525.Az

Möhtəşəm yubileylə bağlı unudulmaz təəssüratlar


 

Möhtəşəm yubileylə bağlı unudulmaz təəssüratlar<b style="color:red"></b>

Nuray ƏLİYEVA
Bakı Musiqi Akademiyasının III kurs tələbəsi 

Məlumdur ki, bu ay dahi bəstəkar, böyük pedaqoq, görkəmli ictimai xadim Qara Qarayevin 95 illik yubileyi təntənə ilə qeyd olunur. Bu münasibətlə şəhərimizin mədəniyyət ocaqlarında təşkil olunan tədbirlər, konsertlər silsilə xarakteri daşıyır. Artıq son günlərdə Azərbaycan Dövlət Filarmoniyasında bəstəkarın adını daşıyan, ölkəmizi öz çıxışları ilə layiqincə təmsil edən Azərbaycan Dövlət Kamera Orkestri (bədii rəhbəri və baş dirijoru Xalq artisti Teymur Göyçayevdir) tamaşaçılara, musiqisevərlərə unudulmaz gecə bəxş edib, habelə Niyazinin mənzil muzeyində bəstəkarın yubileyinə həsr olunmuş tədbir keçirilib. Muzeyə toplaşanlar əvvəlcə görkəmli bəstəkarın Peterburq teatrlarının dram tamaşalarına yazdığı musiqinin səhifələri ilə, daha sonra muzeyə bəstəkarın ailəsi tərəfindən verilmiş Qara Qarayevin arxivindəki materialların bir hissəsindən ibarət “Qara Qarayev“ və “Ailə portreti interyerdə” adlı sərgisi ilə tanış olublar.

Bu silsilə tədbirlərin davamı olaraq fevralın 11-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda musiqisevərlərə Qara Qarayevin əsərlərindən ibarət konsert proqramı təqdim edilib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə konsertin özəlliklərindən danışarkən maraqlı bir faktı tamaşaçıların diqqətinə çatdırıb. Belə ki, ilk dəfə olaraq məhz bu konsertdə Qara Qarayevin dahi rus bəstəkarı A.S.Puşkinin sözlərinə yazdığı “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində” romanslarının Azərbaycan dilində səslənəcəyini bildirib. Əvvəlcə beynəlxalq müsabiqə laureatı Səidə Tağızadənin ifasında “Piano üçün Prelüdlər”in sonuncu – Dördüncü “dəftər”i səslənib. İstedadlı pianoçunun ifasının ardınca isə “Don Kixot” simfonik qravürlərindən “Səyahət” Tofiq Şıxıyevin müşayiəti ilə Beynəlxalq müsabiqə laureatı, violin ifaçısı Ümidə Abbasovanın ifasında musiqi məclisinə yeni bir nəfəs gətirib. Daha bir duet – “Violin və piano üçün sonata” beynəlxalq müsabiqə laureatları Cavad Tağızadənin (violin) və Zakir Əsədovun (piano) ifasında təqdim olunub. Konsert proqramının kulminasiyası isə, əvvəldən də gözlənildiyi kimi Qarayevin iki məşhur romansı olub.

Qara Qarayev A.S.Puşkinin əsərlərinə yaradıcılığının ilkin dövrlərində müraciət etmiş və 1949-cu ildə şairin 150 illiyi münasibətilə “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində” romanslarını bəstələmişdi. Daima rus dilində səslənən bu romanslar ilk dəfə Qara Qarayev sinfinin yetirməsi, bəstəkar-musiqişünas Nərgiz Şəfiyeva tərəfindən doğma dilimizə tərcümə edilib. “Gürcüstan təpələrində” Nigar Cəbiyevanın, “Mən sizi sevirdim” romansı isə Azər Rzazadənin ilhamlı ifasında və Nərgiz xanımın müşayiəti ilə dinləyicilərə qeyri-adi xoş ovqat bəxş edib. Beləliklə, 63 il bundan əvvəl yaradılmış ölməz sənət inciləri yeni həyat qazanıb. Səslənən alqışlar isə bu romansların doğma dilimizdə dinlənilməsindən əmələ gələn gözəl təəssüratların təzahürü olub.                      

 





14.02.2013    çap et  çap et