525.Az

Azərbaycan Daşkənddəki festivalda


 

Azərbaycan Daşkənddəki festivalda<b style="color:red"></b>

Daşkənddəki Beynəlxalq Vestminster Universitetində "Xalqların adət-ənənələri" adlı mədəniyyət festivalı keçirilib.

Festivalda ABŞ, İtaliya, İran, Misir, Səudiyyə Ərəbistanı, Hindistan, Pakistan, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və digər ölkələrin Özbəkistandakı səfirlikləri iştirak edib. Ölkəmizi Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edib.

Açılış mərasimində universitetin rektoru Kamilcon Karimov çıxış edərək festivalın əhəmiyyətindən danışıb, belə tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsindəki önəmini vurğulayıb.

Ölkəmiz üçün ayrılmış guşədə Azərbaycanın bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, "Qarabağ həqiqətləri" seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər nümayiş etdirilib. Festivalda Qarabağın milli kişi və qadın geyimləri iştirakçıların böyük marağına səbəb olub. Milli musiqi və məişət əşyalarımız, eləcə də AMM-in naxıştikmə və rəsm dərnəyi üzvlərinin əl işləri və suvenirlər də maraqla qarşılanıb.

Azərbaycan guşəsinə gələnlərə ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı haqqında müxtəlif məzmunlu kitab və jurnallar hədiyyə olunub.

Festivalda fəal iştirak edən qurumlara diplomlar verilib.

Diplom alanlar arasında səfirliyin birinci katibi, AMM-in direktoru Samir Abbasov da olub.

Tədbirdə səfirliyimizin birinci katibi Leyla Orucova da iştirak edib.

 





03.05.2016    çap et  çap et