525.Az

Gənc yazar Mirmehdi Ağaoğluya açıq məktub


 

Gənc yazar Mirmehdi Ağaoğluya açıq məktub<b style="color:red"></b>

Hörmətli Mirmehdi Ağaoğlu!

Mənə təqdim etdiyin “Bu gün səbr elə” adlı kitabını oxudum, tanışlığımıza şad oldum. Heç şübhəsiz, istedadlı insansan.
 
Xüsusilə biləndə ki, İqtisad universitetini bitirmisən, indi jurnalist kimi fəaliyyət göstərirsən, hətta bədii yaradıcılıqla məşğul olursan, məmnun oldum. Kitabını diqqətlə oxudum. Səndə yazıçılığın ruşeymi-mayası var. Yazıçı olmaq üçün indi özün-özünü yaratmalısan. Necə? Çox sadə. Əvvəla, yazmağa meyli olan hər bir gənc kimi, daha çox oxumalısan. Əvvəl öyrənmək üçün oxumusansa, sonra yazılanları təkrar etməmək üçün oxumağın gərəkdir. Sən özün-özünü yazıçı kimi yaratmalısan. İndi sənin üçün nisbətən asan olacaq. Çünki özün-özünü bir dəfə yaratmısan.

İnsan məhəbbətdən yaranır. Sən özün də bir zərrə məhəbbət idin. Kainatı, dünyanı dolandın, səni yaradacaq insanları seçdin. Onları bir araya gətirdin. Onların sevgisinin lap zirvəsində ruhlarının iki zərrəsinin görüşündən bir damla qan kimi yarandın və ananın bətnində döyünməyə başladın. Elə həmin andan sənin gələcək ömrünün saatı vaxtı saymağa başladı. O bir damla qan özündən ürək yaratdı. Ürək özünün ətrafını, mühitini yaratdı, lazım olan əzaları yaratdı, onların əlaqələrini qurdu, beynini yaratdı, kainatın maketi kimi sonsuz kainatda səfər zamanı bələdçin olsun deyə, doqquz ay fasiləsiz çalışdı, insan yaratdı, səfərə hazır olduğunu bildiyi an dünyaya gəldi. “Bu boyda çətin bir yol keçəndən sonra yaşamağa nə var ki...” - düşünə bilərsən, amma yox, yaşamağın hər anı ağır işdi. Yazıçı olmaq üçün birinci növbədə “nəyi yazmaq olmaz”ı öyrənmək lazımdı, canınla, ruhunla hiss etmək lazımdı. Sən insansan, çox nadir bir varlıqsan, kainat səni gözlədiyi halda sən burda nə ilə məşğulsan? Nə etməlisən, amma nə edirsən?

Diqqətlə fikir versən, görəcəksən. Sən yardım etmək, köməyə yetmək əvəzinə, yazıq, aciz insanlardan yardım umursan. Axı sən məhəbbətdən yaranmısan, ən qədar insanlara da sən məhəbbət paylamalısan. Məhəbbət yeganə nemətdir ki, onu paylaşdıqca azalmır, artır. Mən bu sətirləri yaza-yaza öz-özümə sual verirəm. Səninlə belə danışmaqda düz iş görürəmmi? Niyə də yox. Axı ikimiz də dünyaya eyni yolu keçib gəlmişik. Nə olsun ki, mənim səksən yaşım var, sənin otuz dörd. Sən mənə “Qocalmısan, elə dostun Anar da qocalıb. Siz bu vəzifədən niyə çıxıb getmirsiniz?” deyə bilərsən. Mən sənə “eh bala güc insanın ürəyinin içində olur, təcrübə də gücdü-enerjidi, elimdi” – deməyə həvəsim də yoxdu, demirəm, susub maddım-maddım sənə baxıram. Mirmehdi “Bu gün səbr elə” – hələ “roman” deyil. Bu, xalq yaradıcılığının dastan üslubunda yazılıb. Aşıq hadisəni, əhvalatı danışır, arada dialoqlar qurur. Bu yazıda da müəllif  danışır.

Nəsrdə isə obrazlar yaşayır, konfilikti bir-birinə bənzəməyən obrazların mübarizəsi yaradır. Vəziyyətdən istifadə edib müəllif öz ideyasını, əqidəsini, fikirlərini oxucuya təlqim edir.

Yenə də deyirəm, səninlə tanışlıq mənə xoş oldu. İstedadın var. Amma bu istedaddan yazıçı yaratmaq sənin, yalnız sənin öz işindi. Həm də doqquz aylıq iş deyil.

Yazıçılıq da sənətdi. Həm də mürəkkəb sənətdi. Hətta mənim kimi çox yaşamış, bu sənətin məktəbini oxumuş, təcrübə yolunu keçmiş adamlar da bu sənətin incəliklərini sona kimi bilmir, daim öyrənir. Sənin bu kitabda müraciət etdiyin mövzu iki növ əsərin mövzusu ola bilər:

1-ci: faciə ilə bitən ciddi bir romanın və yaxud melodramanın.

2-ci: gözəl bir komediyanın və yaxud musiqili komediyanın. Hər iki halda sənətkarlığa yiyələnmiş bir yazıçı gərəkdir.

Bu çətin yolda sənə səbir, dözüm, uğur, arzu edirəm.

Hörmətlə, Fikrət Qoca

 





19.04.2016    çap et  çap et