525.Az

“Bundan təkcə Azərbaycan deyil, Rusiya da çox ziyan çəkə bilər


 

“Bundan təkcə Azərbaycan deyil, Rusiya da çox ziyan çəkə bilər<b style="color:red"></b>

MÜBARİZ ƏHMƏDOĞLU: “RUSİYANIN REALLAŞDIRMAQ İSTƏDİYİ İNTEQRATİV LAYİHƏLƏR RUSİYA-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNİ TƏHLÜKƏ ALTINA QOYUR” 

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Rusiya-Azərbaycan münasibətlərini şərh edib. Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlərin soyuqlaşmasında maraqlı olan qüvvələr var. O, bu qüvvələrin sözügedən ölkələr arasındakı əlaqələrə zərbə vurmaq üçün fəaliyyətdə olduqlarını bildirib: “Rusiyanın Azərbaycana münasibətində soyuqluqda marağı olan qüvvələrin fəaliyyəti davam edir. Bu, həm ikitərəfli münasibətlərə, həm də MDB məkanındakı qarşılıqlı münasibətlərə neqativ təsir göstərə bilər. Azərbaycanın MDB-yə münasibəti bəllidir. Lakin Azərbaycan üçün həmişə ikitərəfli münasibətlər daha prioritet olub. İndi Rusiyanın reallaşdırmaq istədiyi inteqrativ layihələr Rusiya-Azərbaycan ikitərəfli münasibətlərini də təhlükə altına qoyur. Rusiyada bir qrup ermənipərəst dövlət adamları və ekspertlər elə rəy formalaşdırırlar ki, sanki Qərbdə ən böyük diasporu olan Ermənistan deyil, Azərbaycandır; Reyqanın dövründə antisovet məsləhətləri verən, Reyqanın və Corc Buşun dövründə bunları reallaşdıran ermənilər deyil, azərbaycanlılardır; SSRİ-yə qarşı silsilə nümayişlər Yerevanın Teatr meydanında deyil, Bakının Lenin meydanında başlanıb; SSRİ-nin mövcudluğuna dair 1991-ci ilin 17 mart tarixində keçirilən referendumu rədd edən ermənilər deyil, azərbaycanlılardır; Sovet ordusunun öz ərazisindən çıxması məsələsini qaldıran ilk Qafqaz respublikası Ermənistan deyil, Azərbaycandır; Sovet rus qoşunlarının soyqırıma məruz qoyduğu Xocalı şəhəri azərbaycanlılara deyil, ermənilərə məxsusdur”.

M.Əhmədoğlunun sözlərinə görə, Xocalı soyqırımı 17 mart referendumunda SSRİ-nin saxlanmasına müsbət cavabımızın Moskva tərəfindən “dəyərləndirilməsi” idi. O, Qərbə və onun xüsusi xidmət orqanlarına ermənilərin dəyəri Rusiyanı və onun rəhbərliyini aldatmaq bacarığına görə müəyyənləşdirilir: “Keçmiş Sovet xalqları içərisində keçmiş SSRİ-nin, indiki Rusiyanın elitasına bu qədər qarışmış ikinci digər millətin təmsilçiləri yoxdur. Ermənilərin Rusiya rəhbərliyinə təsir gücü yaxınlarda daha bir sınaqdan keçdi. Sarkisyanın birbaşa iştirakı ilə Rusiya Ermənistanda prezidentliyə namizədlərdən birinə sui-qəsd təşkil etməkdə ittiham olundu. Rus-erməni dostluğundan danışan heç bir Rusiya mətbu orqanı, siyasətçisi, eksperti buna münasibət bildirmədi. Ona görə də Qərb Rusiyanı içəridən dağıtmaq üçün ermənilərə daha çox resurs ayırır”.

Politoloq qeyd edib ki, Qəbələ RLS və NATO hərbi bazalarının yerləşdirilməsi məsələlərinin gündəliyə gətirilməsi Rusiya-Azərbaycan münasibətlərinin korlanmasına çalışanların işidir: “Rusiya Ulyanovsk şəhərində baza yaradaraq NATO-nun Əfqanıstandakı yüklərini daşıyır. 2006-cı ildə Rusiya Azərbaycana satdığı qazın qiymətini qəfildən hər 1000 kubmetr üçün 56 dollardan 120 dollara qaldırdı. O vaxt bu məsələ Rusiya-Azərbaycan münasibətlərini korlamadı. Qəbələ RLS-dən yüksək icarə qiymətinə görə imtina edilməsinin indi gərginlik yaratması bu məsələyə siyasətin qatışdırılmasının nəticəsidir.

Rusiya Azərbaycanla müzakirə mövzusunu dəyişməli, yeni gündəlik təqdim etməlidir. Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini qorumağa kifayət qədər qətiyyəti var. Azərbaycanın siyasi kursunda baş verə biləcək hər hansı dəyişiklikdən təkcə Azərbaycan deyil, həm də Rusiya çox ziyan çəkə bilər”.

Aqil LƏTİFOV

 





13.02.2013    çap et  çap et