525.Az

Əsir düşmüş Dədəlinin şəhid oğlu


 

Əsir düşmüş Dədəlinin şəhid oğlu<b style="color:red"></b>

Bəlkə elə bu da bir tale yazısı idi, işğalına dözə bilmədiyimə görə 20 ildən artıq bir müddətdə ayaq basmadığım Füzuliyə getməli oldum.
 
Qarabağ uğrundakı döyüşlərdə misli görünməmiş igidlik göstərib qəhrəmancasına həlak olmuş, Azərbaycanın cəsur oğlu mayor Elnur Əliyevlə ilk dəfə, həm də elə axırıncı dəfə onda, keçən ilin bu vaxtı görüşüb tanış olduq. Elnurla yaxın münasibətimiz olmasa da bu nəsli yaxşı tanıyıram. Bu şəcərənin qəribə bir alın yazısı var. Hələ keçən əsrin əvvəllərində ulu babasını ermənilər qətlə yetirmiş. Oğlunun babası Əli 1960-cı ildə Kalininqradda hərbi xidmətdə olarkən suda boğulan iki azyaşlını xilas edib üçüncünün ardınca üzəndə özü də həlak olmuşdu.

...Əhmədbəylidəki dördyolu keçəndə Horadizə gedən yolun sol tərəfindəki lövhədəki mənzərə gözlərimi qamaşdırdı. Uzaqda, dağın ətəyində sapsarı taxıl zəmisi, bir az bəridə asfalt yolun qırağında göz yaşı kimi dupduru kəhriz axır, ondan da o yanda təndirin üstündə iri hərflərlə "Dədəli çörəyi" yazılmışdı. Bu mənim, həm də bu gün adı hər yerdə hörmətlə çəkilən, aprelin əvvəllərində erməni təxribatına qarşı vuruşlarda şəhid olmuş mayor Elnur Əliyevin doğulduğu kəndin adı idi. Maşını necə saxlayıb aşağı düşdüyümü indi də xatırlamıram. Lövhənin yaxınlığındakı təndirin başında dövrə vuran qadınlarla salamlaşdım. Bu saf qəlbli insanlar tanımaza-bilməzə məni doğmaları kimi qarşıladılar. Heç birini tanımasam da fəhmlə çoxlarını kimlərəsə oxşatdım. Babalarının, nənələrinin adını çəkib: - Sən Astan əminin, sən Matan xalanın nəvəsisən? - deyə soruşdum. Onların gözlərində sevinc qığılcımları parladı. Sualıma sualla cavab verdilər: - Siz Astan babanı (o vaxt kənddə hamının dəyirmançı kimi tanıdığı Aslan kişiyə Astan deyə müraciət edirdi) tanıyırdınız, Museyib babanı görmüşdünüz?

Söhbətimizə o an yanımızda dayanan hərbi nömrə nişanlı maşının əyləc səsi üzündən ara verməli olduq. Sükan arxasından yerə atılan gənc zabit şax addımlarla mənə yaxınlaşdı, çoxdan tanıdığı əzizi kimi qucaqladı. "Hamımız Dədəlidənik"-dedi. Bax, bu sizin dostunuz Əli babanın həyat yoldaşı Ətlasdır. Sonra da çörək bişirənlərə tərəf dönüb: - "Tanımadınız? Əli babanın dostudur",-Tahir əminin qardaşı, Suquş nənənin Bakıdakı oğludur (anamın adı Şükufə olsa da kənddə hamı onu Suquş nənə deyə çağırırdı). ...Aramızdakı yaş fərqinə baxmayaraq söhbətimiz alındı, fikirlərimiz də, arzularımız da üst-üstə düşürdü. Elnur Dədəlidə keçirdiyi günləri xatırladı: kənd adamlarının necə sadə, qayğıkeş, yanımcıl olduğunu yada saldı. Kənddə bizə qarışqanı tapdamağın da günah olduğunu aşılamışdılar. Fikrini təsdiqləmək üçün qəribə bir misal da çəkdi: Üçüncüdə oxuyurdum. Quşatanla bir bildirçin vurub sevinə-sevinə evə gətirdim. Elə bilirdim ki, quş vurduğuma görə nənəm məni qucaqlayıb öpəcək, amma arvad elə qışqırdı ki, o səs indi də qulaqlarımda cingildəyir:- ermənisən, ilin bu vaxtında bala üstündə yatan quşu vurarlar, bəs onun balalarını... Daha sözünün dalını gözləmədim, qonşu uşaqları da götürüb zəmiyə qaçdım. Anasız qalmış balaların harayı lap uzaqdan eşidilirdi. "Yetimləri" yuva ilə birlikdə evə gətirdim, pərvazladıb uçurdana kimi Fizzə nənə ilə birlikdə onlara analıq etdik. O gündən sonra daha heç ağcaqanadı da öldürməyə əlim gəlmirdi. Amma ermənilər Xocalıda körpələri süngüdən keçirib, qız-gəlinləri qanına qəltan eləyəndən, kəndimizə bir-birinin ardınca şəhidlər gətiriləndən sonra dəyişdim, daha doğrusu həyat məni dəyişdi, indi mən həmin Elnur deyiləm...

- Deyirlər siz həm də yaxşı snayperçisiniz?..

- Snayper deyəndə ki, atmağı bacarıram. Amma az-az atıram. Onlar bizə üç dəfə atəş açanda bir dəfə də mən tətiyi çəkirəm.

Elnurun fikrini zabit yoldaşı tamamladı. "Elnur quşu gözündən, ermənini biləyindən vurur". İkisi də gülür. Elnur bir qədər sakit halda: - Mən istəyirəm ki, onlar torpaqlarımızdan qan tökülmədən çıxıb getsinlər, -dedi. - Amma getmirlər. İstəsəm hər gün neçəsini başından vuraram, amma biləyindən vururam ki, bütün ermənilərə görk olsun, görənlər desinlər ki, o qolu kəsik oğlan Qarabağdakı ədalətsiz müharibədə şikəst olub. İndiyə kimi cəmi on yeddi dəfə erməniyə güllə atmışam, on yeddi ermənini tək qol etmişəm.

..."Dədəli çörəyi" yazılmış lövhəyə kədərli baxdığımı görən Elnur söhbəti dəyişmək üçün: - Bu təndiri tikdirmişik ki, gəlib gedənlərə əsirlikdə qalan Dədəli adını, kəndimizi xatırladaq.  Axşamlar bu ərtafdakı dədəlilərin hamısı bura yığışır. ...Bu kənddəki dədəlilərin hamısı çörəklərini bu təndirdə bişirirlər... Özümüzə rahat ev-eşik düzəltsək də ürəyimiz o əsirlikdə qalan kəndimizdədir. Qoca da, cavanda arzu, istəklə yaşayır, tezliklə kəndə qayıdacaqlarından, ermənilərin dağıtdıqları evin yerində ikimərtəbəli imarət ucaldacaqlarından, uşaqlarının toyuna Bakıdan hansı xanəndələri çağıracağından danışırlar...

İlk baxışda qaradinməz təsiri bağışlayan Elnur elə hey kənddən, kənddəki kəhrizdən, İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə əkilmiş çinardan danışırdı. İndi fikirləşirəm ki, bəlkə Elnur bunların  hamısını bilərəkdən, düşünülmüş halda mənə çatdırmaq istəyirmiş. Bəlkə də bu onun yazılmamış arzuları, kimsəyə deyə bilmədiyi vəsiyyəti idi: "...Adımı kəhrizin başındakı çinara yazın...".

Elnurla söhbətimiz xeyli çəkdi. Öyrəndim ki, əzəldən taleyi uğursuzluğa düçar olan Elnur Əliyev hələ ata-anasını neçə il əvvəl qaçqınlıq illərində itirib... 1991-ci ildə kənddəki orta məktəbin 9-cu sinfini bitirdikdən sonra C.Naxçıvanski adına hərbi məktəbdə təhsil alıb, 1994-1998-ci illərdə H.Əliyev adına Bakı Ali Birləşmiş komandanlıq məktəbində oxuyub. 1998-2013-cü illərdə Azərbaycanın qərb bölgəsində Tovuz rayonunda tağım komandiri və bölük komandiri, 2013-2014-cü illərdə Bərdədə taborun qərargah rəisi vəzifələrində işləmişdir.  Son iki ildə isə öz xahişi ilə Füzuli bölgəsinə bölük bölmə rəisi vəzifəsinə göndərilmişdir. Püxtələşmiş zabit kimi Füzuliyə qayıdıb, neçə dəfə dövlət mükafatları ilə təltif olunub. Orduda qüsursuz xidmətlərinə və digər müsbət keyfiyyətlərinə görə ötən müddətdə beş dəfə müxtəlif dövlət mükafatları və medallarla təltif olunmuşdur.

Füzuli bölgəsinə gəlməsindən danışan Elnur  dedi: - Tovuzda bölük komandiri idim, işlərim də yaxşı gedirdi. Amma Füzuli məni çox çəkirdi. Axı bu tərəfləri yaxşı tanıyırdım. Həm də istəyirdim ki, torpaqlarımızı düşməndən azad edəndə Füzuliyə birinci özüm girim, əsirlikdə qalan kəndimizə bayrağı özüm sancım. Nazirliyə ərizə ilə müraciət etdim. Razılaşdılar.

Elnur öz peşəsini dərindən sevirdi: - Nə qədər ki, torpaqlarımız azad olmayıb biz hamımız ilk növbədə əsgər olmalıyıq, silaha sarınmalıyıq - deyirdi. Hazırda Respublika Müdafiə Nazirliyində xidmət edən kiçik qardaşı, mayor rütbəli Amid, daha bir neçə yaxın qohumu hərbçi peşəsini Elnurun tövsiyəsi ilə seçmişlər.

Deyilənə görə, bir növ romantik xarakterli olan Elnur cəbhədə görüb eşitdikləri barədə gündəlik yazırmış, amma bu gündəlikdən əlimizə heç nə keçmədi.  Füzuliyə aparıb Məngələnata (Füzuli şəhərinin yaxınlığında ən uca təpədir) təpəsinə sancmaq üçün illərdən bəri özü ilə gəzdirdiyi, sonuncu döyüşdə deşik-deşik olmuş bayraq, birdə cəbhə yoldaşlarının ölümündən sonra onun cibindən tapdıqları qana boyanmış bir parça kağızdakı üç-dörd kəlmə hər şeyi deyirdi: "...Kəndimizə qayıdanda məni unutmayın, adımı kəhrizin başındakı çinara yazarsınız..."

Kəhrizin başındakı çinar. Dədəlidə iki kəhriz var. Biri kəndin ortasında, o birisi də yalın o üzündə, "Daş yolun" qırağındakı kəhriz. Bu kəhrizlərin hər ikisini keçən əsrin əvvəllərində kəndin imkanlı kişiləri qazdırmışlar, birini kənddən xeyli aralıda, Füzuli-Cəbrayıl yolunun qırağında üzə çıxarıblar ki, yol adamları istifadə etsinlər, birini də düz kəndin ortasına çəkdirmişlər. İkinci Dünya Müharibəsi başlayanda kənddən müharibəyə göndərilən cavanları adamlar elə o kəhrizin başından yola salarmışlar. Kəhrizin üstündəki o çinarı da o vaxt əsgərliyə gedənlərin şərəfinə əkmişlər, sonralar müharibədən qayıtmayanların anma mərasimləri o çinarın kölgəsində keçirilərdi, ruhlarına dualar oxunub ehsan verilərdi. Kənddəki kəhriz kəndlilər üçün görüş yeri kimi əbədiləşmişdi. Küsülülər də o kəhrizin başında barışardılar, cavanlar da öz həyat yoldaşlarını o kəhrizin üstündə seçərdilər... Bəlkə Elnur da elə buna görə...

Ayrılanda mobil telefonunun nömrəsini yazıb vermişdi. Bakıya qayıdandan sonra da arabir telefon əlaqəsi saxlayırdıq. Bayramlarda mən zəng edirdim, adi günlərdə o. Hər dəfədə də Füzulidən, doğma Dədəlidən danışar, torpaqlarımızı düşməndən təmizləmək üçün hər cür imkan olduğunu, orduda böyük ruh yüksəkliyi yarandığını, bircə komandanın əmrinə ehtiyac qaldığını deyərdi.

Ötən müddətdə Elnurla olan telefon danışıqlarımın, göndərdiyi SMS-lərin bəzilərini indi də xatırlayıram: "...Bu gün Füzulinin işğalı günüdür. Gecə səhərə kimi üstümüzə güllə yağdırıblar. Cavab verməyə gec başlasaq da əclafları susdurduq, itkimiz olmadı... 23 avqust 2015"; "Dünən əsgər yoldaşlarımızdan biri yaralandı. Mən də iki erməninin sağ biləyini qırdım... 20 oktyabr 2015"; "... Dünən gecə gözümüzü də yummamışıq. Dığalar səhərə kimi hara gəldi atıblar. Hava işıqlaşanda iki dəfə tətiyi çəkdim hərəsində də bir erməninin biləyini qırdım, polkovnik-leytenant uşaqların yanında icazəsiz atəş açdığıma görə narazılığını bildirsə də, axırda "çox sağ ol!" dedi!"; "...Son günlər yaman qudurublar, heç bayramı necə keçirdiyimizi bilmədik. 24 mart 2016".

Aprelin 1-də gecəyarı bir mesaj göndərmişdi: "Bizə qarşı böyük təxribat başlayıb. Amma deyəsən, xilaskarımız, vətənin xilasına icazə verib... Məni ön cəbhəyə göndərmək istəmirlər. Komandirin yanına girib çox xahiş etdim, birtəhər razı salmışam..." Bu bizim son əlaqəmiz oldu. Sonrakı telefon zənglərinin heç birinə cavab gəlmədi. Az sonra qara xəbər yayıldı.

Mayor Elnur Adil oğlu Əliyev şəhid oldu.

Yoldaşlarının dedikləri:

... Neçə saat güllə yağışının altında qalsaq da azğın erməniləri xeyli geri çəkilməyə məcbur etmişdik. Lələtəpədə cəbhə xəttindən xeyli aralıdan gələn güllə səsindən və ermənilərin dirənişindən hiss edirdik ki, geri çəkilənləri özləri güllələyirlər. Biz düşməni məhv etdikcə ardınca yeni-yeni qüvvə gəlirdi, amma addım-addım da olsa irəliləyirdik. Təpəyə çatmağa az qalmışdıq. Elnur bir neçə addım sağa sürünüb uşaqların qabağına keçdi və bizə əlbəyaxa döyüşə hazır olmaq əmri verdi, elə bu zaman erməninin atdığı qumbara aramıza düşdü. Elnur bir quş cəldliyi ilə özünü qumbaranın üstünə atıb: - Aralanın, özünüzü qoruyun! - deyə əmr etdi. Sonra da: "Heyif, axırını görə bilmədim, Füzuliyə girəndə məni də xatırlayın - dedi".

Elnurun cəsarətli ölümü barədə "Azərbaycan" qəzetinin 5 aprel 2016-cı il tarixli sayında dərc olunmuş rəsmi xəbərdə bildirilir:

"Aprelin 2-nə keçən gecə cəbhədə erməni təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olanlardan biri Elnur Adil oğlu Əliyevdir. Mayor Elnur Əliyev Cəbrayıl rayonunun işğal altındakı Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə yoldaşlarını xilas etmək üçün özünü ermənilərin tulladığı qumbaranın üstünə ataraq qəhrəmancasına şəhid olub. Elnur Əliyev Füzuli rayonunun Dədəli kəndindəndir".

lll

Aprelin 3-də torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuş mayor Elnur Əliyevi son mənzilə yola salmağa minlərlə həmyerlisi, döyüş yoldaşları, rayonun rəhbərləri, Milli Məclisin deputatları, Müdafiə Nazirliyinin məsul işçiləri gəlmişdilər. Matəm mitinqində çıxış edənlər də, üçrəngli bayrağa bükülmüş cənazənin ətrafında göz yaşları axıdan silahdaşları da, hamısı Elnur Əliyevin torpağı, vətəni sevən, andına sədaqətli, cəsarətli bir zabit, layiqli həyat yoldaşı, yaxşı ata olduğundan danışırdı.

Göz yaşlarını saxlaya bilməyən uca boylu gizir: - Elnur bizə qardaşlıq edirdi -dedi. - Olduqca qayğıkeş, mehriban və həm də tələbkar komandir idi. Hərbi sirləri yaxşı bilirdi və hamımıza da öyrədirdi.

Lələtəpə uğrunda gedən döyüşlərdə Elnurla birlikdə vuruşan gənc əsgər:  - Özü öldü, bizi isə ölümdən xilas etdi, - dedi...

Əsgəri xidməti başa çatdıqdan sonra da qalıb orduda xidmət edən gizir isə Elnur haqqında daha həyəcanla danışırdı. Elnur bütün söhbətlərinə vətəni sevməyin vacibliyindən başlayırdı: - Biz anamızı sevdiyimiz kimi, vətəni də sevməliyik. Çünki anamızın anası vətəndir, - deyirdi. O bütün hərəkətləri ilə nümunə göstərməyə çalışırdı, ölümü ilə də hamımıza örnək oldu.

Matəm mitinqinin sonunda tabutunun büküldüyü bayraq onun böyük oğlu Elvinə verildi. 9 yaşlı Elvin bayrağı öpüb bağrına basdı, sonra da atasının illərdən bəri Füzuliyə sancmaq üçün özü ilə gəzdirdiyi, son döyüşdə şan-şan olmuş bayrağı başının üstünə qaldırıb anasını, birdə kiçik qardaşı Elxanı qucaqladı: - Atamın qisasını alacam, onun arzularına əməl edəcəm. Bu bayrağı Füzulidə, Şuşada dalğalandıracam, - dedi.

Əzizim Elnur, sən, öz torpaqlarımızı özümüzə qaytarmaq uğrunda gedən müharibəki ağlasığmaz ölümünlə ölməzliyə qovuşdun, misli-bərabəri olmayan igidliyinlə öz adını da əbədiləşdirdin, kəndini də. İyirmi ildən çoxdur ki, Dədəlisiz qalan dədəlilərə başucalığı gətirdin. İndi sənin adın təkcə Dədəlidə, Füzulidə deyil, bütün Azərbaycanda dillər əzbəri olub, son 20 gündə Azərbaycanda doğulan oğlan uşaqlarının əksəriyyətinin adını Elnur qoyublar. Sənin Aprel döyüşündəki, qəhrəmanlığından sonra bütün uşaqlar böyüyəndə məndə Elnur kimi qəhrəman olacam deyir. Sən dünənə kimi bir ailənin oğlu idin, indi bütün Azərbaycan ailələrinin oğlu oldun. İndi hər yerdə hamı sənin igidliyindən danışır.

Milli Məclisin sədr müavini Bahar Muradova da Elnurun şəhidliyinin əsl qəhrəmanlıq olduğunu dedi: "Mayor Elnur Əliyev şəhidlik yolunu böyük qardaş kimi qayğılarını çəkdiyi tabeliyində olan əsgərləri ölümdən xilas etmək üçün özünü düşmən qumbarasının üzərinə atmaqla seçdi. O, cəbhə yoldaşlarının həyatını 2 azyaşlı övladının atasızlığından üstün tutdu və bununla həm də yüksək mənəviyyat nümunəsi göstərdi".

Elnurun şəhidliyini ürək ağrısı ilə qəbul edən millət vəkili Qənirə Paşayeva deyir: "Elnuru hələ Tovuzda xidmət etdiyi illərdən tanıyırdım. O, ön cəbhədə xidmət edirdi, hər dəfə Tovuza yolum düşəndə onun xidmət etdiyi hərbi hissəyə baş çəkərdim. Elnur vətənini, torpağını dəlicəsinə sevən bir hərbçi idi. Füzuliyə Elnurun hüzur məclisinə gedəndə əvvəlcə onun şəhid olduğu Lələtəpə döyüşlərində iştirak etmiş hərbçilərimizlə görüşdüm. Hamısı mayor Elnur Əliyevi mərd, qəhrəman bir hərbçi - vətənini dəlicəsinə sevən bir əsgər olduğunu vurğuladı. O qəhrəmanlığı ilə hamıya örnək olan bir Vətən övladıdır".

Əzizim Elnur, bu təkcə mənim fikrim deyil, bütün Azərbaycan xalqının səsidir, arzusu, istəyidir. İndi Azərbaycanda hər evdə, hamının qəlbində bir şüar yaşayır - "Şəhidlər ölmür, vətən bölünmür". Sən ölməmisən. Bəlkə də elə baharın bu güllü-çiçəkli vaxtında Dədəlidən olan bütün şəhidləri... arzuladığın  o xan çinarın kölgəsinə yığmısan... Gün gələcək bütün azərbaycanlıların arzusu çin olacaq, doğma torpaqlarımıza qayıdacağıq. Sənin arzuladığın  o kəhrizin başına, adının yazılmasını istədiyin çinarın kölgəsinə yığışacağıq. Hələlik sənin adını ürəyimizə yazmışıq, onda sənin adını elə o məğrur çinara da yazacağıq. Dədəlisiz günlərimizi xatırlayanda səni də sənin kimi şəhid olmuş bütün azərbaycanlıları yada salacağıq. Sən həmişə bizimlə olacaqsan!

Asif QULİYEV

 





29.04.2016    çap et  çap et