525.Az

Tibb Universitetinin tələbələri yeni üsulla dövlət imtahanı verəcəklər


 

Tibb Universitetinin tələbələri yeni üsulla dövlət imtahanı verəcəklər<b style="color:red"></b>

Mayın 3-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında müəllimlər üçün təlimlər təşkil olunub.
 
Universitetdən verilən məlumata görə, təlimlərin məqsədi Azərbaycan ilk dəfə olaraq keçiriləcək Obyektiv Strukturlaşdırılmış Klinik İmtahanlarına (OSKİ) hazırlaşmaqdır.

Tibb Universiteti (ATU) növbəti innovativ təşəbbüsün tətbiqinə hazırlaşır. Belə ki, bu il ilk dəfə olaraq ATU-nun müalicə profilaktika fakültəsinin tələbələri dövlət imtahanını test üsulu ilə verəcəklər. İmtahanlara 6-cı kursda təhsil alan 500-ə yaxın tələbə qatılacaq. Tələbələr həmçinin, bacarıq imtahanından keçəcəklər. Məhz bu imtahan dünya standartlarına uyğun olan yeni OSKİ metodu ilə aparılacaq.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli bu sınağın necə keçiriləcəyini bilavasitə izləyib. O, imtahan üçün hazırlanmış mərkəzlə tanış olub, OSKİ-yə hazırlığın səviyyəsi ilə maraqlanıb. G.Gəraybəyli təlim iştirakçıları ilə görüşündə qeyd edib ki, bu imtahanlar tələbələrin praktiki biliklərinin artırılmasına kömək edəcək: “Biz daim vurğulayırıq ki, bəzən tələbələr nəzəri cəhətdən yüksək hazırlıqlı olsalar da, praktiki bilgiləri zəif olur. Bu məsələ Səhiyyə Nazirliyinin kollegiyalarında da qeyd edilir. Ona görə də Tibb Universitetinin rəhbərliyi, kafedra müdirləri tərəfindən daim bu istiqamətdə işlər aparılıb. Bu günkü seminar da görülən tədbirlərin nəticəsidir”.

Rektor bildirib ki, ATU-da belə bir innovativ metodun tətbiqi, ilk sınağın nəticələri, müəllim və tələblərin təəssüratları gələcəkdə bu imtahanın daha təkmil keçirilməsinə kömək olacaq.

Təşkil olunan treyninqdə ATU rəhbərliyinin nümayəndəsi, dövlət imtahan komissiyasının nümayəndələri və müəllimlər iştirak ediblər. Təlimlər zamanı sınaq məqsədilə 3 fənn üzrə - daxili xəstəliklər, cərrahiyyə və mamalıq-ginekologiya üzrə imtahan aparılıb. Təlimdə ATU-nun 60-a yaxın müəllimi iştirak edib.

Qeyd edək ki, bacarıq imtahanları ATU-nun Tədris Cərrahiyyə Klinikasının treyninq mərkəzində baş tutacaq. Artıq mərkəzdə OSKİ imtahanlarının keçirilməsi üçün xüsusi məntəqələr hazırlanıb, lazımi avadanlıqla təchiz edilib və digər təşkilati işlər görülüb.

Tibb təhsili sahəsinə aid olan OSKİ imtahanları dünyanın əksər ölkələrində tətbiq olunur. Azərbaycanda ilk dəfə olaraq ATU tələbələri bu üsulla dövlət imtahanı verəcəklər.

Vəfa MƏMMƏDLİ

 





03.05.2016    çap et  çap et