525.Az

Xoreoqrafiya Akademiyasında elmi şuranın iclası keçirilib


 

Xoreoqrafiya Akademiyasında elmi şuranın iclası keçirilib<b style="color:red"></b>

Mayın 2-də Bakı Xoreoqrafiya Akademiyasında Elmi Şuranın geniş tərkibli iclası keçirilib.

Akademiyadan verilən məlumata görə, şuranın sədri, rektor Timuçin Əfəndiyev prezident İlham Əliyevin təhsil sahənin inkişafı istiqamətində imzaladığı fərman və sərəncamlardan bəhs edib. 

Rektor qeyd edib ki, Azərbaycanda dövlət səviyyəsində bədii təhsilə, ələlxüsus da xoreoqrafiya təhsilinə və ümumilikdə klassik və milli rəqs sənətlərinə göstərilən diqqət akademiya qarşısında duran vəzifələrin icrasına daha məsuliyyətlə yanaşmanı və əlavə olaraq planlı şəkildə elm, təhsil və yaradıcılıq işlərinin görülməsini zəruri edir.

Bununla bağlı şura sədri elmi-tədqiqat işlərinin planlaşdırılması, strukturunun qurulması, o cümlədən ümumi istiqamətin müəyyənləşdirilməsi ilə bağlı bir sıra məsələlərə toxunub.

O, akademiyada aparılan və nəzərdə tutulan elmi-tədqiqat işlərindən, respublikada təhsil, mədəniyyət və incəsənətin müxtəlif sahələrinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən prioritet elm sahələrindən də söz açıb.

Akademiyada ilk dəfə olaraq magistr pilləsi üzrə təhsilin təşkili ilə bağlı qarşıda duran vəzifələrdən danışıb.

Şura sədri qeyd etdi ki, xoreoqrafiya sənətinin inkişafı üçün ən vacib elm və təhsil sahəsi pedaqogikadır. Bu sahədə mövcud potensialın inkişafı və xarici təcrübədən istifadə etmək mühüm məsələlərdən biridir. Bu baxımdan akademiyada dünya şöhrətli xoreoqrafların, o cümlədən Almaniyanın Höte İnstitutunun xoreoqrafı Sussane Graunun, amerikalı xoreoqraf Mark Morrisin, Rusiya Federasiyasının xalq artisti, xalq-səhnə rəqsi üzrə peşəkar müəllim Dikalu Muzakayevin və Niderlandın Haqa Kral Konservatoriyasında rəqs departamentinin direktor müavini çalışmış Tom Bosmanın keçirəcəyi ustad dərsləri tələbələrimiz üçün dünyada mövcud rəqs cərəyanları ilə tanış olmaq və daha peşəkar rəqqas olmaları üçün imkanlar yaradıb.

Daha sonra Elmi Şura iclasının gündəliyi açıqlanıb.

Gündəliyə əsasən pedaqogika üzrə elmlər doktoru, professor Tamilla Kəngərlinskaya “Tələbə xoreoqrafların peşə hazırlığında pedaqogikanın rolu” mövzusunda elmi məruzə edib.
 
Məruzəçi qeyd edib ki, müasir dövrdə informasiya texnologiyalarının inkişafı nəticəsində müəllim-tələbə münasibətləri yeni dövrünü yaşayır. Əyani tədris vəsaitlərinin, kütləvi şəkildə yayılan audio-video materiallarının çeşidi müəllim-pedaqoqlara rəqabət yaradaraq, onlardan tədris prosesinə daha innovativ yanaşmanı və mütərəqqi tədris üsullarından istifadəni tələb edir. Daha sonra mövzu ilə bağlı çıxışlar olub. Elmi Şura üzvləri filologiya üzə elmlər doktoru Nizaməddin Şəmsizadə və filologiya üzrə elmlər doktoru  Zenfira Rüstəmova mövzunun olduqca aktual olduğunu qeyd ediblər.

Akademiyanın Tədris işləri üzrə prorektoru  Sevda Sadıxbəyova, aparılan elmi-tədqiqat və yaradıcılıq işlərinin vəziyyəti barədə Elm və yaradıcılıq işləri üzrə prorektor Sonaxanım İbrahimova hesabat verib.

Qeyd olunub ki, may ayının 6-da Akademiyada “Heydər Əliyev və Azərbaycan incəsənəti” mövzusunda Respublika elmi nəzəri konfransı, mayın 16-20 tarixlərində isə Qəmər Almaszadə adına klassik və milli rəqs üzrə I Beynəlxalq müsabiqə keçiriləcək.
 
Vurğulanıb ki, müsabiqəyə hazırlıq tam qüvvəsi ilə gedir. Aprelin 18-22 tarixlərində keçirilmiş kastinqinin nəticələrinə görə müsabiqədə Azərbaycan da daxil olmaqla 9 ölkədən 212 rəqqas iştirak edəcək. Müsabiqənin münsiflər heyətinə həm Azərbaycan, həm də dünyanın məşhur xoreoqrafları daxildir. İclasın davamında cari məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

Vəfa MƏMMƏDLİ

 





03.05.2016    çap et  çap et