525.Az

Ermənistan 5 aprel razılaşmasını pozdu


 

SARKİSYANIN ƏKS-HÜCUMA KEÇMƏK İSTƏYİ AZƏRBAYCAN ORDUSUNA NÖVBƏTİ MƏRHƏLƏDƏ İŞĞAL ALTINDAKI ƏRAZİLƏRİN AZAD OLUNMASI İMKANI QAZANDIRIR

Ermənistan 5 aprel razılaşmasını pozdu<b style="color:red"></b>

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində 2-5 aprel tarixlərində gedən döyüşlərdən sonra Moskvada imzalanan atəşkəs razılaşması vasitəçilərin səylərinə baxmayaraq işğalçı ölkənin yenidən qeyri-konstruktiv mövqeyi və təmas xəttində təxribatlara əl atması nəticəsində pozulub. 

Aprelin 26-sı axşam saatlarından başlayaraq gecəyədək erməni silahlı bölmələri tərəfindən Tərtər rayonu ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30, 152 millimetrlik D-20 haubitsalarından və BM-21 yaylım atəşli reaktiv sistemlərdən atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib. Erməni hərbi birləşmələri isə Silahlı Qüvvələrimizdən ağır cavab zərbərləri aldığı üçün acığını cəbhəboyu ərazirlərdə yaşayan dinc əhalidən çıxmağa çalışır. Aprelin 26-da ermənilərin minaatanlardan və iriçaplı silahlardan atəşə tutması nəticəsində Tərtər rayonunun yaşayış məntəqələrinə xeyli ziyan dəyib, xoşbəxtlikdən  nə hərbçi, nə də mülki vətəndaşlar arasında tələfat qeydə alınmayıb. Ermənilər isə növbəti dəfə itkilərini gizlətməyə cəhd göstərirlər.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində baş verən bu hadisələrə görə məsuliyyəti Ermənistanın kriminal hərbi-siyasi rəhbərliyi daşıyır.

Məsələ ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib ki, cəbhə bölgəsində vəziyyətin yenidən gərginləşməsinin iki səbəbi var: "Birinci səbəbi odur ki, 2-5 aprel döyüşlərindən sonra beynəlxalq aləm danışıqları intensivləşdirməyib, rusiyalı rəsmilər isə həmişəki kimi şablon ifadələr veriblər və bölgəyə səfərləri də real nəticə verməyib. Belə olan halda cəbhə bölgəsində sakitlik və tərəflərin atəşkəsə riayət edəcəyini gözləmək çətindir. İkinci səbəb isə odur ki, Ermənistan prezidenti Serj Sərkisyan itirdiyi yüksəklikləri geri qaytarmaq haqqında düşünür, çünki o hələ cəmiyyətinə "Ermənistan həmin yüksəklikləri niyə itirdi," sualına cavab verməyib, ona görə də bu sual aktuallaşmamış cəbhədə əks-hücumla uğur qazanmaq istəyir. Ancaq nəticədə Ermənistanın itkiləri artır.

Sadalanan hər iki səbəb Azərbaycanın maraqlarına cavab verir. Çünki həm beynəlxalq aləmin passivliyi, həm də Ermənistan prezidentinin əks-hücuma keçmək istəyi Azərbaycan ordusuna növbəti mərhələdə işğal altındakı yeni ərazilərin azad olunması imkanı qazandırır. Azərbaycan ordusunun hərbi heyəti komandanlıqdan hücum əmri gözləyir. Orduda bu əhval-ruhiyyə komandanlığın gələcək qərarlarına da təsir edəcək".

E.Şahinoğlu qeyd edib ki, 2-5 aprel tarixlərindəki döyüşlər və əldə olunan nəticələr Azərbaycan cəmiyyətində Dağlıq Qarabağ münaqişəsinin həll formulunu aydınlaşdırıb: "İşğal altındakı torpaqlarda Ermənistan ordusuna zərbələr endirməklə qarşı tərəfin itkilərini artırmaq və bu yolla İrəvana təzyiqi gücləndirmək, Moskva ilə isə tərəfdaşlıq əlaqələrini davam etdirmək lazımdır.

İkinci amil ona görə vacibdir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinə birbaşa qarışmayana qədər rəsmi Bakı Kremllə münasibətləri tərəfdaş səviyyəsində saxlayacaq. Dağlıq Qarabağ Abxaziyaya, Cənubi Osetiyaya və ya Donbasa bənzəmir. Rusiyanın bu separatçı bölgələrdən fərqli olaraq Dağlıq Qarabağla sərhədi yoxdur ki, birbaşa bölgəyə qoşun və ya desant qüvvələrini yeritsin. İkinci tərəfdən Gürcüstan və Ukraynadan fərqli olaraq Azərbaycan Rusiya ilə strateji tərəfdaşlığından imtina etmir. Ancaq Rusiya hakimiyyəti və hərbi komandanlığı Dağlıq Qarabağdakı döyüşlərə birbaşa müdaxilə edərlərsə, həm Azərbaycanla münasibətləri gərginləşdirəcək, həm də müharibənin miqyasının genişlənməsinə şərait yaradacaq".

Vaşinqtonun da fəallaşmağa qərar verdiyini deyən politoloq bildirib ki, ABŞ dövlət katibi Con Kerri aprelin 25-də Azərbaycan və Ermənistan prezidentlərinə zəng edərək, İlham Əliyev və Serj Sərkisyanla Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyindən danışıb: "Əslində Kerrinin telefon zəngi gecikib, 6 aprel tarixindən sonra rusiyalı rəsmilər Bakı və İrəvanda səfərlər ediblər, tərəflərlə intensiv danışıqlar aparıblar, münaqişənin həlliylə bağlı 5 il öncəki Kazan planını xatırladıblar. Bu müddətdə Vaşinqton Moskvanın təkbaşına fəallığına seyrçi qalıb. Ümumiyyətlə ABŞ prezidenti Barak Obama üçün Cənubi Qafqaz aktual deyil. Obamanın bu siyasəti Rusiyaya Cənubi Qafqazda geniş manevr imkanı qazandırır. Vaşinqton Azərbaycanla təmaslarını yalnız enerji resurslarının dünya bazarlarına daşınması və Əfqanıstana yardım üzərində qurub, Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərmir. Hətta Fransa münaqişənin həlli məsələsində Vaşinqtondan ön plandadır. Azərbaycan və Ermənistan prezidentlərini görüşdürməyə çalışdıqları fikrini də aprelin 26-da ATƏT-in Minsk Qrupunun məhz Fransadan olan həmsədri Pyer Andrie bildirib. Bundan başqa prezident İlham Əliyev aprelin 26-da Bakıda Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Arlem Dezir ilə görüşüb. Bu görüşdə Fransa ilə Azərbaycan arasında ikitərəfli və regional məsələlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsinin həlli və son proseslər ətrafında geniş fikir mübadiləsi aparılıb".

Mərkəz sədri hesab edir ki, Con Kerrinin Bakı və İrəvana telefon zəngləri Rusiyaya mesaj idi: "Vaşinqton telefon zəngi ilə Moskvaya mesaj göndərib ki, "Cənubi Qafqazda bizdə varıq". Əlbəttə, Fransa və ABŞ-ın fəallaşmasının sülhün əldə olunması prosesini sürətləndirəcəyini söyləmək çətindir. Ancaq rəsmi Bakı bütün hallarda Paris və Vaşinqtonun fəallaşmasından istifadə etməlidir. Əsas odur ki, Kremlin Dağlıq Qarabağ münaqişəsinin həllindəki təkbaşına vasitəçilik təşəbbüslərinin qarşısı mümkün qədər əngəllənsin. Çünki bu təşəbbüslər Azərbaycanın xeyrinə deyil".

Politoloq söyləyib ki, Azərbaycan 1990-cı illərin əvvəllərində də Rusiyanın Dağlıq Qarabağla bağlı planlarını məhz Qərb dövlətlərinin dəstəyi ilə pozmuşdu: "Rusiya Dağlıq Qarabağa öz sülhməramlı qüvvələrini yerləşdirmək istəyirdi, bu məqsədlə Azərbaycan hakimiyyətinə təzyiq edirdi. Rəsmi Bakı Rusiyanın təzyiqlərindən 1994-cü ildə Budapeştdə keçirilən ATƏT sammiti vasitəsilə qurtuldu. Qərb dövlətləri həmin sammitdə belə qərar qəbul etdilər ki, Dağlıq Qarabağla yalnız bir ölkənin sülhməramlıları yerləşdirilə bilməz, bölgədə sülhməramlıların tərkibi proporsional şəkildə müəyyənləşməlidir. Rusiya bu qərarın əleyhinə çıxa bilmədi.

İndi də oxşar vəziyyət yaranıb. Rusiya Dağlıq Qarabağ münaqişəsini və həll prosesini öz nəzarətinə keçirmək istəyir. Ona görə də elə etmək lazımdır ki, ATƏT-in Minsk Qrupunun digər iki həmsədri - Fransa və ABŞ, o cümlədən, ATƏT-in hazırkı sədri Almaniya prosesdə fəal iştirak etsinlər, Rusiyanın təkbaşına vasitəçilik missiyasına imkan verməsinlər".

E.Şahinoğlu əlavə edib ki, Ermənistan prezidenti Serj Sərkisyanın "indiki şərtlər altında danışıqlar mümkün deyil" ifadəsinin elə bir əhəmiyyəti yoxdur: "Çünki sabah Rusiya prezidenti Vladimir Putin prezidentləri danışıqlar üçün Moskvaya dəvət etsə, Sərkisyan durub deməyəcək ki, "gəlmirəm", qaça-qaça gedəcək. Mənim diqqətimi Serj Sərkisyanın "Bloomberq" agentliyinə verdiyi müsahibədə "biz 5 rayonu azad etməyə hazır idik, ancaq..." ifadəsi daha çox cəlb edib. Bu bütün həll planlarında yer alan şərtdir, ancaq Sərkisyan və digər erməni rəsmilər ictimaiyyət qarşısında heç zaman bu haqda danışmırdılar. İndi isə Sərkisyan "5 rayonun azad olunması" fikrini xatırlatmaqla faktiki cəmiyyətinə "Ermənistan bufer zonadan imtina etmək məcburiyyətində qalacaq" fikrini təlqin edir. Bu 4 günlük döyüşün nəticəsidir. Növbəti döyüşlərdən sonra Sərkisyan başqa həqiqətlərdən də danışmağa başlayacaq, məsələn, deyə bilər ki, "Şuşa və Laçına azərbaycanlılar qayıdacaqlar, ancaq..." Bu cümlələrdə "ancaq" əhəmiyyətli deyil, cümlənin birinci hissəsində mesaj var".

Ceyhun ABASOV

 





28.04.2016    çap et  çap et