525.Az

“İsinsin azacıq bu daş duyğular”


 

RƏSSAM KİRMAN ABDİNİN FƏRDİ SƏRGİSİNDƏKİ ƏSƏRLƏR XALQ ŞAİRİ MƏMMƏD ARAZIN YARADICILIĞINDAN QAYNAQLANIR

“İsinsin azacıq bu daş duyğular” <b style="color:red"></b>

Aprelin 28-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda rəssam Kirman Abdinin “İsinsin azacıq bu daş duyğular” adlı fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, Rəssamlar İttifaqının təşkilatçılığı ilə baş tutan qrafik sərgi Xalq şairi Məmməd Arazın poeziyasına həsr olunub.

Tədbirdə Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov rəssamın yaradıcılığını yüksək qiymətləndirərək sərgiyə təqdim olunan əsərlərin əhəmiyyətindən söz açıb.

Bildirilib ki, rəssamın sərgidə nümayiş olunan 60-dək sənət əsəri görkəmi şairin yaradıcılığını qismən də olsa əhatə edə bilib.

Xalq rəssamı Arif Hüseynov çıxış edərək Məmməd Araz yaradıcılığının zənginliyindən bəhs edib. Vurğulanıb ki, onun yaradıcılığı Azərbaycan ədəbiyyatının inkişafında mühüm mərhələ təşkil edir və gəncliyin mədəni-mənəvi dəyərlərə ehtiram ruhunda formalaşması baxımından müstəsna əhəmiyyətə malikdir. Böyük sənətkarın zəngin ədəbi fəaliyyətinin Azərbaycan poeziyasına bir-birindən dəyərli sənət inciləri bəxş etdiyini qeyd edən A. Hüseynov, rəssamın öz əsərlərində M.Araz yaradıcılığını mükəmməl şəkildə canlandırmasını yüksək qiymətləndirib.

Milli Məclisin deputatı Aqil Abbas sərginin təşkil olunmasında əməyi olan hər kəsə, xüsusən rəssama minnətdarlığını bildirib.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Qeyd edək ki, sərgidə ədibin “Zamandan məkana”, “Dünya sənin, dünya mənim”, “Şəhriyar gəlmədi”, “Düşüncələr”, “Bir ürək sındırdım bir qız ürəyi”, “Xətainin qılıncını suvardım”, “Biz qapı açmışıq öz eşqimizə” və.s poetik misralarına həsr olunmuş qrafik sənət əsərləri yer alıb.

Maraqla qarşılanan sərgi beş gün davam edəcək.

 





01.05.2016    çap et  çap et