525.Az

Moskva Dövlət Universitetinin rektoru Abel Məhərrəmova məktub göndərib


 

Moskva Dövlət Universitetinin rektoru Abel Məhərrəmova məktub göndərib<b style="color:red"></b>

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Antonoviç Sadovniçi Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmova təşəkkür məktubu göndərib.

BDU ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, V.Sadovniçi BDU rektoruna aprelin 12-də Moskva Dövlət Universitetində Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin, dövlət rəsmiləri və Assosiasiyaya üzv universitetlərin rektorlarının iştirakı ilə keçirilən Avrasiya Universitetlər Assosiasiyası Şurasının genişləndirilmiş iclasında iştirakına və çıxışına görə təşəkkürünü bildirib.

Gələcək əməkdaşlığın daha da səmərəli olacağına əminliyini ifadə edən MDU rektoru, həmçinin Bakı Dövlət Universitetinə dəvət edildiyinə görə minnətdarlıq edib.

Qeyd edək ki, akademik Abel Məhərrəmov AUA-nın plenar iclasında Assosiasiyanın ilk üzvlərindən olan BDU tərəfindən əməkdaşlığın yeni formalarının yaradılması, qorunması və möhkəmləndirilməsi istiqamətində cari dövrdə görülən işlərdən bəhs edib.

Bu fəaliyyətlər çərçivəsində Yessentuki şəhərində BDU-nun ilk rektoru Vasiliy Razumovskinin barelyefinin açılması, BDU və MDU laboratoriyalarında yerinə yetirilmiş elmi-tədqiqat işlərinin uğurlu nəticələri, Dubnadakı Nüvə Tədqiqatlar İnstitutu ilə əməkdaşlıq, ortaq layihə və proqramlar kimi məsələlərə toxunub.

Şuranın iclasında Avrasiya Universitetlər Assosiasiyası XIII Qurultayının qərarına əsasən AUA-nın fəaliyyətinin perspektiv məsələləri, eyni zamanda, universitetlərin təhsil və elm sahəsində qarşılıqlı əlaqələrinin dərinləşməsi istiqamətində müzakirələr aparılıb.

Qərarlardan biri də Avrasiya Şəbəkə Universitetinin yaradılması ilə bağlı Anlaşma Memorandumunun imzalanması olub.

İclasda, həmçinin Assosiasiyaya üzv universitetlərin rəqabətliliyinin, nüfuzunun artırılması, dünyada tanıdılması məqsədilə reytinqini müəyyən etmək üçün işçi qrupunun yaradılması qərara alınıb.

Vəfa MƏMMƏDLİ

 





03.05.2016    çap et  çap et