525.Az

Günümüzün geosiyasi reallıqları və "Dənizdən dənizə Ermənistan" xülyası


 

Günümüzün geosiyasi reallıqları <b style="color:red">və "Dənizdən dənizə Ermənistan" xülyası </b>

Son zamanlarda bölgə və beynəlxalq təhlükəsizlik mühitində yaşanan qırılma nöqtələrini diqqətlə müşahidə etdikdə, bu vəziyyətin digər dondurulmuş silahlı konfliktlərə bu və yaxud digər şəkildə təsir edəcəyi əsasən bəlli idi.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində cari ilin aprelin 2-də Ermənistanın bütün cəbhə boyu atəşkəs rejimini kobud şəkildə pozaraq irəliləmək cəhdinin qarşısı Azərbaycan ordusu tərəfindən qətiyyətlə alındı və Azərbaycan əks hücumla mövqelərini bir neçə istiqamətdə irəliyə doğru çəkə bildi.

Ermənistan atəşkəsi pozarkən əsasən Türkiyə-Rusiya arasındakı gərginliyi, Türkiyənin Yaxın və Orta Şərqdə qarşılaşdığı problemləri nəzərə alaraq hərbi əməliyyatlara başladı. Ermənistan bu əməliyyatlarda cəbhə xəttini daha irəli çəkərək, son illərdə müzakirə masasında zəifləyən mövqeyini möhkəmləndirmək və Azərbaycandan daha çox güzəşt tələb etmək istəyirdi. Amma Ermənistan rəhbərliyinin bu planı həyata keçmədi, əksinə Ermənistan işğal altında olan bölgələrdə geri çəkilməyə məcbur oldu və bir neçə strateji yüksəkliyi itirdi.

Ermənistan uğursuzluqla nəticələnən 2 aprel hərbi əməliyyatından sonra ciddi və təhlükəli reallıqla qarşı-qarşıya qaldı. Nədir bu reallıqlar?

-erməni ictimai rəyində son 25 ildə formalaşan psixoloji cəhətdən üstünlük haqda fikir yerlə bir oldu;

-son 25 ildə iddia etdiyi kimi cəbhə bölgəsində müdafiə xəttinin keçilməz olduğu mifi birdəfəlik dağıldı;

-işğal altında olan bölgələrdə hərbi nizam-intizam demək olar ki, yox dərəcəsindədir;

-Ermənistan ordusunun hərbi texniki göstəricilərə və döyüş hazırlığına görə Azərbaycan ordusundan olduqca geridə qaldığı məlum oldu;

-Ermənistan rəhbərliyinin erməni xalqına təlqin etməyə çalışdığı hərbi üstünlüyün, qətiyyətin, siyasi iradənin olmadığı ortaya çıxdı;

-Ermənistan strateji müttəfiq olaraq gördüyü və yaxud elə olduğu təbliğ edilən dövlətin, üzvü olduğu və böyük ümidlər bəslədiyi hərbi-siyasi təşkilatın ona heç bir dəstək vermədiyini, əksinə siyasi olaraq Azərbaycanı dəstəklədiyi həqiqətini gördü;

-beynəlxalq ictimai rəy əsasən Ermənistanın yanında olmadı;

-erməni diaspor təşkilatları Ermənistanın mövcud vəziyyəti ilə gözlənildiyi kimi ciddi olaraq maraqlanmadı;

-hərbi əməliyyatlar başlayanda işğal altında olan bölgələrdən və Ermənistandan mülki əhalinin qaçmağa çalışması onu göstərdi ki, sadə ermənilər dövlətin işğalçılıq siyasətinə ortaq olmaq istəmir;

-Ermənistan iqtisadiyyatının 3-4 günlük müharibənin ağırlığını belə qaldıra bilməyəcəyi bəlli oldu;

-erməni xalqı ilə dövlət arasında uçurumun nə qədər dərinləşdiyi müşahidə edildi;

-Dağlıq Qarabağ probleminin Ermənistanın çiynində siyasi, iqtisadi, sosial və təhlükəsizlik sahələrində nə qədər ağır bir yük olduğu məlum oldu.

Ermənistanın siyasi rəhbərliyinin on illərdir ölkədə formalaşdırmağa çalışdığı təhlükəsizlik sisteminin nə qədər yanlış olduğunu görməsi onda şok effekti yaratdı. Ermənistan Prezidenti Serj Sərkisyanın 10 iyun 2009-cu ildə ölkəsində keçirilən "Rusiya həftəsinin” açılışında dediyi "Rusiya nə qədər güclü olarsa, Ermənistan da o qədər güclüdür” fikri sabun köpüyü kimi dağıldı.

Ermənistan müstəqilliyini elan etdikdən bu günə qədər bölgədə militarist siyasət həyata keçirir, maraqlı odur ki, bunu özünün siyasi və hərbi gücü ilə etdiyini düşünür. Amma aprel hadisələrindən sonra Ermənistanın bölgədə həyata keçirdiyi militarist siyasətinin arxasında kimlərin durduğu məlum oldu. Ermənistan bu oyunda ssenarist tərəfindən ona kiçik epizodik rol verilən, tamaşadan sonra səhnəyə çıxan, amma tamaşaçılardan heç zaman gül buketi almayan həvəskar bir aktyordur.

Ermənistan acı reallıqları gördü, strateji müttəfiqinin güclü olmasından feyziyyab olan ermənilər o dövlətin siyasi rəhbərinin portretini küçələrdə asaraq altına "Düşmənini tanı” deyə şüar yazdı. Ermənistanın siyasi rəhbərliyi bir zamanlar qürur duyduğu strateji müttəfiqinə kin qusmağa başladı, onun daxili işlərinə qarışdı, Cənubi Qafqaz siyasətini müzakirə edərək qınadı, hansı dövlətə nə qədər silah satacağı haqqında "məsləhət” verdi, siyasi kursunu dəyişdirməyə dəvət etdi.

Yəni qısacası, Ermənistanın siyasi rəhbərliyi problemlərin səbəbkarını yenə də kənarda axtarmağa başladı. Erməni tarixi mənbələrinə diqqət etdikdə əsas mövzu budur: onları əvvəlcə Osmanlı imperiyası, İngiltərə, Fransa, Almaniya, ABŞ, Çarlıq Rusiyası və indi də Rusiya Federasiyası arxadan vurdu, satdı, xərclədi. Əgər ermənilərin bu iddiası doğrudursa, demək ki, ermənilər və Ermənistan dövləti adı keçən böyük dövlətlərin siyasi maraqları çərçivəsində  alınıb satıla bilən ən uyğun predmetdir.

Ermənistan siyasi rəhbərliyi son 100 illik tarixdən dərs almır, almaq istəmir. Ermənistan və erməni xalqı bütün bu reallığı görərək, bölgə və beynəlxalq aləmlə iqtisadi, siyasi cəhətdən inteqrasiya olmaq, qonşuları ilə yaxın münasibət quraraq onların təbii sərvətlərindən ən münasib şəkildə istifadə edərək dövlətlərini inkişaf etdirməyə, gücləndirməyə çalışmaq əvəzinə "Dənizdən dənizə Ermənistan” kimi xəstə ideologiyanın əsiri olduqları üçün nə ciddi dövlət qura bilmiş, nə də iqtisadi cəhətdən inkişaf etmək fürsətini uyğun şəkildə istifadə etmək bacarığına sahib olmuşlar.

Newtimes.az
Hatəm Cabbarlı, Siyasi elmlər doktoru

 





28.04.2016    çap et  çap et