525.Az

AMEA-da Heydər Əliyevə həsr olunmuş elmi konfrans - Fotolar


 

AMEA-da Heydər Əliyevə həsr olunmuş elmi konfrans - <b style="color:red">Fotolar</b>

Mayın 4-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında ulu öndər Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr olunmuş respublika elmi-nəzəri konfransı keçirildi.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Dövlət Rəsm Qalereyası ilə AMEA Memarlıq və İncəsənət İnstitutunun birlikdə təşkil etdiyi tədbirdə hər iki qurumun təmsilçiləri və çoxsaylı qonaqlar iştirak etdilər.

Konfransdan öncə tədbir iştirakçıları Fəxri Xiyabana gedərək ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdilər, abidəsi önünə çiçəklər düzdülər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edildi.
 
Konfrans zalının qarşısındakı foyedə ulu öndərin yağlı boya ilə işlənmiş portretlərindən ibarət sərgi təşkil edildi. İştirakçılar əvvəlcə sərgilənən əsərlərlə tanış oldular. Qeyd edildi ki, Azərbaycan rəssamlarının yaşlı və orta nəslini təmsil edən tanınmış rəssamlar tərəfindən işlənmiş bu portretlərdə ulu öndərin simasının xarakterik cizgiləri böyük sənətkarlıq və həssaslıqla əks etdirilmişdir. Oleq İbrahimov, Tariyel Əhmədov və başqaları tərəfindən çəkilmiş rəsmlərdə bu dahi insanın ifadəli baxışları, mehriban, qayğılı siması peşəkarlıqla kətan üzərinə köçürülmüşdür. Bəzi portretlərdə ulu öndərin obrazı ləpələnən, şairanə Xəzər dənizi fonunda əks etdirilmişdi ki, bu da seyrçilərin çox xoşuna gəldi.
 
Sərgi ilə tanışlıqdan sonra konfrans öz işinə başladı. Konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil Komitəsinin sədri, akademik İsa Həbibbəyli ulu öndərin işıqlı xatirəsinin hər bir Azərbaycan övladının qəlbində əbədi yaşadığını bildirdi. O, vurğuladı ki, ulu öndərin rəssamlıq sənəti ilə əlaqələri, rəssam və heykəltəraşlar tərəfindən onun bədii obrazının yaradılması hazırkı konfransın əsas mövzusudur və çıxışların əksəriyyəti bu mövzunu əhatə edir.
 
Xalq rəssamı, akademik Ömər Eldarov ulu öndərlə bağlı xatirələrini toplantı iştirakçıları ilə bölüşdü. Akademik Ömər Eldarov Heydər Əliyevin fenomenal şəxsiyyət olduğunu xatırladaraq onun sənət əhlinə olan mehriban münasibətindən bəhs etdi. Çıxış üçün söz alan AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, müxbir üzv, professor Ərtegin Salamzadə ulu öndərin Azərbaycan incəsənəti ilə sıx əlaqələrindən, onun milli mədəniyyətimizə qayğı ilə, böyük məhəbbətlə yanaşmasından danışdı. Professor Ərtegin Salamzadə vurğuladı ki, ulu öndərin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində respublikanın bir çox şəhərlərinin, xüsusən paytaxt Bakının memarlıq siması tamamilə yeniləşmiş, bir çox möhtəşəm binalar tikilmiş, bağlar, parklar salınmışdı. Həmin illərdə Bakıda bir çox yeni heykəllər ucaldılmış, rəssamlarımıza, tanınmış sənət adamlarına fəxri adlar verilmişdi. Bütün bunlar ulu öndər Heydər Əliyevin diqqət və qayğısı, sənətə və sənətkara tükənməz məhəbbəti sayəsində mümkün olmuşdu. 
 
Sonra Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov «Tahir Salahovun rəngkarlıq irsində Heydər Əliyev obrazı» mövzusunda məruzə etdi. Elnur Hüseynov vurğuladı ki, Azərbaycanın və dünyanın ən tanınmış rəssamlarından olan, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, akademik Tahir Salahovun portret yaradıcılığında Heydər Əliyev mövzusu önəmli çəkiyə malikdir. Elnur Hüseynov rəssamın iki əsas portreti – ulu öndərin Moskva və Bakı dövrləri portretləri üzərində ətraflı söz açaraq onları Heydər Əliyevin möhtəşəm təşkilatçılıq, quruculuq və dövlət rəhbərliyi fəaliyyətinin iki qüdrətli dövrü kimi səciyyələndirdi. 
 
Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini, sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi, professor Kübra Əliyeva öz nitqini olduqca maraqlı bir mövzuya – ulu öndərin bədii obrazının xalça üzərində təcəssümünə həsr etdi. Kübra Əliyeva vurğuladı ki, Kamil Əliyev, Tahir Məcidov və başqa xalçaçı-rəssamların yaradıcılığında ulu öndərin mükəmməl obrazları yaradılmış, ilmə-ilmə toxunmuşdur. Ulu öndəri canından artıq sevdiyi doğma Azərbaycanın – Bakının, Qız qalasının, İçərişəhər görüntülərinin, Mil və Muğan düzlərinin, qədim Gəncə abidələrinin, Naxçıvandakı Möminə xatun türbəsinin əhatəsində təsvir edilməsi böyük ideya-bədii məna kəsb etməklə bərabər, həm də xalçanı şux, əlvan rənglərlə bəzəyir.

Konfransda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, xalq rəssamı, professor Fuad Salayev ulu öndərin rəssamlarla olan unudulmaz görüşlərindən söz açdı. Xalq rəssamı ulu öndərin rəssamlıq sənətini necə dərindən bildiyini heyranlıqla dilə gətirdı.
 
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev «Rəssamların böyük dostu» adlı çıxışında ulu öndərin rəssamlara olan böyük qayğısından, onlarla keçirdiyi unudulmaz görüşlərindən danışdı. O, qeyd etdi ki, Heydər Əliyev hər zaman rəssamlarla əlaqə saxlayar, onların qayğıları ilə maraqlanar, əsərlərinə tamaşa edər, bu barədə əsl peşəkar sənətşünas kimi fikir yürüdərdi. Heydər Əliyev hər zaman sənətə, rəssamlığa bağlı olmuşdur. O, uşaqlıq illərində, Naxçıvanda yaşadığı zaman tez-tez təbiət qoynuna çıxar, etüdlər edər, tarixi-memarlıq abidələrinin şəklini çəkərdi. Rəssamlıq sənətinə məhəbbət onun ürəyində əbədi məskən saldı və sonadək onu tərk etmədi.
 
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dissertantı Səkinə Zeynalovanın çıxışı konfrans iştirakçılarında maraq doğurdu. Səkinə Zeynalova İrəvan Dövlət Azərbaycan Dram Teatrı səhnəqrafiyasında ulu öndər Heydər Əliyev obrazının rəssamlıq təfsirindən, kostyum və qrim işindən söz açdı.

O, bildirdi ki, İrəvan teatrının direktoru, görkəmli mədəniyyət xadimi, şair və dramaturq İftixar tərəfindən Heydər Əliyevin mükəmməl səhnə surətləri yaradılmışdır ki, onların bədii həlli çağdaş Azərbaycan teatr rəssamlığının populyar mövzularından biridir. Çıxışçı qeyd etdi ki, yazıçı-dramaturq Aqşin Babayevin «Xilaskar», İftixarın «İşıqlı, nurlu sabah», «Qurtuluş dastanı» kimi tamaşalarında Heydər Əliyev obrazının maraqlı, çoxplanlı təfsiri, canlı təsir bağışlaması bənzərsiz rejissor yozumu, mükəmməl aktyor ifası ilə yanaşı, həm də teatr rəssamının gərgin yaradıcılıq axtarışlarının müştərək bəhrəsidir.

 Sənətşünaslıq üzrə fəlsəfə doktorları Xəzər Zeynalov, Samir Sadıqov, həmçinin Nərgiz Əsgərova və başqalarının çıxışları da konfrans iştirakçıları tərəfindən maraqla qarşılandı. Qeyd edək ki, məruzələr boyu ekranda mövzu ilə əlaqədar slaydlar da nümayiş etdirilirdi. 

Konfransı son söz ilə yekunlaşdıran müxbir üzv Ərtegin Salamzadə bildirdi ki, zəmanəmizin ən böyük azərbaycanlısı Heydər Əliyevin xalqı üçün qoyub getdiyi zəngin irsi bundan sonra da araşdırılacaq, elmi müstəvidə təhlil ediləcək, rəssam və heykəltəraşlar tərəfindən ulu öndərin yeni bədii obrazları yaradılacaqdır.

Xəzər Zeynalov
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

 





04.05.2016    çap et  çap et