525.Az

Hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrlə növbəti görüş


 

Hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrlə növbəti görüş<b style="color:red"></b>

Naxçıvan Dövlət Universitetinin ərəb dili ixtisası üzrə 2-ci və 4-cü kurs tələbələri Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarədə olublar.

AZƏRTAC xəbər verir ki, idarənin rəisi Vüqar Babayev dini dəyərlərə muxtar respublikada yüksək ehtiramla yanaşdığını bildirib.
 
Qeyd olunub ki, müqəddəs sayılan ünvanlar, qədimdən mövcud olan pirlər, məscidlər təmir edilir, yeni məscidlər inşa olunur. İnsanların dini azadlıqları qorunur. “Multikulturalizm ili”ndə dini dəyərlərin gənclər tərəfindən başa düşülən şəkildə əxz olunması, həmin dəyərlərə əməl edilməsi diqqət mərkəzində saxlanılır. Çünki multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcud olub.

Hazırda isə multikulturalizm ölkəmizdə alternativi olmayan həyat tərzidir. Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində yaşadığı məkan olub, burada başqa dinlərə də hörmətlə yanaşılıb.

Vüqar Babayev diqqətə çatdırıb ki, bu gün muxtar respublikada 217 məscid, 26 pir və ziyarətgah mövcuddur. Onların fəaliyyətinə hərtərəfli şərait yaradıldığını bildirən idarə rəisi rəhbərlik etdiyi qurumun iş prinsipləri barədə tələbələrə geniş məlumat verib. Tələbələr idarənin kitabxanası ilə yaxından tanış olublar.

Sonra tələbələr Heydər məscidinə gəliblər. Burada Naxçıvan Muxtar Respublikasının qazisi Sahib Məmmədov muxtar respublikada yaradılmış dini icmaların fəaliyyəti, iş prinsipləri barədə danışıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı Sərəncama əsasən, Naxçıvan Dövlət Universitetinin ərəb dili ixtisası Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarənin hamiliyinə verilib.

 





03.05.2016    çap et  çap et