525.Az

“Azərbaycandan Türkiyəyə gedən turistlərin sayının azalacağını düşünmürəm”


 

“Azərbaycandan Türkiyəyə gedən turistlərin sayının azalacağını düşünmürəm”<b style="color:red"></b> "Hesab etmirəm ki, Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı azalacaq. Terrorizm bütün dünyanı təhdid edən ən başlıca problemdir və təkcə Türkiyəni hədəf almır”.
 
Bunu APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib.
 
Son bir necə ay ərzində İstanbulda və Ankarada törədilən terror aktlarına toxunan səfir bildirib ki, belə hadisələr sadəcə, Türkiyədə olmur:

“Bu hadisələr Belçikada da, Fransada da, Afrikada da, Pakistanda da olur. Bu, dünyanın çox acı bir gerçəyidir. Bundan dərs almaq üçün hər dövlət terrora qarşı mübarizə aparmalıdır. Hər birimiz bu bəla ilə mübarizə apara bilmək üçün qərarlı olmaq məcburiyyətindəyik”.
 
İ. A. Coşkun PKK-nın maliyyə qaynaqlarının Türkiyədən kənarda olduğunu söyləyib:

“Avropanın fərqli ölkələrində iş yerlərindən, insanlardan zorla pul toplayaraq bu pulları terror fəaliyyətlərinə yönəldən qaynaqları qurutmalıyıq. Terrorçuların əsas məqsədi vətəndaşların rifahına zərər vurmaqdır. Bizim buna heç bir halda imkan verməyimiz mümkün deyil.

Dövlət ölkənin və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görəcək. Türkiyə hər bir zaman dünyanın ən önəmli turizm mərkəzlərindən biri olmaqda davam edəcək. Türkiyə hər zamankı kimi, azərbaycanlı qardaşlarımızın öz ölkəsidir”.
 





22.04.2016    çap et  çap et