525.Az

Bir az səbr, bir az sükunət


 

Bir az səbr, bir az sükunət<b style="color:red"></b>

Almaniyadan yazır 

Yazıçı Əkrəm Əylisli ilə bağlı müzakirələri Almaniyadan izləməyə çalışıram. Təbii ki, sadəcə, Azərbaycandakı müzakirələri deyil, Avropadakı, özəlliklə erməni diasporasının yabançı dillərdə yazdıqları qəzetlərə də baxıram. Əkrəm Əylislinin tək tərəfli fikirlərlə qələmə aldığı roman üzərindən aparılan müzakirələrin getdikcə xalqımızın əleyhinə dönən bir davaya çevrildiyini  gördükcə üzülürəm. Belə vəziyyətlərdə topdan hücuma keçmək haqsız olan yazıçını getdikcə haqlı duruma gətirib çıxaracaq. Könül istərdi ki, bu məsələ yazıçılar arasında olsun və Azərbaycanda sənət adamları üçün bir imtahan meydanına çevrilsin!

Təəssüf ki, belə olmadı.

Xarici mətbuatda kitabdan və kitabda yazılanlardan çox, bir ölkədə bir yazıçının roman yazdı deyə bütün haqlarının əlindən alınması, ailə üzvlərinin işdən çıxarılması məsələsi kimi gündəmə çıxdı.

Başda “New York Times” və Türkiyədə yayınlanan erməni qəzeti “Agos”, bir yazıçıya yönələn  basqıların və kampaniyanın qəbuledilməz olduğunu yazırlar. Görünür bu qəzetlərdəki yazılar getdikcə Azərbaycanı çətin vəziyyətə salacaq.

Türkiyə keçmişdə bir qism yazarları solçudur deyə həbsə atdı, onları davamlı təqib etdirdi və rahat yaşamalarına fürsət vermədi. Sonu nə oldu? Mühacirətə qaçan yazarlar hər qatıldıqları proqramlarda  Türkiyəni qaraladılar. Mən 20 il öncə Almaniyaya gəldiyimdə harada türk olduğumu söyləsəm: “O yazarları həbsə atan ölkəmi?” – deyə məni sorğu-suala çəkərdilər.

Azərbaycanda demokratiya və insan haqları nə durumda olursa olsun, insanları təhsilli və mədənidirlər. Türkiyədə nə zaman Azərbaycandan söz edilsə, ən çox insanlar tərəfındən dilə gətirilən söz budur: “Onlar çoxluqda ali məktəb məzunları və mədəni insanlardır!”

İndi bir yazıçının yazdığı roman xalqımız üçün nə qədər təhqiredici və alçaldıcı olsa da, bizlər səbr etməli, orada yazılanları haqlı çıxaracaq hərəkətlərdən qaçmalıyıq.

Bu məsələdə buraxılacaq xətalar ölkəmizi daha da çətinə salacaq.

Avropada yazı və elmi çalışmalara o qədər dəyər verirlər ki, daha bu yaxınlarda doktorluq işinin bir bölümünü qaynaq bildirmədən yazdığı üçün Almaniyada bir alman nazirinin doktorluq titulunu əlindən aldılar.

Əkrəm Əylislilər davamızda bəlkə bir dəlik aça bilər. Amma ona yönələcək hücumlar onu məzlum durumuna düşürəcək və davamızın sinəsində dərin yaralar açacaq.

Kənardan durub dərs vermək kimi çixmasın (bu yazını qətiyyən o niyyətlə yazmıram), mən bu vəziyyətdə bütün Azərbaycanı sevən insanları sakit düşünməyə dəvət edirəm. Yabançı bir ölkədə yaşayan və Azərbaycanı canından çox sevən, her yerdə “azərbaycanlıyam” deməkdən qürur duyan bir insan olaraq mədəni Azərbaycan millətini səbrli olmağa çağırıram.

Hələ küçələrdə kitab yandırmalar, təhdid etmələr bizim xalqımıza yaraşan hərəkətlər deyil. Artıq ox yaydan çıxıb. Yazılan yazılıb. Nə qədər qiyamət qoparılsa da, yazılanlar geriyə gəlməz. Bu səbəblə xalqımızın o məzlum şəhidlərini incitmək, onları daha da məyus etmək istəmiriksə, belə məsələlərdə: “mən daha çox vətənsevərəm” – deyə ortalığa çıxıb xalqımızı gözdən salmamaq gərək.

Ölkəmiz və millətimizin adına indiyə qədər yüzlərcə iftira və yalan yazıldı. Bu millət gün gəldi təhqir edildi, gün gəldi dədə-baba yurdundan qovuldu, gün gəldi sibirlərə sürüldü, gün gəldi alman cəbhələrinə göndərilib öldürüldü. Xalqını sevən, onun üçün ürəyi yanan aydınları qurşunlara tuş gəldi. Qonşu olaraq baxdığı, çörək verdiyi xalqlar tərəfindən xəyanətə uğradıldı, soyqırımlara məruz qaldı. Buna rəğmən millət ayaqda qaldı.Yeni aydınlar yetişdirdi, analar yeni igidlər doğdu və o igidlər nəhəng bir imperatorluqdan sökə-sökə çəkib baxımsızlığını aldı.

Onun üçün bədbinliyə, hiddətə qapılmamaq gərəkdir.

Xalqımız artıq Əkrəm Əylislilərdən deyil, onun acılarını yazması üçün o biri yazıçılarının gözlərinin içinə baxmalıdır. Onlar gerçək yazıçıdırlarsa, bu millətin 150 illik acılarını, sürgünlüklərini, baxımsızlıq arzularını yazmalıdırlar.Və biz dünya mətbuatına bu cür yazıçıların adlarıyla çıxmalıyıq.

Ölkəmizi, torpağımızı, insanlarımızı, gələcəyimizi, övladlarımızı və onların gələcəyini düşünən hər kəsdən səbrli və sakit olmalarını rica edirəm. Artıq dünyada yalqız bir ölkə olaraq yaşamaq mümkün deyil. Bütün dünya ilə bütünləşmək məcburiyyətindəyik. Bizlər nə qədər sakit, soyuqqanlı, ağıllı davransaq o qədər davamızdan qazanclı çıxarıq.

 





12.02.2013    çap et  çap et