525.Az

Novruz Məmmədov : “Dünyada heç zaman bugünkü qədər amansız, qəddar mübarizə yaşanmayıb” (Müsahibə)


 

Novruz Məmmədov : “Dünyada heç zaman bugünkü qədər amansız, qəddar mübarizə yaşanmayıb” <b style="color:red">(Müsahibə)</b>

Prezident Administrasiyasının (PA) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun “525”-ə müsahibəsi

“...Füle qərəzli addımları ilə Azərbaycan-Avropa İttifaqı münasibətlərinə kölgə sala bilər”

-Novruz müəllim, “İsmayıllı hadisələri”nə görə haqlarında iki aylıq həbs-qətimkan tədbiri seçilən “REAL” Hərəkatının sədri İlqar Nəmmədov və Müsavat Partiyasının başqanı müavini Tofiq Yaqublu ilə Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Stefan Fülenin, Avropa Şurasının baş katibi Torbyörn Yaqlandın və digər şəxslərin son bir neçə gündə bəyanatları olub. İlk öncə bu bəyanatlara münasibətinizi bilmək istərdik.

-Bütövlükdə götürəndə “İsmayıllı hadisələri”nə görə həbs olunan İlqar Məmmədov və Tofiq Yaqublu ilə bağlı son zamanlar bir neçə bəyanat olub.Həm Avropa İttiqafının, həm Avropa Şurasının müxtəlif  strukturlarının rəhbərləri, həm də Avropanın bir sıra  kütləvi informasiya vasitələri  bununla bağlı münasibət bildiriblər. Biz artıq  bu proseslərin xarakterini bilirik. Belə bir məsələ olub, var, ancaq əslində bu məsələ hələ bitməyib. Qeyd edim ki, Ismayıllıda baş verən proseslər zamanı adları çəkilən şəxslər yanvarın 24-də həmin rayona gedərək, orada yerli əhalini, vətəndaşları müəyyən mənada hakimiyyət orqanlarına tabe olmamağa, “etiraz” aksiyasını gücləndirməyə, sabitliyi pozmağa yönəlmiş çağırışlar ediblər və nəticədə də bu “fəaliiyətləri”nə görə saxlanılıblar.  Ancaq bu adamlar haqqında hələlik tam, qəti məhkəmə qərarı yoxdur. Onlar sadəcə,  iki aylıq həbsdədirlər və həmin şəxslərlə bağlı təhqiqat-istintaq araşdırmaları aparılır, davam edir.  Düşünürəm ki, yalnız  bu araşdırmalardan sonra nəticədə onların fəaliyyəti  barədə hüquqi qiymət veriləcək. Bu da, ümumiyyətlə, dünyada mövcud olan qanunvericilik prosesidir. Əslində isə  Avropa İttifaqına üzv olan ölkələrin özündə gündə onlarla belə, hətta, bundan da kobud hadisələr olur.  İnsanları tuturlar da, həbs  edirlər də, amma heç kim onların heç biri haqqında  bir söz belə etmir, dinmir, danışmır. Ancaq Azərbaycana gələndə bunların sanki dilləri, gözləri açılır. Onu da deyim ki, Azərbaycanla bağlı belə halların, reaksiyaların olması prinsip etibarı ilə normal sayıla bilərdi. Amma biz bunları normal saymırıq.

Ona görə ki, bu, olsun, “Blomberq”, bu, olsun “Nyu-york tayms” , bu, yaxud, cənab Yaqland,  xüsusilə, Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı və Azərbaycana qarşı öz “məhəbbəti” ilə seçilən  cənab Füle olsun, onlar heç bir vaxt Azərbaycanda gedən böyük, müsbət  proseslər haqda bir cümlə belə deməyiblər.  Cənab Fülenin bu günə kimi  Dağlıq Qarabağ münaqişəsi, Ermənistanla Azərbaycan arasında gedən danışıqlar prosesi, münaqişənin beynəlxalq hüquq çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həlli barədə bir dənə olsun  belə,  bəyanatını tapa bilməzsiniz. Yaxud, bir milyondan artıq qaçqın-məcburi köçkün, Xocalı soyqırımı barədə onun bir dənə bəyanatını tapsanız, gəlin, deyin ki, Novruz müəllim bu adam düz deyir-bunu da deyir, bunu da deyir. Amma bu, belə deyil. Bu şəxs yanvar ayının ortalarında Ermənistanın parlamentinin spikeri ilə görüşüb. Həmin  görüş zamanı Ermənistanın spikerinə onun  hansı məsləhətləri verdiyini oxuyun və görün ki, həmin şəxs Ermənistan-Rusiya münasibətləri haqqında nələr deyir. Bizə isə tamam başqa formada bəyanatlar verir və bizim qonşu dövlətlərlə münasibətlərimizi də tamamilə başqa cür görür. Yəni, biz artıq görürük ki, cənab Fülenin bu ölkələrdə gedən proseslərə münasibəti tam fərqlidir və fərqlilikdən daha çox qərəzlidir. Bunu da haradasa müəyyən mənada başa düşmək olar. Çünki Avropa İttifaqı bu gün dərin iqtisadi-maliyyə böhranı içərisindədir və belə böhranlar olanda adətən o qurumlar, o dövlətlər aqressivləşirlər, atdıqları addımların  tam mənada məsuliyyətini, nəticəsini  görə bilmirlər. Bunlar da təbiidir. Biz hətta, tarixdən də müşahidə etmişik ki, bu cür böhranlar bəzən müharibələrə belə aparıb çıxarıb. 21-ci əsrində isə dünya dəyişib. Həmçinin, dövlətlərarası münasibətlərin xarakteri dəyişib. Amma bununla yanaşı, Avropa strukturları bu gün dünyada çox fəaldırlar. Onlar öz maliyyə-iqtisadi böhranlarını bir tərəfə qoyub, öz ölkələrinin daxilindəki çox ciddi problemləri üzdən həll edir, onlara səthi yanaşırlar. Lakin başqa ölkələrdə baş verən ən xırda hadisələri belə şişirdib, onu ətrafında hay-küy yaradırlar. Dünyada “rəngli” və digər  inqilabların sponsoru olan Soros Avropa İttifaqı haqda deyib ki, bu təşkilat bugünkü iqtisadi siyasətində çox böyük səhvlərə yol verir. Mən də onun sözlərinə əlavə edirəm ki, Avropa İttifaqı təkcə iqtisadi siyasətində deyil,  elə siyasi siyasətində də - diplomatik və siyasi proseslərdə də həddindən artıq səhvlərə yol verir.  Onu da  xatırladım ki,  cənab Füle  birinci dəfə deyil ki, belə bəyanatlar verir, o Azərbaycana qarşı dəfələrlə bu cür qərəzli bəyanatlar verib. Bu şəxs Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarıdır. O, Avropa İttifaqının öz genişlənmə siyasətini nə qədər səhv apardığını görsə, təhlil etsə və buna münasibətini bildirsə, daha yaxşı olar. Çünki əslində Avropanın bu gün keçirdiyi dərin maliyyə-iqtisadi böhranın bir səbəbi də elə həmin o genişlənmə siyasətinin səhv aparılmasıdır.  Digər tərəfdən, Qərbi Avropa ölkələri ilə Şərqi Avropa ölkələri arasında alt qatlarda mətbuata çıxmayan münasibətlərin ədalətli nizamlanması vacibdir. Çünki bunların hamısını bu dairələr ki var, yəni, siyasətlə, iqtisadiyyatla məşğul olurlar, onlar özləri yaxşı bilirlər.

Mən isə əslində istəyərdim ki, onlar  Qarabağdan, Xocalıdan, lap bir neçə gün bundan qabaq Azərbaycanın fəzaya süni peyk buraxmasından, 2015-ci il Avropa Olimpiya Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul edilməsindən, “Eurovision-2012”-dən və digər məsələlərdən danışsınlar, biz də bilək ki, cənab Füle də daxil olmaqla, bunların bizə münasibəti ədalətlidir. Ancaq Avropa İttifaqı ilə Azərbaycan arasında son illər yüksək əməkdaşlıq ortada ola-ola, həmçinin, cənab Fülenin özünün bunları bilə-bilə belə addımlar atması, həmin şəxsin addımlarının, məqsədlərinin heç də səmimi  və xoşməramlı olması haqda bizə mesaj göndərmir.  Ona görə cənab Füle onu da bilməlidir ki, onun addımları Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa kölgə sala bilər. Biz Avropa İttifaqının üzvü deyilik və həmin qurum qarşısında heç bir öhdəlik götürməmişik. Bu baxımdan, cənab Fülenin qarşısında hesabat verməyə bizim borcumuz yoxdur. Amma dünyada beynəlxalq öhdəliklərdən söhbət gedirsə, cənab Fülenin özünün də, Avropa İttifaqının da çox böyük beynəlxalq öhdəlikləri var.  Xahiş edirəm,  cənab Füle müstəqil Azərbaycan dövləti ilə bağlı bu öhdəliklərdən birini heç olmasa, yadına salsın. Amma bunları etməyə-etməyə, Azərbaycanın Avropa İttifaqı ilə bu cür uğurlu, gözəl əməkdaşlığına kölgə salmağa da ehtiyac yoxdur.

“Biz həqiqət və ədalət tərəfdarıyıq”

-Dediniz ki, Azərbaycanın Avropa İttifaqı  qarşısında öhdəlikləri yoxdur. Amma Avropa İttifaqı da daxil olmaqla, əksər nüfuzlu beynəlxalq qurumlar bildirirlər ki, insan hüquqları və onun təmin edilməsi  bir ölkənin daxili məsələsi sayıla bilməz...

-Mən bunu yaxşı başa düşürəm, amma insan hüquqları məsələsini bu gün siyasi vasitəyə çevirib, özünün geosiyasi və digər maraqlarını təmin etmək  üçün istifadə etmək heç də düzgün deyil. Əgər, yuxarıda da qeyd etdiyim kimi, Azərbaycanın Ermənistanla münaqişədə  ərazilərinin işğal olunması nəticəsində bütün hüquqları  pozulmuş qaçqın və köçkünləri haqda bir kəlmə  söz deyib, bir addım atsaydı, mən deyərdim ki, bəli, doğrudan da, cənab Füle insan hüquqlarının əsl müdafiəçisidir. Yaxud, Avropa İttifaqında, Avropada hüquqları gündə pozulan, döyülən, söyülən, cəzalandırılan insanlar haqda  ən azı 2-3 bəyanat versəydi, deyərdim ki, o, ədalətli inşandır. Biz həqiqət və ədalət tərəfdarıyıq. Bu gün çox təəssüflər olsun ki, Avropa İttifaqı beynəlxalq aləmdə geosiyasi maraqları üçün bütün addımları atır, ancaq yuxarıda dediyim istiqamətdə-qaçqın və köçkünlərin pozulmuş insan hüquqlarından isə bir kəlmə belə olsun danışmır. Bu isə bizi təmin edə bilməz. Əgər ədalətli münasibət olarsa, bizim də ona ədalətli cavabımız olacaq. Eyni zamanda, bayaq da dedim, dünyada beynəlxalq insan hüquqlarından və beynəlxalq öhdəliklərdən söhbət gedirsə, o zaman , hər şeydən əvvəl, belə öhdəliklər onların özlərinin üzərinə düşür. Amma təəssüflər olsun ki, onlar bunu heç xatırlamaq belə istəmirlər...

“Ştrasser də qərəzli idi...”

-Bildiyiniz kimi, bir müddət öncə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında Kristofer Ştrasserin “siyasi məhbus” məsələsi üzrə məruzəsi və siyahısı qəbul olunmadı. Bunun üstündən bir neçə gün keçməmiş isə məlum “İsmayıllı hadisələri” ilə bağlı iki tanınmış siyasətçi həbs edildi. Artıq hüquq müdafiəçiləri də həmin şəxsləri “siyasi məhbus” və ya “vicdan məhbus” kimi tanıyacaqlarını bildirirlər.  Odur ki, bu, yenidən Azərbaycanı AŞPA-da və digər Avropa strukturlarında problemlərlə üzləşdirməz ki?

-Bilirsiniz, əslində bu istiqamətdə  hər zaman cəhdlər edilir. Eyni zamanda, bəli, AŞPA-da “siyasi məhbus” məsələsi ilə bağlı müzakirələr aparıldı və nəticədə Ştrasserin özü həm mənəvi, həm də siyasi cəhətdən qiymətini aldı. Çünki  cənab Ştrasser də Azərbaycana qarşı həm qərəzli, həm də ədalətsiz idi. Bu adamın Azərbaycanda olmaya-olmaya, müxtəlif “materiallar” əsasında  “hesabat” hazırlayıb, dəfələrlə bəyanatlar verməsi düzgün deyildi. Bir daha deyirəm ki, Azərbaycan hökuməti də, rəhbərliyi də heç bir başqa dövlətin və ya beynəlxalq qurumun nümayəndəsi qarşısında hansısa öhdəlik götürməyib. Biz konstruktiv, ədalətli və prinsipial əməkdaşlıq etmək istəyirik. Biz heç kimin qarşısında baş əyib, kiminsə bir sözü ilə o tərəf - bu tərəfə üz çevirən deyilik. Biz müstəqil dövlətik, müstəqil xarici siyasət kursumuz var, gözəl əməkdaşlıq edirik. Amma kimlərinsə məsələləri istədikləri kimi istiqamətləndirib, bizə təzyiq göstərmək cəhdləri qəbul edilə bilməz. Əslində Avropanın özündə də elə insanlar var ki, bu prosesləri yaxşı bilirlər, görürlər, onu düzgün qiymətləndirməyi bacarırlar və məhz bu səbəbdən də Ştrasserin hazırladığı sənəd qəbul olunmadı. Ola bilsin ki, bu, indi müəyyən qüvvələri, adamları qıcıqlandırır, əsəbiləşdirir və yeni bir bəhanə axtarırlar...  Bu gün Avropanın hər hansı bir ölkəsinə getsəniz, görərsiniz ki, orada hər gün onlarla adamı həbs edirlər, tuturlar. İlqar Məmmədovla Tofiq Yaqubluya gəlincə isə, dediyim kimi, onlarla bağlı hələ istintaq-təhqiqat işləri, araşdırmları aparılır və sonda onların atdıqları addımlara hüquqi qiymət veriləcək. Gözləmək lazımdır ki, məhkəmə son qərarını versin, ondan sonra öz münasibətlərini bildirsinlər. Ancaq məhkəmə qərarını gözləmədən tələm-tələsik bəyanatlar vermək düzgün və ədalətli yanaşma  deyil. Tutaq ki, bu insanların çağırışları nəticəsində insanlar qarşıdurmaya gedəydi və kimlərsə öləydi, yaralanaydı, başqa təhlükəli məqamlar baş verəydi, onda onun məsuliyyətini bəs kim daşıyacaqdı - cənab Füle, yoxsa, başqası? Bu nöqteyi-nəzərdən  demək istəyirəm ki,  21-ci əsrin əvvəlində beynəlxalq gərginlik və ya geosiyasi maraqlar naminə, “kefimiz nə cür istəyəcək, o cür də edəcəyik” prinsipi ilə hərəkət etmək düzgün deyil. Təəssüflər olsun ki, bu, görünür...

“Biz Şərqliyik, emosionalıq...”

- Ümumiyyətlə, bəzi dairələr tərəfindən “İsmayılı hadisələri”nin qiyam, xalq üsyanı kimi qiymətləndirilməsinə münasibətiniz necədir?

- Bunlar heç bir vaxt ola bilməz və  olmayacaq. Əslində onu bu cür qiymətləndirənlər özləri baş verən hadisələri istədikləri kimi şərh edib, “əsaslandırıb”  dünyaya təqdim etmək istəyirlər. İsmayıllıda baş verənlərdən  söhbət gedirsə,  hadisə gecə saat 1-də olub. Ancaq  baş verən hadisə heç də insanların əvvəlcədən düşünüb-hazırladıqları hadisə deyil. Bizim xalqımız Şərq xalqıdır, biz şərqliyik, müsəlmanıq, emosionalıq. Bu gün danışdığımız yerdə birdən söhbət elə alınar ki, mənə qarşı heç bir mənfi münasibətiniz olmadığı halda, coşub hisslərinizi saxlamaya bilərsiniz və ya əksinə. Yəni, bu bizdə rast gəlinən bir xüsusiyyətdir, haldır. İndi isə bəziləri istəyirlər ki, bu hadisəni şişirdib siyasi proseslərin elementi kimi təqdim etsinlər. Bu, düzgün deyil. Bu gün Qərbdəki müəyyən dairələri də elə əsəbiləşdirən bax bu prosesdir ki, bu qədər dövlətlərdə məlum çalxalanmaları yarada biliblər, amma Azərbaycanda bunu edə bilmirlər və deyim ki, bunu da heç vaxt edə bilməyəcəklər. Buna əmin olsunlar. Birinci ona görə ki, bunun üçün Azərbaycanda heç bir əsas yoxdur. Əksinə, Azərbaycanda  gedən bu cür inkişaf, quruculuq prosesi dünyanın heç bir yerində yoxdur. Eyni zamanda, nöqsansız da heç bir ölkə yoxdur, amma əsas odur ki, bizdə bu nöqsanları ardan qaldırmaq iradəsi də ortadadır. Bunları əsəbiləşdirən də bax elə budur. Bir daha deyirəm, bütün müsəlman dövlətlərinin, çoxunda bu gün dağılma prosesləri gedir, bir Azərbaycandan başqa. Bəziləri də da bundan qıcıqlanır və hər bir xırda məsələdən bizə qarşı yararlanmağa çalışırlar. Bu cəhdlər isə heç zaman alınmayacaq. Azərbaycan xalqı da  gözəl bilir və qəbul edir ki, bu gün gedilən yolun heç bir alternativi yoxdur. Bundan gözəl kurs ola bilməz. Bu da belə demək mümkünsə, bizim ən böyük imkanımızdır və ondan da istifadə edəcəyik...

“Daş yuxular”ı oxumamışam, oxumayacağam da...”

-Yeri gəlmişkən, son günlər cəmiyyətdə  yazıçı Əkrəm Əylislinin “Daş yuxular” əsəri ətrafında gərgin proseslər yaşanmaqdadır. Müxalif dairələr isə bildirirlər ki, əslində hakimiyyət özü bu gərginlikdə maraqlıdır, yəni, Əkrəm Əylisli məsələsini gərginləşdirməklə, diqqəti, “İsmayıllı hadisələri”ndən, məlum “videoqalmaqal” olayından, artan əsgər ölümlərindən və digər ciddi məsələlərdən yayındırmaq məqsədi güdür. Siz bunlar  haqda- həm Əkrəm Əylislinin əsəri və onun ətrafında baş verənlər, həm də müxaliflərin yozumu barədə nə düşünürsünüz?

-Əvvəla, “İsmayıllı hadisələri” çoxdan unudulub gedib. Bu, məişət müstəvisində baş verən bir hadisə idi və bu cür hadisələr hər zaman ola bilər. Çıxın küçəyə, Allah eləməsin, bir maşın birinə dəymiş, birini yaralamış olsa, görərsiniz ki, o zaman ən azı 50-60 nəfər oraya yığışacaq və onları dağıtmasan, hərə başlayacaq ki, nə olub, nə baş verib və sair... Bu yerdə sadəcə, onu demək istəyirəm ki, bu gün dünyadakı qəddar, amansız prosesləri insanlar bilməlidirlər. İnan ki , tarixdə bu qədər qəddar mübarizə heç zaman olmayıb. Hətta, bir-birinə ən yaxın olan dövlətlər belə, bu gün  bir-biriləri ilə aşkar-gizli mübarizə aparırlar. Məsələn, Böyük Britaniyanın Avropa İttifaqı ilə bağlı hansı addımlar atdığı göz önündədir. Yaxud, ABŞ-ın Avropa ilə bağlı mütəmadi atdığı addımlar ortadadır. Yəni,  gərgin, qəddar, amansız mübarizə bir an ara vermədən gedir. Biz də bunların mahiyyətini bilirik, görürük. Ona görə məni düşündürən bu məsələdir ki, kaş Azərbaycanın ziyalıları, siyasətçiləri cəbhəsindən asılı olmayaraq,  bunları dərindən görə biləydilər. Görə biləydilər ki, kənar dairələrin Azərbaycandan istədikləri nə ola bilər və nədir...  Çünki heç bir vaxt heç bir kənar qüvvə bu xalqın xoşbəxtliyini Azərbaycanın özündəkilər qədər istəyə bilməz. Ona görə indi gedib onların qulu olmaq, onların əlində alətə, kuklaya çevrilmək düzgün deyil. Bunun sonradan nə qədər səhv olduğunu mən heç kimə görməyi arzulamaq istəməzdim. Sual yaranır, həbs olunan bu iki şəxslə bağlı niyə bu qədər hay-küy qaldırılıb... Çünki ortada çox sıx “əlaqələr” var və bu əlaqələr haqda da bizdə müəyyən məlumatlar var. Ona görə Avropanın bəzi dairələri indi bu cür hay-küy qoparır, qışqır-bağır salırlar...

Əkrəm Əylisliyə gəlincə isə, mən arzu edərdim ki,  bu adam öz xalqının taleyi haqqında bir tarixə nəzər salıb,  onun keçdiyi yolu, başına gəldiyi müsibətləri, fəlakətləri, müharibələri düzgün  qiymətləndirib,  bir əsər ortaya qoyaydı. Rusiyada böyük bir alim qrupu var,  onlar riyaziyyatçılar olublar - Fomenko, Nosovski və başqaları. Onlar öz tədqiqatları zamanı tarixə də keçid ediblər-yəni, riyazi metodlarla tarixi araşdırmağa başlayıblar və sonradan bu prosesi genişləndirərək, 35-dən çox kitab yazıblar. İndi Əkrəm Əylisli heç olmasa, gedib onlardan birini oxusun və görsün ki, tarix elmi nədir. Tarix elmi haqda tarixin ən böyük şəxsiyyətlərindən biri deyib ki, tarix insan təfəkkürünün ən təhlükəli məhsuludur. Yəni, tarixi  hər bir ölkə, xalq , dövlət özü üçün yaradır, qurur. 1988-90-ci illərdəki hadisələrlə də bağlı soruşsanız, bu gün hərə öz istədiyi kimi danışacaq. Eyni zamanda, 100, 200 il əvvəl, 1000 il əvvəl baş verənlər haqda da hərə bir rəy yürüdəcək.  Fomenko və Nosovskinin əsərlərində də göstərilir ki, bütün ölkələr özləri üçün tarix yaradıblar və özmaraqları üzərində qurublar. Bunu isə görmək lazımdır ki, nə üçün, hansı məqsədlə edilib... Bunlar elə-belə məsələlər deyil. Ona görə təəssüflər olsun ki, bizim Əkrəm Əylisli kimi bəzi ziyalılarımız hələ də fil qulağında yatırlar. Onlar belə məsələlərdən xəbərləri yoxdur. Məni də daxilən ağrıdan budur. Yoxsa, heç o “əsəri” oxumamışam,  heç bundan sonra da oxumayacağam . Bu adam əgər özünü bu xalqın oğlu sayırsa, bu xalqa da xidmət etməlidir. Gedib ona-buna uyub, onun-bunun sözü ilə başqa cür addım atmamalıdır...

Kamil Həmzəoğlu

 

 





12.02.2013    çap et  çap et