525.Az

ABŞ-ın Nevada ştatında beynəlxalq elmi konfrans keçirilib


 

TƏDBİRDƏ HƏMYERLİMİZ ƏLİBƏY MƏMMƏDOV DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ İLƏ BAĞLI ÇIXIŞ EDİB

ABŞ-ın Nevada ştatında beynəlxalq elmi konfrans keçirilib<b style="color:red"></b>

Aprelin 13-16-da Amerika Birləşmiş Ştatlarının Nevada ştatının Reno şəhərində Qərb Sosial Elmləri Assosiasiyasının 58-ci Beynəlxalq Konfransı keçirilib.

Tədbirdə dünyanın əksər ölkələrindən, ümumilikdə 900 nəfər elm adamı iştirak edib.

Azərbaycan da bu, nəhəng elm konfransında təmsil olunub. Yaponiyanın Hokkaydo Universitetində sərhəd araşdırmaları üzrə elmi tədqiqatlar aparan, doktorant tələbə, universitetin xarici tələbələr assosiasiyasının fəxri prezidenti Əlibəy Məmmədov rəsmi təmsilçilər arasında olub.

Ə.Məmmədov, aprelin 16-da Qərb Sosial Elmləri Assosiasiyasının nəzdində təşkil olunan Sərhəd Araşdırmaları Assosiasiyasının 33-cü sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş çıxış edib.

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə azərbaycanlı məcburi köçkünlərin mövqeyindən baxış" adlı təqdimatla çıxış edən Ə.Məmmədov qeyd edib ki, elm dünyasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında yüksək səviyyəli, orijinal elmi tədqiqatların gündəmdə qalmasına böyük ehtiyac var.

Həmyerlimiz münaqişə haqqında geniş məlumat verərək, bunun milli konflikt olduğunu vurğulayıb.

Ermənistan və Azərbaycanın rəsmi mövqeləri, münaqişəyə yanaşmaları, ATƏT-in Minsk Qrupunun fəaliyyəti haqqında məlumat verdikdən sonra o bildirib ki, münaqişə nəticəsində 1 milyondan artıq insan qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur edilib.
 
O vurğulayıb ki, ermənilər təkcə Dağlıq Qarabağı deyil, həm də ətraf 7 rayonu işğal ediblər:

"Bütün bu ərazilər de-yure Azərbaycan torpaqlarıdır. Beynəlxalq qurumlar bu əraziləri Azərbaycanın sərhədləri tərkibində göstərirlər. Buna baxmayaraq Ermənistan silahlı qüvvələri de-fakto regiona nəzarət edirlər. Bu qəbuledilməzdir. Azərbaycanlılar isə öz doğma torpaqlarına geri dönməkdən məhrum ediliblər.

1994-cü ilin may ayında atəşkəs elan olunmasına baxmayaraq, 2005-ci ilədək olan müddətdə təmas xəttində tərəflər arasında 2000-dən çox insanın həlak olduğu bildirilir. Belə olan halda atəşkəsin həqiqətən də qüvvədə olduğunu söyləmək olarmı? Təbii ki, yox".

Müzakirələr zamanı son günlər beynəlxalq aləmin diqqət mərkəzində olan aprel ayının ilk günlərində baş vermiş hadisələrə toxunan Ə. Məmmədov qeyd edib ki, Azərbaycan 22 ildən sonra ilk dəfə status-kvonu öz xeyrinə dəyişməyə nail olub:

"Bu böyük tarixi nailiyyətdir. Azərbaycan tərəfi faktiki olaraq psixoloji üstünlüyü öz əlinə almağı bacarıb.

Ermənistan tərəfi işğal etdiyi bəzi strateji mövqeləri itirmək məcburiyyətində qalıb. Hal-hazırda danışıqların nəticə verəcəyinə böyük ümid bəslənilir".

Qeyd edək ki, Ə. Məmmədov ötən ilin dekabr ayında Yaponiyanın Hokkaydo Universitetində təşkil edilmiş "Hokkaydo Mərkəzi Avrasiya" elmi konfransının 121-ci sessiyasında da oxşar mövzu ilə Yaponiya elm dünyası üçün çıxış edib.

Ceyhun ABASOV

 





19.04.2016    çap et  çap et