525.Az

​Atəşkəsin pozulması: Ermənistan və havadarlarının "dəvəquşu siyasəti"


 

​Atəşkəsin pozulması: <b style="color:red">Ermənistan və havadarlarının "dəvəquşu siyasəti"</b>

Aprelin 5-də Moskvada Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə atəşkəs rejiminə əməl edilməsi haqda razılıq əldə edildi.

Ancaq Rusiya xarici işlər naziri Sergey Lavrovun Yerevana səfərindən sonra ermənilər atəşkəs rejimini davamlı olaraq pozmağa başlayıb.

Döyüşdə bacarıqsız olduğunu göstərən erməni silahlıları ağır artilleriyadan Azərbaycanın işğal altında olan torpaqlarından təmas xəttindəki kəndlərdə yaşayan dinc əhaliyə atəş açırlar.

Ağdam Rayon İcra Hakimiyyətindən "Report"a verilən məlumata görə, ötən gecə ermənilərin atəşkəsi pozması və artilleriya zərbələri nəticəsində rayonun 8 sakini yaralanıb, 1-i həyatını itirib, 10 ev dağılıb, 76 evə ziyan dəyib, 12 iribuynuzlu qaramal ölüb və s.

Uzun illərdir dünyaya özünü məzlum, yesir, zəif, əldən düşmüş kimi göstərən ermənilər dinc əhaliyə, onların mal-mülkünə atəş açmaqla psixoloji kompleksləri olduqlarını da göstərirlər.

Heç şübhəsiz, ermənilər 1988-ci illərdə Ermənistan SSR-dən azərbaycanlıları öz yurd-yuvalarından didərgin salanda, 1990-cı illərin əvvələrində Dağlıq Qarabağ və ona bitişik rayonların əhalisini öz evlərindən qaçqın halına salanda da bu üsuldan istifadə etmişdilər. Onlar keçmiş SSRİ dövründə sovet əsgərlərinin yardımı ilə Ermənistandakı mülki əhalini silahla hədələyərək yurdlarından didərgin salmışdılar. Dağlıq Qarabağda da ermənilər Rusiyanın yardımı ilə Xocalı, Ağdaban soyqırımlarını törədib, dinc sakinləri öz evlərini tərk etməyə məcbur ediblər.

Göründüyü kimi, ermənilər Azərbaycanla qarşıdurmada daha çox mülki əhaliyə ziyan vurmağa çalışırlar. Bu, həm də Azərbaycanda qarışıqlıq salmaq istəyənlərin 1990-cı illərdən sonra istifadə etdikləri ənənəvi üsullardır. Ölkəmizi sevməyənlər bu metodla həm də ölkədə yenidən xaos və vətəndaş qarşıdurması yaratmaq istəyirlər.

Ermənistan və havadarlarının davranışı lap 1997-ci ili xatırladır. Həmin vaxt Ermənistan prezidenti olan Levon Ter-Petrosyan münaqişənin nizamlanmasının mümkün variantının "mərhələli həll" planı olduğunu dərk etmişdi.

O, bir neçə il öncə BBC-yə müsahibəsində tərəflərin sülh razılaşmasına nə vaxt daha çox yaxın olduğu barədə suala belə cavab vermişdi: "Bu, 1997-ci ildə idi. Həmin il bu məsələni həll etmək olardı. Yəni bu, hansısa əraziləri Azərbaycana qaytarmaq, sülh razılaşması imzalayaraq Dağlıq Qarabağa aralıq status vermək və yekun status məsələsini sonraya saxlamaqla mümkün idi. Ancaq bu, baş tutmadı. Çünki qarabağlılar (yəni Dağlıq Qarabğdakı separatçı ermənilər - sonradan Ermənistan prezidenti olan Robert Koçaryan və onun komandası - "Report") məsələyə maksimal yanaşdılar. Onlar hesab edirdilər ki, bu azdır, bir az da sıxmaq və daha çox şey əldə etmək olar. Təkcə onlar deyil, komandamda da bəziləri belə düşünürdü. O zaman mən dedim ki, bir halda daha yaxşı həll yolunun olduğuna inanırsınız, o zaman buyurun. Mən buna qarşı çıxa bilmərəm, buyurun sınayın, bəlkə alındı”.

Ermənistanın 20 il sonrakı gələcəyini necə gördüyü haqda danışan Ter-Petrosyan demişdi  ki, ən pis halda bu, Azərbaycanla silahlı qarşıdurma olacaq: “Lakin mən optimistəm. Hesab edirəm ki, daha yaxşı olacaq. Bizim indi bir problemimiz var, bu, təhrif olunmuş hakimiyyətdir. Əgər bunu həll etmək mümkün olsa, Ermənistan normal ölkə olacaq, azad ölkə olacaq. Azərbaycanla da problemləri həll etmək mümkün olacaq, Türkiyə ilə münasibətlər yoluna qoyulacaq. Yəni Ermənistan fəlakətli vəziyyətlə üzləşsə, bunun günahı ancaq özümüzdə olacaq”.

Aprelin 24-də Ermənistanın indiki prezidenti Serj Sarqsyan “Bloomberg” agentliyinə müsahibəsində deyib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə “istənilən an” başlaya bilər və münaqişənin nizamlanmasına dair danışıqların perspektivi çox azdır.

Ermənistan prezidenti müsahibədə ilk dəfə açıq şəkildə bildirib ki, rəsmi Yerevan danışıqlardan imtina edir və indiki şərtlərdə danışıqlar prosesinə qayıtmağı planlaşdırmır: "Rusiyanın vasitəçiliyi altında əldə edilən atəşkəs daha geniş miqyasda müharibənin əngəllənməsi üçün kifayət deyil”.

Ötən gün Ermənistanın müdafiə naziri Seyran Ohanyan da oxşar bəyanatla çıxış edib: "Nə vaxtadək atəşkəs rejimi pozulur, danışıqlardan söhbət belə gedə bilməz".

Ancaq S.Sarqsyanın fərmanına əsasən, Ermənistan müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Alik Mirzabekyan, rabitə xidmətlərinin rəisi, general-mayor Komitas Muradyan və Baş Qərargahın kəşfiyyat idarəsinin başçısı Arşak Karapetyanın tutduğu vəzifədən azad edilmələri bu "ölkədə" daha ciddi dəyişikliklərin olacağını ehtimal etməyə əsas verir.

Bütün hadisələr onu göstərir ki, işğalçı ölkədə 19 il öncə baş verən hadisələrlə oxşar proses getməkdədir. Yenə Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi məsələsi qəti şəkildə gündəliyə çıxarılıb. Ermənistan silahlıları döyüşü uduzur. Ölkədə siyasi, iqtisadi və ictimai gərginlik yaşanır. Yeni konstitusiya əsasında dövlət parlamentli respublika idarəetmə formasında idarə ediləcək. Bunun üçün yeni komanda da yaradılmalıdır. Elə komanda ortaya çıxarılmalıdır ki, o, Moskvaya arxa çevirməsin. Bununla belə, ölkədə anti-Rusiya çıxışları da edilməkdədir. Deməli, Ermənistanda 19 il öncəki məsələyə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə yenidən qayıtmaq istəyənlər, başqa sözlə, Qərbə inteqrasiyaya üstünlük verənlər də var. Ancaq Yerevan və Moskva bunların mahiyyətini və yönünü dəyişməyə çalışır. Bununla da Serj Sarqsyanın hakimiyyətini möhkəmləndirməyə, Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı vəziyyəti dondurulmuş halda saxlamağa cəhd göstərirlər. Rusiyanın baş naziri Dmitri Medvedev aprelin 9-da, atəşkəsin bərpası ilə bağlı razılıqdan 4 gün sonra Bakıda belə demişdi: "Əgər münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq, yəni onu tez bir zamanda həll etmək qərarından imtina etmək və münaqişənin həlli yolunda verilən insan itkiləri arasında seçim etməli olsam, mən yenə də birincini seçərəm: yaxşısı budur vəziyyət belə qalsın, amma qan tökülməsin".

Əslində bu bəyanat Moskvanın Dağlıq Qarabağ müaqişəsinin həllinə münasibətini ortaya qoyur. "Qan tökülməsin" ifadəsi ilə Dmitri Medvedev siyasi gediş edir. Hamı qanın tökülməsinin əsl səbəbkarını yaxşı tanıyır.

Beləliklə, bu gün - aprelin 28-i bolşeviklərin Azərbaycanı işğal etdikləri gündür. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 96 il ötür. Ermənilər havadarlarının yardımı və bir çox hallarda iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinə, Azərbaycan SSR-yə, Azərbaycan Respublikasına qarşı silahlı və siyasi fəndlərlə mübarizə aparıblar. Bu yanlış yolu indi də davam etdirməkdədirlər. Çünki onlar daha çox başqasının maraqlarına xidmət edirlər. 96 il əvvəl necə idisə, elə bu gün də elədir. Sadəcə olaraq, Ermənistandakı hakimiyyət və havadarları dəvəquşuluq edirlər. Buna "dəvəquşu siyasəti" də deyirlər. O, başını quma soxmaqla özünü gizlədə bilmir.

 





28.04.2016    çap et  çap et