525.Az

Dövlət satınalmalarına nəzarət edəcək orqan müəyyənləşdirildi


 

Dövlət satınalmalarına nəzarət edəcək orqan müəyyənləşdirildi<b style="color:red"></b> İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə yeni səlahiyyət verilib.
 
APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 29 aprel 2016-cı il tarixli fərmanı ilə  təsdiqlənən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə”də əksini tapıb.
 
Əsasnaməyə əsasən  Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə dövlət satınalmaları ilə bağlı yeni vəzifələr həvalə olunub.

Beləliklə, bu qurum dövlət satınalmaları zamanı antiinhisar (rəqabət) qanunvericiliyinin tələblərinə riayət edilməsinə nəzarət edəcək, bütün malgöndərənlərin satınalmalarda iştirakı üçün bərabər rəqabət mühitinin yaradılması məqsədi ilə tədbirlər görəcək, dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin) müsabiqə əsasında “Dövlət satınalmaları haqqında” qanuna uyğun satın alınmasına nəzarət edəcək, mübahisəli məsələləri araşdıracaq, qanunvericiliyin pozulması hallarını aşkar etdikdə, satınalma prosedurunu dayandıracaq və satınalan təşkilat qarşısında tenderin nəticələrinin ləğv edilməsi barədə məsələ qaldıracaq, satınalan təşkilatın tender təkliflərinin, oferta və kotirovkaların aksept olunana qədər rədd edilməsi və dövlət satınalmalarında saxtakarlıq halları ilə bağlı qəbul etdiyi qərarları  və açıq tender və kotirovka sorğusu metodları istisna olmaqla, satınalan təşkilatın satınalmaları digər satınalma metodlarının tətbiqi ilə həyata keçirməsi haqqında qərarlarını təsdiq edəcək, tenderin yekun protokolunun surətini alacaq, həmin sənəd əsasında satınalan təşkilatın tender prosedurlarının keçirilməsi ilə əlaqədar qərarını təsdiq edəcək.

Eyni zamanda, satınalma müqaviləsi imzalanarkən, malların (işlərin və xidmətlərin) hər vahidinin qiymətini və meyarlarını dəyişdirməmək şərtilə, malların (işlərin və xidmətlərin) həcmini 15 faizə qədər artırıb-azaltmağa satınalan təşkilata razılıq verəcək, dövlət satınalmalarında iştirak edən iddiaçıların və malgöndərənlərin (podratçıların) şikayətlərinə baxacaq, bu barədə satınalan təşkilata (və ya təsdiq edən orqana), satınalma prosedurlarında iştirak edən və bu şikayətə aidiyyəti olan bütün malgöndərənlərə (podratçılara) bildiriş göndərəcək, şikayətə baxılması üzrə əsaslandırılmış qərar qəbul edəcək və onun bir nüsxəsini həmin şəxslərə göndərəcək, dövlət satınalmalarının təşkili və aparılması üzrə satınalan təşkilatlara metodiki və təşkilati kömək göstərəcək, məsləhətlər verir, mütəxəssislərin ixtisas səviyyəsinin artırılması üçün kurslar yaradacaq, dövlət satınalmalarına dair hesabatların tərtibi qaydaları ilə bağlı İqtisadiyyat Nazirliyinə təkliflər verəcək, dövlət satınalmalarını tənzimləyən normativ hüquqi aktların və bu sahədə məlumatların ictimaiyyətə çatdırılmasını təmin edəcək, dövlət satınalmaları üzrə illik hesabatları hazırlayaraq İqtisadiyyat Nazirliyinə təqdim edəcək.

Dövlət satınalmaları sahəsində məlumat bazasını, dövlət satınalmaları üzrə tenderlər, təkliflər sorğusu və kotirovka sorğusu barədə elanların və onların nəticələri barədə məlumatların yerləşdirildiyi dövlət satınalmalarının rəsmi internet saytını yaratmaq da  bu quruma həvalə olunub.
 
Dövlət Komitəsinə həvalə edilmiş vəzifələrə uyğun olaraq dövlət satınalmaları sahəsində elmi-texniki, iqtisadi və normativ hüquqi məlumat bazalarını yaratmaq, məsləhət xidmətlərinin göstərilməsini təşkil etmək, dövlət satınalmaları sahəsində əldə olunmuş müsbət təcrübəni öyrənmək və geniş yaymaq məqsədi ilə müvafiq tədbirlər keçirmək, məlumatlar vermək hüququ verilib.
 





29.04.2016    çap et  çap et