525.Az

“Ulduz”un aprel sayı


 

“Ulduz”un aprel sayı<b style="color:red"></b>

Bugünlərdə “Ulduz” jurnalının aprel sayı işıq üzü görüb. Jurnalın budəfəki eksperti Telli Pənahqızıdır.

“Yaz yazısı” adlı ekspert rəyində T.Pənahqızı jurnaldakı müsbət dəyişikliyi vurğulayıb: “Ondan başlayım ki, jurnalın siması xeyli dəyişib, özü də sima deyəndə təkcə onun bədii tərtibatını nəzərdə tutmuram, imza müxtəlifliyi, mövzu genişliyi, özünü ifadə sərbəstliyi, yaradıcılıq manerasındakı çoxçalarlılıq, təbii ki, müasir oxucu üçün çox önəmlidir”.

Ekspert rəyini Ulucay Akifin “Özüylə söhbəti” və şeirləri izləyir.

“Tribuna”da Vaqif Yusifli “Gənc şairlər, sözüm sizədir” deyərək, müasir poeziyamızdan söz açır.

“Şeir vaxtı”nda Vasif Zöhraboğlu və Qələndər Xaçınçaylıya yer verilib.

“Debüt”də Cahandar Aybər, Məhəmməd Turanın şeirləri və Cahanxanım Seyidzadənin “Müasir Türk ədəbiyyatında Əlif Şəfəq” yazısı var.

Ziyadxan Əliyev “Dünyaya gerçək baxışın poetikası” yazısında gənc rəssam Xaqan Bayramovun yaradıcılığından danışır.

“Ovqat”da Hicran Hüseynovanın “Mənim şeirim ağ-qara” yazısı təqdim olunub.

“Tərcümə saatı”nda Ayişə Nəbinin çevirdiyi Edqar Allan Ponun “Oğurlanmış məktub” hekayəsi verilib.

“Bölgələrdən nasirlər” rubrikasında Fərqanənin təqdimatında Afayət Afiq, Taleh Mansur, Vüsal Qasımov və Cəlil Cavanşirin yaradıcılığı tanıdılır.

Nasir Əhmədli “Elman Tovuzun söz dünyası”ndan bəhs edir.

“Trio”da Elvira Məmmədovanın nağılları, “Nəsr”də İlqar Atabəylinin “Qəlpə” hekayəsi təqdim olunub.

Professor Buludxan Xəlilov Nobel mükafatçısı İvan Buninin həyat və yaradıcılığından yazıb.

Jurnalın bu sayında Fərid Hüseynin “İsa Məsihin son ünvanı, Varavvanın sığınacağı - çarmıx”, Mina Rəşidin “İydə çiçəyi kimi” yazıları, şəhid Ülvi Bünyadzadənin 1988-ci ildə tərcümə etdiyi L.Averyanovun “Necə məşhurlaşmaq olar” hekayəsi də verilib.

“Qısa fikirlər xəzinəsi” Pəri Mirəliyevanın tərcümə etdiyi Pablo Pikasso, Pol Sezan və Salvador Dalinin deyimlərindən ibarətdir.

“Dərgidə kitab” layihəsinin qonağı Elmin Nuridir.

Müşfiq ŞÜKÜRLÜ

 





01.05.2016    çap et  çap et