525.Az

Müəllim


 

Müəllim <b style="color:red"></b>

Bakı Avrasiya Universitetində ad çəkilmədən "müəllim" deyiləndə yalnız rektor Nazim Hüseynli düşünülür. Məsələn, birisi "müəllim gəlib" deyərsə, kimsə ondan "hansı müəllim?" soruşmaz. Mənim yazım da bu MÜƏLLİM haqqındadır.

Bəri başdan bildirirəm: bu, bir yubiley yazısıdır - 30 apreldə professor Nazim Ziyad oğlu Hüseynlinin 60 yaşı tamam olur. Əlbəttə, yubilyarın ünvanına xoş sözlər söyləyərlər, ona görə mən də dostum haqqında yalnız xoş sözlər deyəcək və onun haqqında indiyədək ürəyimdə saxladığım düşüncələrimi oxucularla bölüşəcəyəm.

Müəllimi 1992-ci ildən tanıyıram. Onunla əməkdaşlığım isə 1993-cü ilin noyabrından başlayır; onun yaratdığı Ali Diplomatiya Kollecində - indiki Bakı Avrasiya Universitetində (BAAU-da) o çağdan bugünədək öncə baş müəllim, sonra dosent, daha sonra professor kimi çalışmaqdayam. Başqa sözlə, BAAU-da rektordan sonra ən "qədim" və onu zamanca hamıdan çox tanıyan müəllim mənəm. Özümüz də səmimi dostuq. Bu üzdən onun həm İNSAN, həm ALİM, həm də REKTOR kimi şəxsi keyfiyyətlərinə, özəlliklərinə yetərincə bələdəm. Tərcümeyi-halına toxunmadan (bu haqda başqa qaynaqlardan bilgi almaq çətin deyil) yalnız elə bu keyfiyyətlərindən danışacağam. 

İNSAN NAZİM HÜSEYNLİ 

MÜƏLLİM bugünədək hansı əzablı, çətin yollardan keçdiyini mənə dəfələrlə danışıb, hətta başqalarına açmaq istəmədiyi bəzi özəl sirlərini də mənimlə paylaşıb. Həmin söhbətlərimiz və 23 boyunca apardığım müşahidələr Nazim Hüseynli şəxsiyyəti haqqında məndə geniş və dəyişməz təsəvvür yaradıb.

Hər şeydən öncə bunu deməliyəm ki, Müəllim doğulduğu qədim Oğuz yurdu Gədəbəydə el-obanın böyük sayğı bəslədiyi əsl-nəcabətli bir nəslin övladıdır və belə nəslə mənsubluğun məsuliyyətini dərk edərək soyadının nüfuzunu daim yüksəltməyə çalışıb. Müdrik el ağsaqqalı olan mərhum atası Ziyad kişidən iftixar və sevgi ilə ağızdolusu danışdığını, atasının ona necə inandığını və düzgün saydığı yolla getməsini alqışladığını bu minnətdar oğuldan dəfələrlə eşitmişəm. Əcdadlarına, ata-anasına bəslədiyi sonsuz ehtiram onu mənim gözümdə ucaldıb.

Müəllim iradəlidir. Həyatı əsla yağ-bal içində keçməyib. Daim çətinliklərlə, əngəllərlə üzləşib. Bəzən uzaqlarından, bəzən ən yaxınlarından gözlənilməz zərbələr alıb, ancaq dözüb, yıxılmayıb, möhkəm iradəsi sayəsində ayaq üstə dik dayanıb. Qabağına hündür-hündür kötüklər, nəhəng daş-kəsəklər yuvarladılıb, ancaq üstlərindən aşmağı bacarıb. Yolunu dəyişərsə imtiyazlar təklif edilib, ancaq sonralar əzab çəksə də doğru bildiyi yoldan heç zaman vaz keçməyib, həyatda daim öz yolu, öz seçimi olub! 

İnadcıl və mübarizdir. Universitetin Riyaziyyat fakültəsini bitirib. Neçə illər bu ixtisas üzrə çalışıb, ancaq dissertasiya mövzusunu tamam başqa bir sahədən - fəlsəfədən götürüb. Götürüb və başına iş açıb. Ona dodaq büzənlər, filosofluğundan bir şey alınmayacağını söyləyənlər az olmayıb. Xoşbəxtlikdən, Tanrı onun yolu üzərinə elmi rəhbəri, ciddi və tələbkar professor Cəmil Əhmədlinin simasında qayğıkeş bir hami çıxarıb. Uzun müddət onu ən çətin mövzularla sınağa çəkən Cəmil müəllim, nəhayət, öz yetirməsinin gücünə tam inanaraq ondan maddi və mənəvi yardımını əsirgəməyib. Nəticədə Azərbaycan elmi fəlsəfənin ən qəliz mövzularından sayılan təfəkkür problemi üzrə ciddi araşdırmalara imza atan nüfuzlu bir alim qazanıb.

Əməksevərdir. Həyatdakı bütün uğurlarını yalnız beyninin gücü, alnının təri ilə qazanıb. Bu gün də iş yerində səhər saat 10-dan axşam 6-yadək bilgisayar arxasında çalışmaqdadır. Dünyada ən dəyərli saydığı şey kitab, ən sevimli məşğələsi oxumaq, yazmaq və araşdırmaqdır. Özəl kitabxanasındakı minlərcə nadir kitabın əksərinin məzmunu onun beyin süzgəcindən keçib.

Doğruculdur. Yalan danışmağı əsla sevməz. 23 il müddətində ağzından nə çıxdısa gerçək olduğunu gördüm. Ancaq yalançıları və onu yalançı durumuna salanları qətiyyən sevmir, onları bağışlamır.

Birüzlüdür. Həyatda zərbələrin çoxunu da elə buna görə alıb. Adamı sevdiyini də, adama nifrət bəslədiyini də birbaşa onun üzünə deməkdən çəkinməz. Onun yanında sənin arxanca danışılmayacağına arxayın ola bilərsən, çünki qeybəti və qeybətçini əsla gözü görəsi gəlmir. Kimsə onun yanında birisinin dalınca danışarsa tez haqqında danışılanı da tapıb gətirdir, onu qeybətçi ilə üzləşdirir, həqiqəti ortaya çıxarır.

Təvazökardır. Heç vaxt özünü gözə soxmaz, şan-şöhrət, ad-san dalınca qaçmaz. Həyatı boyunca kimsəyə yaltaqlanmayıb, kiminsə qarşısında əyilməyib, sınmayıb. Bu üzdən çoxlu iş yeri, çoxlu rəis dəyişməli olub. Özü yaltaqlığı sevmədiyi kimi, özünə yaltaqlananlara da nifrət bəsləyir. Ona şit tərif söyləməyə çalışan bir çoxlarını nəinki sərt, hətta təhqiramiz şəkildə dayandırdığının dəfələrlə şahidi olmuşam.

Sözübütövdür, mərddir. Beləsinə el içində "kişi adam" deyirlər. Hətta uzun müddət onunla kəskin rəqabət aparan bir sıra düşmənləri də sonralar mərdliyini görərək onun yaxın dostlarına çevriliblər (onların adları mənə bəllidir). Bununla bağlı bir çox faktlar söyləmək olar.

Vəfalıdır. Vaxtilə ona edilən yaxşılıqların, göstərilən yardım və himayənin heç birini unutmayıb, hər birinin əvəzini qat-qat artıqlaması ilə çıxmağa çalışıb. Bir zaman onun əlindən tutmuş hər kəsə bu gün əl uzatmağı özünə borc sayır.

Ürəyiyumşaq və həssasdır. Bir dəfə kabinetinə girəndə sarsıldım - gözlərindən yaş süzülürdü. Təlaşla nə olduğunu soruşdum. "Nəvələrim..." dedi, dalını gətirə bilmədi. Ürəyim qopdu. Fəlakət baş verdiyini düşündüm. Bir az toxtaqlıq tapdı, nə baş verdiyini soruşdum. Nəvələrinin Bakıdan başqa yerə getdiyini, onların ayrılığına dözmədiyini deyincə az qala gülməyim tutdu. Axı mən də nəvələrimi çox, lap çox istəyirəm, ancaq bu qədər də yox! Həmin gün Nazim müəllim gözlərimdə bir az da ucaldı.

Ancaq ailəsində çox tələbkardır. Övladlarının tərbiyəsinə ciddi fikir verir, onlara öz zəhməti ilə yaşamağı təlqin edir. Universitetdə iki qızına dərs demişəm. Onların rektorun övladları olduğunu yalnız dərs ilinin sonunda başqalarından öyrənmişəm. 

Yumoru sevəndir. Bəzən ciddi bir fikrini qarşıdakına incə yumorla çatdırır. Məzəli lətifələr danışmağı və dinləməyi, söhbət əsnasında məzmuna uyğun məsəl çəkməyi xoşlayır.

Sadaladığım bu formalaşmış müsbət keyfiyyətləri, sözsüz ki, onun ciddi alim və rəhbər işçi kimi fəaliyyətində də özünü göstərir. 

ALİM NAZİM HÜSEYNLİ 

Yuxarıda da dediyim kimi, Müəllim elmə kiminsə tövsiyəsi ilə, kiminsə qanadı altında deyil, öz ürəyinin hökmü ilə gəlib və yalnız ürəyinin bəyəndiyi ixtisasları seçib. Riyaziyyatı və fəlsəfəni (o sıradan məntiqi) əla mənimsəməsi nəinki başqa elm sahələri üzrə araşdırmalar apararkən, hətta universitetə rəhbərlik işində də onun qolundan tutub. Belə ki, iti riyazi təfəkkürü, hər bir hadisə və faktı məntiq süzgəcindən keçirərək onların fəlsəfəsini müəyyənləşdirə bilməsi elmi araşdırmalarda və inzibati rəhbərlikdə onun imkanlarını hədsiz genişləndirib. Üzərində çalışdığı mövzular nəyə aid olur-olsun, ilk növbədə onların MAHİYYƏTini müəyyənləşdirir və məntiqlə nəticə çıxararaq öz hökmünü verir. İstər oxuduğu elmi əsərlərdə (ən nüfuzlu alimin qələmindən çıxsalar belə), istərsə də qatıldığı elmi müzakirələrdə onun ən etibarlı silahı həmişə MƏNTİQ olur. Buna görədir ki, qarşısındakı şəxsin haradansa əzbərlədiyi və mahiyyətinə vara bilmədiyi basmaqəlib düşüncələrini o, asanlıqla "tərk-silah" edir və özünün məntiqlə silahlanmış antitezisini irəli sürərək qəbul etdirə bilir.

Nazim Hüseynli fəlsəfə üzrə bir sıra ciddi monoqrafiyaların müəllifidir. Onların içərisində 2003-cü ildə nəşr edilmiş 490 səhifəlik "Təfəkkürün anlayış-kateqorial aparatı: qnoseoloji və metodoloji təhlil"ini ayrıca qeyd etmək istəyirəm. 5 fəsildən ibarət bu əsərin sırf fəlsəfədən danışan, riyazi düsturlar və sxemlərlə dolu 3 fəsli mənə Çin dili qədər qəliz göründüyünə görə onlardan yan keçirəm. Ancaq özəlliklə "Dil problemi: tarixi-qnoseoloji yanaşma" adlı 2-ci, "Adların təbiəti, statusu və funksiyaları" adlı 4-cü fəsillərdə dilin fəlsəfəsini elə yüksək peşəkarlıqla incələyib ki, açığı, Azərbaycan dilçiliyində bu səviyyədə yazılmış ikinci bir araşdırma xatırlamıram. Filosof müəllif dilə tarixi baxışları, dilin işarələr sistemi olduğunu dünya filosof və dilçilərinin görüşlərinə tənqidi yanaşmaqla təhlil edib, dil abstraksiyalarının özəlliklərini açıqlayıb, sözün təbiəti, sözün qiyməti, təfəkkür, dil və nitqin qarşılıqlı əlaqəsi və bu əlaqənin adların formalaşmasının zəruri şərti olması, adların quruluşu, çoxluqlar nəzəriyyəsi və adlar üzərində əməliyyatlar, adların düşüncənin başqa biçimləri ilə qarşılıqlı əlaqə və təsiri... haqqında elmi ədəbiyyatımızda ən yeni fikirlər söyləyib. (Burasını da unutmayaq ki, bu əsərində alim bir çox yeni terminləri dilimizdə ilk dəfə yaradaraq işlədib). Onun dillə bağlı ən çətin nəzəri problemləri belə asanlıqla təhlil edə bilməsinin qaynağını mən dərindən bələd olduğu fəlsəfə və riyaziyyat üzrə biliklərini dilə uğurla tətbiq edə bilməsində görürəm.

Bu yaxınlarda ikimiz ali məktəblər üçün "İxtisas dili" fənni üzrə ortaqlı proqram tərtib etdik. Əslində dörd fənni özündə birləşdirən həddən artıq ağır proqramdı. 4-5 ay çəkən müzakirələrimiz, yeniləşdirmələrimiz nəticəsində ortaya yeni və çox maraqlı bir elmi-metodik əsər qoyuldu. Mən bu zaman Müəllimin dilin fəlsəfəsini, dilçiliyin mahiyyətini nə qədər gözəl bildiyinin bir daha şahidi oldum.

Müəllim filosof və riyaziyyatçı olsa da tarixşünaslıq və dilçilik sahəsində də öz sözünü deyib. Ancaq vacib bir məsələyə toxunmadan bu mövzuya keçmək olmaz - Nazim Hüseynli Türk olması ilə fəxr edən, Türklüyü bəşər tarixinin ən şanlı səhifələrindən biri sayan və bunu öz çalışmalarıyla sübuta yetirməyə çalışan Türk oğlu Türkdür! Onun bütün filoloji araşdırmaları bu ruhla yoğrulub.

Ömrünün son illərini, demək olar ki, başdan-başa Şumer probleminə həsr etmiş Müəllim bütün dünyada Şumerlə, Şumer dili ilə bağlı nəşr edilmiş ən başlıca əsərləri toplayaraq onları diqqətlə öyrənib, bilmədiyi dillərdə yazılmış əsərlərlə isə tərcümədə tanış olub. Onun Şumer mövzusunda dəyərli kitabları çıxıb. Jalə Məmmədova ilə müəllifdaş olduğu 356 səhifəlik "Türk dillərinin genealogiyası: Şumer və Türk leksik paralelləri" (Bakı: "Nağıl evi", 2012) əsərini isə ümumən şumerşünaslığın nailiyyətlərindən saymaq olar. Hər dəfə görüşdüyümüzdə tezliklə inzibati işləri yekunlaşdırıb bütün qalan vaxtını Şumerə həsr etmək arzusunda olduğunu dilə gətirir.

Azərbaycan gerçəkliyi bizi bir eybəcərliklə qarşılaşdırıb - bəzi rektorlar əllərindəki maddi və inzibati imkanlardan yararlanaraq az müddətdə "dahiyə" çevrilir, onlarla  monoqrafiya, yüzlərlə məqalə "yazırlar". Mən vaxtilə akademiklər içərisində yalnız rəhmətlik Ziya Bünyadovu başqasının yazdıqlarına öz adını sırımayan gördüm, indisə Müəllimi buna örnək göstərə bilərəm. Cəsarətlə deyirəm ki, o, bugünədək öz qələmindən çıxmayan heç bir yazının üstündə öz adının yazılmasına icazə verməyib.      

REKTOR NAZİM HÜSEYNLİ 

Mən rektorumu da pis tanımıram. Doğrudur, o, 1993-cü ildən üzübəri dəfələrlə prorektor, dekan, kafedra müdiri olmağı mənə təklif etsə də qətiyyətlə boyun qaçırmışam, çünki yaradıcı insan üçün müəllimlikdən yaxşısının olmadığını düşünürmüşəm. Ancaq 2015-ci ildə "saqqızımı oğurlaya" bildi, məni yüksək maaşla 1-ci prorektor təyin etdi. Səhər saat 9-dan axşam saat 6-yadək kabinetdə oturmağa vərdiş etməməyim bir yana, işlədiyim müddətdə özüm üçün bir sətir belə yazmağa vaxt tapmamağım bir müddətdən sonra istefa verməyimlə nəticələndi. Əlbəttə, bu istefa daim səmimi olmuş şəxsi münasibətlərimizdə azacıq da təsir göstərmədi.

Prorektor kimi çalışdığım müddətdə Müəllimin şəxsi özəllikləri ilə yanaşı, iş üslubu ilə də daha yaxından tanış oldum. Doğrudur, bəyənmədiyim, razılaşmadığım hallar da ortaya çıxdı və bunları özünə dedim, mənimlə də razılaşdı, ancaq onlar bütövlükdə müsbət işlərin heç yüzdə biri də deyildi.

Mən Aydın Məmmədov, Fatma Abdullazadə, Cahangir Qəhrəmanov, Nəcəf Nəcəfov, Əbülfəz Elçibəy, Firidun Cəlilov... kimi tanınmış şəxslərin rəhbərliyi altında çalışmış, onların hər birinin insani keyfiyyətlərindən və idarəçilik təcrübələrindən az-çox yararlanmışam. Nazim müəllimlə birgə işdən də mənəvi qazanclarım olub.

Rektor Nazim Hüseynlidə hansı müsbət özəllikləri görmüşəm?

O, qurucudur. 1992-ci ildə özülünü qoyduğu Ali Diplomatiya Kollecini bu gün Azərbaycanın özəl ali məktəbləri arasında özünə şərəfli yer qazanmış nüfuzlu Bakı Avrasiya Universitetinə çevirib, Universitet üçün möhtəşəm müasir tədris korpusu tikdirib, məktəbin güclü maddi-texniki bazasını yaradıb, burada ölkənin tanınmış alimlərindən ibarət pedaqoji kollektiv formalaşdırıb və bu işə ömrünün üçdə birindən artığını - 24 ilini sərf edib! Universiteti yaşatmaq üçün nə qədər mənəvi-psixoloji əzablara qatlaşmalı olub! Hətta bir-iki dəfə rektorluqdan da çəkilib ki, təki Universitet yaşasın, axı bu ali məktəb ona doğma övladı qədər əzizdir.

Özünə və başqalarına qarşı hədsiz tələbkardır, güzəştsizdir. Özünün verdiyi söz də, ona verilmiş söz və tapşırıq da hökmən yerinə yetirilməlidir! Boş vədlər, süründürməçilik, yalançı hesabat onu əsəbiləşdirir, bəzən elə dözümsüz edir ki, hər sözünü bir batman balla yemək olmur. (Əlbəttə, bunun şəxsən mənə dəxli olmayıb). Xüsusən özünün deyil, başqasının ağlı ilə iş görən, qərar qəbul edən və yanlış nəticə çıxaran adamı, yumşaq desək, sevmir.      

Yenilikçidir. Bakı Avrasiya Universiteti Azərbaycanda Avropa Kredit-Transfer Sisteminə (Bolonya prosesinə) qoşulan ilk ali məktəblərdəndir. Hamıya bəllidir ki, bütün universitetlərimiz rəsmən həmin sistemə qoşulsa da onların əksərində tədris prosesi hələ də əsasən köhnə metodlarla, köhnə proqramlar üzrə aparılmaqdadır. BAAU rektorunun kabinetinə yolu düşən hər kəs Allah şahididir ki, Müəllim səhərdən axşamadək laborantlarla, mütəxəssislərlə birgə bilgisayar qarşısında oturaraq şəxsən özü yeni sistemin tələblərinə uyğun tədris-metodik-elmi-inzibati sənədlər bazası yaradır, yaxud bu işə rəhbərlik və nəzarət edir, Universitetdə həmin bazanın tətbiqi üçün yeni qurumlar təşkil edir. Onun şəxsən özünün yaratdığı kodlaşdırma sistemi və bir çox başqa ilkləri bütün ali məktəblərimizə örnək ola bilər.

Təşəbbüsü dəstəkləyəndir. İstər müəllimlər, istər inzibati işçilər Universitet üçün faydalı ola biləcək hər hansı faydalı təşəbbüslə ona müraciət etdikdə dərhal dəstəkləyir və həmin təşəbbüsün gerçəkləşdirilməsinə imkan yaradır. Bunu Universitetdə çalışan işdaşlarımın əksəri təsdiq edə bilər.

Qayğıkeşdir. Ən böyük istəyi tələbələrin yaxşı savad almasıdır. Yaxşı oxuyan tələbəni isə sevir və onun nazı ilə oynayır. Yaxşı oxuyan, ancaq müxtəlif subyektiv səbəblər üzündən problemlərlə üzləşmiş tələbələrimlə bağlı bir neçə dəfə ona müraciət etmişəm və hər dəfəsində ondan canıyananlıq görmüşəm.

Gənc kadrların yetişdirilməsinə xüsusi diqqət yetirir. Belə ki, Universitetin öz məzunlarının öncə magistraturanı, sonra da doktoranturanı bitirərək dissertasiya müdafiə etməsi və yetişmiş alim kimi öz doğma ocağında müəllimliyə başlaması üçün istənilən şərait yaratmağa, hər cür güzəştə getməyə hazır olduğunu daim bəyan edir. 

Yaxşı müəllimə qiymət verəndir. Özəlliklə bu ildən Universitetdə müəllim əməyinin yeni qiymətləndirmə sisteminin tətbiqinə başlanılıb. Bütün fəaliyyəti və müsbət keyfiyyətləri nəzərə alınmaqla yaxşı və "adi" müəllimlər bir-birindən fərqləndirilir və bu fərq onların maaşında öz əksini tapır.

Rektorun ən mühüm xidmətlərindən biri Universitetdə rüşvətin kökünün kəsilməsidir. Doğrudur, ilk onillikdə belə hallara az da olsa rast gəlinirdi və rüşvətxorlar Universitet rəhbərinin inanaraq mühüm vəzifə tapşırdığı insanlardı. Kənardan siqnallar gəldikcə rektor bunun üstündə hətta ən yaxın adamlarına belə güzəştə getmədi və onları Universitetdən təmizlədi. Bu gün əlimi ürəyimin üstünə qoyub əminliklə deyə bilərəm ki, heç bir BAAU tələbəsi Universitetdə rüşvətin nə olduğunu bilmir. Belə təmiz bir mənəvi mühitdə çalışmaq isə ilk növbədə pedaqoji kollektivə ilham verir.

Əlbəttə, mən bu qısa yazıda dəyərli dostum, dərin ehtiram bəslədiyim gözəl insan Nazim Hüseynli haqqında ürək sözlərimin hamısını deyə bilmədim. 60 illik yubileyi münasibətilə onu ürəkdən təbrik edir, ona bundan sonra ürəyi istədiyi qədər uzun, ancaq sağlam ömür sürməsini, sevimli nəvələrinin toyunu görməsini diləyir, ürəyində cücərən bütün arzularının qol-budaq ataraq bar verməsini arzulayıram!

Allah onu dostlarının və düşmənlərinin qarşısında daim indi olduğu kimi başıuca, alnıaçıq etsin, inşallah!

Ədalət TAHİRZADƏ
Bakı Avrasiya Universitetinin professoru 
11.04.2016

 





29.04.2016    çap et  çap et