525.Az

Telekanallar və dərman reklamları millət vəkillərini iki “cəbhə”yə ayırdı


 

Telekanallar və dərman reklamları millət vəkillərini iki “cəbhə”yə ayırdı<b style="color:red"></b>

Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Reklam haqqında” və  “Dərman vasitələri haqqında” qanunlara dəyişikliklər ilə bağlı müzakirələr olub. Komitə sədri Hadi Rəcəbli dəyişikliklər barədə məlumat verərək deyib ki, “Reklam haqqında” qanuna dəyişiklikdə təklif olunur ki, özəl tibb fəaliyyəti subyektləri tərəfindən göstərilən tibbi xidmətlərin reklamının yayımı müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilsin. Onun sözlərinə görə, eyni zamanda, “Dərman vasitələri haqqında” qanuna da eyni məzmunlu düzəliş təklif olunur ki, dərman vasitələrinin üzərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası yapışdırılsın. Hər iki qanuna eyni məzmunlu dəyişiklik müzakirələr zamanı mübahisəyə səbəb olub. Deputat İlham Məmmədov bildirib ki, burada xüsusilə özəl tibb müəssisələrinin telekanallar vasitəsilə reklamlarının verilməsinə və həmin reklamların məzmununa ciddi nəzarət yetirilməlidir: “Çünki bu məsələdə xeyli özbaşınalıqlar hökm sürür”.

İ.Məmmədova cavab olaraq deputat Elmira Axundova deyib ki, özəl tibb müəssisələrinin fəaliyyətinə, xüsusən də onların telekanallarda reklamlarının yayımlanmasına hansısa formada qarışmaq düzgün deyil: “Bu gün sirr deyil ki, hamı özəl tibb müəssisələrinə gedir. Məsələn, “Oksigen” klinikasında adam əlindən tərpənmək olmur. Bu həmən klinikadır ki, ATV telekanalının bütün verilişlərinə sponsorluq edir. Bu gün demək olar ki, bütün telekanallar məhz özəl klinikaların reklamları sayəsində böyük maliyyə vəsaiti əldə edilər. Əgər biz bu məsələyə qarışsaq telekanallar öz fəaliyyətlərini dayandıra bilərlər”.

E.Axundovanın bu fikirləri deputatların təpkisinə  səbəb oldu. Deputat Məlahət İbrahimqızı bildirib ki, özəl tibb müəssisələri bu günə qədər hansısa bir şəhid və yaxud müharibə əlili ailəsinə güzəşt etməyib: “Ancaq bunun müqabilində onlar səhərdən axşama qədər şou əhlini, mənəviyyata zidd olan çəkilişləri və sair sponsorluq etməklə məşğuldurlar”.

Deputat Musa Quliyev də narazılıqlara qoşularaq özəl tibb müəssisələrinin fəaliyyətində ciddi qüsurların olduğunu bildirib və onları aiddiyatı olmayan fəaliyyət növləri ilə məşğul olmaqda ittiham edib: “Məsələn, bu yaxınlarda adını çəkmək istəmədiyim özəl klinikalarından birinin rəhbəri heç bir savadı olmadığı halda televiziyaya çıxıb əhaliyə tibbi məsləhətlər verirdi. Mən bu məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə danışdım və həmin adamın lisenziyasını ləğv elətdirdim, klinikası bağlandı”. M.Quliyev də bu gün televiziyalarda reklamın 80 faizini tibb reklamlar tutduğunu deyərək bunun təhlükəli tendensiya olduğunu bildirib. O bundan çıxış yolu olaraq yalnız mövcud icbari tibbi sığortanın tətbiq olunmasını göstərib: “Nə qədər ki bu mövcud qanun tətbiq oluna bilmir dövlət və özəl tibb müəssisələri arasında qeyri- sağlam rəqabət davam edəcək”.

Deputat Yaqub Mahmudov isə özəl tibb müəssisələrinin bir çoxunu əczaçı firmaları ilə qeyri sağlam işbirliyində ittiham edib. Müzakirələr zamanı əksər deputatlar özəl klinikaların, dərman pereparatlarının reklamına qoyulan məhdudiyyəti dəstəkləyiblər.

Mübahisədən ibarət müzakirələrdən sonra hər iki layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Kamil Həmzəoğlu

 





13.02.2013    çap et  çap et