525.Az

Ermənistan qondarma rejimi tanısa, nə baş verəcək?


 

"... AZƏRBAYCAN ORDUSUNUN HÜCUMA KEÇMƏSİ ÜÇÜN ŞƏRAİT YARANACAQ"

Ermənistan qondarma rejimi tanısa, nə baş verəcək?<b style="color:red"></b>

Bu gün Ermənistan parlamentində qondarma Dağlıq Qarabağ rejiminin "müstəqilliyinin" tanınması ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılır.

Bu dəfə qondarma rejimin tanınması barədə qanun layihəsini deputatlar Zarui Postancyan və Qrant Baqratyan irəli sürüb. 2013-cü ildə də Ermənistan tərəfindən belə bir təklif irəli sürülsə də, parlamentdəki fraksiyaların əksəriyyəti "Dağlıq Qarabağın "müstəqilliyinin" tanınması haqqında" qanun layihəsi ilə bağlı səsverməni boykot edib. Analoji hadisə 2014-cü ildə də baş verib. Lakin Ermənistan parlamenti Dağlıq Qarabağın "müstəqilliyi"nin tanınması layihəsinin müzakirəyə çıxarılmasını qəbul etməyib.

Ermənistan hökuməti aprelin əvvəlində cəbhə xəttində baş verən döyüşlərdən sonra Dağlıq Qarabağın "müstəqilliyini" tanımasını yenidən gündəmə gətirib. Nəzərə alsaq ki, separatçı rejimin tanınması Ermənistanın ziyanına işləyəcək, o zaman sənədin qəbulunun real olmadığını proqnozlaşdırmaq olar. Çünki Ermənistan qanun layihəsinin lehinə qərar çıxarmaqla danışıqlar prosesini tamamilə pozur və tərəf kimi iştirakını məhdudlaşdırır. Bundan sonra Azərbaycan beynəlxalq müstəvidə tanınan əraziləri daxilində yaranmış probleminin həllilə təkbaşına məşğul olmaq imkanı əldə edir. Bu, məsələ birmənalı olaraq Azərbaycanın daxili probleminə çevrilir.

Məsələ ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, bu vaxta qədər Ermənistan hakimiyyəti parlamentdə "Dağlıq Qarabağın müstəqilliyi ilə bağlı" sənədin səsverməyə çıxarılmasına imkan verməyib: "Bunun iki səbəbi var: Birinci səbəb odur ki, Ermənistan hakimiyyəti anlayır ki, əgər Dağlıq Qarabağın "müstəqilliyini" tanıyarsa bu, Azərbaycanla danışıqların dayandırılması demək olacaq. Rəsmi Bakı Dağlıq Qarabağın "müstəqilliyini" tanıyan İrəvanla danışıqlar aparmayacaq. Bu isə müharibəyə aparan yoldur.

İkinci səbəb isə odur ki, İrəvan Dağlıq Qarabağın "müstəqilliyini" tanıyarsa, Ermənistan beynəlxalq aləmin, o cümlədən, Rusiyanın dəstəyini itirəcək. Əksinə, böyük dövlətlər İrəvanın bu siyasətini tənqid edəcək. Azərbaycan BMT-də məsələ ilə bağlı səsvermə tələb edəcək və bütün dövlətlər yenidən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə səs verəcəklər ki, bu, Ermənistanın mövqeyinin zəifləməsinə yol açacaq".

Politoloqun sözlərinə görə, Ermənistanda bəziləri düşünür ki, İrəvan Dağlıq Qarabağın "müstəqilliyini" tanıyarsa başqa dövlətlər, o cümlədən, Rusiya da bu prosesə qoşula bilər: "Nümunə kimi də Kosovo, Abxaziya və Cənubi Osetiya göstərilir. Yəni, əgər Rusiya Abxaziya və Cənubi Osetiyanın "müstəqilliklərini" tanıyıbsa, Dağlıq Qarabağın da "müstəqilliyini" tanıya bilər. Birincisi, Rusiya Gürcüstanla müharibə apardığına görə Abxaziya və Cənubi Osetiyanın "müstəqilliklərini" tanıyıb, Moskvanın Azərbaycanla münasibətləri isə strateji tərəfdaşlıq xarakteri daşıyır. İkincisi, Moskva vaxtilə Kosovonun müstəqilliyinin əleyhinə çıxaraq bu bölgəni Serbiyanın ərazisi adlandırıb. Moskva Kosovo məsələsində bir cür, Dağlıq Qarabağ məsələsində fərqli siyasət ortaya qoya bilməz.

Dağlıq Qarabağın "müstəqilliyini" yalnız özü kimi separatçı bölgələr, o cümlədən, Abxaziya və Cənubi Osetiya tanıya bilər. Ancaq bu heç bir əhəmiyyət kəsb etməyəcək. Abxaziya və Cənubi Osetiyanın "müstəqilliklərini" Nikaraqua və Vanuatu adlı çoxlarının adını birinci dəfə eşitdiyi kiçik ada dövləti tanımışdı. Bu da Rusiyanın xahişi ilə baş tutmuşdu. Rusiya bundan artıq nəticəyə nail ola bilmədi. Əgər Abxaziya və Cənubi Osetiyanın "tanınması" məsələsində Rusiya uğur qazanmadısa, Ermənistanın Dağlıq Qarabağın "müstəqilliyini" beynəlxalq aləmə tanıtdırması mümkün deyil. Beləliklə, Ermənistan hakimiyyətinin bu siyasəti ona müsbət divident deyil, problemlər qazandıracaq. Ermənistan hakimiyyətinin Dağlıq Qarabağın "müstəqilliyini" tanıması Azərbaycan ordusunun hücuma keçməsi üçün şərait yaradacaq".

E.Şahinoğlu əlavə edib ki, ümumiyyətlə Ermənistandakı siyasi partiyalar və cəmiyyət Dağlıq Qarabağ məsələsində ciddi dilemma qarşısındadır: "2-5 aprel döyüşləri Ermənistan cəmiyyətində Dağlıq Qarabağla bağlı 3 diametral yanaşma formalaşdırıb. Birinci yanaşma odur ki, Ermənistan Dağlıq Qarabağın "müstəqilliyini" tanımalı və müharibəyə hazırlaşmalıdır. İkinci yanaşma odur ki, Ermənistan özünü və Dağlıq Qarabağın təhlükəsizliyini qorumaq üçün işğal altındakı 5 Azərbaycan rayonunun boşaldılmasına razılıq verməlidir. Üçüncü yanaşma isə odur ki, Dağlıq Qarabağ Ermənistan üçün böyük siyasi və iqtisadi yükdür. Azərbaycanla daimi müharibə vəziyyətində olmaq Dağlıq Qarabağla yanaşı Ermənistanın da bir dövlət olaraq zəifləməsinə gətirib çıxaracaq.

Ermənistanda birinci yanaşmanın tərəfdarları getdikcə azalır. Ermənistan cəmiyyətində Azərbaycanla daima müharibə şəraitində yaşamanın onlara xeyir gətirmədiyini və təhlükəsizlikləri üçün böyük problem olduğu fikri güclənir. Ermənistanda müzakirə olunan digər mövsu isə budur ki, Azərbaycan hansısa döyüşdə məğlubiyyətlə üzləşib, yenidən müharibəyə başlaya bilər, çünki bunun üçün Azərbaycanın kifayət qədər insani və maliyyə resursu var. Ermənistan isə bir dəfə məğlub olsa, ölkə olaraq bir daha özünə gələ bilməyəcək".

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu isə hesab edir ki, Ermənistan separatçı rejimin "müstəqilliyini" tanısa, Azərbaycan tənzimləmə prosesini tamamilə öz istədiyi istiqamətə çevirə biləcək: "İşğalçı ölkə bu, addımı atmaqla ATƏT-in Minsk Qrupunun fəaliyyətinə müdaxilə etmiş olur. 1992-ci ildə Minsk Qrupu yaradılanda Nizamnaməsində də göstərildiyi kimi onun əsas məqsədi Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi üçün Minsk konfransının çağırılması olub. İndi isə statusu Ermənistan təkbaşına müəyyən etmək istəyirsə, bu o deməkdir ki, artıq Minsk Qrupuna ehtiyac yoxdur. Belə olan təqdirdə Minsk Qrupu vasitəçilikdən imtina etməlidir. Əgər həmsədrlər vasitəçilikdən imtina etsə,  Ermənistan öz dayağını itirmiş olur. Çünki həmsədrlər prosesdə həmişə Ermənistana köməkçi qismində iştirak ediblər".

Politoloq vurğulayıb ki, əgər Ermənistan qondarma rejimin "müstəqilliyini" rəsmi şəkildə tanıyarsa, o zaman danışıqlar dayanır və Azərbaycana müharibə yolu ilə torpaqları geri qaytarmağa böyük fürsət yaranır.

Siyasi şərhçi Arzu Nağıyev isə hesab edir ki, Ermənistan separatçı rejimi dövlət kimi tanımayacaq: "Bu variantlar Sarkisyan hakimiyyətinin uzadılması üçün nəzərdə tutulub və Qrant Baqratyan kimi qeyri-adekvat bir şəxsin təklifidir.  Bununla onlar özlərini sığortalamağa çalışırlar. Eyni zamanda, məlumdur ki, BMT və ümumiyyətlə beynəlxalq normalara uyğun olaraq Azərbaycanın sərhədləri var və tanınıb. Dağlıq Qarabağın ərazisi də bu sərhədlərin içindədir. Yəni, bu, birbaşa bütün betnəlxalq hüquq normalarına zidd bir addımdır. Digər tərəfdən Ermənistan separatçı rejimi tanısa belə yəqin ki, uzağı özü kimi bir neçə qurum onu tanıya bilər. Lakin bununla nə dəyişə bilər ki? Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli bu gün ATƏT-in Minsk Qrupuna həvalə edilibsə, qondarma rejim tanınsa, avtomatik olaraq onlar öz funksiyasını və deyərdim ki, nüfuzunu itirirlər. Digər tərəfdən də heç qondarma qurumun rəhbərliyi də özlərinin tanınmasında birinci dövlət kimi Ermənistanı arzulamırlar. Yəni, bu siyasi oyunların məqsədi status-kvonu uzatmaq, eyni zamanda Sarkisyanın öz cavabdehliyni və məsuliyyətini azaltmağa çalışmasıdır".

Qeyd edək ki, hazırda separatçı rejimin "müstəqilliyini" Ermənistan da daxil olmaqla heç bir dövlət tanımır. Bütün dünyaya məlumdur ki, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. Bu, torpaqlar Azərbaycanın beynəlxalq müstəvidə tanınan ərazisinin tərkib hissəsidir. Ermənistanın təcavüzkar siyasəti nəticəsində ətraf 7 rayonla bərabər işğala məruz qalıb. 1 milyondan artıq azərbaycanlı öz yurd-yuvalarından didərgin salınaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 1991-94-cü illəri əhatə edən işğal prosesi 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Həmin vaxtdan etibarən problem ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar masasına keçib.

Ceyhun ABASOV

 





05.05.2016    çap et  çap et