525.Az

30 mindən çox sahibkar üçün 2 milyard manat


 

30 mindən çox sahibkar üçün 2 milyard manat<b style="color:red"></b>

İqtisadi inkişafın əsas elementlərindən biri də ölkədə sahibkarlıq üçün əlverişli mühit yaradılmasıdır. Çünki iqtisadiyyatın tərəqqisi üçün rəqabət mühiti və şaxəli şəkildə inkişaf olmalıdır.

1991-ci ildə yenicə müstəqillik qazanan Azərbaycan iqtisadiyyatının da ayağa qalxması üçün müəyyən işlər görülməli idi. Bunun üçünsə ölkədə sahibkarlar üçün müəyyən şəraitin yaradılması vacib idi.

Bu məsuliyyəti isə ümummilli lider Heydər Əliyev 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə öz üzərinə götürdü. Və beləliklə ölkə iqtisadiyyatını ayağa qaldırmaq üçün islahatlara başladı.

Millət vəkili Tahir Mirkişili bizimlə söhbətində bildirdi ki, ümummilli lider Heydər Əliyevin tarixi şəxsiyyət kimi böyüklüyü XX əsrin sonu və XXI əsrin əvvəllərində ictimai-siyasi həyatın bir çox sahələrində özünü göstərib. Lakin tarixin çox mürəkkəb, dramatik və məsul bir dövründə xalqın əsrlərdən gələn azadlıq və müstəqillik arzularını gerçəkləşdirərək, müstəqil və suveren Azərbaycan Respublikasını qurması onun dövlətçilik fəaliyyətini daha parlaq şəkildə nümayiş etdirib.

Millət vəkili deyir ki, H.Əliyev fəaliyyəti zamanı fenomenal keyfiyyətləri ilə yanaşı, böyük iqtisadçı kimi də hakimiyyətinin ilk dövründə olduğundan daha qabarıq və parlaq şəkildə imkanlarını nümayiş etdirə bildi: “Hakimiyyətə qayıdışının elə ilk günündə Heydər Əliyev xalqa bəyan edir: “İndi Azərbaycanda vəziyyət belədir: iqtisadiyyat büsbütün dağılıb. O ki qaldı

ictimai-siyasi vəziyyətə, bundan pisini ağıla gətirmək olmaz . Suveren dövlətin ərazisinin 20 faizi işğal olunub. Yarım milyondan çox qaçqın var. Sənaye və kənd təsərrüfatı istehsalı sıfır həddindədir...” İqtisadi vəziyyətin həqiqətən gərgin olduğunu statistik rəqəmlər də aydın göstərirdi: əgər 1989-91-ci illərdə ümumi daxili məhsul istehsalı ildə orta hesabla 6,7 faiz azalmışdısa, müstəqilliyin ilk üç ili ərzində bu geriləmənin sürəti 3,8 dəfə artmışdı. 1990-cı illə müqayisədə 1993-cü ildə sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı 2 dəfə azalmışdı”.

T.Mirkişilinin sözlərinə görə, Heydər Əliyevin az bir müddətdə atdığı düşünülmüş və hədəfə ünvanlanmış addımları öz bəhrəsini verib: “1994-cü il sentyabrın 20-də təzyiq və hədələrə baxmayaraq, “Əsrin müqaviləsi” imzalandı. Şübhəsiz, bu müqavilənin çox böyük iqtisadi dəyəri ilə yanaşı, ölçüyə gəlməyən siyasi əhəmiyyəti də var idi. “Əsrin müqaviləsi” imzalanandan sonra əlverişli və etibarlı investisiya mühitinin formalaşdırılması üçün güclü qanunvericilik bazası yaradılmağa başlandı. Ölkə iqtisadiyyatında aparılan islahatlar, qanunvericiliyin, vergi və bank sisteminin sürətlə dəyişən iqtisadi şəraitə uyğunlaşdırılması, yeni iqtisadi münasibətlərə cavab verməsi 1994-cü ildə artıq iqtisadi tənəzzülün qarşısını almağa, sabitliyin əldə edilməsinə gətirib çıxardı.

Xarici investisiya axını

Bunun başlıca amili isə ölkəyə xarici investisiya axınının başlanması idi. Əgər 1993-cü ildə Azərbaycan iqtisadiyyatına heç bir xarici kapital yönəldilməmişdisə, artıq 1994-2000-ci illərdə ölkəyə 5,5 milyard birbaşa xarici investisiya daxil olmuşdu ki, bunun da 3,3 milyard dolları neft sektoruna, 2,2 milyard dolları isə sənayenin digər sahələrindəki infrastrukturun inkişafına yönəldilmişdi. Bu investisiya axını artdıqca Azərbaycan sənayesi, tikinti, nəqliyyat-kommunikasiya və digər xidmət sahələri dirçəlməyə, 1997-ci ildən isə ümumi daxili məhsul istehsalı sürətlə artmağa başladı”.

Xarici biznes adamları üçün “açıq qapılar” siyasəti

Millət vəkilinin sözlərinə görə, xarici ticarətin liberallaşdırılması və idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi Azərbaycanın xarici ticarət əlaqələrinin inkişafının sürətləndirilməsinə geniş imkanlar açıb: “Heç bir ölkə, hətta ən böyük bir ölkə belə, yalnız öz çərçivəsində iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz”, deyən və ölkədə xarici biznes adamları üçün “açıq qapılar” siyasəti elan edən Prezident Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı bu ölkələrin iş adamları, şirkət rəhbərləri ilə görüşür, gənc müstəqil dövlətin iqtisadi potensialı haqqında ətraflı danışır, onları Azərbaycana dəvət edir və yüksək biznes mühitinə təminat verirdi. Bunun nəticəsi özünü çox gözlətmədi. Artıq 1994-cü ildəki 57 ölkədən fərqli olaraq, 2000-ci ildə respublika 123 ölkə ilə ticarət əlaqəsi qurmuş, xarici ticarət dövriyyəsinin həcmi 3,9 milyard manata çatmışdı ki, bu da 1994-cü ildə olduğundan 2,5 dəfə çox idi”.

T.Mirkişili deyir ki, Heydər Əliyevin müstəsna xidmətlərindən biri də Azərbaycanda yaxın illər ərzində sosial-iqtisadi tərəqqini təmin edəcək sahibkarlıq mexanizminin əsasını qoyması, onu bütün ölkə boyu işlək mexanizmə çevirmək üçün qanunvericilik bazasını yaratması və ölkədə yeni yaranmağa başlayan sahibkarlar sinfinin formalaşmasında şəxsən iştirak etməsi olub: “Bu işdə dövlət başçısının qətiyyəti sayəsində ictimai və dövlət mülkiyyətinin özəlləşdirilməsinin yeni Dövlət Proqramının hazırlanıb çox sürətlə həyata keçirilməsinə start verməsi xüsusilə mühüm rol oynayıb.

Şəxsi mülkiyyətə söykənən sahibkarlığın əsası...

Heydər Əliyev 1995-ci il iyulun 30-da “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında Dövlət Proqramı”nın təsdiq olunması üçün Milli

Məclisə ünvanladığı müraciət məktubunda çox böyük uzaqgörənliklə bu tədbirin mühüm əhəmiyyətini göstərərək yazırdı: “İqtisadi böhrandan əsas çıxış yolu dövlət mülkiyyətinin özəlləşdirilməsindədir, ona görə ki, dövlətin iqtisadi sahədə yeganə inhisarçı olduğu şəraitdə heç bir islahatın aparılması mümkün deyil.

Bununla paralel olaraq Prezident Heydər Əliyev vaxt itirmədən, məsuliyyəti üzərinə götürərək, çox dəqiqliklə işlənmiş aqrar islahatlara start verdi. Qısa vaxtda “Aqrar islahatın əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında” və “Torpaq islahatı haqqında” qanunlar işlənib hazırlandı və qəbul olundu. Bu artıq fərdi təsərrüfatların, yəni şəxsi mülkiyyətə söykənən sahibkarlığın əsasını qoymağa geniş imkan açırdı”.

T.Mirkişili onu da qeyd etdi ki, əldə edilən ən böyük nailiyyət isə ondan ibarətdir ki, ölkədə müstəqil dövlət quruculuğu prosesinin həyata keçirildiyi bu dövrdə iqtisadi islahatların mahiyyətcə tam yeni bir modeli - Azərbaycan modeli meydana gəldi. Artıq 2003-cü ildən başlayaraq, yeni bir liderin - Prezident İlham Əliyevin rəhbərliyi ilə məhz bu iqtisadi modelin ikinci mərhələsi reallaşdırılmağa başlanıldı.

Torpaq islahatı

Millət vəkili Tahir Rzayev bildirdi ki, H.Əliyevin sahibkarlığın inkişafında gördüyü bir çox uğurlu işləri qeyd etmək olar: “Sahibkarlığın inkişafı istiqamətində Heydər Əliyevin ən böyük xidmətlərindən biri o oldu ki, torpaqlar öz sahiblərinə verildi. Əgər əvvəllər ictimai təsərrüfatlar idisə, sonrakı dövrlərdə sahibkarlığın inkişaf etdirilməsi üçün hər bir insanın sahibkar kimi təkmilləşməsi üçün torpaq öz sahiblərinə verildi. Əgər torpaqlar sahibində olmasaydı, bu istiqamətdə sahibkarlıq inkişaf edə bilməzdi. Torpaq xüsusi müliyyətə veriləndən sonra kiçik sahibkarlar inkişaf elədi, bunun fonunda iri fermer təsərrüfatları yaranmağa başladı. Torpaqların icarəyə, istifadəyə verilməsi, dövlət mülkiyyətində saxlanması - hər üç forma sahibkarlığın inkişafı üçün çox böyük imkan yaratdı”.

T.Rzayev deyir ki, digər tərəfdən həmin dövrdə sahibkarlığın və sahibkarların inkişafı üçün yerlərdə şərait yaradıldı, dövlət tərəfindən müəyyən güzəştlər tətbiq olunurdu: “Bu işlər H. Əliyev tərəfindən əsası qoyuldu, İ.Əliyev tərəfindən isə uğurla davam etdirilir”.

“Daxili investorların ölkəyə maliyyə yatırması üçün hər cür şərait var”

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) eksperti Nicat Hacızadə bizimlə söhbətində bildirdi ki, Azərbaycanda sahibkarlıq istiqamətində müstəqillikdən bəri müxtəlif yönümlü addımlar atılıb, bir sıra layihələr həyata keçirilib. Bu layihələrin tərkibində kənd təsərrüfatı fermerləri üçün subsidiyaların, sahibkarlara güzəştli kreditlərin verilməsi, pay torpaqlarının ayrılması, onların fəaliyyətinin genişləndirilməsi və s. müəyyən dəstəkverici fəaliyyətlər olub.

N.Hacızadə sahibkarlıq sahəsində ölkəmizdə mövcud olan pozitiv və neqativ amillərdən də danışdı. Bildirdi ki, pozitiv amillərdən ən önəmlisi odur ki, daxili investorların ölkəyə maliyyə yatırması üçün hər cür şərait var: “Birinci növbədə ictimai-siyasi sabitlik burada böyük rol oynayır. İkinci makroiqtisadi mühit, üçüncüsü isə investisiya əlverişliliyi və gəlirgətirmə qabiliyyəti də burada mühüm rol oynayır.

Neqativ cəhətlərdən biri odur ki, ölkə Prezidentinin də qeyd etdiyi kimi Azərbaycanda bir sıra səlahiyyət sahiblərinin borclarını düzgün yerinə yetirə bilməyən sahibkarları incitməsi halları var. Eyni zamanda ölkədə pul-kredit siyasətinin sabitləşməməsi də sahibkarlar üçün müəyyən qədər problem yaradır. Xaricdən məhsul idxal edən, yaxud hansısa istehsal üçün xammal gətirən zaman xarici valyutaya ehtiyac duyurlar. Xarici valyutanın kursunun dəyişkən olması, iki dəfə manatın məzənnəsində baş verən kəskin dəyişiklik sahibkarlıqda müəyyən problemlər yaratdı. Bir də bank sektorunda sahibkarlara verilən müvafiq kreditlərin faiz dərəcələri çox yüksəkdir. Buna görə də sahibkarlar kapital mənbəsi tapmaq üçün müəyyən çətinliklər çəkirlər”.

İqtisadçı deyir ki, SKMF fəaliyyətə başlayandan indiyə qədər sahibkarlıq sahəsində dövlət tərəfindən dəstək üçün müəyyən işlər görülüb. O deyir ki, sahibkarların bu kreditlərə əlçatanlığının təmin olunması üçün müəyyən bürokratik əngəllər olsa da, ümumilikdə bu fondun sahibkarlığa dəstəyi yüksəkdir: “Təkcə 2015-ci ildə təxminən 5 243 layihəyə 248 milyon manatdan çox vəsait ayrılıb. Müxtəlif sənaye istehsalı mallarına 35 milyon manatdan, kənd təsərrüfatı məhsullarının emalı üçün 12 milyon manatdan çox maliyyə ayrılıb.

SKMF-nun Azərbaycanda üstünlük verdiyi əsas sahə kənd təsərrüfatı məhsullarının istehsalıdır. Bu istiqamətdə 2015-ci il ərzində sahibkarlara 158 milyon 145 min manat pul ayrılıb. İkinci yerdə xüsusi xidmət sahələridir ki, buraya 42 milyon 605 manat maliyyə ayrılıb. Bütün bunların nəticəsində belə qeyd etmək olar ki əsas pay kənd təsərrüfatı məhsullarına düşür. Fondun ayırdığı maliyyənin 63, 3 faizi kənd təsərrüfatının payına düşür.

Statistik nəticələrə də baxsaq, sahibkarlara verilən kreditlər kiçik, orta və yüksək həcmdə olmaqla üç yerə bölünür. Burada üstünlük kiçik həcmli kreditlərdədir. Fondun ayırdığı kreditlərin 55 milyon manatla 98 faizini kiçik həcmdə olanlar təşkil edir. Bütün bunları ümumiləşdirsək, SKMF tərəfindən Azərbaycanda yetərincə vəsait xərclənib. Bu da məşğulluğun artmasına səbəb olub və 2015-ci il ərzində 12 587 yeni iş yeri açılıb”.

N.Hacızadə bildirdi ki, SKMF yarandığı vaxtdan indiyə qədər 30 mindən çox sahibkara 2 milyard manata yaxın vəsait verilib. Bu da ölkədəki sahibkarlığa həm dövlət, həm də ölkə başçısı tərəfindən dəstəyin göstəricisidir. İqtisadçı deyir ki, neqativ amilləri də unutmamalı, sahibkarlığa vergi, gömrük orqanları tərəfindən yaradılan maneələrin qarşısı alınmalıdır: “Ölkə prezidenti Amerika Ticarət Palatasının üvzləri ilə görüşdüyü zaman sıfır bürokratiya, sıfır korrupsiya terminini işlətdi. Korrupsiyanın, bürokratiyanın qarşısını almağa çalışırıq. Azərbaycanda sahibkarların fəaliyyəti önəmlidir. Çünki biz bazar iqtisadiyyatı, liberal iqtisadiyyat şəraitində yaşayırıq. Bazar iqtisadiyyatının inkişafı sahibkarlığın inkişafı, sahibkarlığın genişlənməsi isə dövlət büdcəsinin gəlirlərinin artması deməkdir”.

Samirə QULİYEVA
Yazı İqtisadiyyat Nazirliyi tərəfindən Kütləvi İnformasiya Vasitələri nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir

 





30.04.2016    çap et  çap et