525.Az

Akif Təvəkküloğlunun şeirləri


 

Akif Təvəkküloğlunun <b style="color:red">şeirləri</b>

Günahkar axtarma

Bir dəli quyuya bir daş tullayır,
Yüzlərlə ağıllı çıxara bilmir.
Bir haqsız haqlıya şər, böhtan atır,
Bir el yığılsa da, qurtara bilmir.

Bəs niyə belədir dünyanın işi,
Dünyamı günahkar, yoxsa Yaradan?!
Dinlə sözlərimi, qulaq as, kişi,
Səni çıxartmasın yolundan şeytan.

Heç zaman günahkar sanma dünyanı,
O, yarpaq üstündə şeh damcısıdır.
Haqqı tapdalama, əyri söz demə,
Düz söz hər bir kəsin haqq qamçısıdır.

Lərzəyə gətirən sözdü dünyanı,
İsidən ocaqdı, közdü dünyanı,
Ağrılar, acılar üzdü dünyanı,
Elə bil dünyamız qəm bağçasıdır.

Axtarma günahkar bu dünyada sən,
Günahkar nə dünya, nə yaradandır.
Hər şeyə cavabdeh sənsən, bir də mən,
Qanmaza nə var ki, yanan qanandır...

Gecikmiş peşmançılıq

Deyirdin kaş
Dönəydim mən
Ömr ün ötən çağlarına,
Əldə hökm,
Var dövlətin
Bol-bol olan vaxtlarına...
Xam xəyala düşmüsən sən,
İllər ötdü,
Geri dönməz...
Bu yollarda
Dönüş yoxdur.
Tale səni ucaldanda
Sanırdın ki,
Eniş yoxdur?
Sənin kimi bir acgözə
Gözü dolu hər nə versən
Deyər azdır...
Bu dünyanın naz-nemətin
Yedizdirsən
Yenə acdır...
Yadındadır?
Bir zaman sən
Haqdan çevirdin üzünü,
Demədin sözün düzünü.
Hərəyə bir tənə yazdın
Quyusunu enli qazdın, dərin qazdın
Kefin çox kök,
Özün sazdın
Bəs nə oldu?
Deyəsən sən
Qazdığına özün düşdün.
Bəd əməlin atəşinə
Özün bişdin?
Artıq bitib sənin vaxtın,
Heç gətirmir, yatıb baxtın.
İndi gözləyirsən
Ömrünə fərman,
Onu da verəcək,
Uca yaradan!
Artıq peşmançılıq
Faydasızdı bil,
İstər bu halına
Ağla, istər gül...

PIÇILTI

Bir külək ki,
Necə gəldi əsəcək,
Xəncər kimi,
Üzü-gözü kəsəcək
Heç əsməsin o külək.

lll

Bir bahar ki,
Tumurcuqsuz olacaq,
Gül-çiçəkdən,
Qanqalı bol olacaq,
Heç gəlməsin o bahar.

lll

Qışda qar ki,
Bərəkət yox, bəlasa,
Çaylar donub,
Ellər susuz qalarsa,
Heç gəlməsin o qışı.

lll

Bir payız ki,
Toysuz-düyünsüzdüsə,
Bərəkəti
Qeybə çəkilibdisə
Heç gəlməsin o payız.

lll

Bir yayın ki,
Gündən çoxdu buludu,
Buz bulaqlar
Axmaz oldu, qurudu,
İstəmirəm o yayı.

lll

Bir ağac ki,
Kökü yerdə olmasa,
Bar-bəhrəsi,
Bol meyvəsi olmasa
Heç olmasın o ağac.

lll

Bir ürək ki,
Sevgi ilə vurmasa,
Məhəbbətdən
Bir yuvacıq qurmasa
Nəyə lazım o ürək.

lll

Bir insan ki,
Haqqa meydan oxuyur,
Çəpərini
Nadanlıqdan toxuyur,
Nəyə lazım o insan.

lll

Bir tale ki,
Gətirməsə, gəlməsə,
Arzulara, istəklərə yetməsə
Yazılmasın o tale.

lll

Bir dünya ki,
İşıqdan çox zülmətsə,
İnsanların
Üzü-gözü gülməzsə,
Heç olmasın o dünya!
Heç olmasın o dünya!

Sükutun adı

Xoş günlərin birində
Dənizin sahilində,
Oturmuşduq üz-üzə,
Gözlərimiz göz-gözə.
Nə danışa bilirdik,
Nə gözlərdə kədəri,
Sevinci hiss edirdik.
Əlimiz, ayağımız,
Həm canımız, qanımız
Tilsimə düşmüş təki,
Yox olmuşdu elə bil.
Yox olmuşdu canımız
Yox idi varlığımız,
Aman Allah, bu nədi?
Yoxsa yuxu görürük?
Bəlkə heç bilmirik biz,
Bu dünyadan köçmüşük?
Bir aləmdi bu yerlər,
Göm-göy suları təmiz,
Ümmana bənzər dəniz,
Sahilləri bəzənib
Heyran edir hər kəsi.
Elə bil toy qurulub.
Hər tərəfdən ucalır,
Mahnıları, bəstəsi.
Sevgililər oturub
Ağac altda, kölgədə,
Xısın-xısın danışır.
Top dalıyca qaçışan,
Uçan qağayılara,
Əl yelləyib qışqıran,
Körpə fidan balalar,
Elə bil ki, yarışır.
Burda güllər, çiçəklər,
Bir-birini çağırır
Bülbüllərin avazı,
Qəlb oxşayır, can alır.
Burda hamı canlıdır,
Hamı danışır, gülür,
Yerlə göy arasında
Özünü xoşbəxt bilir.
Biz də bu məkandayıq,
Dənizin sahilində.
Oturmuşuq, üz-üzə,
Amma nə kədərliyik,
Nə gülürük, nə şadıq...
Sükut ağuşunda biz
Buz kimiyik, donmuşuq.
Elə bil dünya bizi,
Biz dünyanı yormuşuq.
Allah, görən bu nədir?
Heykələ dönmüşük biz...
Milyon illərdən bəri
Heç görüşməmişik biz ?
Gendən baxanlar deyir,
Yəqin bunlar dəlidir.
Bəlkə bu günə salan,
Onları dərd-səridir.
Yox, nə dərddir, nə də sər,
Bu buzlaşmış baxışa,
Tanrı vuran naxışa
Eşq deyilib əzəldən
İnsan yerə gələndən,
Həsrət dolu o gözlər,
Buza dönmüş o sözlər
Sevgi ilə isindi.
Bu hal nəymiş bilindi:
O sevgidi, o sevgidi, o sevgi...

 





29.04.2016    çap et  çap et