525.Az

“Dini tolerantlıq, qarşılıqlı ehtiram gündəlik həyat tərzimizdir” (Müsahibə)


 

“Dini tolerantlıq, qarşılıqlı ehtiram gündəlik həyat tərzimizdir” <b style="color:red">(Müsahibə)</b>

HACI MİRƏZİZ SEYİDZADƏ: “TOLERANTLIQ DÖVLƏTÇİLİYİ MÖHKƏMLƏNDİRƏN, XALQIN BİRLİYİNİ VƏ SIRALARININ SARSILMAZLIĞINI TƏMİN EDƏN AMİLLƏRDƏN BİRİDİR” 

Dini tolerantlıq baxımından ölkəmizin örnək olduğunu söyləsək, heç də yanılmarıq. Həqiqətən də Azərbaycan bir çox digər sahələrdə olduğu kimi, dini tolerantlıq baxımından da nümunəvi ölkələr sırasındadır. Bunu tez-tez ölkəmizə təşrif buyuran nüfuzlu qonaqlar da təsdiqləyərək, Azərbaycandakı dini tolerantlıq, dinlərarası münasibətlərlə bağlı xoş sözlər söyləyirlər. Qafqaz Müsəlmanları İdarəsinin Fətva şöbəsinin müdiri, qazi, hacı Mirəziz Seyidzadə ilə söhbətimizi də bu mövzuda qurduq.   

– Ölkəmizə tez-tez dünyanın nüfuzlu din xadimləri təşrif buyururlar. Onların ölkəmizdəki dini tolerantlığa yanaşmaları, eləcə də Azərbaycanda dinlərarası dialoqla bağlı nə deyə bilərsiniz?

– Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi xarici dövlətlərdə həmişə yüksək qiymətləndirilib. Bunun bariz nümunəsi – Roma Katolik Kilsəsinin sabiq başçısı II İohann Pavelin 22-24 may 2002-ci il tarixdə respublikamıza etdiyi tarixi səfərini göstərmək olar. Bakıda olarkən pontifik Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd edib. Tarixi faktdır ki, Roma hakimiyyəti tərəfindən vaxtilə təqib olunan xristianlar da məhz burada sığınacaq tapıblar.

Rum patriarxı I Varfolomey 2003-cü il aprelin 16-dan 18-dək Azərbaycanda rəsmi səfərdə oldu. Şərqi Roma pravoslav kilsəsi başçısının səfərinin əsas məqsədi müxtəlif dinlərə etiqad edən insanların narahatçılığına səbəb olan bir çox mürəkkəb məsələlərdə qarşılıqlı anlaşma və razılığa nail olmaq, sıx münasibətlər yaratmaq, habelə dinlərarası dialoqu daha irəli aparmaqdan ibarət oldu. Azərbaycana gəlişindən əvvəl patriarx üç müsəlman ölkəsinə səfər edib. Onun etirafına görə, respublikamızdakı dövlət-dini konfessiyalar münasibətləri, habelə ənənəvi və qeyri-ənənəvi dini konfessiyalar arasındakı mövcud münasibətlər nümunəvidir. O demişdi: “Mən buradakı tolerantlığın səviyyəsindən məmnunam. Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir”.

Azərbaycanda tolerantlığın formalaşmasında dini liderlərin konstruktiv mövqeyi də böyük rol oynayır. Bu baxımdan 26 noyabr 2003-cü il tarixdə Moskva şəhərində keçirilən cənubi Qafqaz ölkələri və Rusiyanın dini liderlərinin görüşünü müsbət qiymətləndirmək olar. Həmin tarixi görüş müvafiq sənədin qəbulu ilə yekunlaşdı. Bu sənəddə qeyd edilib ki, Qafqaz xalqları arasında inamın bərpa olunması üçün “milli azlıqları ictimai həyatın bütün sahələrinə inteqrasiya etmək, onların dini əqidə azadlığını təmin etmək, öz mədəniyyət və dillərinin inkişaf etməsinə imkan vermək lazımdır”.

Azərbaycanda dinlərarası dialoqun inkişafı sahəsində sabiq Roma Papası II İohann Pavelin respublikamızın dini xadimlərindən ibarət nümayəndə heyəti ilə keçirdiyi görüş əlamətdar hadisə olub. Tərkibə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Xəzəryanı Rus pravoslav kilsəsinin yepiskopu Aleksandr, habelə dağ yəhudiləri dini icmasının sədri Semyon İxiilov daxil edilib. 18 noyabr 2004-cü ildə Vatikanda keçirilən görüşdə pontifik Azərbaycandakı dini konfessiyalar arasında mövcud olan münasibətləri yüksək qiymətləndirib və Qafqazda davam edən qanlı münaqişələrlə əlaqədər öz təəssüfünü bildirib. O bəyan edib: “Heç kimə ixtiyar verilməyib ki, dinləri dözümsüzlük aləti, təcavüz, zorakılıq və qətllər üçün vasitə kimi təqdim etsin və ya onlardan öz mənafeyi üçün bəhrələnsin. Əksinə, dinlərin dostluğu və qarşılıqlı ehtiramı əsl tərəqqi və sülhün zəngin mənbəyini təşkil edir...”

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycanda bütün dinlərin nümayəndələrinə, eləcə də pravoslavlara qarşı heç vaxt ayrı-seçkilik edilmədiyini bildirib: “Azərbaycanda pravoslav xristianlar heç vaxt təqib edilməyib. Buradakı ruslar heç vaxt həyati təhlükə ilə üzləşib öz evlərini tərk etməyiblər. Tarixi vərəqləyəndə məlum olur ki, əcdadlarımız ümumi təhlükələrə qarşı çiyin-çiyinə vuruşublar. 1905-ci ildə müsəlman və pravoslav ruhaniləri millətlərarası və dinlərarası ayrı-seçkiliyin qızışdırılmasına qarşı birgə çıxış ediblər”.

Gürcüstan Patriarx Katolikosu II İlya Azərbaycandakı dini tolerantlığın digər ölkələrə də nümunə ola biləcəyini söyləyib. Vatikanın nümayəndəsi kardinal Salvatore de Corci Azərbaycanda bütün millətlərə və dinlərə eyni münasibətin Vatikanda da böyük razılıq doğurduğunu qeyd edib. Konstantinopol Patriarxı Varfolomeyin nümayəndəsi Emanuel deyib: “Azərbaycandakı inkişafın bütün Qafqaz regionundakı vəziyyətə çox böyük və müsbət təsiri var”.

İordaniya Kral Akademiyasının baş katibi Səid Əl-Hiccarinin fikrincə, müstəqil Azərbaycanın və onun prezidentinin dinlərarası dialoqa, eləcə də İslam həmrəyliyinə verdiyi töhfələr razılıq hissi ilə təqdir olunmalıdır.

“İslam sivilizasiyası Qafqazda” mövzusunda Bakıda keçirilən beynəlxalq simpoziumda ümummilli lider Heydər Əliyev demişdi: “Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar İslam dini ilə fəxr edərək, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq İslam dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda da, Qafqazda da öz əksini tapıb. Azərbaycanda İslam dini ilə yanaşı xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. Qafqazda da bu mənzərə var. Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar”. Ümummilli liderin fikirlərindən aydın olurdu ki, heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacağıq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq.Dözümlülük ənənələrinin qorunub saxlanılmasına Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz böyük töhfəsini verir. Dini icmaların başçıları arasında tam anlaşma və daha sıx əlaqələrin yaranması məqsədilə adı çəkilən idarənin rəhbərliyi mütəmadi olaraq onların iştirakı ilə görüş və seminarlar keçirir.

Müxtəlif dini konfessiya nümayəndələri arasında əməkdaşlığın genişlənməsində qeyri-hökumət təşkilatları, habelə beynəlxalq qurumlar da müəyyən rol oynayır.

Təəssüf ki, zaman-zaman bəzi qüvvələr ölkədəki dini tolerantlıq mühitindən çirkin məqsədlər üçün istifadə etməkdən belə çəkinmirlər. Belə qruplaşmalar bir çox hallarda öz fəaliyyətlərinə bəraət qazandırmaq məqsədilə dini amildən istifadə edirlər. Radikal təriqət nümayəndələrinin təlqin etdiyi dözümsüzlük, vətəndaş qarşıdurmasına çağırışlar, cəmiyyəti daxildən parçalamaq cəhdləri və bütün bunların fövqündə zor, terrora haqq qazandırılması müqəddəs dinimizin dəyərlərinə tamamilə ziddir.

Sovet rejiminin dağılması regionda dini dözümlülük ənənələri üçün əsl sınağa çevrildi. Bu proseslərin nəticəsində keçmiş müttəfiq respublikaların xalqları müstəqilliklə yanaşı, əsl dini etiqad azadlığı da əldə etdilər. Azərbaycandakı mövcud tolerantlığın əsasları üçün ən böyük təhlükəni erməni təcavüzü yaradırdı. Onların bu işi minlərlə dinc sakinin ölümünə və bir milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsinə səbəb oldu. Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi dini zəmində baş verməsə də, ermənilərin dini lideri I Vazgen praktiki olaraq separatçı hərəkatı qızışdıran şəxslərdən biri idi. Onların bu işi minlərlə dinc sakinin ölümünə və bir milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsinə səbəb oldu.

Barışmaz erməni separatizminin ideoloqları hər imkandan istifadə edərək, Qərbə və Rusiyaya belə bir mif təlqin etməyə çalışırdılar ki, guya Azərbaycandan da “İslam təhlükəsi” gözlənilir. Digər tərəfdən, Azərbaycanda anti-müharibə və hətta ermənipərəst meyllərin yayılması üçün bəzi qüvvələr respublikanın müsəlman əhalisinin xristianlaşdırılmasından istifadə edirdilər. Şübhəsiz ki, belə hərəkətlər dinlərarası dialoqun möhkəmlənməsinə xidmət etmirdi. Lakin bu hadisələr respublikadakı dini konfessiyalar arasında olan münasibətlərə həlledici mənfi təsir göstərə bilmədi.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu münasibətlər daha da yaxşılaşmağa başladı. Belə ki, dözümlülük ruhunun qorunub saxlanılmasında müsəlman ruhanilərinin də danılmaz xidmətləri oldu. Müasir Azərbaycan dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir prinsipi xalqlar arasında səmimiyyət yaratmağa səbəb oldu. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı, dövlət respublikada mövcud olan digər dinlərə də qayğı göstərdi.

(Ardı var)

Aqil LƏTİFOV

 





14.02.2013    çap et  çap et