525.Az

SOCAR-ın stasionar dəniz özülü istismara verilib


 

SOCAR-ın stasionar dəniz özülü istismara verilib<b style="color:red"></b>

Mayın 2-də SOCAR-ın "Bulla-dəniz" yatağında yeni inşa edilən 6 nömrəli stasionar dəniz özülü istismara verilib.

"Azərtac" xəbər verir ki, özülün istifadəyə verilməsi mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbərliyinin nümayəndələri iştirak ediblər. R.Abdullayev əvvəlcə özüldə çalışan neftçilərlə görüşüb, onları bu əlamətdar hadisə münasibətilə təbrik edib və uğurlar arzulayıb.

Özülə baxış keçirən SOCAR-ın prezidentinə məlumat verilib ki, şirkətin daxili imkanları ilə 2014-cü ildən inşasına başlanılmış 6 nömrəli stasionar dəniz özülün layihəsi "Neftqazelmitədqiqatlayihə" İnstitutu tərəfindən verilib, istismara hazır vəziyyətdə olan birinci buraxılış kompleksi üzrə tikinti işləri "Neftqaztikinti" Tresti tərəfindən həyata keçirilib. Bir axtarış və 3 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 19-20 metr dərinliyində quraşdırılıb. Dəniz səviyyəsindən özülün döşəməsinədək olan məsafə isə 11 metrdir.

Bildirilib ki, yaşayış və istehsalat hissələrindən ibarət özülün ümumi sahəsi 5 min 350 D İstehsalat hissəsi 9 dayaq bloku və 10 aralıq seksiyasından, yaşayış hissəsi isə 2 dayaq bloku və bir aralıq seksiyasından ibarətdir. Blokların hündürlüyü 32 metrdir. İstehsalat hissəsini yaşayış hissəsi ilə hər birinin uzunluğu 33 metr olan 2 körpü əlaqələndirir. Özüldə bir vertolyot, 10 gəmi yanalma və 4 minik-düşmə meydançası quraşdırılıb, işçi personalının rahat və təhlükəsiz çalışması üçün 88 nəfərlik vaqon tipli yaşayış evi, 21 sanitar qovşağı, məişət evcikləri, camaşırxana inşa edilib. Özül yükqaldırma qabiliyyəti 4-28 ton olan 3 ədəd stasionar qaldırıcı kran, 3 ədəd 42 nəfərlik xilasedici qayıq, 9 ədəd 10 nəfərlik xilasedici sal, bioloji sutəmizləmə qurğusu, dəniz suyunu şirinləşdirən qurğu, ventilyasiya, isitmə-soyutma və yanğınsöndürmə sistemləri, nəzarət ölçü cihazları və digər zəruri avadanlıqlarla təchiz edilib, radioəlaqə və avtomatika işləri yerinə yetirilib. Bundan başqa, elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin etmək məqsədilə özüldə 2 ədəd dizel elektrik generatoru quraşdırılıb. Özüldə ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə üzrə qabaqlayıcı tədbirlər də ən yüksək norma və tələblər səviyyəsində yerinə yetirilib.

Qeyd olunub ki, özüldə 5900-6300 metr dərinliyə qazılacaq quyuların hər birindən sutkada 150 ton kondensat və 500 min kubmetr qaz hasil ediləcəyi nəzərdə tutulur. Qazma işlərini yerinə yetirmək üçün müasir standartlara cavab verən "Drilmec 3000 HP land" yeni qazma qurğusundan istifadə ediləcək. Bu qurğu vasitəsilə 8 min metrdən artıq dərinliyə malik quyuların qazılması mümkündür. Özüldə qazma işləri ilə istismarın eyni zamanda aparılması planlaşdırılır. İstismar işləri N.Nərimanov adına neft və qazçıxarma (NQÇİ) tərəfindən həyata keçiriləcək.

İnşaat işlərinin müasir texnika və texnologiyalardan istifadə edilərək beynəlxalq standartların tələblərinə uyğun təhlükəsiz və keyfiyyətlə həyata keçirildiyini söyləyən SOCAR-ın prezidenti R.Abdullayev görülmüş işlərdən razı qaldığını bildirib, özüldə qazılacaq ilk axtarış quyusunda qazma dəzgahını işə salıb.

SOCAR-ın prezidentinə məlumat verilib ki, layihə dərinliyi 5 min 900 metr olan 78 nömrəli şaquli quyu məhsuldar qatın VIII horizontunun neft-qazlılığını öyrənmək, sahənin tektonikasını və litoloji-stratiqrafik kəsilişini dəqiqləşdirmək məqsədilə SOCAR-AQŞ birgə müəssisəsi tərəfindən qazılacaq. Əvvəllər özülün yaxınlığında qazılmış quyulardan əldə edilmiş nəticələr "Bulla-dəniz" yatağının şimal-şərq qanadının V və VI tektonik bloklarında məhsuldar qatın VIII horizontunun qaz-kondensat ehtiyatlarına malik olmasına zəmin yaradıb. Qazma prosesi ən müasir və yüksək keyfiyyətli avadanlıqlar vasitəsilə həyata keçiriləcək, quyunun işinə nəzarət və geofiziki-ölçmə işləri dünya standartlarına uyğun aparılacaq.

R.Abdullayev qazmaçılarla söhbət zamanı bildirib ki, Prezident İlham Əliyevin SOCAR qarşısında qoyduğu vəzifələrin həyata keçirilməsi məqsədilə aparılan kompleks tədbirlər çərçivəsində hasilat və kəşfiyyat işlərinin genişləndirilməsinə xüsusi diqqət yetirilir. "Bulla-dəniz" yatağında hasilatın stabil saxlanılması və artırılması baxımından yeni özülün əhəmiyyətini vurğulayan SOCAR-ın prezidenti obyektin vaxtında və keyfiyyətlə istismara buraxılmasını yüksək qiymətləndirib, ölkənin neft-qaz təsərrüfatının yaxşılaşdırılması, durmadan artan hasilat və nəql infrastrukturunun genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini söyləyib.

 





03.05.2016    çap et  çap et