıd, şam ağacı hal ilə

Eylədilər bəhsi bu minval ilə.

 

Ağac bizi böyüdürdü. Öncə ağacdan yüyrük asdılar, bizim beşiyimiz, “kolyaskamız” yüyrük idi, orda bizi yüyrərdilər, sonra böyüdük... bizə qapımızın ağzındakı nəhəng tut ağacından yelləncək asdılar... Yellənirdik... yelləncək bizi uçururdu... ağac bizi böyüdürdü...

Anam ağaclara adımızı vermişdi. Özü də ancaq nar ağaclarına. Mənim ağacım bir şirin nar idi... Türkün ən qədim əfsanələrində deyildiyi kimi “Anam Qaba Ağac, atam Bozqurd”...

Düşünürəm ki, ağac varsa, deməli adam da var, ağac yoxdursa, deməli, adam da yoxdur. İkisi varsa, bu, həyatdır.

Məncə, adamı adam eləyən elə ağacdır. Adam ağacın meyvəsini yedi... qidalandı... Sonra ağacı götürdü, özünə ev qurdu. Ağacı tapdı, qayıq düzəltdi, suda üzdü, odun yığdı, qızındı, beşik düzəltdi, insan taxta beşikdə uyuya-uyuya adam oldu... onunla böyüdü, onunla yaşlandı, qocalanda ona söykənib yeridi ... sonra da ağac tabuta girib bu dünyanı tərk elədi...

Düşünürəm və düşündükcə də hər ağacdan özüm üçün bir adam yaradıram... Sinif otağımın pəncərəsi ilə üzbəüz yolun o üzündə bir çinar var. Hər gün ona baxıram. Bir gün onun gövdəsində bir “adam” tapdım. Çinarın düyünlərindən, qopmuş qabıqlarından mənə üz göründü. Çox düşündüm və nəhayət, bu üzün “kim” olduğunu tapdım. Bu, aktyor Gündüz Abbasovun üzü idi.

“Telefonçu qız”da Mehribanın atası, ya da “Dədə Qorqud”dakı Beyrəyin atası Baybörə bəy... Demək olar ki, mən hər gün bu filmlərə baxıram... Yolun bəri tərəfindəki elektrik dirəyindən isə mənə yeni doğulmuş bir canavar balası “baxır”. Dirəkdəki düyünlər elə düşüb ki, mən bu canavar balasının üzünü asanca tapdım.  Hələ məsumdur, yırtıcı deyil... Çingiz Aytmatovun “Edam kötüyü” romanındakı canavar balaları kimi... Hər gün bir-birimizə baxırıq... Yaxşı ki, böyümür...

Uşaq idik... Anamız bizə nağıl danışanda kiçik qardaşımla mən gözlərimizi tavana zilləyərdik. Mən hələ üzlənməmiş tavanın tirlərinə baxar, həmin tirlərin üstündəki fiqurlardan bir ayı balası “düzəltmişdim”... Sonra ikimiz də qızılcaya düşdük. Bizi ayaq-baş çarpayıya qoymuşdular və qırmızı pərdə tutmuşdular, sanki bu qırmızı pərdə bizi “müalicə edəcəkdi”. Yenə tavana baxırdıq... Mən “ayıya” baxırdım. Sonra dedilər ki, mən sayıqlayıb deyirmişəm ki, “ayı məni yedi”... İndi düşünürəm ki, axı sənə nə düşmüşdü ki, tavandakı ağacda “ayı düzəldirsən”, güldən-çiçəkdən, gəlincikdən düzəldəydin, ordan da üstünə gül-çiçək, gəlincik yağaydı, nəinki səni ayı “yeyəydi”...

Ağaclar... Analar... xüsusən meyvə ağaclarının hər birini ana bilirəm. Dünyaya “övlad” – meyvə gətirirlər... “övladlarını” qoynuna, qucağına yığırlar... “Övladlar” da balacalı-böyüklü doluşublar yarpaqların arasına: qırmızıyanaq, sarıbəniz, qaraşın yumru-yumru “övladlar”, anaların şirin-şəkər “meyvələri”...

Ana kimi kölgə salar bu ağaclar, xeyirxah olarlar, bol süfrəli olarlar, qonaqpərvər olarlar, qoyunlarında quşlar yuva salar, bala çıxarar, böyüdüb pərvazlandırar... “ailə içində ailə... Bəs deyirlər “ev evə sığmaz”...

“Bar verən ağaca balta vurmazlar”. Axı “analara kim qıyar?..”

Çinarlar... Müdriklərimiz, dünyagörmüş qocalarımız. Ağayana duruşları, əzəmətli görkəmləri var... Çox şeylərə şahid, hər şeyi görə bilirlər, “hamıdan” uca. Boylananda “sərv boylu sərvərim”...

Çinar görəndə o dəqiqə R.Rza yadıma düşür:

 

Birdən çinar dilə gəldi, dedi: – Bax

Bu torpaqda dərindən kök salaraq

Hər tərəfə uzatmışam qolumu,

Övladlarım bürümüş sağ-solumu

Belə məğrur dayanmaqda haqlıyam,

Mən kökümlə bu torpağa bağlıyam.

 

Beşguşəli çinar yarpağını (quru və ya təzə) 2 dənə götürün bir stəkan suda bir dəqiqə qaynadın, gündə 2 dəfə için, damar kirəcləşməsinin dərmanıdır. Loğman çinar! Xırda meyvələri olan ağacları çox sevirəm, onları görəndə üzümə təbəssüm qonur... Elə bilirəm ki, bunlar “uşaq bağçaları”dır və körpələr doluşub yarpaqların arasına əl-ələ tutub şənlənirlər...

Söyüdlərə baxanda məyus oluram. Övladı olmayan gəlinlərə bənzəyir, sanki qəbahətli kimi başlarını salıblar aşağı, saçlarını darayırlar pərişan-pərişan, əllərini suya açıblar sanki kömək umurlar... fəqət...

 

Söyüddən bağ saldım, peyvəst eylədim,

Almasın, heyvasın, narın görmədim.

 

Amma kədərlənməyə dəyməz, salxım söyüd! Sən şairlərin ilham qaynağısan:

 

Söyüdlər boynun əyəndə,

Mən sənə yarım deyəndə,

Sanıram dünya mənimdir...

 

Hələ Rəsul Rza:

 

Demirəm Göyçayda basdırın məni,

Ancaq ki, riyakar gözlərdən uzaq

Aparın bir çayda basdırın məni,

Tabutumu örtsün sərin sular

Gecələr də mənə

Yaşıl saçlarını

Sulara sallayan,

salxım söyüdlər ağlasın...

Deyəsən, təkcə mən deyiləm, ümumiyyətlə, adamlar ağaclarla danışmağı sevir... Kədərini də, sevinclərini də ağacla bölüşürlər. Kədərli günlərində qadınlar bayatı deyib ağlar:

 

Bağda üzüm ağacı

Üzüm gözüm ağacı

Bağa baltalı girdi

Kəsdi bizim ağacı.

 

Əslində kəsilən, dünyasını dəyişən bir adamdır – ağacdır...

 

Yaxud:

 

Ağacda xəzəl ağlar

Dibində gözəl ağlar

Qardaşı ölən bacılar

Sərgərdan gəzər ağlar.

 

Beyrəyin bacısı:

 

Qarşı yatan qara dağım yıxılıbdır,

Ozan, sənin xəbərin yox!

Kölgəlicə qaba ağacım kəsilibdi,

Ozan, sənin xəbərin yox!

 

“Dədə Qorqud”da, Uruzu qənarə ağacının dibinə gətirirlər ki, qətlə yetirsinlər. Uruz dedi:

 

“Qoyun məni bu ağacla danışım:

Sənə “Ağac!” “Ağac!” deyirəmsə,

 öyünmə, ağac!

Məkkə ilə Mədinənin qapısı ağac!

Museyi-kəlimin əsası ağac!

Böyük-böyük suların körpüsü ağac!

Əlinin Düldülünün yəhəri ağac!

Əlinin qılıncının qınıyla

dəstəyi ağac!

Sənanı Həsənlə Hüseynin

beşiyi ağac!

Məni səndən asarlar, götürmə, ağac!

Götürsən, igidliyim səni tutsun, ağac!

 

Məncə, ağacın ən yaxşı anlamını Dədə Qorquddan qeyri kimsə açıqlaya bilməmiş...

Dədəm Qorqud, bizə alqış eylə: “Kölgəlikcə qaba ağacın kəsilməsin!”

Bəlalar bizdən “yeddi ağac uzaq olsun!”

Gözəlim nar ağacı! Səndən danışmamaq mümkünmü? Eşitmişəm ki, ürəyin qarşısından hansı meyvə keçərsə, ürəyə baş endirər. Nar keçərsə, ürək ona baş endirər! Görünür, nar ürəyə ləzzət verir.

 

Nar ağacı, nar çiçəyi

Bir ulduzdur hər ləçəyi.

 

Mən nar ağacını nardan çox gül ağacına bənzədirəm. Nar çiçəyim – necə də zərif və duyğulu bir ifadə! Bir əlinizdə nar çiçəyi, o birində qızılgül tutun. Vallah, nar çiçəyi gözəllikdə güldən geri qalmır. Görəsən, kimsə nar çiçəyindən hədiyyə aparıbmı? Yox! Niyə? Bəlkə də, bu çiçəyin meyvə olacağını bildiyindən qıya bilmirlər ona... Nar! Toğrul Nərimanbəyov! Çox sevdiyim bu rəssam sanki narın sinonimidir. Toğrul bəy narı az qala Vətənin simvoluna çevrilib... Nar yalnız bu qədər gözəl çəkilə bilər...

Ağac mənim danışaraq bitirə biləcəyim mövzu deyil. Bu mövzuya bir az rəng qatmaq üçün çiçəkləri – gülləri toplayaq... Yer üzünə səpələnmiş çiçəklər ki var, bunlar uşaqlardır, körpələrdir... Siz onlara diqqətlə baxın, uşaq gözlərinə bənzəyirlər, yupyumru uşaq üzləridir bunlar. Bəzən əyilirəm onlara doğru, barmağımla toxunur, sevələyirəm: “Sən kimsən, sən kimsən? Üzünə bax, üzünə. Gözünə bax, gözünə...”

Güllər – qızlar “Yer üzünün işıqları” (Y.V.Çəmənzəminli).

Bitib-tükənməyən bir obraz – Gül! Bir elmi əsərin mövzusu olarsan: “Ədəbiyyatda gül fenomeni”.

 

Qızılgül bağü-büstanım, nə dersən?

Fəda olsun sənə canım, nə dersən?

Xətayi can ilə çün səni sevdi,

Sevən ölsünmü, sultanım, nə dersən?

 

Şəfalı otlar və çiçəklər – Yer üzünün həkimləri, tibb bacıları... məlhəm kimi, dərman kimi, şəfa kimi...

Ümumiyyətlə, adamların bir qeyri-adi umacaqları da var ağaclardan... Dilək ağacı deyirlər – türk filmlərindəki kimi... Yəqin, bu ağaclar da onların gözünə bir “seyid övladı” kimi görünər... ocaq kimi, pir kimi yalvararlar ağaca. Bəlkə, bu ağaclar bir zaman seyid olublar... Bəzən yaylıqlar, lentlər, muncuqlar asılmış ağaclar görəndə içimdən bir təəssüf nidası da qopur: “Ah Şərq... Şərq!..” görəsən, bir avropalı ağaca yaylıq bağlayıb dilərmi ki, oğlum ali məktəbə qəbul olsun, qızım övlad sahibi olsun və s. İnanmıram!  Bu bizik! H.Cavidin fərqli yanaşmasına diqqət edin:

 

Şərq elləri irişilməz “xəyal”

kimi qoşarkən

Qərb elləri az da olsa,

həqiqətdən xoşlanar.

Şərq uğraşır yalnız “ölməyim” deyə,

Qərb elləri maildir öldürməyə.

 

Caviddən yazdım, Nazim Hikmət yada düşdü. Tanıdığım ilk türk şairi, onu da ağacın köməyi ilə tanıdım:

 

Mən bir ceviz ağacıyım

Gülhanə parkında.

 

Biz ağacsevən millətik, istər dor ağacı, istər dar ağacı. Biz ağacın xətrinə dar ağacına salam verən millətik.

 

Salam, dar ağacı!

Dar ağacı, əyil öpüm üzündən

Dara düşdüm, bu dünyanın yolu dar...

   

Adamlar ağaclardan ünvan da bəlirləyiblər.

Goranboyun Xanqərvənd kəndinin dayanacağında Sona qarının bir tut ağacı vardı... Şoferə deyirdilər ki, Sonanın tut ağacının yanında saxla... Bəzən da, köhnələrdə “Qaz əlli üç” sürücüləri başını kabinədən çıxarıb deyərdilər ki, Sonanın tut ağacına nə qədər qalıb?!.

Biz qonaqsevər xalq olduğumuzdan “qonaq” ağacları da sevirik... Yurdun baş köşələrinə əkərik onları... kaktuslar, palmalar, hətta “90-60-90” görüntüsü verilmiş “yolkalar”... elə bil bizə moda göstərirlər... Nə isə...

Qədim ərəb kitabələrinin birində deyilir ki, insana üç şey fərəh gətirir, onlardan biri əkdiyin ağacın meyvəsini dərib yeməkdir.

Hərə bir ağac əkirsə, deməli, özünü yaradır, özünü bitirir...

Astroloqlar insanların doğum günündən bəlli ediblər ki, bu dünyada hər kəsin bir ağac simvolu var... Məsələn, mən qovaq ağacıyam. (4 fevral – 8 fevral, 1 may – 14 may, 5 avqust – 13 avqust arası doğulanlar qovaqdır)

Mən bir az ağaclardan bəhs etdim, ağacların söhbətini elədim. Bəlkə, kimsə növbəti saylarda “meyvələrin söhbətini edəcək bizimlə... ya da ədəbiyyatda gül obrazı...”

 

 





11.02.2013    çap et  çap et