525.Az

Sabunçu rayonunda törədilən qətlin üstü açılıb


 

Sabunçu rayonunda törədilən qətlin üstü açılıb<b style="color:red"></b>

Bakının Sabunçu rayonunda törədilən qətlin üstü açılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən 525.az-a verilən məlumatda bildirilir ki, Sabunçu rayon Prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində baş vermiş qəsdən adamöldürmə cinayətinin isti izlərlə açılması təmin edilib.
 
Belə ki, fevralın 9-da saat 19 radələrində Bakıxanov qəsəbəsində yerləşən «Bülbülə» gölünün yaxınlığındakı qamışlıq sahədə üzərində çoxsaylı xəsarətlər olan kişi meyiti aşkar edilib.
 
Fakta görə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, dindirilmələr aparılmış, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib. İstintaqla müəyyən edilib ki, aşkar edilmiş kişi meyiti Qaraçuxur qəsəbə sakini, 1981-ci il təvəllüdlü Əliyev Yusif Yunus oğluna məxsus olmaqla, o, qeyd olunan tarixdə aralarında yaranmış mübahisə zəminində xalası oğlu, 1980-ci il təvəllüdlü Ələkbərov Qurban Lətif oğlu tərəfindən odlu silahla qətlə yetirilib və sonuncu hadisə yerindən qaçıb.
 
Aparılmış istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Qurban Ələkbərov tutularaq istintaqa cəlb olunub.
 
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

 





12.02.2013    çap et  çap et