525.Az

“13 cinayətkar qrup və bir mütəşəkkil dəstə zərərsizləşdirilib”


 

“13 cinayətkar qrup və bir mütəşəkkil dəstə zərərsizləşdirilib”<b style="color:red"></b>

Milli Məclisin (MM) aprelin 29-da keçirilən plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib.
 
Daxili işlər nazirinin birinci müavini, polis general leytenantı Vilayət Eyvazov çıxışında qeyd edib ki, səmərəli fəaliyyətinə görə 16 qeyri-hökumət təşkilatı daxili işlər naziri tərəfindən mükafatlandırılıb: 

“99 min manat civarında olan layihələr isə  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilib. Məcburi əməyin qarşısının alınması üçün həyata keçirilən tədbirlər nəticəsində insan alveri qurbanlarının qarşısını alınıb. Tikinti sektorunda 8 xəta, əcnəbilərin işə götürülməsi qaydalarının pozulması üzrə 59 inzibati xəta  aşkarlanıb. Uşaqlara qayğı və yardımlar göstərilməsi üçün 272 məsələ müvafiq icra hakimiyyətlərinə göndərilib. Pedaqoji təhsildən kənarda qalan 123 uşağa hüquqi-psixoloji yardımlar göstərilib. 22 faizdən çox insan alveri və məcbur əmək halları aşkarlanıb. 38 nəfər cinayət məsuliyyətinə cəlb edilib”.

Onun sözlərinə görə, insan alveri ilə məşğul olan 13 cinayətkar qrup və bir mütəşəkkil dəstə zərərsizləşdirilib: “Hazırda 22 nəfərin axtarışı davam edir. Yeddi əcnəbi istismara məruz qalıb. Onlardan 51 -i sığınacaqlara yerləşdirilib. 22 nəfər işlə təmin edilib. 31 qurban ailəsinə qaytarılıb. 56 qurbana hüquqi-psixoloji yardım göstərilib. Qurbanların himayəsində olan 26 uşaq təhsilə cəlb edilib. Sosial reablitasiyaya görə nazirliyin daxili imkanları hesabına 165 min manat vəsait ayrılıb. Təyinatı üzrə tam istifadə olunub.  Bundan əlavə, insan alveri, əxlaqsız yuvalar saxlama barədə qaynar xəttə daxil olan  14 mindən çox müraciət araşdırılıb”.

Sonra  illik məlumatla bağlı müzakirələr başlanılıb.

Millət vəkili Zahid Oruc çıxışında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun fəaliyyətini müsbət  qiymətləndirib.  Onun dediyinə görə,  demək olar ki, əvvəlki illərlə müqayisədə son illər ölkədə dinlənçilərin, dilənçiliyə vadar edilən uşaqların, həmçinin, cəmiyyətdə adları “ avtobuslarda pulyığan uşaqlar” kimi tanınan azyaşlıların  sayı azalıb: “Bununla yanaşı, bir vaxtlar Birləşmiş Ərəb Əmirlikləri sözü bizdə başqa assosiasiya doğururdu. Artıq son illər qulağımız bu məsələdə çirkli sözlər eşitməkdən qurtarıb”.

Millət vəkili Fəzail Ağamalı azyaşlı, yetkinlik yaşına çatmayan qız uşaqların zorla nikaha cəlb edilməsindən narahatlığını bildirib. Millət vəkilinin dediyinə görə, bu, əslində həmin qızların cinsi və fiziki istismarı deməkdir: “Bu istiqamətdə tədbirlər görülür, bunlar öz yerində, ancaq hesab edirəm ki, bu məsələ ilə bağlı daha sərt addımlar atılmalıdır, mübarizə daha da gücləndirilməlidir”.

Birinci vitse-spiker Ziyafət Əsgərov isə çıxışında  jurnalistlərin xəbər başlıqlarında yol verdiyi səhvlərdən danışıb.  Z. Əsgərov deyib ki, bəzən ciddi informasiya agentliklərinin də xəbər başlıqlarında yazırlar ki, filankəsi 60 minə alıblar: “ Bu xüsusən də futbolçulara aiddir. Buradakı pul müqavilənin qiymətidir.  Yoxsa, bunu insana aid edirlər ki, filan futbolçunu  məsələn , 60 minə satdılar. Bu cür ifadəni yazmaq düzgün deyil. Bu kimi hallar futbolçuya deyil, müqavilənin qiymətinə şamil olunmalıdır”.

Kamil HƏMZƏOĞLU

 





01.05.2016    çap et  çap et