525.Az

"Dövlət qulluğu haqqında" qanuna dəyişikliklər gərgin müzakirələrə yol açdı


 

"Dövlət qulluğu haqqında" qanuna dəyişikliklər gərgin müzakirələrə yol açdı<b style="color:red"></b>

Dövlət qulluğuna qəbulla bağlı qaydalar və şərtlər dəyişdirilə bilər.

Bununla bağlı "Dövlət qulluğu haqqında" mövcud qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi Milli Məclisə (MM) göndərilib.

Azərbaycan prezidenti İlham Əliyevin imzası ilə göndərilən qanun layihəsində adıçəkilən qanunun 28-ci  maddəsinin dəyişdirilməsi təklif olunur.

Nəzərdə tutulan dəyişikliyə əsasən, dövlət qulluğuna qəbulla bağlı aparılan müsabiqə test imtahanından və müsahibədən ibarət olacaq. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, dövlət qulluğuna qəbul üçün rübdə bir dəfədən az olmayaraq, test imtahanları təşkil edəcək.

Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək. Yeni redaksiyada verilən maddədə daha bir neçə dəyişiklik nəzərdə tutulub.

Qeyd edək ki, sözügedən qanun layihəsi aprelin 28-də MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin müzakirəsinə çıxarılıb.

Komitə sədri Əli Hüseynli bildirib ki, istər mövcud qanun, istər dövlər qulluğuna işə qəbulla bağlı prosedur, test imtahanı və sair ilə bağlı son illər əldə edilən təcrübə kifayət qədər mütərəqqidir: "Eyni zamanda, son illər həyata keçirilən uğurlu islahatlardan biri də dövlət qulluğuna işə qəbulla bağlı aparılan prosesdir. İstər indiyə kimi fəaliyyət göstərən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, istər Dövlət Qulluğu Məsələləri üzrə Komissiya öz işlərini yüksək səviyyədə qurublar. Bu gün isə onlar öz işlərini bir qurumda - Dövlət İmtahan Mərkəzində həyata keçirirlər və inanıram ki, müsbət təcrübə bundan sonra da davam etdiriləcək".

Onu da qeyd edək ki, qanun layihəsinin müzakirəsi gərgin keçib.

Millət vəkili Qüdrət Həsənquliyev deyib: "Son zamanlar parlamentə bəzi qanunlar gəlir, baxırıq, qəbul edirik, sonra da onları ləğv etmək zorunda qalırıq. Bu müzakirəyə təqdim edilən qanun layihəsi də məhz həmin qəbildəndir. Düzdür, Azərbaycanda dövlət qulluğuna işə qəbulla bağlı prosedur, test imtahanı çox şəffaf və mütərəqqidir, amma ikinci mərhələ-müsahibə haqqında bunu demək olmaz. Bu mərhələ hər zaman problem, narazılıq yaradıb. Odur ki, bu gün müzakirəyə çıxarılan variant  həmin narazılığı bir qədər də artırmış olacaq". Millət vəkili həmçinin deyib ki, məmurlar, vəzifəli şəxslər var ki, işlədikcə, yaşlaşdıqca parıldayır, müdrikləşir: "Yəni, kotan işlədikcə parıldadığı kimi,  bəzi məmurlar da işlədikcə parıldayır, müdrikləşir. Amma bəzi vəzifə sahibləri də var ki, loru dillə desək, yaşlaşdıqca xərifləyir, paslanırlar.  İndi bizim qanun yaradıcılığı ilə məşğul olan bəzi məmurlarımız da var ki, artıq paslanıblar, yorulublar, bir neçə dövlər rəhbəri dəyişiblər. Ona görə həmin şəxslərin də yenilənməsi, əvəzlənməsi lazımdır". O, eyni zamanda deyib ki, dövlət qulluğuna qəbulla bağlı test imtahanından sonra sertifikat almağa da ehtiyac yoxdur: "Əvvəllər, attestasiya var idi, indi isə məmur sertifikat  almalıdır. Biz axı, nəyə görə məmurları bu qədər yük altında saxlayırıq? Onların ürək xəstəsi, şəkər xəstəsi olanı var. Onlara əksinə, sərbəstlik vermək lazımdır. Kimlərsə əgər öz işlərini düzgün qurmasa, nöqsana yol verərsə, işindən çıxarılar, amma onları bu qədər yükləmək nəyə gərəkdir, heç anlamıram. Yenə də müsahibə məsələsinə qayıdaraq bir faktı demək istəyirəm. Bir xanım mənə müraciət etmişdi ki, bəs həm imtahandan, həm müsahibədən keçib, hətta, ona deyiblər ki, vəzifəyə də təyin olunacaqsan, ancaq sonra deyiblər ki, başqasını götürmüşük. Mən bu məsələ ilə bağlı kənd təsərrüfatı naziri Heydər Əsədovla danışdım, o da sağ olsun, yeganə nazirlərdəndir ki, deputatların zənglərinə cavab verir. Amma mənə cavabı bu oldu ki, müsahibədən 5 nəfər keçmişdi, biz də onlardan birini seçdik. Ona görə də müzakirəyə çıxarılan sənədi elə hazırlamalı və qəbul etməliyik ki, bir müddət sonra onu ləğv etməyək".

Millət vəkili Çingiz Qənizadə deyib ki, Azərbaycanda, cəmiyyətdə dövlət qulluğuna işə qəbulla bağlı məsələyə müxtəlif və birmənalı olmayan yanaşmalar, rəylər var. Millət vəkili qeyd edib ki, dövlət qulluğuna işə qəbulla bağlı birinci mərhələ-test imtahanı kifayət qədət problemsiz və şəffaf olur: "Ancaq ikinci-müsahibə mərhələsi hər zaman problemli olur, narazılıq doğurur. Bu gün müzakirəyə çıxarılan qanun layihəsi isə qəbul olunarsa, bu narazılıq onqat artacaq. Mən hər zaman müsahibənin əleyhinə olmuşam və bu gün də onun əleyhinəyəm. Müsahibə tamam yığışdırılmalıdır. Deputat həmkarlarımdan biri hətta, plenar iclaslardan birində demişdi ki, bir nəfər yeddi ildir testdən keçir, ancaq onu müsahibədən keçirmir və işə qəbul etmirlər. Bəs şəffaflıq hanı, harada qaldı?"

Millət vəkili eyni zamanda, işə qəbulla bağlı müsahibələrin müvafiq icra orqanlarına həvalə edilməsini düzgün saymayıb: "Yenə də icra başçıları öz əmioğlanlarını, dayıuşaqlarını siyahılara salacaq və istədikləri adamı müsahibədən "keçirəcəklər". Yenə də öz bildiklərini edəcəklər, oxuyacaqlar. Ona görə də hesab edirəm ki, dövlət qulluğuna işə qəbulla bağlı ancaq test imtahanı saxlanmalıdır, müsahibə tamam ləğv olunmalıdır. Bir sözlə, şəxsən mən bu sənədin əleyhinəyəm və plenar iclasa çıxarılacağı təqdirdə də, onun əleyhinə səs verəcəyəm".

Komitə üzvü Rafael Cəbrayılov öz növbəsində deyib ki, adıçəkilən qanun layihəsi demokratik ruhlu olsa da, sonradan bəzi problemlərə yol aça bilər: "Mən ümumiyyətlə, inqilabi ruhlu qanunların əleyhinəyəm, çünki çox zaman onların xeyri, faydası görünmür. Bu məsələdə tədriciliyin tərəfdarıyam. Bugünkü sənəd  demokratik ruhlu sənəd olsa da, amma onun bəzi problemlərə səbəb ola biləcəyini düşünürəm. Mən xüsusilə, dövlət qulluğuna qəbulla bağlı ehtiyat kadrlar məsələsindən narahatam. Onlar iki il ehtiyatda qalacaqlar. Bəlkə iki ildən sonra onlar işə götürülmədirlər, o zaman nə olacaq?"

Millət vəkili Fəzail Ağamalı da qanun layihəsinin mükəmməl hazırlanmalı olduğunu bildirib: "Mənim də şəxsən dövlət qulluğuna qəbulla bağlı prosedurdan, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın işindən indiyədək narazılığım olmayıb. Onlar öz işlərini şəffaf və ədalətli qurublar.

Amma ikinci-müsahibə (müsabiqə) mərhələsi ilə bağlı bunu demək olmaz. Bu mərhələdə kifayət qədət qeyri-obyektiv məqamlar və ədalətsizliklər yaşanıb. Hər birimiz də bununla bağlı şikayətlər almışıq. Hətta, bu şikayətlərlə bağlı müraciətlərimiz də nəinki nəzərə alınıb, əksinə, daha ədalətsiz mövqe nümayiş etdirilib.  Ona görə şəxsən mən də müsahibənin-müsabiqənin aradan qaldırılmasının tərəfdarıyam".

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib ki, keçmiş Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri olduğu müddətdə müsahibə mərhələsinin ölkədə ən zəif və subyektiv tərəf olduğunu gözəl bilirdi: "Lakin müsahibənin keçirilməsini heç bir şübhə altına salmaq lazım deyil. Çünki bu, kadrlar seçimində mütləqdir". Müsahibələrin şəffaf və obyektiv keçirilməsinə gəlincə, B. Xəlilov deyib ki,  bunun üçün lazımi bütün şərait yaradılmışdı: "İlk olaraq 2 nəfər dövlət orqanından və bir nəfər komissiyadan üzv olurdu. Bu zaman çoxlu problemlər yaşandı. Sonradan isə vətəndaş cəmiyyətlərinin üzvlərini bura cəlb etdik. Hətta  müsahibələrin görüntülərini video şəkildə çəkib arxivləşdirdik. Hər kəsi dəvət edirdik ki, gəlib istənilən müsahibədə iştirak etsin. Ancaq heç bir mətbuat nümayəndəsi həmin anlara baxmaq üçün gəlmirdi". O, həmçinin qeyd edib ki, minlərlə gənc Komissiyanın vasitəsi ilə dövlət qulluğuna qəbul olunub.

Gərgin müzakirələrdən sonra qanun layihəsi plenar iclasa tövsiyə olunmayıb.

Qərara alınıb ki, təkmilləşdirmələr aparıldıqdan sonra komitənin təkrar müzakirəsinə çıxarılsın.

Kamil HƏMZƏOĞLU

 





29.04.2016    çap et  çap et