525.Az

Adı ünvanlara çevrilmiş insan


 

Adı ünvanlara çevrilmiş insan<b style="color:red"></b>

Əlvan Əliyevin adı, imzası respublikamızın elmi ictimaiyyətinə, geniş oxucu auditoriyasına yaxşı tanışdır.

Qabaqcıl təhsil işçisi,bacarıqlı pedaqoq uzun illər ali məktəbdə tarix elminin tədris olunmasında, yüksək ixtisaslı pedaqoji kadrların hazırlanmasında əvəzsiz xidmətlər göstərib. Onun apardığı dərin elmi araşdırmaları, zəngin publisistik və ictimai fəaliyyəti də daim diqqəti çəkib. Elə bu səbəbdən də həmişə sayılıb-seçilib, xidmətləri yüksək dəyərləndirilib.

Tale elə gətirib ki, Əlvan müəllimin həyatı Gəncə ilə möhkəm tellərlə bağlanıb. Ömrünün gənclik illəri, ən xoşbəxt anları məhz bu qədim şəhərdə keçib. Onun gələcək uğurlarında, hərtərəfli inkişafında və məhsuldar fəaliyyətində qaynar Gəncə mühiti mühüm əhəmiyyət kəsb edib.

1968-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU-nun) Tarix fakültəsini fərqlənmə ilə bitirən istedadlı gənc təyinatla Gəncə Dövlət Pedaqoji İnstitutuna (İndiki Gəncə Dövlət Universiteti) müəllim göndərilib. O, bir müddət Bakıda aspiranturada oxuyub. Təhsilini başa vurduqdan sonra yenidən Gəncəyə dönüb, ömrünün sonunadək adıçəkilən  ali məktəbin sosial fənlər kafedrasında baş müəllim vəzifəsində çalışıb.

Əlvan müəllim həmin illərdə Gəncə şəhərinin ictimai, mədəni həyatına fəal surətdə qoşulub, sadə, təvazökar, təmiz vicdanlı, xeyirxah bir insan ,əqidəli ziyalı,  vətəndaş kimi, çalışdığı ali məktəb müəllim və tələbələrinin, bütün gəncəlilərin sevimlisinə çevrilib, yüksək hörmət və nüfuz qazanıb.

Vətənini, xalqını ürəkdən sevən, torpaqlarımızın adını daim müqəddəs tutan Ə.Əliyev cəsarəti,məğrurluğu,qabiliyyəti ilə fərqlənib, həmişə sözünü deməyi bacarıb. Təsadüfi deyildir ki, bir müddət Gəncə şəhər xalq deputatları sovetinin deputatı seçilib, Gəncə şəhəri Nizami rayonunun icra hakimiyyətinin başçısı vəzifəsinə irəli çəkilib. Həmin dövrdə o, şəhərin ictimai həyatında, sosial-iqtisadi inkişafında, abadlıq-quruculuq tədbirlərində yaxından iştirak edib.

Əlvan müəllim respublikamızda milli azadlıq hərəkatının, müstəqillik uğrunda mübarizənin öncüllərindən biri olub, Gəncənin adının özünə qaytarılmasında mühüm rol oynayıb.

Qeyd olunduğu kimi, Ə.Əliyevin geniş, çoxşaxəli fəaliyyətində elmi, publisistik yaradıcılığı da xüsusi önəm daşıyıb.Dərin elmi biliyə malik tarixçinin milli münasibətlərə dair  tədqiqatları, elmi və publisistik məqalələri ,  xüsusilə 2008-ci ildə "Elm" nəşriyyatı tərəfindən çap edilmiş "Siyasət naşıları sevmir" adlı kitabı ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Onun dəyərli elmi əsərləri BDU-nun və Gəncə  Dövlət Universisetinin "Elmi xəbələr" ində, Polşada türk, ingilis və polyak dillərində nəşr edilən "Xüdafərin" dərgisində, eləcə də respublikanın bir çox nüfuzlu qəzet və jurnallarında müntəzəm dərc olunub. Əlvan müəllim Gəncədə işıq üzü görən "Mərhəmət", "Gəncənin səsi" "Ruzigar", "Novosti Qyandji" və digər qəzet və jurnalların redaksiya heyətinin üzvü kimi  regionda yaradıcılıq mühitinin, ədəbi prosesin canlanmasında, genişlənməsində müstəsna xidmətlər göstərib, yaradıcı insanlara, xüsusən gənc qələm sahiblərinə daim diqqət və qayğı ilə yanaşıb, dəstək verib.

Ə.Əliyev (Kəbirli)  Azərbaycan Jurnalistlər Birliyinin və AYB-nin fəal üzvlərindən olub, "Qabaqcıl təhsil işçisi" fəxri adına və "Qızıl qələm" mükafatına layiq  görülüb.

Əlvan müəllim gözəl bir ailə başçısı kimi də tanınıb. Özünə layiq övladlar böyüdüb boya-başa çatdırıb. Ailənin böyük qızı Gülarə Əliyeva atasının yolunu davam etdirərək, Gəncə Dövlət Universitetinin Tarix fakültəsini bitirib.O, adıçəkilən ali təhsil müəssisəsində müəllim işləyir, tarix üzrə fəlsəfə doktorudur.

Ortancıl qız Bəhicə Əliyeva BDU-nun Tarix fakültəsində təhsil alıb, Böyük Britaniyada magistr pilləsini başa vurub. Hazırda BMT-nin Əhali Fondunda proqram müşaviri vəzifəsində çalışır. Kiçik qız Turanə Əliyeva isə Bakı Dövlət Universitetinin Psixologiya fakültəsini bitirib. Sözügedən universitetin psixologiya kafedrasının müəllimidir. Dissertasiya müdafiəsi ərəfəsindədir. Onların hər üçü layiqli əməlləri ilə atalarının adını daim uca tuturlar.

Əlvan Əliyev iki il öncə, 67 yaşında ikən dünyasını dəyişib, əbədiyyətə qovuşub. Lakin bu gün onun arzuları, əməlləri övladlarının, yaxın və doğmalarının, saysız-hesabsız yetirmələrinin qəlbində yaşayır və gerçəkləşir.      

Əsl xalq məhəbbəti qazanmış səriştəli pedaqoq, tanınmış tarixçi, ictimai xadimin xatirəsi daim əziz tutulur, hörmətlə yad edilir.

 





29.04.2016    çap et  çap et