525.Az

Aşağı büdcə, blokbastersayağı ekran...


 

Aşağı büdcə, blokbastersayağı ekran...<b style="color:red"></b>

Dünya kinematoqrafiyası məzmunu, dramaturji strukturu, personajlarının protoqanistliyi və antoqonistliyi, stilistik həlli, plastikasına görə iki qismə ayrılır.

Ötən əsrin 50-ci illərində meydana gələn kütləvi mədəniyyət sonralar mainstream olaraq adlandırılmağa başladı ki, bu da Hollivudla Avropa kinosu arasında ziddiyyətlərin meydana çıxması ilə nəticələndi. Avropa kinosu ekrandakı hərəkəti daha çox metafora və rəmzlər sistemi ilə göstərməyə çalışır, ən sadə mövzunu belə beynin düşünmə imkanlarına cəlb edərək, ekzistensializmin təminatçısına çevrilir. Görkəmli kino nəzəriyyəçisi Andre Bazen yazırdı ki, kinoda rəmzlərin meydana çıxması səssiz kinonun imkansızlığından necəsə yaxa qurtarmaq tələbindən irəli gəlirdi". Səsli kinonun meydana gəlməsi isə - 1927-ci ildə çəkilmiş ilk səsli film "Caz müğənnisi" adlanırdı - həm müəllif, həm də kütləvi mədəniyyət üçün nəzərdə tutulmuş filmlərin qarşısında geniş imkanlar açdı. Obyektiv gerçəkliyin bərqərarı, həqiqilik prinsipinə tamaşaçını inandırmaq cəhdi, dünya kinosunun yeni mərhələyə qədəm qoymasına işarə idi. Səsli kino hətta horror, mistika, fantastika janrlarında lentə alınan filmlərdə cərəyan edən hadisələrə belə inandırmaq bacarığının möhkəmlənməsinə xidmət edir. Lakin bu məsələnin bir tərəfidir. Digər tərəfdən eksperimental filmlərdə olduğu kimi meynstrimdə də filmin hansı büdcə ilə çəkiləcəyi sual doğurur. Müəllif kinosunda büdcə anlayışı bir o qədərdə əhəmiyyət daşımır, vacib olan ideyanın ekranda əks etdirilməsidir. Avtomobil ötüşmələri, kaskadyor tryukları, güclü partlayışlar, qan, əcaib varlıqlara çevilmə, və digər xüsusi effektlər meynstrimin bəlkə də ən aşağı qatında formalaşsa da, bunları heç də təkcə Hollivud kinosu blokbasterlərinə aid etmək düzgün olmazdı. Yüksək büdcə, tanınmış aktyorların iştirakı ilə çəkilən filmlər 1975-ci ildən etibarən Amerika Birləşmiş Ştatlarında blokbaster adını qazandı (Stiven Spilberqin həmin il ekranlara vəsiqə qazanan "Çənələr" oyun filmindən sonra).

Amma sadaladığımız xüsusi effektlər heç də yalnız blokbasterlərin istehsalat üsuluna aid deyil. Əslən İran mənşəli olan amerikalı kinorejissor, prodüser və aktyor Toni Zarindast "Los-Ancelos Times" qəzetinin 08 avqust 1999-cu il tarixli sayında dərc edilən "The Last (Low-Budget) Action Hero" başlıqlı müsahibəsində qeyd edir: "Zorakılıq təbliğ edən boeviklərin ölkənin  hüdudlarından kənarda satılması heç də problem deyil".

Toni Zarindast ABŞ-da, Norvalkdakı Kolleci əla qiymətlərlə bitirdikdən sonra Con Yanq, Stenli Kremer və Martin Skorsezenin rəhbərliyi altında kinorejissorluq ixtisası üzrə təhsil alır. Buraxılış işi kimi "Orion Pictures" tərəfindən istehsal edilən "Aleksi öldür, öldür!" filmi oldu. Universiteti bitirdikdən və magistr dərəcəsinə sahib olduqdan sonra Toni bir neçə il ərzində Hollivudda montajçı kimi çalışmağa başlayır. MGM studiyalarının nəzdində özünün şəxsi film şirkətini açan Toni tezliklə "Qəfəsdə kipişik" filminə imza atır. Film 1979-cu ildə Misirdə keçirilən Qahirə Beynəlxalq Film Festivalının mükafatını qazanır. "Qəfəsdəki pişik" yarımistik, yarı gerçək yanaşma üzərində bərqərar olan oyun filmi kimi yüksək kassa gəlirlərinə sahib olmuşdu."Hollivud əhvalatı" adı altında 1991-ci ildə Moskva Beynəlxalq Film Festivalında təqdim olunan film, 1991-ci ildə Festivalın Fəxri Diplomu ilə təltif edilir.

Ümumiyyətlə, Zarindastı Hollivuda gətirib çıxaran əsas səbəb, onun hələ uşaq vaxtlarından Hollivud filmləri və televiziya şoularını mütəmadi olaraq izləməsi idi. Hələ uşaq yaşlarından asudə vaxtını İranın kiçik bir güşəsində Hollivudun saysız-hesabsız məhsullarını seyr etməklə keçirən Zarindastın ən böyük arzusu məşhur dünya ulduzlarının iştirakı ilə ekran əsərinə quruluş vermək idi. 1980-ci ildə Zarindast yaxın Şərqdə neft aşkar etmiş iki texaslının əhvalatından bəhs edən "Silahlar və qəzəb" oyun filminə quruluş verir. Bu artıq Şərqdən Qərbə köç edərək, Şərqə Qərbli gözü ilə baxan Şərqlinin düşüncəsi idi. Əslində "Şərqdə neft və qan" fəlsəfəsini ekranda yeni çalarları ilə təqdim edən Zarindast, batal səhnələrlə zəngin olan ekran işini heç də böyük olmayan büdcə ilə ərsəyə gətirmişdi. Filmdə baş rolun ifaçısı, Amerika Televiziya Şəbəkəsində məşhur olan "Yerinə yetirilməmiş missiya" şousunun qəhrəmanı Piter Qrevysidi. Sonralar Toni bu barədə yazırdı: "Piter Qreyvz mənə əlçatmaz idi. Mən onu Kameron Mitçel, Mayk Ansar və Albert Salmi ilə birlikdə Qahirəyə gətirdim. Onlar əfsanədir. Filmin təqdimatı Texasda baş tutdu və gözəl rəylər aldıq".

Zarindastın 1996-cı ildə lentə aldığı "Çevrilmə" (Werewolf) hororoyun filmi cəmi 350.000 dollara başa gəlmişdi. Mistik ekran əsəri təkcə bir il ərzində Amerika Birləşmiş Ştatlarında 1,5 milyon dollar kassa gəliri toplamış, ölkənin hüdudlarından kənarda isə gəlirlər 1 milyon dollar təşkil etmişdi. Zarindast "Los-Ancelos Times" qəzetinin 08 avqust 1999-cu il tarixli sayında dərc edilən "The Last (Low-Budget) Action Hero" başlıqlı müsahibəsində filmin məşhurluğu barədə qürurla qeyd etmişdi: "Bu film bütün dünyaya satılmışdı".

Zarindast az büdcəli filmlərinin uğurunu bir sıra amillərdə görür. "Senzuranın sərt qanunlarına baxmayaraq, iri Hollivud studiyaları yüksək rəqabətə malik əcnəbi ölkələrdə müstəqil kinematoqrafçılar öz kəşf üsullarının və sağlam işgüzar düşüncəsini işə salmalı və bununla da bu- günki, kino bazarında dayanış gətirməlidirlər". Zarindastın filmləri nəhəng Amerika kino şəbəkəsinin tərkib hissəsi kimi həm kinoteatr nümayişi, həm video kasset satışı, həm də əcnəbi ölkələrdə nümayişdən 2,3 milyard dollar toplamağa nail olmuşdu.  Zarindastın təklif etdiyi "Aşağı büdcə ilə yüksək gəlir əldə et!" prinsipi özünü doğrultsa da, onun ərsəyə gətirdiyi filmlərin meynstrimə aid olması, müəllif-eksperimental filmlərin bir mənalı şəkildə bundan uzaq olduğunu sübuta yetirir. Meynstrim hər kəsin anladığı dildə danışır, meynstrimdə düşünməyə ehtiyac yoxdur, ekran tamaşaçının əvəzinə düşünür. Müəllif kinosu isə cəbr-həndəsə sistemi kimi mürəkkəb və düşündürücüdür. Ekran burada bütün məsuliyyəti tamaşaçının ixtiyarına buraxır. Tamaşaçı isə təsvirin tələb etdiyi dəqiq mənanı axtarıb tapmalıdır. Bu gün filmləri aktual olmasa belə, Toni Zarindast sübut etdi ki, elə meynstrim - kütləvi mədəniyyətində də əsas büdcənin yüksək olmasında deyil, məzmunun sosial sifarişi yerinə yetirməsi funksiyasından irəli gəlir.

Kamran QASIMOV
ADMİU-nun Kinoşünaslıq kafedrasının müəllimi

 





03.05.2016    çap et  çap et