525.Az

Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur (davamı)


 

Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur<b style="color:red"> (davamı)</b>

Yekaterinaya qarşı yönələn dövlət çevrilişinə görə və III Pyotrun şübhəli ölümündən sonra digər xalqlarla olan işlərdə ehtiyatlılıq və ölkədə sabitliyi bərqərar etmək tələb olunurdu. O, Rusiyanın köhnə düşməni Prussiya ilə, həmçinin ənənəvi müttəfiqləri olan Fransa və Avstriya kimi dövlətlərlə dostcasına münasibəti davam etdirirdi. 1764-cü ildə o, Polşa ilə problemi müəyyən qədər həll etdi. Krallığın dəqiq sərhədləri itirilməklə, üç qonşu dövlət onun ərazilərini ələ keçirməyə can atırdı. Yekaterina öz köhnə məşuqlarından biri olan Stanislav Ponyatovskini Polşaya kral edə bildi. Bu zəif adam bütünlüklə özünü yalnız həmin qadına həsr etmişdi.

1772-ci ildə isə Polşanın ilk bölünməsi baş verdi. Rusiya, Avstriya və Prussiya Pospolita Reçinin ərazisinin bir hissəsini öz aralarında böldülər. Prussiya Qərbi Pomeraniyanın böyük hissəsini və Böyük Polşanın bir hissəsini, Avstriya Qərbi Qalisiyanı, Polşa Sileziyasını aldı, Rusiyaya isə Şərqi Belorusiya və Livoniyanın Polşaya məxsus hissəsi keçdi. Polşanın sonrakı bölünmələri isə 1793-cü və 1795-ci illərdə baş verdi.

Yekaterinanın islahat sahəsindəki cəhdləri məmnunluq əmələ gətirmək səviyyəsində deyildi. İngilis və fransız liberal filosoflarının şagirdi kimi o, tezliklə yəqin etdi ki, Monteskyenin və Jan Jak Russonun təbliğ etdikləri islahatlar Avropa təcrübəsində kifayət qədər çətin olduğu halda, anarxiyadan əziyyət çəkən və geridə qalmış Rusiya reallığına bütünlüklə yaramır. 1767-ci ildə o, bütün əyalətlərdən olan nümayəndələrdən yaradılmış komissiyanı topladı, bura bütün siniflərdən (təhkimçilər istisna olmaqla) olan adamlar daxil idi. Məqsəd xalqın həqiqi arzularını öyrənmək və onları konstitusiyada əks etdirmək idi. Müzakirələr bir aya qədər çəkdi və heç nəyə nail olmadı. Yekaterinanın komissiyaya Təlimatı Konstitusiya layihəsindən və qanunlar məcəlləsindən ibarət idi. Bu, Fransada ictimaiyyət üçün çox liberal hesab edilə bilərdi, Rusiyada isə ölü yazı kimi qaldı.

İslahat barədə öz cəhdlərinin uğursuzluğunu görən Yekaterina öz siyasətini dəyişmək üçün Türkiyə ilə müharibə bəhanəsindən yapışdı. Böyük Pyotrun hökmranlığı dövründən Osmanlı imperiyası Rusiyanın ənənəvi düşməni idi. Yekaterinanın təbəələrində müharibə qızğın vətənpərvərlik hissləri alovlandırırdı.

İlk hərbi qələbə də onu sevindirməyə bilməzdi. 1770-ci ildə qraf A.Q.Orlovun komandanlıq etdiyi rus donanması Qərbi Anatoliya sahilinə yaxınlıqdakı Çesmen buxtasına (Xios adası yanında) türk donanmasını darmadağın etdi.

Çesmendəki qələbə imperatriçaya hərbi şərəf gətirsə də, Türkiyə hələ də məğlub olmamışdı və vuruşmaqda davam edirdi. Bu nöqteyi-nəzərdən Rusiya əvvəlcədən düşünülməmiş çətinliklərlə üzləşdi.

Birincisi, Moskvada dəhşətli taun xəstəliyi yayıldı. Müharibənin gətirdiyi çətinliklərlə yanaşı, həm də özündən bir bədgümanlıq və kütləvi təşviqat ab-havası yaratdı. İmperator III Pyotru öldürdüklərini iddia edən Don kazaklarının Rusiyada 1917-ci il inqilabına qədər olan tarixdə ən böyük üsyanı baş verdi. Ural regionunda başlanan hərəkat tezliklə geniş cənubi-şərq əyalətlərinə yayıldı və 1774-cü ilin iyununda Puqaçovun kazak qoşunları Moskvaya hücum etməyə hazırlaşırdı. Bu nöqteyi-nəzərdən Türkiyə ilə müharibə Rusiyanın qələbəsi ilə başa çatdı və Yekaterina öz zədə almış qoşunlarını üsyanı yatırmağa göndərdi. Məğlub olan və əsir götürülən Puqaçov 1775-ci ilə edam edildi. Terror və xaos isə tezliklə unudulmadı. Yekaterina bu vaxt başa düşdü ki, xalqa yazığı gəlməkdənsə, xalqın hakimiyyətdən daha çox qorxması yaxşıdır, onları azad etməkdənsə, o, təbəələrinin qandallarını bərkitməlidir.

Hakimiyyətə yüksəlməmişdən əvvəl Yekaterina təhkimçiləri azad etməyi planlaşdırırdı, iqtisadiyyatın, kənd təsərrüfatının isə 95 faizi onlara əsaslanırdı. Təhkimçi öz ağasının mülkiyyəti idi, kübarların taleyi onların sahib olduğu torpaqla deyil, “canla” müəyyən olunurdu. Hakimiyyətin reallığı ilə ziddiyyət yarandıqda Yekaterina tezliklə gördü ki, təhkimçilərin azad olması heç vaxt onların sahibləri tərəfindən dözümlülüklə qarşılanmayacaqdır, axı onlar dəstək üçün bu sahiblərdən asılı idilər. Kim ölkəni qaydasızlıq şəraitinə atsa, kömək adlanan şeyi bir dəfəlik itirəcəkdir. Yekaterina çətinlik hiss etmədən özünü qaçılmaz şərlə barışdırdı, öz diqqətini mütəşəkkil və möhkəmlənən sistemə verdi. Bu sistemi o, qeyri-bəşərililiyinə görə məhkum edirdi. O, ukraynalılar üzərinə də təhkimçilik qoydu, həmin vaxta qədər onlar azad idilər. Tac torpaqları adlanan torpaqları öz favoritləri və nazirləri arasında böldü. O, müəyyən dərəcədə muxtariyyətdən istifadə edən çox sayda kəndlilərin vəziyyətini ağırlaşdırdı.

Onun hökmranlığının sonunda Rusiyada az sayda azad kəndli var idi, təhkimçi kəndlilərin üzərindəki daha ardıcıl nəzarət hesabına onların vəziyyəti Yekaterinanın idarəçiliyinə qədər olan dövrə nisbətən daha pis idi.

Rusiya əhalisinin 95 faizi Yekaterina hökmranlığının nailiyyətlərindən birbaşa heç bir vəchlə fayda götürmədi. Çox hallarda onların məcburi əməyi nəhəng xərcləri maliyyələşdirirdi. Bunlar isə böyüyən iqtisadiyyat, hərbi işlər, mədəni layihələr üçün tələb olunurdu. Bu məsələdə o, özünü yaxşı inzibatçı kimi göstərirdi və iddia edə bilərdi ki, xalqın axıtdığı qan və tər heç də əbəs deyildir.

1783-cü ildə Krımın Rusiya imperiyasının tərkibinə daxil olması barədə imperatriça II Yekaterinanın manifesti yarımadaya sahib olmaq uğrunda Rusiya və Osmanlı imperiyalarının uzun müddət davam edən rəqabətinə son qoydu. 21 iyul 1774-cü ildə Rusiya və Türkiyə arasında bağlanmış Küçük-Kaynarçı sülhünə görə Rusiya Krım ərazisindəki bir neçə qalanı aldı. Krım artıq Osmanlı imperiyasının vassalı deyildi. Lakin türklər öz əlaltılarının Krım xanı elan edilməsinə nail oldular. Rusiya hökuməti Krıma qoşun yeritdi və xan taxtına öz namizədi olan Şahin-Gireyi oturtdu. Krım faktiki olaraq Rusiya taxt-tacının hakimiyyətinə keçdi, Osmanlı imperiyası Qara dənizin şimal sahilindəki öz strateji platsdarmından məhrum oldu. Rusiya imperiyasının mərkəzi quberniyalarından köçürülmüş ailələrlə Krımın məskunlaşdırılmasına başlandı.

Rusiya Türkiyəni məğlub edən 1774-cü ildə, müharibədə xüsusilə fərqlənmiş Qriqori Potyomkin Yekaterinanın məşuquna çevrildi və kiçik kübarlığın bu qulluqçusunun parlaq karyerası başlandı. Onun fərasəti və qabiliyyətləri ambitsiyalarına tam uyğun gəlirdi. O, Yekaterinanın yeganə favoritlərindən biri kimi geniş siyasi rol oynayacaqdı. Adəti üzrə imperatriça biznesi həzz məsələlərinə qatmırdı, o, nazirlərini, demək olar ki, həmişə qabiliyyətlərinə görə seçirdi. Potyomkində isə o, qeyri-adi bir adam tapdığına əmin idi. Onu sevə və ona hörmət edə bilirdi, onunla hətta öz hakimiyyətini də bölüşdürürdü. Nazir kimi o, qeyri-məhdud səlahiyyətlərə malik idi, onların iki il davam edən eşq macəraları başa çatdıqdan sonra da, Yekaterina hökmranlığının qeyri-adi dəbdəbəsi üçün Potyomkinə də müəyyən etimadın bir hissəsi verilməli idi.

Qriqori Aleksandroviç Potyomkin 1791-ci ildə öldü. O, Krımın Rusiyaya birləşdirilməsi planının hazırlanması və həyata keçirilməsinin təşəbbüsçülərindən biri idi, buna görə “Tavriyanın şöhrətli knyazı” titulunu almışdı. Yeni qalalar və limanlar salmışdı, bunlara Xerson, Sevastopol, Yekaterinoslav daxil idi. Qara dənizdə hərbi və ticarət donanmasının qurulmasına rəhbərlik etmişdi.

İmperatriçanın Potyomkin ölənə qədər ona münasibəti dəyişilmədi, bərabər olaraq qaldı. Onlar bir-birilərini tamamlayır və başa düşürdülər. Ambitsiyalı nazir öz hökmdarına ehtiramını onun mənafelərinə özünü bütünlüklə həsr etməsi ilə ifadə edirdi. Təkcə 1783-cü ildə Krımın türklərdən alınıb Rusiyaya anneksiya edilməsinin baş müəllifi kimi Potyomkinin işi ölkənin ərazisini Qafqaz dağlarından Cənubi-Qərbi Rusiyadakı Buq çayına qədər genişləndirdi. Rusiya Qara dənizin şimal sahilini əlinə keçirdi və elə mövqedə idi ki, Osmanlı imperiyasının mövcudluğuna təhlükə törədə bilər, Aralıq dənizində özünə dayaq nöqtəsi qurmaq imkanına sahib olardı.

Yekaterina həmçinin Avstriya ilə ittifaqı bərpa etmək yollarını arayırdı. Avstriya Türkiyənin qonşusu və düşməni idi. Prussiya və İngiltərə ilə ittifaqını bəyan etmişdi, onlar isə Rusiyanın ambitsiyalarından təşvişə düşürdülər. Həm də Yekaterinanın hökmranlığı ərzində ölkə Avropa müharibəsinə cəlb edilmədi, çünki imperatriça bir sıra Qərbi Avropa millətləri ilə ciddi-cəhdlə bağlanan ərazi razılaşmalarına sadiq olaraq qalırdı.

Yekaterinanın şöhrəti 1787-ci ildə Potyomkin tərəfindən təşkil edilmiş Krıma səyahət vaxtı öz kulminasiya nöqtəsinə çatdı. “Min bir gecə” nağıllarındakına bənzər bayram atmosferində imperatriça ölkəni dolandı ki, yeni əyalətləri öz mülkiyyətinə götürsün. Avstriya imperatoru, Polşa kralı və saysız-hesabsız diplomatlar onu şərəfləndirməyə və Kidn çayındakı “Kleopatra donanması” kimi məşhurlaşan bu təmtəraqdan həzz almağa gəlmişdilər. Çünki Yekaterina və onun sarayı müəyyən qədər su ilə hərəkət etdi. Öz adını daşıyan şəhəri müqəddəslik haləsində təqdis etdi və elan etdi ki, bütövlükdə o, Konstantinopola çatmaq niyyətindədir.

Avropanın bütün tac gəzdirən başları kimi Yekaterina Fransız inqilabından ciddi surətdə qorxu hiss etdi. Krallığın ilahi hüququ və kübarlıq sərt sual qarşısında cavab verməli olmuşdu və baxmayaraq ki, Yekaterina “maarifçiliyin dostu” idi, lakin özünün imtiyazlarının məhdudlaşdırılması barədə onun heç bir niyyəti yox idi: “Mən kübaram, bu mənim sənətimdir”. 1790-cı ildə yazıçı A.N.Radişşev təhkimçiliyin sui-istifadələrini açıq tənqid edən əsərini çap etdirməyə cəhd etdikdə, ölümə məhkum edildi, sonra bağışlansa da, sürgünə göndərildi. İstehza orasında idi ki, Radişşev ideyalarını Yekaterinanın 1767-ci ildəki təlimatına çox yaxın bir şəkildə ifadə etmişdi. 1767-ci ildəki təlimatında o, təhkimçilik institutu, işgəncə və ağır cəza məsələlərinə toxunurdu, qanun qarşısında bütün adamların bərabərlik prinsipini müdafiə edirdi. Lakin bir il yarım davam edən danışıqlar çox az real dəyişikliklər əmələ gətirdi.

Polşa da Fransanın nümunəsindən fərəhlənərək, liberal konstitusiya üçün təşviqat aparmağa başladı. 1792-ci ildə inqilab təhlükəsi bəhanəsi ilə Yekaterina qoşunları göndərib sonrakı ili Qərbi Ukraynanın əksər hissəsini anneksiya etdi, Prussiya da Qərbi Polşanın böyük ərazisini tutmaqla öz məsələsini həll etdi. 1794-cü ildə Tadeuş Kostyuşkonun başçılıq etdiyi milli üsyan qalxdı, Yekaterina Polşanı Avropanın xəritəsindən, onu Rusiya, Prussiya və Avstriya arasında 1795-ci ildə bütünlüklə bölməklə sildi.

Yekaterinanın son illəri XVI Luinin edam edilməsi ilə narahatlıq çalarına büründü. İnqilabi ordular irəli gedir, radikal ideyalar yayılırdı. İmperatriça belə bir fikirə gəldi ki, onun yararlı varisi yoxdur. O, hesab edirdi ki, oğlu Pavel səriştəsiz və tarazlığı pozulmuş bir adamdır. Onun nəvəsi Aleksandr isə hökmdarlıq üçün çox cavan idi. 17 noyabr 1796-cı ildə Yekaterina Sankt-Peterburqda zərbə vurmasından öldü.

Yekaterinanın hökmranlığının sonunda Rusiya qərbə və cənuba tərəf öz ərazisini 200 min kvadrat mil genişləndirdi. Rusiya hökmdarlarının Bosfor boğazını (bu Qara dənizi Egey dənizi ilə birləşdirirdi) ələ keçirmək barədəki qədim arzuları bu vaxt cazibədar bir məqsədə çevrilmişdi. Öz idarəçiliyinin sonunda Yekaterina iddia edirdi ki, o, 29 əyaləti öz inzibati islahat planı hesabına yenidən qurmuşdur. O, bir çox layihələrə investisiyalar qoymuşdu. Yüzdən çox yeni şəhər salınmışdı. Köhnə şəhərlər genişləndirilmiş və müasirləşmişdi. İstehlak üçün mallar istehsalına başlanmışdı, ticarət genişlənmiş və kommunikasiyalar inkişaf etdirilmişdi. Bu nailiyyətlər hərbi qələbələri və onun parlaq sarayının şöhrəti ilə birlikdə, axırıncıya Avropanın böyük zəkaları cəlb olunurdu, ona tarixdə ehtiram olunan bir yer bəxş etdi. Təsadüfən deyildir ki, Volter öz rus tanışlarından birinə yazdığı məktubda II Yekaterinanı “şimal ulduzu” adlandırmışdı və əlavə edirdi ki, “Mən yalnız üç şeyə: azadlığa, dözümlülüyə və sizin imperatriçanıza pərəstiş edirəm”.

Yekaterina isə öz növbəsində böyük filosofa ehtiramını ifadə edirdi: “1746-cı ildən mən sizə olan böyük bir borcun altındayam. Ondan əvvəlki dövrdə mən romanlardan başqa heç nə oxumamışdım, lakin sizin əsərləriniz təsadüfən mənim əlimə düşəndən onları oxumağı heç vaxt dayandırmadım və sizə nisbətən pis və az təlimat verən kitabları bir daha arzulamadım”.

(Ardı var)

 





12.02.2013    çap et  çap et