525.Az

Ziya Məmmədov: "Biz bu dəmiryolundan Ermənistanın istifadəsinə imkan verməyəcəyik"


 

Ziya Məmmədov: "Biz bu dəmiryolundan Ermənistanın istifadəsinə imkan verməyəcəyik"<b style="color:red"></b>

Bu gün Tiflisdə “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin nəqliyyat nazirlərinin görüşündən sonra mətbuat konfransı keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, mətbuat konfransında “Şərq Tərəfdaşlığı” layihəsinin üzvləri olan ölkələr iştirak edib.
 
Konfransı Gürcüstanın sabit inkişaf və iqtisadiyyat naziri Georgi Kvirikaşvili açıb. Sonra nəqliyyat nazirləri jurnalistlərin suallarını cavablandırıblar. Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Bakı-Tiflis-Qars (BTQ) dəmiryolunun tikintisi ilə bağlı jurnalistlərə açıqlama verib: “Bu layihə Avropanı Asiya ilə birləşdirəcək. Bu yeni layihədir. Türkiyə ərazisində layihə ilə bağlı böyük işlər aparılır. Bu vacib layihədən sonra biz Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə daha bir böyük layihəni həyata keçirəcəyik. Bu, Londona qədər uzanacaq avtomobil layihəsidir. Bu layihə Amerikanın 100 layihəsindən biri kimi daxil edilib. Layihəyə Orta Asiya ölkələri də maraq göstərir”.
 
Nazir BTQ layihəsinin tikintisinin indiyədək qrafik üzrə aparıldığını bildirib: “İndi qış fəsli olduğundan, mütəxəssislərimiz tikintinin davam etdirilməsi üçün hazırlıq işləri görürlər. Havalar yaxşılaşan kimi dəmiryolunun tikintisi davam edəcək. Layihə ilə bağlı olan problemləri üç ölkənin rəhbərləri həll edir. Bu layihəni Azərbaycan, Gürcüstan və Türkiyə dəstəkləyir. Bu gün biz Gürcüstanla Koordinasiya Şurasının iclasını keçirəcəyik. Orada BTQ-nin tikintisinə əlavə büdcəni müəyyənləşdirəcək və sonra maliyyələşmə üçün dövlətə təqdim edəcəyik.”
 
“BTQ dəmiryolu layihəsinin istifadəyə verilməsindən sonra Ermənistan bu layihədən istifadə edə bilərmi?” sualına cavab verən Ermənistan nəqliyyat nazirinin müavini Artaş Avetisyan “imkan düşən kimi biz bu dəmiryolunun imkanlarından istifadə edəcəyik” - deyə bildirib.
 
Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Ermənistanın nazir müavininin cavabına belə reaksiya verib: “Bu layihənin tikintisi Azərbaycanın təşəbbüsü və büdcəsi ilə həyata keçirilir. Nə qədər ki, Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarını işğal altında saxlayır və münaqişə həll olunmayıb, biz bu dəmiryolundan Ermənistanın istifadəsinə imkan və razılıq verməyəcəyik. Bu, yalnız hər üç ölkənin razılığı ilə həyata keçirilə bilər”.
 
Mətbuat konfransında ermənilərin Azərbaycanın işğal olunmuş Xocalı aeroportunu istismara vermək cəhdlərinə münasibət bildirən Avropa Komissiyasının vitse-prezidenti, nəqliyyat məsələləri üzrə avrokomissar Siym Kallas Avropa Birliyinin bu məsələ ilə heç bir əlaqəsinin olmadığını söyləyib: “Mülki təyyarələrin uçuşu üçün milli dövlət özünün hava məkanından istifadə icazəsi verməlidir”.

 





13.02.2013    çap et  çap et