525.Az

Bakıda Oxu Günü keçirildi - Fotoreportaj


 

Bakıda Oxu Günü keçirildi - <b style="color:red">Fotoreportaj</b>

Aprelin 23-də Bakının Nəsimi rayonunda yerləşən “Zorge” parkında Mədəniyyət və Turizm, Təhsil nazirlikləri, Azərbaycan Yazıçılar Birliyi (AYB) Nəsimi Rayon İcra Hakimiyyəti və “Hədəf” nəşrlərinin təşkilatçılığı ilə ikinci Oxu Günü keçirilib.

Layihəyə dəstək verən Yunus Əmrə İnstitutu, Kitabevim.az kitab mağazaları şəbəkəsi, Baku-Bus, AMEA Mərkəzi Elmi Kitabxana, “Medika Hospital”, “Qlobal Karyera” İnstitutu, “ASAN Könüllüləri” və “Hədəf” kursları və bir çox idarə və təşkilatların nümayəndələri bu aksiyada iştirak edib.

Yüzlərlə iştirakçının toplaşdığı tədbirdə məktəb şagirdləri, mədəniyyət evlərinin tələbələri, müxtəlif sənət adamları maraqlı çıxışlar ediblər. Rəsmi hissədən sonra isə tədbir konsert proqramı ilə davam edib. Eyni zamanda müxtəlif nəşriyyatların satış yarmarkası keçirilib.

Həmçinin layihə çərçivəsində Xalq yazıçısı Çingiz Abdullayevin, tanınmış yazıçı Aqil Abbasın kitablarının, Türkiyənin məşhur yazıçılarından olan Ahmet Haldun Terzioğlunun “Hədəf” nəşriyyatında çapdan çıxmış “Tomris Xan” və şairə Zərəngiz Dəmirçi Qayalının “Xan” nəşriyyatında dərc edilmiş “Oğul” kitabının da təqdimatı, müəlliflərin oxucularla görüşü və İmza günü keçirilib.

Tədbirdə “Əsgərə kitab” adlı aksiya da baş tutub. Bu aksiyada müəlliflərlə birgə oxucular da aldıqları kitabları aksiya üçün nəzərdə tutulmuş guşəyə təqdim etməklə onları əsgərlərə hədiyyə ediblər. Məqsəd əsgərlərin asudə vaxtlarının səmərəli təşkilinə yardımçı olmaqdan ibarətdir.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev oxucuları salamlayaraq, kitabın həyatımızdakı mühüm rolundan söhbət açıb. Bildirib ki, Oxu Günündə ölkəmizdə fəaliyyət göstərən müxtəlif nəşriyyatlar, kitab və ədəbiyyat klublarının bir araya gəlməsi, insanların kitabla bayramlaşması layihənin böyük uğurundan xəbər verir.

Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov da tədbirlə bağlı düşüncələrini bölüşüb. O qeyd edib ki, layihənin təşkilatçılarından biri də Təhsil Nazirliyidir: "Oxu günü əla layihədir. Təhsil naziri Mikayıl Cabbarov 2014-cü ildə mütailə mədəniyyətinin daha da geniş yayılması, mütailə işinin yenidən təşkili ilə bağlı orta məktəblərdə, digər ictiami təşkilatlarda müxtəlif oxu günlərinin keçirilməsi, oxu qruplarının yaradılması, məktəblərdə bədii, fəlsəfi düşüncəyə hörmət edən əsərlərin müzakirəsi üçün müvafiq əmr imzalayıb. Bu sırf şagirdlərimizin dünyagörüşünün genişləndirilməsinə xidmət edir və bunda əməyi olan hər kəsi alqışlayırıq. Çox sevindirici haldır ki, bugünkü tədbir də böyük qələbəliklə müşaiət olunur.

Qurumun kitabla, ədəbiyyatla, məktəblərdə kitab sevgisinin aşılanması ilə bağlı başqa lahiyələri varmı? - sualına nazirlik rəsmisi belə cavab verib: "Bununla bağlı çoxsaylı layihələrimiz var. Xüsusi stendlər təşkil olunur, kitabxanalarda, məktəb kitabxanalarında xüsusi guşələr yaradılır. Sadaladıqlarım təkcə dekorativ deyil, daha çox icra mexanizmi olan məramdır”.

"Ulduz" jurnalının baş redaktoru, şair Qulu Ağsəs hesab edir ki, Oxu Günü daha çox yazıçıların bayramıdır: "Bu günlə bağlı ilk olaraq yazıçıları təbrik edirəm. Oxu Günü oxuculardan çox yazıçıların günüdür. Biz nə qədər özümüzü ifadə etdiyimizi, özümüz üçün yazdığımızı desək də, ürəyimizin bir guşəsindən keçir ki, kaş, bunu oxuyan ola. Üstəlik, ədəbiyyat incəsənət sahəsi olmaqla yanaşı, həm də kütlənin sənətidir. Yazıçının kitabı çap olunursa, artıq onun oxunmaq istəyi var. Nə qədər desək də oxucu problemimiz yoxdur, bu, səmimi olmayacaq. Azərbaycanda ədəbiyyata, ümumiyyətlə mütaliəyə münasibət son dönəmlərdə pisləşib. Adamlar artıq əvvəlki kimi kitabı, kitab yazanları sevmirlər. Yazıçılara olan o münasibət, o sevgi, o istək artıq yoxdur.

Yazıçının, kitabın üzü qara olub, yəni biz artıq əfsanə deyilik. Gündəlik problemlərlə məşğul olan və onları yoluna qoya bilməyən adi adamıq. Yaxın keçmişdə yazıçıların belə problemləri olmayıb. Yazıçının ev problemi, maşın problemi ola bilərdi, sevgilisilə, qohumları ilə problemi ola bilərdi, amma oxucuyla problemi yox idi. Yeganə problemi olmayan sahə oxucusuydu. İndi yazıçının evi də, maşını da var, amma oxucusu yoxdur. Bu problemi isə oxucu ilə yazıçı bir yerdə aradan qaldıra bilər. Hansısa ortaq məqam tapmalı, bu problemi çözməliyik. Və bu gün o problemə çözüm arandığı günlərdəndir. Yəni biz gəlirik, onlara əl uzadırıq... İstərdim ki, onlar da bizim əlimizi geri qaytarmasınlar".

Baş redaktor "Ulduz" jurnalının da mümkün qədər tədbirə dəstək verdiyini vurğulayıb. "Ulduz" jurnalında layihənin böyük reklamını vermişik. Ümumiyyətlə, çalışırıq ki, hər nömrədə oxuculara təzə kitab hədiyyə edək. Bu ay da etməliydik, kitabın çapı yubandığına görə alınmadı. May ayında hədiyyə edəcəyik. Oxucuları müxtəlif fləşmoblarla, layihələrlə həvəsləndirməyə çalışırıq ki, mütaliə etsinlər, bizi oxusunlar. Oxucuya deyəndə ki, al kitab oxu, deyir "mən bədii ədəbiyyat sevmirəm". Elmi ədəbiyyatı, siyası ədəbiyyatı, iqtisadi ədəbiyyatı, yaxud tibbi ədəbiyyatı sev.

Düşünürəm ki, hər azərbaycanlının evində azı iki kitab olmalıdır. Birincisi, Konstitusiya, ikincisi də "Qurani-Kərim". Biri Dövlət Konstitusiyası, o biri dini konstitusiya. Amma Allahla, dinlə yazıçılığın hər hansı əlaqəsi yoxdur. Bəziləri elə bilir ki, nə qədər çox dini mətn yazsalar, oxucuların xoşuna gələcək. Tamamilə yanlış düşüncədir. Yazı adamı elə bir qədər Allahdan qıraq olmalıdır".

Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev də öz təəssüratlarını bölüşüb: "Çox sevinirəm ki, belə tədbir, bayram keçirilir. Belə bayramlar nə qədər çox olsa o qədər də yaxşı olar. Bizim gələcəyimiz kitabdan, mütaliədən asılıdır. Ancaq çalışmalıyıq ki, bu, təkcə bayram olmasın, əməldə də həyata keçirilsin, ona görə də uşaqlara kitab sevgisi aşılamalıyıq.

Tədbirin təşkilatçılarından biri də AYB-dir. Qurumun bu cür başqa tədbirlər planları da var. Biz kitablarla bağlı kitabxanalarda, şəhər məktəblərində tədbirlər keçiririk. amma yenə də kifayət deyil. Mütaliə edənlər çox azdır".

Millət vəkili, yazıçı Aqil Abbas belə bayramların davamlı olmasının vacibliyini qeyd edib: "Mənimçün bundan gözəl tədbir ola bilməz. Bu gün kitab bayramıdır. Belə bayramlar hər il həm Bakıda keçirilir, həm bölgələrdə keçirilir. Gördüyünüz kimi xeyli adam toplaşıb. Bundan böyük nə sevinc ola bilər?. Uşaqlar, gənclər, tələbələr, yaşlılar... İnsanları kitaba qaytarmaq lazımdır. Ona görə də belə tədbirlər davamlı olmalıdır".

Türkiyənin tanınmış yazıçılarından olan Ahmet Haldun Terzioğlu hisslərini paylaşanda göz yaşlarına hakim ola bilməyib. "Azərbaycan canımdır. Gənclərin əlində Qarabağ yazısını görmək məni çox duyğulandırdı. Oradakı qəhəman əsgərlərimizə salam göndərirəm, Göz yaşlarımı saxlaya bilmirəm deyə, çox danışa bilməyəcəm. Bir gün bayrağımız bütün Qarabağda dalğalanacaq. Vətən yolunda, Qarabağ uğrunda canından keçən şəhidlərə rəhmət, qazilərə şəfa diləyirəm. Televiziyaların birində azad edilmiş yüksəklikdə dalğalanan Azərbaycan bayrağını gördüm, çox qürurverici səhnə idi...

Bu gün mənim də imza günümdür, insanların xoş simalarını, münasibətlərini görmək sevindiricidir. Kitaba, ədəbiyyata maraqsa kifayət qədərdir".

Daha sonra təhsil nazirinin müavini Firudin Qurbanov, “Hədəf” Nəşriyyatının direktoru Şəmil Sadiq, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Milli Kitabxananın direktoru Kərim Tahirov, AYB katibi, yazıçı İlqar Fəhmi və başqaları çıxış edərək öz fikirlərini bölüşüblər.
 
Çıxışçılar vurğulayıblar ki, layihə uşaqlar, gənclər və sakinlər arasında mütaliəyə diqqətin artırılması, ədəbiyyata marağın yaradılması üçün nəzərdə tutulub. Layihənin hədəfi insanlarda oxu vərdişini inkişaf etdirmək, kitabla paylaşmağı bacarmaq və kitabla həmsöhbət olmaqdır.

“Gəlin birgə oxuyaq!” şüarı altında təşkil olunmuş layihənin əsas məqsədlərindən biri də fəal oxucularla müəlliflərin, tanınmış insanların bir-birinə qarşılıqlı kitab hədiyyə etməsi olub.

Həmçinin layihə çərçivəsində Xalq yazıçısı Çingiz Abdullayevin, tanınmış yazıçı Aqil Abbasın kitablarının, Türkiyənin məşhur yazıçılarından olan Ahmet Haldun Terzioğlunun “Hədəf” nəşriyyatında çapdan çıxmış “Tomris Xan” və şairə Zərəngiz Dəmirçi Qayalının “Xan” nəşriyyatında dərc edilmiş “Oğul” kitabının da təqdimatı, müəlliflərin oxucularla görüşü və İmza günü keçirilib.

Tədbirdə “Əsgərə kitab” adlı aksiya da keçirilib. Kitabları aksiya üçün nəzərdə tutulmuş guşəyə təqdim etməklə onları əsgərlərə hədiyyə etmək mümkün olub. Məqsəd əsgərlərin asudə vaxtlarının səmərəli təşkilinə yardımçı olmaqdan ibarətdir.

Tədbir çərçivəsində incəsənət ustaları, Nəsimi rayon məktəbləri, mədəniyyət mərkəzləri, və uşaq evlərinin yeniyetmə sənətçiləri konsert proqramı ilə çıxış ediblər.

Sonda fərqlənənlərə diplom və müxtəlif mükafatlar təqdim edilib.

 





25.04.2016    çap et  çap et