525.Az

Sri Sri Ravi Şankar: "İlkin kimliyimiz insan olmağımızdır"


 

Sri Sri Ravi Şankar: "İlkin kimliyimiz insan olmağımızdır"<b style="color:red"></b>

Sri Sri Ravi Şankar dünyaca tanınan ictimai xadim və təkcə hindlilərin deyil, eləcə də onun fəlsəfəsinə tapınan yüz minlərlə əcnəbinin rəğbətini qazanmış ruhani liderdir.

Hindistan, Norveç, Kanada, Monqolustan, Argentinanın bir sıra mükafatlarına layiq görülüb.

Dünyanın 17 şəhəri hər il qeyd olunan “Sri Sri Ravi Şankar” günü keçirir. Dünyada ən böyük qeyri-hökumət təşkilatlarından olan Beynəlxalq Yaşam Sənəti Fondunun rəhbəridir.

Təbliğ etdiyi yoqa təlimi ona beynəlxalq aləmdə populyarlıq qazandırıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Analtika şöbəsinin müdiri Nəriman Qasımoğlu Sri Sri Ravi Şankarla söhbətləşib.

Nəriman Qasımoğlu: İcazə verin, martın 11-13-də Dehlidə keçirilən Dünya Mədəniyyət Festivalında iştirak üçün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə ünvanladığınız dəvətə görə bir daha təşəkkürümü bildirim. Dünyanın müxtəlif bölgələrindən 3 milyon yarımdan çox insanın cəlb edildiyi bu böyük tədbirdə təşkilatımızı təmsil edərkən bu nəhəng tədbir şəxsən məndə böyük təəssürat oyatmışdı. Digər təəssüratlı məqamlar öz yerində, oxucularımız üçün festivalda Hindistanın Baş Naziri Narendra Modinin şəxsən iştirakı ilə səciyyələnən tədbirin siyasi əhəmiyyətini də vurğulamaq istərdim. Həqiqətən, Beynəlxalq Yaşam Sənəti Fondunun dünya ictimaiyyətinin nəzərində populyarlığına heyran qalmışdım. Şübhəsiz ki, bütün bunlar sizin şəxsiyyətiniz, müdrik rəhbərliyiniz sayəsində mümkün olmuşdur. Lütfən deyərdiniz, bu qədər populyarlıq qazanmağa və çoxlarının sevgisinə necə nail olmusunuz?

Sri Sri Ravi Şankar: Açığı, bilimirəm necə deyim. Necəyəmsə, eləyəm. Hamıyla hər yerdə öz evimdə necə varamsa, eləyəm. Səyahət etdiyim bütün ölkələrdə heç vaxt qarşıma qərib adam çıxmayıb. Hər kəsi özüm kimi hiss edirəm. Və düşünürəm, bu da sadəcə olaraq insanlarda öz əksini tapır.

Nəriman Qasımoğlu: Sizin ruhi təliminiz istənilən hər hansı din və mədəniyəti ehtiva edə bilir, bu da məni vadar edir ki, azərbaycanlıların çox əziz tutduğu, tarix boyunca həyatlarında tətbiq etdiyi multikulturalizm ideyalarının təbliği və təşviqində faydalı bilinən vasitələr haqqında düşünüm. Yəni bu baxımdan təliminiz bizim də diqqətimizi çəkir. Şəksiz ki, ruhaniyyət sevgiyə, şəfqətə və ruh yüksəkliyinin saxlanmasına çağırır. Ümid edirəm siz də razılaşarsız ki, istənilən dinin ruhi potensialı dar siyasi məqsədlərlə istifadəyə tabe tutularsa, bunun pis niyyətlərin, bəd əməllərin həyata keçirilməsi vasitəsinə çevrilməsi yönümündə bir risk də yarana bilir. Hindistanda qarşılaşdığım belə bir fakt məndə gerçəkdən xoş təəssürat yaratdı ki, müxtəlif dinlərə mənsub insanların dərin dindarlıq ənənəsinə baxmayaraq, siyasətçilər gündəlik fəaliyyətlərində fərqli inancların heç birini öz məqsədləri naminə istismar etmirlər. Bu barədə qısaca olaraq şərhinizi eşitmək istərdik.

Sri Sri Ravi Şankar: Həqiqətən, Hindistan da vaxtilə öz maraqlarını güdən siyasətçilərin qurbanı olub. Ancaq ictimai media və əhali indi daha çox biliklənmiş bir durumdadır, siyasətçilər üçün asan başa gələn deyil ki, insanlar arasında dini mənsubiyyətlərinə görə bölücülük sala bilsinlər. Biz siyasətlərə mənəviyyat gətirməli, biznes fəaliyyətlərini sosisal yönümlü etməli və dini dünyəviləşdirməliyik.

Nəriman Qasımoğlu: Azərbaycanda multikulturalizm dövlət siyasəti və həyat tərzidir. 2016-cı ili ölkəmizdə Multikulturalizm ili kimi elan edən Azərbaycan Prezidenti İlham Əliyev öz bəyanatlarında bu barədə dəfələrlə deyib. Cari il ərzində ölkəmizdə müxtəlif multikulturalizm layihələrinin həyata keçirilməsinin şahidi olacağıq. Bu, bizə imkan verəcək ki, multikulturalizm fenomeni kimi müəyyənləşmiş və mədəniyyət kimliyimimzin tərkib hissəsi olan bir dəyəri həm bayram edək, həm də bütün dünyaya multikulturalizm ismarışlarımızı göndərək. Elə bilirik, dünya təkcə bu dəyərə ehtiram göstərməməli, eləcə də bunu indi geniş miqyasda təşviq etməlidir. Xüsusən də elə bir vaxtda ki, Qərbdə bəzi siyasətçilər multikulturalizm haqqında mənfi fikirlər səsləndirirlər. Siz, çox güman, yaxşı bilirsiniz ki, multikulturalizm məfhumunun izahında buna aid təsviri məqamlarla yanaşı, multikultural vəziyyəti möhkəmləndirmək üçün hökümət tərəfindən yürüdülən müəyyən siyasətlə müəyyənləşən praktiki məzmun da yer alır. Siz multikulturalizmi öz üslübunuzla, ruhi tədris və fəlsəfə ilə dünyada yayan böyük insanlardan birisiniz. Necə fikirləşirsiniz, Sizin ruhi təliminizin hansısa perspektivləri varmı ki, multikulturalizmə etinasız yanaşan , yaxud onun uğursuzla uğradığını elan edən siyasətçilərin öz ölkələrində multikultural durumun tənzimləməsinə cavabdehliklərinin artırılmasına təsir edə bilsin?

Sri Sri Ravi Şankar: Bu gün dünya kiçilib, insanlar, icmalar, millətlər bir-biri ilə əvvəlki dövrlərlə müqayisədə xeyli dərəcədə yaxınlaşıb. Fərqli dünyagörüşə malik insanlar birgə işləməli, yaxud bir-biri ilə qonşuluqda yaşamalı olurlar. Dünyanı bürüyən bu ssenaridə ona ehtiyac var ki, dünya vətəndaşlarına necə çevrilməyi öyrənə bilək. Ətrafınızdakı insanlara açıq deyilsinizsə, özünü təcrid durumuna düşəcəksiniz. Dardüşüncəlilik, xurafatçılıq inkişafa aparmır. Bizim ilkin kimliyimiz insan olmağımızdır, biz Bir insan ailəsinin hissəsiyik. Millət, din, cins və s. kimliklər daha sonra gəlir. Müxtəliflik bu planetin vacib keyfiyyətidir və müxtəlifliyə ehtiram göstərmək həyatımızı daha da zənginləşdirir.

Nəriman Qasımoğlu: Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində əsas vəzifələrimizdən biri Azərbaycan multikulturalizm modelinə həm yerli, həm də beynəlxalq səviyyədə təşviq etməkdir. Bəzi əcnəbi ekspertlər bildirirlər ki, hərçənd bu model özünəməxsus spesifik xüsusiyyətlərə malikdir, ancaq multikulturalizm siyasətini həyata keçirməkdə çətinliklərlə üzləşən dövlətlər üçün yaxşı bir nümunə ola bilər. Hind cəmiyyətinin multikultural olduğunu yaxşı bilirik. Multikulturalizmin Hindistan modeli haqqında fikirlərinizi bizimlə bölüşərdiniz.

Sri Sri Ravi Şankar: Hindistanda multikulturalizm cəmiyyətin hüceyrələrinədək sirayət edib. İnsanlar bir-birinə aid mərasimləri bayram edirlər. Məsələn, bütün ölkə induizm bayramı olan “Holi”ni qeyd edir; hamı “Milad”ı, Rəbb Buddanın, eləcə də Sixizmin banisi Quru Nanak Devin doğum gününü bayram edir. Beləliklə, festivallarda olduğu kimi yaranan bir bayram əhvalı uzun bir yol qət edərək insanlar arasında güclü bağlar gəlişdirir. Dünya Mədəniyyət Festivalının keçirilməsinin səbəbi bu idi ki, dünyanın hər yerindən olan insanları vahidliyin bayram edilməsi ruhunda bir araya gətirək.

Nəriman Qasımoğlu: Bilirik ki, Beynəlxalq Yaşam Sənəti Fondunun təsisçisi kimi Sizin nəcib fəaliyyətiniz Avropa Parlamentinin prezidenti Martin Şulz, Avropa Komissiyasının sədri Jan Klaud Junker, Bəhreyn kralı Hamad bin İsa bin Salman əl-Xəlifə, sabiq İsrail prezidenti Şimon Peres, Sabiq ABŞ prezidenti Corc Buş, hazırki Obama administrasiyasında vitse-prezident Co Biden və bir çox başqaları tərəfindən yüksək qiymətləndirilib. Bu günlərdə Britaniyanın Baş Naziri cənab Devid Kameron Sizi Britaniya Parlamentinin aşağı palatası olan Nümayəndələr Palatasında çıxış etmək üçün Britaniyaya dəvət edib. Ölkəmizdə qeyd olunan multikulturalizm ilində və həm də Sizin 60 yaşınızın tamam olduğu bu il Sizi Azərbaycanda görməkdən məmnun olardıq. Fürsətdən istifadə edərək Sizi bu gözəl yubileyiniz münasibətilə təbrik edirik. Bol-bol xeyir-dualarımızı lütfən qəbul buyurun. Müsahibə üçün təşəkkür edirəm…

Nəriman QASIMOĞLU
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Analtika şöbəsinin müdiri

 





29.04.2016    çap et  çap et